Qaraqoyunlu və Ağqoyunlu dövlətləri

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri

Qaraqoyunlu dövləti
Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd 1387-ci ildə Teymuru məğlub etdi.
Dövlətin banisi isə Qara Yusif olmuşdur. 1392-ci ildə Yusifin dövründə Teymur Qaraqoyunluların paytaxtı Van şəhərini tutdu. Qara Yusif Cəlairlərlə birləşdi və 1394-cü ildə birliyin qoşunları Teymur tərəfindən məğlub edildi.
Bundan sonra Qara Yusif 1406-ci və 1408-ci illərdə Teymurilər üzərində qələbə qazandı və Teymurilər Azərbaycandan qovuldular.
1410-cu ildə isə Qara Yusif ona xəyanət edən Sultan Əhmədi məğlub etdi və Cəlairlər dövlətinə son qoydu. Bununla da, Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri oldu. Şimalda Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu.
1411-ci ildə Qara Yusif oğlu Pirbudağı taxta oturtdu. Bundan sonra Qaraqoyunlu dövləti müxtəlif vaxtlarda Teymurilərlə, Şirvanşahlarla müharibələr apardı. 1467-ci ildə Uzun Həsən (Ağqoyunlu dövlətinin banisi) Qaraqoyunlu dövlətini məğlub etdi və onun varlığına son qoydu.
 
Ağqoyunlu dövləti
1370-ci ildə Ağqoyunlu tayfa ittifaqının başçısı Oğuz türkü Bayandır tayfasından olan Pəhləvan bəy idi. Sonra Qara Yuluq Osman bəy 1394-cü ildə mərkəzi Diyarbəkir olan Ağqoyunlu  bəyliyinin əsasını qoydu. 1453-cü ildə Uzun Həsən bəyliyə başçılıq etməyə başladı.
1467-ci ildə o, Qaraqoyunlu dövlətini məğlub edib, 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoydu. Bunu eşidən Teymuri Əbu Səid Ağqoyunlular üzərinə yürüş etdi. 1468-1469-cu ilin qışında bu döyüşdə Uzun Həsən qələbə çaldı. Ağqoyunluların ərazisi Kürdən cənubda Azərbaycan torpaqlarını, Şərqi Gürcüstanı, Qərbi İranı, İraqı və s. əhatə edirdi.
1472-ci ildə Ağqoyunlular Venesiya Respublikası ilə ittifaqa girərək Osmanlıları məğlub etdilər. 1473-cü ildə isə Osmanlılar Ağqoyunluları məğlub etdilər.
1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmməd İstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib onu edam etdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. 1497-ci ildə həmin Gödək Əhməd Ağqoyunlu hökmdarı Rüstəm padşahı taxtdan saldı və taxta sahib oldu.
Sonra isə Əhmədin siyasətindən narazı qalan əyanlar onu taxtdan saldırlar. Taxt uğrunda iki əmioğlu: Əlvənd və Murad mübarizə apardılar. Sonda saziş bağlandı və Ağqoyunlu ərazisi onların arasında bölüşdürüldü.


Müəllif R.F.Sadıqov
Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı
Top