Benvenuto Çellinin “Ziyanverici” güzgüsü

Benvenuto Çellinin “Ziyanverici” güzgüsü

Hal-hazırda qadınların əliçıraqlı axtardığı bu sənət əsəri qeyri-adi qüvvəyə malikdir. O, heç vaxt sərgiyə, yaxud da hərraca çıxarılmayıb. Əsər öz sahibini həmişə özü seçib. Bununla bağlı bütün əhvalatların personajı – dünyaca tanınmış insanlardır. Söhbət XVI əsrin görkəmli italyan heykəltəraşı Benvenuto Çellininin düzəltdiyi ovsunlanmış güzgüdən gedir. Bu şah əsəri “əbədi cavanlıq güzgüsü” də adlandırırlar. O, öz sahibələrinə təbiətin və zamanın gücünə qarşı əbədi cavanlıq və gözəllik bəxş edir. Onu oğurlayanları isə qəddarcasına cəzalandırır! Tarix boyunca bu əsər dünyanın bir çox ölkələrini gəzib-dolanıb.

Güzgünün tarixçəsi olduqca dumanlıdır. Üst-üstə toplanan faktlara əsaslanaraq əldə edilən TARİXÇƏni təqdim edirik:

XVI əsr. Fransa. I Frasiskin sarayında İntibah dövrünün ən gözəl qadını Diana de Puatye yaşayırdı. Onun gözəlliyi hər kəsi valeh edirdi! Bu füsunkarlıq heykəltəraş, rəssam, zərgər, əlkimyaçı və sehrbaz Benvenuto Çellininin də diqqətini çəkmişdi. Onlar olduqca vəfalı dost idilər. Hətta bir dəfə Diana onu ən çətin vəziyyətdən qurtarmışdı. O vaxt Çellini hersoginya  Etampın qəzəbinə tuş gəlmiş və qadın onu qətlə yetirməkçün üstünə adamlar göndərmişdi. Bundan xəbər tutan Diana de Puatye isə xəlvətcə Fransanı tərk etməsi üçün Çelliniyə şərait yaratmışdı. Amma indi mövzumuz görkəmli heykəltəraşın taleyi deyil, onun ən möhtəşəm əsəri – qeyri-adi gücə malik GÜZGÜdür. Qısaca qeyd edim ki, sənətkarın Fransadan uzaqdakı taleyi elə də ürəkaçan olmadı və o, məcburən yenidən Fransaya döndü.

Diana… Diana əvvəlki kimi gözəl və dostluqda sədaqətli idi. Onun yaşadığı sarayın qapıları yenə də dahi ustadın üzünə taybatay açıldı.

Əsl gözəllik vurğunu kimi heykəltəraş Diananı xəlvətcə izləməyi xoşlayırdı. Bir dəfə o, məyusedici bir hadisənin şahidi oldu: Diana nəhəng güzgünün qarşısında dayanıb özünə baxırdı. Həmin güzgü Venesiya ustadlarının əl işiydi. Diana 40 yaşındaydı. Qadının əvvəlki kimi gözəl olmasına baxmayaraq, artıq yaş öz sözünü deməyə başlamışdı. Güzgünün qarşısında bir müddət özünə diqqətlə baxan Diana görünüşü ilə barışmayıb zərblə güzgünü sındırdı və göz yaşları içində zalı tərk elədi... 

 

Benvenuto Çellini Diananı bu hala gətirən səbəbin nə olduğunu təxmin etdi: qadın gözəlliyinin solduğunu görmüşdü. Bu vaxt məşhur heykəltəraş, zərgər, əlkimyaçı və magiya ustası onunçün çox dəyərli olan bu gözəl qadına kömək etməyi qərara aldı. O, zala daxil olub, yerə səpələnmiş güzgü qırıntılarının içindən ən böyüyünü götürdü, laboratoriyasına getdi. Çellini həmin güzgü qırığı üzərində işləyib onu dəmirağacdan hazırlanmış olduqca sadə taxta çərçivəyə saldı. Fəqət, bu adi güzgü deyildi. Çellini güclü magiya ustası idi. Sonunda, o, öz biliklərinin sayəsində, sevimli dostu Diana üçün hazırladığı bu sənət əsərini ovsunladı! Belə ki, güzgüyə davamlı şəkildə, təkrarən baxan qadın – öz cavanlığını bu güzgüdə qoruyub saxlayacaqdı. Ustad güzgünü torbaya salıb onu Dianaya təqdim etdi. Diana dostunun hədiyyəsini məmnuniyyətlə qəbul etdi. Onun gözəlliyi daha da artdı! Deyilənə görə, hətta ixtiyar yaşlarında da o, günü-gündən gözəlləşirdi. Onu sevməmək qeyri-mümkün idi!

Diana güzgünü krallığın xəzinəsində saxlayırdı. Güzgü Fransa inqilabına qədər orda qaldı. İnqilab ərəfəsində, ölkənin o dumanlı günlərində saraydan bir çox əşyalar qarət olundu. Dahi italyan ustadı Benvenuto Çellininin də şah əsəri o vaxtdan sarayı “tərk elədi”.

Güzgü uzun müddət unudulmuşdu. Lakin...

XIX əsr. 1875-ci il. Yaz fəsli. Sankt-Peterburq.

Şəhərdə hamı həvəslə Paris teatr səhnəsinin ulduzu, opera müğənnisi Anna Jüdiki gözləyirdi. Səhnəyə çıxar-çıxmaz gözəlliyi ilə göz qamaşdıran müğənninin hüzuruna, pərəstişkarları səbətlərlə gül-çiçək gətirirdilər. Onların sırasında şair N.A.Nekrasov da vardı. O, hətta Anna Jüdikə şeir də ithaf etmişdi. Tək Rusiyada deyil, eləcə də Parisdə və dünyanın bütün ölkələrində Jüdikə göstərilən diqqət digər müğənnilərdən qat-qat üstün idi. Bəli… Güzgünün növbəti sahibəsi məhz Anna Jüdik idi!

 Anna Jüdik güzgünü necə tapır?

1867-ci il. On yeddi yaşlı Anna Parisin hansısa bir səhnəsində iş tapmaq üçün axtarışdadır. O, artıq konservatoriyanın vokal sinfini bitirmişdi, bununla belə, iş tapa bilmirdi. Teatr agentləri ona baxıb istehza edirdilər:

 “Siz alçaqboy və dolusunuz. Üzünüz də yumrudur. Baxın, əzizim, belə bir əyalət görkəmiylə şəhərə getməyə dəyməz!”

Yumru sifəti və dolu bədəniylə bu bəstəboy qadın, doğrudan da, yalnız əyalət kişilərinin diqqətini çəkə bilərdi… Bu görkəm Parisin kübar səhnəsinə gözəllik gətirməyə qadir deyildi.

Təxminən bir ilə yaxın Anna köçəri aktyor truppası ilə Fransanın müxtəlif əyalətlərini gəzdi. Konsertlər, teatr səslənmələri və hər tərəfi tarakanlarla dolu çirkab içində olan ucuz otellər… Beləcə, günlərin birində iş müqaviləsi bitən Anna parkda oturub necə iş tapacağı haqda düşünürdü ki, birdən qarşısında bir qoca gördü. Qoca səyyar satıcıydı. O, Annaya qutusundakı müxtəlif yeni və qədim bəzək əşyalarını göstərməyə başladı. Annanın diqqətini yalnız bir əşya çəkdi – GÜZGÜ! Bu xüsusi bəzəyi olmayan, taxta çərçivəyə salınmış güzgüydü. O, gözlərini güzgüdəki əksindən çəkə bilmirdi.

“Bu güzgünü mütləq almalıyam!” – deyə Anna cibindəki son quruşlarını qoca satıcıya uzatdı. Qoca yoxa çıxmışdı! Anna parkı addım-addım gəzib onu axtarmağa başladı, amma qoca heç olmayıbmış kimi qeyb olmuşdu. Anna əlindəki güzgünü taleyin gözəl hədiyyəsi kimi qəbul edib, ona daha artıq önəm verdi. 

Ertəsi gün, o, iş axtarışında şəhər teatrına müraciət etdi. Teatrın baş rejissoru qızın gözəlliyinə və məlahətli səsinə məftun oldu və o, əsas işçi heyətinə qəbul edildi! Beləcə, Anna Jüdikin yaradıcılığında möhtəşəm mərhələlər başladı! Məşhur operettalardakı ifasıyla və füsunkar görkəmiylə o, qısa müddət ərzində izləyicilərin sevimlisinə çevrildi. Zaldakı alqışların, səhnəyə gətirilən çiçəklərin, hədiyyələrin, məktubların ardı-arası kəsilmirdi. Qəribədir ki, tənqidçilər daha çox onun gözəlliyi haqda yazırdılar:

“Anna Jüdik! Bu qadın operettanın gözəllik ilahəsidir!”

Bir fakt çoxlarının diqqətindən yayınmadı: Anna səhnəyə çıxmazdan əvvəl cibindən taxta çərçivəyə salınmış adi bir güzgünü çıxarıb ona uzun-uzadı baxırdı. 

Qastrol səfərinə getdiyi bütün ölkələrdə ona ən sayılıb-seçilən kişilər vurulurdular. Və budur… O, Peterburqdadır! Bütün şəhər səbirsizliklə onun səhnəyə çıxmasını gözləyir. Onun ilk pərəstişkarı Nekrasov idi. Bəli, məhz həmin dahi rus şairi! Hər dəfəsində Annaya qucaq dolusu çiçəklər gətirən şair Annanın bir tamaşasını da diqqətindən yayındırmazdı. Bir dəfə, Anna hələ gəlməmişdən öncə o, xəlvətcə Annanın qrim otağına girib, iri dolabın arxasında gizləndi. Qadını xəlvətcə  izləməyin zövqünü yaşayan şairin diqqətini bir məqam çəkdi: Anna kiçik dolabdan çıxardığı bir güzgüyə saatlarca baxırdı… Təsadüfən Annanın gözü ona sataşdı və o, dərhal işçilərə şairi bayıra atmağı əmr etdi.

Ruh düşkünlüyü ilə Nekrasov yenə həmişəki kimi qumar oynamağa yollandı. Onun budəfəki oyunçu dostları jurnalistlər idi. Cari qalmaqallar haqda qızışan söhbət gəlib Anna Jüdikə də çıxdı. Bu vaxt o, həmin axşam Annanın qrim otağında gördüyü müəmmalı qəribəlikləri onlara danışdı. Qumarda uduzmuş şairə ödəyəcəyi borcu həmin güzgüylə əvəz etməyi təklif elədilər. Nekrasov bu təkliflə razılaşdı. Həmin gecə o, asanlıqla Annanın qrim otağının pəncərəsinə dırmaşıb, içəri keçdi. Axtardığı güzgünü otaqdakı bəzək əşyaları qoyulmuş masanın dolabından tapdı. Lakin güzgüyə toxunar-toxunmaz Nekrasov huşunu itirib döşəməyə yıxıldı. Səhərə yaxın özünə gələn şairin ağlında yalnız bircə fikir dolaşırdı: otaqdan mümkün qədər tez çıxmaq!

Nekrasovun ağlına da gəlməzdi ki, həmin güzgünü oğurlamaq hansı faciələrlə nəticələnə bilər. Güzgü öz sahibini özü seçirdi! Güzgünü oğurlaya bilməsə də, şairin bu cəhdi ona baha başa gəldi: o, ağır xəstəlikdən vəfat etdi.

 

 

Onun güzgü haqda danışdığı əfsanəvi söhbət ertəsi gün mətbuatda çap edilmişdi və onda müəyyən olunmuşdu ki, bu, Benvenuto Çellininin möhtəşəm əsəridir! Bu güzgünü əldə etmək çoxlarının arzusuna çevrildi.

Qastrol səfəri bitdi. Əşyalarını toplayan Anna Jüdik güzgüsünü heç cür tapa bilmirdi. Peterburq səfəri Anna Jüdikə baha başa gəldi! Hər tərəfi qarış-qarış axtaran qadın sevimli güzgüsünün oğurlandığını anladı...

Bəs güzgünü kim oğurlamışdı?

Qəzet məqalələrində haqqında bəhs edilən güzgü dildən-dilə gəzirdi. Bu güzgü zəngin rus ailəsindən olan, lakin kifir olduğuna görə özünə yaraşıqlı ər tapmayan Anna Stroqanovanın diqqətini çəkmişdi. Görünür o, güzgünü əldə etməkçün əlindən gələni edib və əvvəl-axır bu istəyinə nail olub. Güzgünü əldə edəndən sonra göz önündəcə günü-gündən gözəlləşən zadəgan qız şəhərin ən zəngin və yaraşıqlı oğlanının diqqətini çəkdi. Tezliklə onlar nişanlandılar. Lakin dahi ustad Benvenuto Çellininin lənəti qaçılmaz idi! Oğurluğun bədəli bu dəfə də ağır ödənildi. Toya sayılı günlər qalmış Stroqanova gəlinlik paltarını geyinib, üzərində necə oturduğunu yoxlayarkən qəfil pilləkənlərdən yıxılıb aldığı zədədən yerindəcə keçindi. Həmin vaxt onlara qonaq gələn rəfiqəsi yuxarı qalxırdı və o, pilləkənlərdən yıxılıb yerə sərilən Stroqanovanın əlindəki güzgünü görmüşdü. Başqa fərziyyə də var ki, rəfiqəsi bəm-bəyaz gəlinlikdə gördüyü gözəl qızın əlindən güzgünü zorla alıb, onu pilləkənlərdən aşağı yıxıbmış. Axı o hadisənin qızın rəfiqəsindən başqa ayrı şahidi yox idi! Ah, bu qadın dostluğu...

Mərhumun rəfiqəsinin güzgünü götürməsi faktı da sonralar üzə çıxdı. Çox keçmədi ki, həmin qız da yol qəzasında dünyasını dəyişdi və həmin güzgü, yerə sərilmiş qızın çantasından çıxdı. Çellininin bu sənət əsəri, şəhər boyunca bir-bir yeni sahibələrini öldürdükcə üzə çıxırdı. Axı o oğurlanmamalı idi! Bu şəkildə əldən-ələ gəzməməli idi! Sonunda qaydaya tabe olaraq – öz sahibəsini özü seçməli idi! 

Bəs güzgüsü oğurlanan Anna Jüdikin sonrakı taleyi necə oldu?!

Parisə qayıdan Anna Jüdik bəstəkar Florimon Ervenin yanına gedib, bəstəkardan məxsusi olaraq onun əvvəlki gücünü itirmiş səsinə uyğun bir operetta bəstələməsini xahiş etdi. Madam Jüdik həmin operetta üzərində lənətə gəlmişlər kimi düz yarım il məşqlər edirdi. 1883-cü ilin dekabrında Paris “F.Ervenin “Mademuazel Nituş” operettası!” afişalarına büründü. Baş rolda əsrarəngiz Anna Jüdik oynayırdı.

26 dekabrın səhəri Anna, sanki, cin vurmuş adam kimi yuxadan ayıldı! O, biixtiyar qaçıb köhnə tamaşalarının proqramlarını saxladığı komodu açdı. Qutunun içi işıqdan par-par yanırdı… İZAHOLUNMAZDIR! Ancaq sehrbaz Çellininin şah əsəri – güzgü ordaydı! Bəs necə oldu ki, güzgü seçdiyi sahibəsinə geri döndü? Baxın, bu olay da güzgünün magik qüvvəsi kimi anlaşılmaz qalmaqdadır… Anna Jüdik o güzgünü artıq ikinci dəfə taleyin hədiyyəsi kimi səssiz-səmirsiz  qəbul etdi… Güzgü əsl sahibəsinə qayıtdı!

Beləcə həmin axşam Parisin şanlı “Varyete” teatrının səhnəsinə güclü səsi və məftunedici gözəlliyi ilə Anna Jüdik çıxdı. Onun oynadığı qəhrəman qızın – Dənizin 17 yaşı vardı. Ancaq 33 yaşlı aktrisa Jüdik 17 yaşlı qəhrəmanından daha da gənc görünürdü.

Ardı var...

Mənbə: Kulis.az

Top