Əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının, sonra isə Avropa xalqlarının ruhunu fəth etmiş “1001 gecə” nağılları ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına mənbə olmuşdur.
Tədqiqatçıların əksəriyyətinin fikrincə, “1001 gecə” nağıllarının əsasını IX yüzillikdə fars (pəhləvi) dilindən ərəb dilinə tərcümə edilən «Hezar əfsanə” ( “1000 əfsanə” ) təşkil edir. Əsərdəki hekayələr, məsələn, “Sindibadnamə hekayələri”, heyvanların nitqləndirmə yolu ilə düzələn təmsillər – “Hindistan”, div, pəri iştirak edən nağıllar – İran, Harun ər – Rəşid, Məmun və başqa ərəb xəlifələrinin iştirak etdiyi hekayələr isə ərəb xalqlarının həyatını əks etdirdiyi üçün hər 3 xalqın müştərək abidəsi sayılır.
“1001 gecə” nağılları diqqətlə gözdən keçirildikdə, onların müxtəlif zamanlarda yarandığının şahidi oluruq. Deyilənə görə, bura 264 nağıl daxildir.
“1001 gecə” nağıllarının xarici dillərə tərcüməsi də çox maraqlı yol keçmişdir. Bu bəşəri abidəni başqa dillərə çevirən mütərcimlər ona öz xalqlarının gözü ilə baxmış, öz xalqlarının zövqünü nəzərə almış və özünün əxlaqı görüşlərinə və şəxsi zövqünə uyğun olaraq onu artırıb — azaltmışdır. Bütün tərcümə təhriflərinə baxmayaraq, “1001 gecə” əsəri istər Şərqdə, istər Qərb ölkələrində və Amerikada çox geniş şöhrət qazanmışdır.
“1001 gecə” nağıllarının süjet xəttinin əsasını ərəb hökmdarı Şəhriyarla onun vəzirinin ağıllı və fərasətli qızı Şəhrizad haqqında nağıl təşkil edir. Ölümə məhkum olunmuş Şəhrizad gecələr sübhədək Şəhriyara maraqlı və sehirli nağıllar söyləyir. Şəhrizad söylədiyi nağılları qəsdən ən maraqlı yerində yarımçıq qoyur. Beləliklə, 1001 gecə keçir və nəhayət, Şəhriyar, vəzirin qızı Şəhrizadı öldürmək fikrindən əl çəkir.
azens.az