Dünyanın ən təhlükəli 10 çimərliyi

Dünyanın ən təhlükəli 10 çimərliyi

“Çimərlik” dedikdə, ağla ilk gələn okean, dəniz, qum, günəş istisi, dalğalar olur. Ancaq bəzi çimərliklərdə insanlar meduz zəhəri, köpək balığı dişləməsi, radiasiya, zibillik, oğurluq kimi hallarla rastlaşır ki, bu da bütün tətili məhv edir. Beləliklə, siyahını sizə təqdim edirik:

1. Avstraliyanın Tivi adası: şəffaf meduzalar
Avstraliya çimərlikləri dünyanın ən təhlükəli çimərlikləri sayılır. Onu təhlükəli edən təkcə köpək balıqlarının hücumu deyil, suda görünməyən yumru meduzlardır. Bədənləri şəffaf olan yumru meduzlar Timor və Arafur dənizlərində üzür. Əsasən, uşaqların bədəninə yapışmaqla ağır yanıqlar əmələ gətirirlər ki, bu da ölümlə nəticələnir. Son 20 ildə 12 uşaq həyatını itirib, keçən il yalnız 10 yaşlı bir qızı xilas etmək mümkün olub.


2. CAR-ın “Fish Hoek” çimərliyi: ağ köpək balığı
Cənubi Afrikanın Atlantik okeanı sahili ərazilərinin ən böyük təhlükəsi – ağ köpək balıqlarıdır. Bu yırtıcılar istilərin düşməsi ilə daha da aqresivləşirlər. Keçən il 21 köpək balığı hücumu olub ki, bunun da altısı ölümlə nəticələnib. Bu ilin yanvarında olan bir hücum isə daha qəddar olub: naməlum kişi meyitinin hissələri bir ay ərzində polis tərəfindən toplanıb. 


3. Meksikanın Zipolite çimərliyi: “Ölülər sahili” 
Ağ qumlu sahilləri ilə çoxlu turist cəlb edən bu çimərlikdən yerli əhali uzaq durmağa çalışır. Əsas təhlükə isə aprel və iyun ayı aralığında daha da güclənən dəniz dalğalarıdır. Meksika hökuməti hər il xilasedicilər üçün kifayət qədər böyük pullar xərcləyir. Keçən il rəsmi olaraq, 180 nəfərin xilas edildiyi bildirilib. Çimərliyin yerli əhali tərəfindən sevilməməsinin digər göstərici isə elə onun adıdır. Belə ki, “Zipolite” sözü yerli tayfaların dilində “ölülər sahili” mənasını verir. 


4. ABŞ-ın Bikini rifi: radiasiya
Bikini çimərlik geyimlərinin adı məhz bu adanın adından götürülüb. 1946-1958-ci illərdə ABŞ adada xeyli sayda nüvə sınaqları həyata keçirib. 1954-cü ildəki sınaqlardan sonra ada məhv olma dərəcəsinə çatıb. 800 minə yaxın əhalisi yüksək radiasiyadan dünyasını itirib. Burada radiasiya hələ də normadan qat –qat artıqdır.


5. “New Smyrna” çimərliyi: toqquşma
Florida ştatı sahilində yerləşən çimərlikdə əsas təhlükə üzən vasitələr – kater, sörf aləti, sürətli qayıqlar və digərləri ilə toqquşmadır. Keçən il 68-i ölümlə nəticələnən 640 belə hal qeydə alınıb. Digər bir təhlükə isə güclü dalğalardır. Son əlli ildə dalğa zərbəsindən 460 insan həlak olub. Bütün bunlarla yanaşı arada köpək balığı hücumları da baş verir. Keçən il 13 nəfər köpək balığı hücumuna məruz qalıb, xoşbəxtlikdən onlardan cəmi biri ölümlə nəticələnib. 


6. Braziliyanın “Copacabana” çimərliyi: cinayət
Rio-de-Janeyronun “Copacabana” çimərliyindəki tətil cinayətlərlə korlana bilər. Burada oğurluq, fahişəxanalar, narkotik alveri, zorlama, uşaq oğurluğuna qədər hər cür cinayətə rast gəlmək olur. Keçən ilin hesablamalarına görə, 80 nəfər bu cinayətlərin qurbanı olub, 30 nəfər isə öldürülüb. Dincələnlərin sözlərinə görə, təkcə çimərlikdə deyil, otellərdə də cinayət təhlükəsi var. Onlardan bəziləri narkobaron və mafiya başçılarına məxsusdur. 


7. Honq-Konqun “Repulse Bay”i: zibillik
“Repulse Bay” çimərliyinin adı “qağayıların yuva qurduğu yer” mənasını verir. Ancaq neçə illərdir ki, burda qağayı görmək mümkün deyil. Səbəb isə sahilin həddən artıq çirkli olmasıdır. XX əsrin əvvəllərində başlayan tikinti işlərinin bütün qalıq və zibilləri dənizə axıdılıb. Dənizdə kimyəvi maddələrin sayı çoxalıb. Ancaq çimərlik hələ də Honq-Konqda ən elit və bahalısı sayılır.


8. San-Paulu çimərliyi: piraniyalar
Amazon çayının cənub-qərbində daha çox rast gəlinən piraniyalar 2002-ci ildə 1 ay ərzində 38 nəfərə, 2003-cü ildə iki həftəyə 50 nəfərə zərər yetirib. İri və kəsici dişlərini bir-birinə sıxmaqla özündən dəfələrlə böyük canlılardan ət qoparan bu balıqlar sürü halında yaşayırlar. Dişləmləri ölümlə nəticələnməsə də, ən yaxşı halda amputasiya ilə sonuclanır. Onlar rahatlıqla insanın barmağını iki yerə bölə bilirlər. Piraniyaları daha da aqressivləşməyinə səbəb isə insanların “onlar”a aid yerlərdə üzməsidir. 


9. ABŞ-ın Virciniya çimərliyi: vəhşi tülkülər
Virciniya çimərliyi Atlantik okeanı sahili boyunda ən uzun çimərlik olması ilə Ginnesin Rekordlar Kitabına düşüb. Burada əsas təhlükə vəhşi tülkülərdir. Sonuncu hücum bu ilin mart ayında olub. Vəhşi tülkü sahildə dincələn üç nəfərin üzərinə hücum edərək onları dişləyib. Çimərlikdə bu yaxınlarda vəhşi yenot və dələlərə rast gəlinib. Onlar isə potensial xəstəlik daşıyıcıları hesab olunur. 


10. Avstraliyanın “Cable”ı: timsahlar
Çimərlik bu ilin iyul ayında rəsmi olaraq bağlanıb. 1974-cü ildən bu ərazidə timsahların ovlanması qadağan olunub. Bu səbəbdəndir ki, onlar çoxalaraq insanlara hücum etməyə başlayıblar. Rəhbərlik qadağanı aradan götürmək istəyib, ancaq sonradan bunun timsah ovçularının çoxalacağını əsas gətirərək qərarı geri götürüb. Son 25 ildə timsah hücumlarında 10 nəfər həyatını itirib. 


Günel Əsgərzadə
Top