Günəş doğan kimi gətirdiyi bu sevinc hardandı? Yer üzünə düşən bu işıq niyə bizlərin həyat eşqini birəbeş artırır? Səma gömgöydü, ətrafdakı yaşıllıq, al-əlvan boyalı evlər göz oxşayır. Heyran baxışlarımız bu rənglərin parlaqlığından doyunca içir. Və biz elə hey rəqs eləmək, hoppanıb-düşmək, oxumaq istəyirik, içimizdə səbəbsiz bir yüngüllük, hər şeyi əhatə edə biləcək şəfqət oyanır və günəşi öpməyimiz gəlir.
Qapının ağzında oturan korlarsa onları əbədi əsarətinə alan zülmətə həssas deyillər və həmişəki kimi, bu yeni sevincə sakit yanaşırlar. Naməlum sevinci yaşamayan korlar oynaqlaşmaq istəyən itlərini hər dəqiqə sakitləşdirirlər.
Belə bir günün sonuna doğru balaca qardaşlarının, ya da xırdaca bacılarının əllərindən tutaraq evə qayıdandasa, uşağın “Bu gün necə də gözəl hava vardı!” ifadəsinə kor, adətən, belə cavab verir:
— Yaxşı hava olduğunu o saat hiss elədim. Lulu yerində dinc dayanmırdı. Belələrindən birini tanıyırdım, həyatı təsəvvür edilməyəcək dərəcədə məşəqqətliydi. Bu, bir kəndliydi, normandiyalı fermerin oğlu. Hələ ata-anası sağ olanda, az-çox qayğısına qalan varıydı.
O zaman, yalnız fiziki əlilliyindən əziyyət çəkirdi, lakin valideynləri ölən kimi mövcudluğu məşəqqətə çevrildi. Bacılarından biri onu himayəsinə götürdü, yalnız fermada hər kəs onunla başqalarının çörəyinə bais olan bir avara kimi davranırdı. Hər dəfə süfrə arxasında bu gerçəkliyi onun başına çırpırdılar, tüfeyli, kəndçi adlandırırdılar və hərçənd yeznəsi onun varislik payını mənimsəsə də, kora qalıq-quluq qıyırdılar və acından ölməyəcək qədər yedizdirirdilər.
Üzündə qan adında heç nə yoxuydu, iri gözlərisə ağara qalırdı. O, haqsızlığa laqeyid idi və özünə elə qapanmışdı ki, hiss edib-etmədiyi, ümumiyyətlə, sezilmirdi. Əslində, o, heç şəfqətin nə olduğunu belə bilmirdi, hətta anası da vaxtilə onunla sərt davranmış və heç sevməmişdi. Kənddə faydasız adamlar, yalnız əngəldilər və kəndlilər belələriylə böyük məmnuniyyətlə cılız cücələri dimdikləyib öldürən toyuqlar tək hərəkət edərdilər.
Kor yayda yeməyini bitirən kimi qapının ağzında oturardı, qışdasa yeri sobanın yanıydı, yatanacan ordan tərpənmirdi. O, heç bir hərəkət etmirdi və yalnız göz qapaqları hansısa əsəbi iztirabdan həyəcanlanaraq bəzən ağ bəbəklərinin üstünü örtürdü. Onun təfəkkürü varıydımı, düşünmək qabiliyyətindən xali deyildimi, həyatı barədə aydın təsəvvürə malikiydimi, ya yox, heç kəs özünə əziyyət verib, bu suallar üzərində baş sındırmırdı. Beləcə, bir neçə il ötdü.
Sonunda korun əmək qabiliyyətsizliyi, həmçinin təmkinliyi qohum-qardaşı lap qəddarlaşdırdı və biçarə qapazaltıya, hər əziyyətə qatlanan təlxəyə, onu əhatələyən vəhşilərin amansız əyləncələrinin qurbanına çevrildi. Hər gün biri-birindən qəddar, ağlasığan və ağlasığmaz zarafatlar ixtira edilirdi. Korun yediyinin haqqını ödəməsi məqsədilə onun nahar saatını qonşular üçün əyləncəyə, zavallının özü üçünsə işgəncəyə çevirdilər. Əyləncəli məzhəkəyə qonşu evlərdən kəndlilər yığılırdılar, tamaşanı əldən verməmək üçün ev-ev xəbərləşirdilər və fermanın mətbəxi həmişə ağzınacan dolu olurdu. Masanın üzərinə korun yeyəcəyi kasanın yanına pişik, ya küçük qoyurdular. İybilmə qabiliyyətiylə masa arxasındakı adamın xəstə olduğunu hiss edən heyvan oğrun-oğrun kasaya yaxınlaşır və şorbanı ləzzətlə yalamağa başlayırdı. Çıxardığı səs masa arxasında oturanın diqqətini cəlb edəndə, korun qarşısında qeyri-iradi şəkildə ora-bura hərlədiyi qaşığa tuş gəlməmək üçün ehtiyatla kənara çəkilirdi.
Bax, elə bu zaman divarın yanında itələşən tamaşaçılar qəhqəhə çəkir, sevincdən ayaqlarını yerə tappıldadırdılar. Korsa sol əllə kasasını qoruyaraq, sağ əlindəki qaşığı sakitcə ağzına yaxınlaşdırırdı. Bəzən ona ayırd etmək iqtidarında olmadığı tıxac, ağac, yarpaq, hətta nəcis yedizdirirdilər. Zamanla bu zarafatlar da dəbdən düşdü və ömrü boyu kor qaynının qarnını doyuzdurmaq reallığından təngə gəlmiş kürəkən zavallını ara-sıra döyməyə başladı, ən çox xoşladığı işgəncəsə biçarəyə gözlənilmədən şillə vurmasıydı. Beləcə, yeni oyun meydana çıxdı — şillə oyunu. Arabaçılar, işçilər, xidmətçilər dayanmadan onun üzünə şillə vururdular, özünü müdafiə edə bilməyən korunsa gücü, yalnız səksənməyə çatırdı. O, harda daldalanacağını bilmirdi və özünü necəsə qorumaq üçün elə hey əlləri qabağa gəzirdi.
Sonunda onu dilənməyə məcbur elədilər. Bazar günlərində koru yolun kənarında qoyurdular və biçarə addım səsləri, ya araba cırıltısı eşidən kimi şlyapasını irəli uzadıb mızıldanırdı: — Allah eşqinə, bir kömək edin… Lakin kəndlilər bədxərc deyildilər və o, həftə ərzində evə bircə quruş belə gətirə bilmirdi. Bu kürəkənin amansız, azğın qəzəbinə və korun amansız ölümünə səbəb oldu. Olaysa bu cür baş verdi.
Qışda yer qar örtüyünə büründü və dəhşətli şaxtalar düşdü. Belə günlərin birində kürəkən qaynını çox uzağa, böyük yolun ağzına apardı. Koru orda qoyub geri qayıtdı, gecə düşəndəsə evdəkiləri inandırdı ki, qohumunu tapa bilməyib, bununla da kifayətlənməyib əlavə elədi: — Bəsdirin, siz Alllah, narahatçılığa heç bir əsas yoxdu. Yəqin donmaması üçün kimsə onu özüylə aparıb. Bu sırtığa heç nə olan deyil. Şübhəsiz, sabah yemək vaxtına özünü çatdıracaq. Kor səhərisi gün gəlib çıxmadı.
Uzun-uzadı gözlədikdən sonra soyuğun iliyinə işlədiyini hiss edən kor özü irəli getmək məcburiyyətində qaldı. Qar altında qalmış yolu ayırd edə bilməyən biçarə kor-koranə dolaşırdı, gah nohura, gah da növbəti çuxura düşür, əl-ayağını əzir, zor-bəlayla ayağa qalxaraq, sığınacaq tapmaq ümidiylə yoluna davam edirdi. Yalnız şaxta tədricən öz işini görürdü və daha ayaq üstə durmağa taqəti qalmayan kor düzəngahın ortasında qarın üstünə çökdü. Və bir daha qalxmadı. Ağ qar topaları dayanmadan yağır və zavallının üzərinə soyuq yorğan çəkirdi. Nəhayət, cəng olmuş bədən qar topasının altında gözdən itdi. İndi heç kəs meyitin yerini tapa bilməzdi.
Qohum-qardaş guya bir həftə sərasər onun axtarışına çıxdılar. Lakin bunun növbəti tamaşa olması heç kəsə sirr deyildi. Onlar heç ağlamırdılar da. Qış sərt keçdi və istilər gec düşdü. Və belə mülayim günlərin birində nahara gedən fermerlər düzənliyin üzərində var-gəl edən bir dəstə qarğa gördülər. Quşlar gah düzəngahın üzərində dövrə vurur, gah aşağı uçur, gah da göyə qalxırdılar.
Qara qarğalar həftə boyu oralardan əskik olmadı. Onlar lap göy üzünü basmışdılar, elə bil, dünyanın bütün qarğaları bura uçub gəlmişdi. Quşlar hündürdən səs sala-sala ağappaq qarın üzərinə oturur və orda qızğınlıqla eşələnirdilər. Oğlan uşaqlarından biri qarğaların orda nə elədiyini izləmək üçün yaxına getdi və korun, artıq yarısı qalmış meyitiylə rastlaşdı. Biçarənin ağ bəbəkləri də, artıq quşların güdazına getmişdi. Günəşli günlərin sevincini yaşamaqla bahəm kədərli xatirələrdən və biçarə barədə fikirlərdən heç cür azad ola bilmirəm. Taleyi o qədər nəsibsiziydi ki, dəhşətli ölümü onu tanıyan hər kəsə yüngüllük gətirmişdi.
Ruscadan tərcümə etdi: Kifayət Haqverdiyeva