Pişik beşiyi | Vonnequtun romanları

Pişik beşiyi | Vonnequtun romanları

“Pişik beşiyi” romanı dinin və elmin ehkamlarına parodiya, 50-ci illərin Amerikasındakı tarixi hadisələrə yenidən baxış və metaromanlara xas olan  əsərin özü özünün uydurma, qurama olmasını xatırlatması kimi  postmodern elementlərlə yazılıb. Romanın başlanğıcında hekayəçinin dilindən öyrənirik ki, o bir kitab yazmaq istəyir. (o kitab həm də elə oxuduğumuz, yəni artıq yazılıb bitmiş bu romandır) Kitab atom bombalarına həsr edilib və bu barədə yazılmış kitablara, elmi məqalələrə, sənədlərə istinad edib, ilk bombanın atıldığı gün amerikalıların nə etdiyini araşdırır.

“Qulas asın. Mən indikindən daha cavan olanda, yəni iki arvad bundan əvvəl, 250 min siqaret bunda əvvəl, üç min litr spirtli içkidən əvvəl...

Bir sözlə, indikindən çox-çox cavan olanda, mən “Dünyanın sona çatdığı gün” adlı kitab yazmaq üçün material toplamağa başladım. Sənədli kitab yazmağı qərara almışdım. Kitab Yaponiyanın Xirosima şəhərinə ilk atom bombasının atıldığı gün məşhur amerikalıların nə ilə məşğul olduqları haqda bir hesabat kimi düşünülmüşdü.
O kitab xaçpərəst ruhlu bir kitab olmalı idi. Onda mən xaçpərəst idim. İndi bokonistəm” “Pişik beşiyi”ndə intertekstuallıq effektiv üsulla təmin edilir. Mətndəki sitatlar yalnız rəqəmlənmiş quruca sitatlar deyil, onlar ən müxtəlif növdə olan mətnlərə istinadlardı ki, bu metod vasitəsilə Vonnequt oxucu üçün keçmiş və indi arasında paralel yaradır. Bu roman bir jurnalistin kitab yazmağının tarixçəsidir. Yazıçı Con (və ya İona) ilk dəfə atom bombası atılan gün haqqında kitab yazmaq istəyir və müxtəlif adamlarla görüşür, məktublaşır, oxuduğu kitabları, topladığı sənədləri oxucuyla bölüşür və ilk baxışda oxucuya elə gəlir ki, bütün bu qarmaqarışıq məlumat axınının mətləbə heç bir dəxli yoxdur. Lakin ilk baxışdan  yazıçının bölüşdüyü bu informasiyaların heç bir məntiqi olmadığı fikri yaransa da, əslində bütün bu məlumatların bu və ya digər dərəcədə mətnə, mətləbə dəxli var.

Romanın əvvəlində, “Dünyanın sona çatdığı gün” adlı hissədə hekayəçi Herman Melvilin Amerika ədəbiyyat tarixində özünəməxsus yeri olan və dünyaca məşhur “Mobi Dik” əsərinə işarə vurur. Melvilin romanının ilk cümləsi belədir: “Məni İsmail çağıra bilərsiniz”, Vonnequt isə belə başlayır: “Məni İona çağıra bilərsiniz”. Bu barədə tənqidçi Marvin Tomasın fikri belədir: necə ki, Melvilin təhkiyəçisi İsmail manyak kapitan Ahava və Mobi Dik barəsində danışaraq həm də öz varlığını gün işığına çıxarmış olur, eyni qayda ilə də İona atom bombasının atası və onun ailəsi Honnikerlər haqqında danışmağa başlayaraq özünü faş edir. Marvin həmçinin iddia edir ki, Makkeyb dağı da intertekstual elementdir. Həm Makkeyb dağının, həm də Mobi Dikin güclü əks-səda yaratmaq hünəri var. Makkeyb dağının əks-səda yaratması aydındır, Mobi Dik isə okeanda bu öz nəhəngliyi, vahiməsi ilə bu cür əks səda yaradır. Heç kim Mobi Diki tuta bilmədi və heç kim Makkeyb dağına çıxa bilmədi.

Vonnequt Əhdi-ətiqə və Əhdi-cədidə də parodik-ironik münasibət bəsləyir. O düşünür ki, xüsusi, mütləq həqiqət ola bilməz. Həqiqət dəyişir, inkişaf edir və yalnız insan bu dəyişkən həqiqət arxasınca düşüb özünü kəşf edə bilər, bu isə insanı mütləq gətirib humanizmə çıxarmalıdır. O ideyaların cəmlənməsini tənqid edir və deyir ki, hər bir insan bizə təqdim edilən “vahid” həqiqət əsasında öz həqiqətini yaratmalıdır.     

127 qısa fəsildən ibarət “Pişik beşiyi” romanında Vonnequt sona qədər kollaj üsulundan istifadə edir. Kitablardan, qəzetlərdən, jurnallardan hissələr, məktublardan parçalar — hamısı romanın sonuna qədər oxucunun ixtiyarına verilir və bütün bu sonsuzluq hissi  ​​yaradan informasiya bolluğu içində yazıçının ürəyiyumşaq səsi həmişə bizi müşayiət edir, biz “yol”umuzu azmırıq.

Vonnequtun romanı, pişik beşiyi 

Mənbə: Internet resursları

Həmçinin bax: Yüngülvari bioqrafiya, Vonnequtun ədəbi düşüncəsi
Top