Yüngülvari bioqrafiya | Kurt Vonnequt

Yüngülvari bioqrafiya | Kurt Vonnequt

Alman mənşəli amerika yazıçısı Kurt Vonnequt 1922-ci il 11 noyabrda mühafizəkar mühiti olan İndiana ştatının İndianapolis şəhərində, siyasi və teoloji məsələlərə şübhəylə yanaşan, uğur qazanmış memar ailəsində dünyaya göz açır.

Vonnequt soyadı yazıçının özünün dediyi kimi “uzaqlarda axan kiçik alman Vonnadan” gəlir.  

Markes bülbülləri bioqrafiya


Böyük Depressiya illərində ailəsinin maddi vəziyyəti pisləşir.

Vonnequtun ilk ədəbi təcrübəsi məktəb illərində baş tutur. O, iki il məktəb qəzetinə redaktorluq edir.

1940-cı ildə Kurt  “Kornel Universiteti”nin Kimya fakültəsinə daxil olur və eyni zamanda “Cornel Daily Sun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır.

1943-cü ildə Kurt orduya yazılır və 1944-cü ildə nasistlərə əsir düşüb Drezden həbsxanasına göndərilir.

1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.

Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər. Drezden bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord – çox kədərli rekord! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı  ​​çıxdı, o da onun özüdür. Çünki o hər ölüyə görə beş dollar qazanıb – “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində.

Vonnequt müharibədən geri dönməyini də qəribə formada xatırlayır: “Mən evə qayıdanda dayım Den məni bağrına basdı və dedi: Hə, bax sən indi kişisən! Bu sözdən sonra mən az qala həyatımda ilk dəfə olaraq bir almanı öldürəcəkdim.”

1945-ci ilin mayında, Kurt evə döndükdən sonra iki il Çikaqo Universitetində oxuyur və eyni zamanda polis idarəsində reportyor işləməyə başlayır. Bu iki il ötəndən sonra o, Skenektadiyə köçür. Burda Vonnequt məşhur “Ceneral elektrik” şirkətində PR menenceri  vəzifəsində çalışmağa başlayır.

Bu işlə yanaşı o ağıldankəmlər üçün məktəbdə ingilis dili müəllimi, reklam mətnləri yazarı, “Saab” kompaniyasının ticarət nümayəndəsi kimi işlərdə çalışır və təbii ki, jurnallara çap olunması üçün dalbadal hekayələr göndərir.

1946-cı ildə Çikaqo Universiteti ona “Nağıllarda xeyir və şər” mövzusunda yazdığı işə görə antropologiyadan magistr dərəcəsini vermir.

Bu dərəcəni o sonralar “Pişik beşiyi” romanına görə alır.  1950-ci ildə “Kollers” jurnalı onun “Barnhauz haqqında məruzə” adlı hekayəsini çap edir.  Növbəti il o, “Ceneral elektrik”dən qovulur və ailəsi ilə birlikdə Massaçusetsə köçür.

1959-cu ildə onun “Titanın Sirenası” romanı dərc olunana qədər Vonnequt artıq jurnallarda onlarla hekayə dərc etdirmişdi və yavaş-yavaş tanınmağa başlamışdı. “Titanın Sirenası”nın ardından onun dörd romanı dərc edilir, lakin Vonnequta dünya şöhrəti gətirən — 1969-cu ildə çap olunan “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanı olur.

70-80-ci illərdə Vonnequt fəal ədəbi yaradıcılığa davam edir və onun bir-birinin ardınca “Çempionlar üçün səhər yeməyi” (1973), “Residivist” (1979), “Qalapaqoslar” (1985), “Göy saqqal” (1987), “Fokus-pokus” (1990) və nəhayət XX əsrin son onilliyində yazılmış ən parlaq əsərlərdən biri hesab edilən  “Zaman zəlzələsi” (1996).

(İngiliscə romanın adı “Time quake”dir, rusca isə “Времятресение” kimi tərcümə edilib, indi gəl, bizim dildə buna qarşılıq tap! )

Bax, belə. Dünyaya xoş gəldin, Kurt!

Mənbə: Internet resursları

Həmçinin bax: Vonnequtun humanizmi, Vonnequtun ədəbi düşüncəsi 
Top