“Əgər sən bu qədər ağıllısansa, bəs niyə kasıbsan?“
“İnsanların qeydinə qalmaq lazımdır, Tanrı öz başının çarəsinə baxa bilər.”
“Telekinezə inananlar əlimi qaldırsınlar” - bu ironiya dolu qanadlı ifadələr məşhur Amerika yazıçısı Kurt Vonnequtun romanlarındandır.
Bütün zamanlarda ingiliscə yazılmış 100 ən yaxşı romandan biri hesab edilən “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü” əsərinin müəllifi Kurt Vonnequtu Azərbaycan oxucusu 1993-cü ildə Səfər Alışarlının tərcüməsində işıq üz görmüş “Pişik beşiyi” əsərindən tanıyır.
Vonnequtun bizim dilimizə sonralar bir neçə müsahibəsi və hekayələri də tərcümə olunub, lakin az qala bütün romanları savaş əleyhinə yazılmış, insanpərvərliyin yorulmaz təbliğatçısı olan bu romançını bizim oxucular o qədər də yaxşı tanımır.
Bir gündə iki Markes kitabının nəşr edildiyi, kolumbiyalı magik realistin vitrinlərimizi işğal etdiyi və oxucularımızın məktəb xəritəsində Makondanı tapmayıb Təhsil Nazirliyindən narazı olduqları bir zamanda Kurt Vonnequt daha çox ədəbiyyatçılar arasında tanınır desək, məncə yanılmarıq.
Buna görə də Vonnequtun romanlarından danışmadan, hesab edirəm, əvvəlcə onu dünyaya gətirmək lazımdır.
Mənbə: internet resursları