Altruizm

Altruizm

AltruizmAltruizm bir insanın fədakarcasına, bəzən də öz həyatını təhlükəyə atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan xeyirxahlıq etməsi hesab edilir. Sosial biologiyanın banisi Edvard Uilson (1929) hesab edir ki, insanlardakı altruizm balasını, yəni nəslini xilas etmək naminə öz həyatını riskə atan ana heyvanlarda rast gəlinən altruizmə bənzərdir.

Məsələn, əsgərlər öz ölkəsinin insanlarını xilas etmək üçün hər gün müxtəlif formalarda öz həyatını təhlükəyə ataraq qəhrəmanlıqlar göstərirlər. Digər tərəfdən, bu cür qəhrəmanlığın tənqidçiləri hesab edirlər ki, onlar öz mədəni və dini inanclarını, eləcə də öz şərəflərini qoruyurlar.

Altruizm nə deməkdir?
Onun iki əsas tərifi vardır. Bioloji altruizm dedikdə, hətta öz həyatın təhlükədə olsa belə, digər insanın həyatını xilas etməyə çalışmaqdır – məsələn, kimisə xilas etmək üçün gur çaya tullanmaq.

Psixoloji altruizm isə hər hansı bir şəkildə heç bir mükafat əldə etməyəcəyini bildiyin halda başqası üçün fədakarlıq etməkdir – məsələn, insanlarla dolu qatarda ayaq üstə dayanmağın rahat olmadığını bildiyiniz halda ayağa duraraq kiməsə yer vermək. Altruizmə hansı tərifi seçməyinizdən asılı olmayaraq, bu anlayış sosial psixoloqlar tərəfindən hələ də tam şəkildə izah edilməmişdir.

Bir insana kömək edib-etməməyinizə təsir edən bir çox amillər vardır. Ətrafdakı insanlara kömək edərək özünü yaxşı hiss etmək, başqa insanla müəyyən formada şəxsi münasibətə sahib olmaq, necə kömək edəcəyini bilmək yardımsevərliyi artıran amillərdəndir. Məsələn, hər səhər sizə qəhvə hazırlayan qadını maşın vurduğunu gördükdə qaçaraq ona kömək etməyə çalışarsınız, çünki içinizdə ona kömək etmək arzusu var, onu tanıyırsınız və ona necə ilkin yardım göstərəcəyinizi bilirsiniz.

Ətrafdakı insana kömək etmək istəyini azaldan səbəblərə geniş insan kütləsinin içində olmaq və həmin insanın köməyə ehtiyacı olub-olmadığını dəqiq bilməmək daxildir.  Məsələn, insanla dolu metrodasınız və boğazını tutaraq ikiqat əyilmiş bir nəfər görürsünüz. Ağlınıza gələ bilər ki, həmin insanın boğazında nəsə qalıb və boğulur. Lakin ona kömək etmək ehtimalınız azdır, çünki həm ətraf insanla doludur və düşünürsünüz ki, başqa kimsə kömək edəcək, digər tərəfdən də, həmin insanın həqiqətən boğulduğu, yoxsa sadəcə soyuqladığı üçün öskürək tutduğunu ayırd etməkdə çətinlik çəkirsiniz.

Top