Sevginin ürəklə heç bir əlaqəsi yoxdur

Sevginin ürəklə heç bir əlaqəsi yoxdur

«Mən onu bütün qəlbimlə sevirəm», «Filankəs filankəsə bir könüldən, min könülə vurulub» dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma, bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur.
Yayılan məlumata görə, o, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər:
«Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır».

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb.

Həftə sonunda həmin şəxslərdən indi də daha xoş ətirli hesab etdikləri köynək qutusunu seçmələri istənilib. Məlum olub ki, insanların seçdikləri şəkillə, köynəklər eyni bir insana məxsusdur. Bu isə onu deməyə əsas verir ki, insanın hisslərini onun özündən asılı olmayaraq genləri, beyini idarə edir.

Sevdiyiniz insanı gördüyünüz zaman ürəyinizin sürətlə döyünməsi də birbaşa olaraq beyinlə bağlıdır. Belə ki, bu zaman beyinin aktivləşməsi nəticəsində ürəyə qan ötürən hormonların fəaliyyəti sürətlənməyə başlayır və bunun nəticəsində ürək daha sürətlə döyünür.

Top