Qurani – Kərim və islam dünyagörüşü

Qurani – Kərim və islam dünyagörüşü

Ərəb–müsəlman mədəniyyətinin, sonra isə türk–islam mədəniyyətinin mərkəzində islam dünyagörüşünün nüvəsi olan Qurani–Kərim dururdu.
Allah kultu onun hər şeyə qadir olmasını sübut etməyə yönəlmişdir. Hər şey Allahın əlindədir, bütün canlıların ölümü və yaşaması ondan asılıdır. İslama etiqad edənlərin hamısından bunu tələb edirdilər. «Allahdan başqa ilahi yoxdur, Məhəmməd isə onun elçisidir» deməklə islam dininə etiqad başlanırdı. Qurani–Kərimdə insanlara təlqin olunurdu ki, ətraf mühit, o cümlədən insanın özü də mövcud olduqlarına görə Allaha borcludurlar. Allah kultu məntiqi olaraq insan əməllərinin qabaqcadan müəyyənləşdirilməsinə keçir. Allah hər şeyi bilir. Allahda elə sirlər vardır ki, onun açarı yalnız ilahinin öz əlindədir. Ağacdan yarpaq, insan başından bir tük belə Allahın icazəsi olmadan düşmür. Qurani– Kərimdə deyilir:
6:1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükr və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
6:2. Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. Allahın yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
6:3. Göylərdə də yerdə də (ibadətə layiq olan) yalnız o Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa onu, tutduğunuz (bütün) əməlləri O bilir! 
Allahın bütün kainatda gedən proseslərdən xəbəri vardır. Yerdə, göydə, suda, havada nə baş verirsə Onun böyük qüdrəti ilə baş verir.
6:59. Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, məhz açıq– aydın kitabda (lövhi–məhfuzda) olmasın!
6:60. Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss–həyəcandan məhrum edən) gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra o, sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra Onun hüduduna qayıdacaqsınız və sonra da O, sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir». 
Allahın nəyə qədər olması dəfələri Qurani–Kərimin müxtəlif yerlərində göstərilmişdir. Ilk insan, ilk canlı düşünən məxluqat Adəmə Allah demişdir:
2:33 (Sonra) O: «Ey Adəm, bunların (kainatda mövcud olan əşyaların) adlarını onlara bildir!» – dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» – buyururdu. 
Qurani–Kərimin digər ayələrində də Allahın qüdrəti haqqında fikirlərə tez–tez rast gəlmək mümkündür.
40:62. Allah hər şeyin xaliqidir. O hər şeyə vəkildir! 
Insan əməllərinin mütləq mənada qabaqcadan müəyyənləşdirilməsi ideyası uzun zaman ərzində müsəlman ilahiyyatçılarının mübahisə predmetinə çevrilmişdir. Hələ IX əsrin birinci yarısında mötəzililər məntiqi–fəlsəfi vasitələrin köməyi ilə qabaqcadan taleyin müəyyənləşdirilməsi dəyərlərini şübhə altına qoymuş və insanların iradə azadlığı ideyasını irəli sürmüşlər. Lakin bu azadfikirlilik çox kədərli sonluqla başa çatdı. Mötəzililər darmadağın edildilər. Qurani–Kərimin qüsursuz olması ideyası bütün müsəlmanların şüuruna hakim kəsilmişdir. Məhəmmədin hissə–hissə insanlara çatdırdığı Qurani–Kərimin orijinalı Allahın yanındadır. Allaha sadiq olanlara cənnət vəd edilmişdir. Qurani– Kərimdə onlar haqqında deyilir:
13:22. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir (vaxtlı–vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – onları axirət yurdunun gözəl aqibəti.
13:23. Özlərinin, həmçinin əməlisalah ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub onlara:
13:24. «(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun. Axirət yurdunun (sizə nəsib olan) aqibəti (Cənnət) nə gözəldir!»– deyəcəyik. 
IX Məhəmməd ibn Karram «Qəbir cəzaları» adlı kitab yazaraq islamın mədəni ənənələrini dəfn mərasimi ilə tamamlamışdır. Bu mərasim həm sünnilərdə, həm də şiələrdə öz varlığını bu gün də saxlamaqdadır. Mərasimin əsas ideyası budur ki, qəbirstanlıqa iki mələk gəlir biri sorğu– suala tutur, digəri isə əzab verməklə məşğul olur. Adətən ölənin suallara verdiyi cavabdan asılı olaraq onun cəzası müəyyənləşdirilir. Mələklər Inkir və Münkir adlanır.
Qurani–Kərimdə Inkir Münkir adlarına rast gəlməsək də mərasimin özü islam ruhundadır.
Dünyanın islam mənzərəsi kosmologiyasız tam ola bilməzdi. Əslində kosmologiya islam mədəniyyətində mhüm yer tutur. Məlum olduğu kimi «Qurani–Kərim»dən əvvəl yazılmış xristian «Tövratı» və «Incil» haqqında Ərəbistanda məlumat var idi. Qurani–Kərimdə də Allahın dünyanı 6 günə yaratdığı qeyd edilir. 
67:3. Yeddi göyü (bir–birinin üstündə) qat–qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq, çatdaq (nöqsan) görə bilərsənmi?  
71:15. Məgər görmüsüz ki, Allah yeddi göyü (bir–birinin üstündə) qat–qat necə yaratdı?!
71:16. Orada ayı bir nur, günəşi bir çıraq etdi.
71:17. Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. 
71:18. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır. 
50:6. Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! 
Qurani–Kərim Yer kürəsinin formasını, tərpənib–tərpənməməsini də qeyd etmişdir. Onun dairəvi olduğu və kim tərəfindən saxlandığı da göstərilmişdir. IX əsrdə yazılan hədislərdən birində deyilirdi ki, Yer kürəsi öküzün buynuzunda, öküz balığın üstündə, balıq suda, su havada, hava rütubətdə yerləşir. Rütubətlə bilənlərin biliyi başa çatır. 
Islam mədəniyyəti ancaq Qurani– Kərimin ehkamları və onların şərhləri məhdudlaşmır. Islam kosmologiyasında olduqca müdrik fikirlər mövcuddur. IX əsrdə Əhməd Fərqani Yerin kürə şəklində olduğunu sübut etməyə cəhd etmişdir. Elə bu zaman riyaziyyatçı əl Battani elan etdi ki, Yer kürə şəklindədir. XI əsrdə Biruni öyrədirdi ki, «Yerin kürə şəklində olması təbii zərurətdir». Tədricən Islam mədəniyyətində kainat haqqında elmi baxışlar özünə yol açırdı. Quran, əlbəttə, kainatın quruluşu, onun inkişafı və s. haqqında elmi əsər deyil. Allah kəlamı olan bu kitab daha ali məqsəd üçün göndərilib: böyük mövcudatın Allah tərəfindən yaradıldığını göstərmək, insanın bu dünyada necə yaşamasını öyrətmək, onun əbədiyyata qovuşmaq yollarını müəyyənləşdirmək, bir sözlə, bu fani dünyada əbədi dünyaya hazırlaşmaq qaydalarını aydınlaşdırmaq. Maddi dünyanı tədqiq etmək isə alimlərin vəzifəsidir.
Qurani–Kərimdə Allahın həm insanı yaratması, həm də özünün səma qanadları hesab etdiyi mələklər və cinləri yaratması təsvir olunmuşdur. «Yaradan» surəsində deyilir:
35:1. Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah məxluqatda istədiyini artırar. (Mələklərə istədiyi qədər qanad verər, dilədiyi hər hansı bir məxluqunu da yüksək elm, ürfan, qabiliyyət və misilsiz gözəllik sahibi edər). Həqiqətən Allah hər şeyə qadirdir». 
Bütün hallarda Qurana əsasən deyə bilərik ki, insanın Allah tərəfindən yaradılması aktı qədim ərəb əsatirinə xüsusi məna və məzmun verir. Insanın maketini yaratdıqdan sonra ona can vermək lazım gəlmişdir. Allah öz əməlini yaratdığı göməkçiləri ilə müzakirə etməli olmuşdur. Bəzi tədqiqatlara görə (əsasən müsəlman tədqiqatçılarına görə) bu məsələ Allahın nə qədər demokratik olduğun göstərir. 
Bir sözlə, islam mədəniyyətinin qəlbi, ürəyi onun dünyagörüşündə mühüm yer tutan insan haqqında biliklərdir. Yuxarıda qeyd etdiyimiz kimi Allah mələklər və cinləri yaradır. Allah öz mələklərinə deyir ki, mən insanı gildən yaradıram və nə vaxt bu işi başa çatdırdım, ona öz ruhumdan nəyisə verdikdən sonra, o zaman ona itaət edin. Həqiqətən mələklərin iblisdən başqa hamısı əyilib insana təzim edir. Elə buna görə də Allah iblisi lənətləyir.
Beləliklə, Adəm Allahın axırıncı əsəri deyildir. Adəm şad olsun deyə Allah Həvvanı yaratdı. Lakin iblis həm Adəmi, həm də onun arvadı Həvvanı yoldan çıxarır. Ilk günah işlətdiklərindən insan nəsli həyat nemətlərinə gedən yolun nə qədər ağır olduğunu dərk etməyə başladı.
57:20. (Ey insanlar!) Bilin ki, dünya həyatı oyun– oyuncaq, bər–bəzək, bir–birinizin qarşısında öyünmək və mal–dövləti oğul–uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki. onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu daha sonra çör–çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir. 
57:21. (Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub. Allaha və onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir– birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». 
Bütün bunlara baxmayaraq prinsipcə Qurani–Kərim insana qarşı çox ciddidir.
6:32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?  
Müsəlman dünyasının müqəddəs kitabı «Qurani–Kərim»də insanın mənəvi, mədəni həyatı haqqında xüsusi konsepsiya mövcuddur. 17–ci surənin bir sıra ayələrində islam etikasını təşkil edən əxlaq kodeksi dediklərimizin sübutu ola bilər.
17:7. Yaxşılıq etsəniz, özünüzə etmiş olursunuz, pislik də! 
17:31. Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə qız uşaqlarını öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək həqiqətən böyük günahdır. 
17:32. Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl və pis bir yoldur.
17:33. Allahın haram buyurduğu cana qəsd etməyin.
17:34. Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi– buluğa çatana qədər yaxın düşməyin.
17:35. Ölçəndə ölçüdə düz olun..
17:36. (ey insan) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu – sual olunacaqdır.
17:37. Yer üzərində təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca yüksəlib dağlara çata bilərsən). 
Bütün bu davranış prinsipləri Qurani–Kərimdə kifayət qədərdir. Başqa dinlərdə də etik prinsiplərə rast gəlmək mümkündür. Onlar ümumbəşəri etikanın ümumi cizgilərini əks etdirir.
Qurani–Kərimdə dindarların ailə–məişət həyatı, məişət davranışının normaları, varislik, mülk bölgüsü və s. hərtərəfli şəkildə göstərilmişdir. Bütün bunlar mənəvi– əxlaqi müddəalarla yanaşı Quranda və Sünnələrdə yazılmışdır.
Qeyd etmək lazımdır ki, Quran müsəlmanların təkcə müqəddəs kitabı deyildir. O islam mədəniyyətinin ən qiymətli abidəsi və müsəlman sivilizasiyasının özünəməxsus simvoludur. Bu kitabın ideyası və formulları xalq rəhbərləri və siyasətçilərinin əməllərinin əsası olmuşdur. Quran müsəlman və müsəlman olmayan şairlərin ilham mənbəyi olmuşdur. Qurani–Kərimin Azərbaycan dilində tərcüməçiləri haqlı olaraq qeyd edirlər ki, Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani–Kərim müsəlmanlığın dini–fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı, həm də çox mühüm bir ədəbi–tarixi salnamədir. Quranda ərəblərin islamdan əvvəlki tarixinə, adət, ənənələrinə, həyat tərzinə, dinlərinə, sami xalqların dünyagörüşünə, etiqadlarına, ümumiyyətlə bəşər tarixinə, onun keçmişinə, gələcəyinə dair çox qiymətli məlumatlar vardır.
Islam mədəniyyəti və incəsənətinin formalaşması və inkişafı probleminin öyrənilməsi zamanı dinin incəsənətə, xüsusilə təsviri incəsənətə münasibəti məsələsinə nəzər yetirmək lazımdır. Müsəlman müəllifləri ilə yanaşı V.L.Voronina , O.Q.Bolşakov , T.E.Enikeyeva , B.V.Veymarnın əsərləri bu sahədə ən böyük yardımçı ola bilər. Islam Qafqazda aparıcı ideologiyaya çevrildikdən sonra ənənəvi təsviri xalq sənətinə mühüm təsir göstərmişdir. Bu vəziyyəti nəzərə almadan həm orta əsrlərdə, həm də yeni və müasir dövrdə mədəniyyət və incəsənətin inkişaf xüsusiyyətlərini başa düşmək olmaz. Bundan başqa müsəlman mədəniyyətinin və incəsənətinin mühüm səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi keçmişlə bu günün arasındakı varislik əlaqəsini başa düşməyə kömək edir.
Qeyd etmək lazımdır ki, ilahi kitabı olan Qurani–Kərimdə insanın və heyvanın təsvirini qəti surətdə qadağan edən göstərişlər, demək olar ki, yoxdur. Orada şərab qəbulu və islama qədər kultlardan əl çəkilməsi haqqında göstərişlərə rast gəlmək mümkündür.
5:90. Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! 
5:91. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?  
Ümumiyyətlə, canlı varlıqların təsvirinə qadağan islamın başlıca göstərişlərinə daxil deyildi. Əslində təsvirin qadağan edilməsi bütpərəstliklə əlaqələndirilə bilərdi. 
Təsviri sənət növlərinə qadağa qoyulurdusa da o bütün dövrlərdə öz varlığını qoruyub saxlamaqda davam etmişdir. Bunu əsrlər boyu tikilən böyük abidələr, saraylar, nəhəng tikililər bir daha sübut edir.

Müəllif: Rəbiyyət Aslanova


Top