Qurani-Kərimdə 10 məşhur ayə

Qurani-Kərimdə 10 məşhur ayə

(Vəhdət) Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-Imran, 103)
(Əmr sahiblərinə itaət) Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa, 59)
(Təthir) Evlərinizdə qərar tutun. Ilkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab, 33)
(Mustəzəflərin höküməti) Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (Israil oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək (Qəsəs, 5)
(Haqq gəldi) De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (Isra, 81)
(Və in yəkad) (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. (Qələm, 51)
(Əmin Nəfs) (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr,27-30)
(Qiyamətdə hesab) Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (Zəlzələ, 7 və 8
(Ayətul-Kursi) Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə 255-257)
Top