Xallar

Xallar

Gözəlin çox vaxt xalına aşiq olurlar. Xalın olduğu yerə görə xarakteri təyin etmə yönündə surətşünaslar yüzilliklər boyu tədqiqatlar aparmışlar. Müşahidələri ümumiləşdirən alimlər risalələr ərsəyə gətirmişlər. Müxtəlif dillərə tərcümə edilən bu əsərlər indi bütün bəşəriyyətin malı olmuşdur. Aristotelin yaratdığı surətşünaslıq elmini təkmilləşdirən İmam Cəfər Sadiq (Allah ondan razı olsun), ən çox davam etdirən isə Uzaq Şərq alimləri olmuşlar.
Xalları öyrənən xüsusi elm «metoposkopiya» adlanır ki, bu da yunanca «metopos» (alın) və «skopeo» (müşahidə edirəm) sözlərindən əmələ gəlmişdir.
Yapon fizioqnomikasına görə, sifət şərti olaraq üç hissəyə bölünür — üst (alın), orta (qaşlar və burun) və alt (dodaqlar və çənə). Hissələrin hər biri insan həyatının müəyyən dövrü ilə (gənclik, yetkinlik və qocalıq) birbaşa əlaqədardır.

bedende xalTəmiz və düzgün formalı alın bədənin və ruhun sağlamlığından xəbər verir. Sifətin orta hissəsinin normal inkişafı və mütənasibliyi psixi sağlamlığın göstəricisidir. Alt hissə isə insanın xarakterini müəyyənləşdirir.
Əsas hissələr sifətin tən ortasına nəzərən sağ və sol tərəfləri əhatə edir. Yapon surətşünaslığı xalı bədbəxtlik əlaməti hesab edir. Amma digər inanclarda isə əksinə, xalın müsbət məna kəsb etdiyi, insanın fərdiliyindən xəbər verdiyi göstərilir. Atalar məsəlidir, xal binədən gərək. Allah-təala seçdiyi adamlarda gizli keyfiyyətlərinə işarə edərək xallar qoyur. Bəs seçilməyənlər?

XVIII əsrdə xallar xüsusən də Avropada dəbə düşmüşdü. Gözəl xanımlar qələmlə özlərinə xal qoyurdular. Bundan başqa, onlar məxmər parçadan ulduz, ay, qayıq şəkilləri kəsib bədənin görünən yerlərinə yapışdırırdılar. Bunun da öz mənası var idi. Bəs görəsən, ilahinin bizə bəxş etdiyi xallar hansı sirləri gizləyir?

  • BAŞIN tüklü hissəsində xalı olan adamlar çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini heç kimlə bölüşmürlər. Onlar bədbin deyil, sirsaxlayandırlar.
  • ALININ ortasındakı xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən eyni zamanda asanlıqla gəlirlər.
  • YANAQLARDA və gözlərin altındakı xal qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqda, qulağın yaxınlığında xalı olan qadınlar fədakardırlar. Ümumiyyətlə, sol yanaqdakı xal mübarizliyin göstəricisidir. Sağ yanağında xalı olanı isə, hər bir işdə uğur gözləyir.
  • QULAQDA xalı olanlar özlərindən çox razı adamlar hesab edilir. Onlar yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belə adamlar çox vaxt sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağındakı xal isə onun həm də qeyri-adiliyinə, orijinallığına işarədir. Onlar zahiri görünüşlərinə görə də kütlədən seçilirlər. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri asanlıqla dəf edirlər.
  • DODAĞIN qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara daha çox qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyyatlı olurlar, həmçinin başqalarını dinləməyi bacarmırlar.
  • BOYUNDA xal kişilərdə  hövsələsizliyi göstərir. Onların zəif və iradəsiz olurlar. Kişilər yüksək intellektli və mənəvi zəngindirlərsə də, mübarizəni sevmədiklərindən, çox vaxt özlərini göstərə bilmirlər. Bununla belə, onlar öz işlərinin peşəkarı olurlar.
  • Qadınlar isə dəyişkən xasiyyətlidirlər. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını və əqidəsini tez-tez dəyişə bilər. Belə qadınlar həm də çox zərif və sadiqdir. Həmişə rahatlıq yaratmağa çalışsalar da, nədənsə ətrafdakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətlərinə qulaq asmırlar. Boynunda xalı olan insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir.
  • ÇİYİNDƏ xalı olanlar çox informasiya daşıyıcısıdırlar. Belə adamların çiyinlərində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə uşaqlar öz valideynlərinin səhvlərini təkrarlayırlar. Belə adamlar güclü şəxsiyyət olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə də, onlar həmişə yaxşı vəzifədə işləyən səviyyəsizlərə və şəxsi həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqlıq dostlarının, tanışlarının hörmətini qəbul etmirlər. Belə adamlar az danışan, hövsələli olur və tapşırılan bütün işləri dəqiqliklə yerinə yetirirlər.
  • SİNƏDƏKİ xal qadınlar üçün daha böyük məna kəsb edir. Bu, bütövlükdə insanlığa böyük məhəbbətin rəmzi kimi başa düşülür. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hissləri daimi, məqsədləri isə dəqiqdir.
  • Kişilərdə də bu əlamət təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Belə insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar.
  • BUDDA — xal ayağın dizdən yuxarı hissəsində sağdadırsa, bu, tərki-dünyalıqdan xəbər verir. Belələri analarından asılı olurlar. Uşaqlıqda yaşıdlarından fərqlənirlər. Harada olurlarsa olsunlar, «ağ qarğa» hesab edilirlər. Belə qadınla çox çətinliklə ailə qururlar. Onlar xüsusi istedada və bacarığa malikdirlər. Bu adamlarda ya gözəl əl qabiliyyəti, ya da şairlik həvəsi olur. Onlar öncəgörənlik də edə bilirlər.
  • ÜST DODAQDAKI xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyət iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişini. sözün əsl mənasında, "əzirlər". Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur və cəmiyyətdə nüfuz qazanırlar.
  • BURNUNDA xalı olan adamlar ünsiyyətcil olurlar. Burunun ucundakı xal yüngül xarakter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini və təhsil ocaqlarını dəyişirlər. Onlar əqidələrini ötəri hisslərə asanlıqla dəyişə bilərlər.
  • ÇƏNƏDƏKİ xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar istənilən işi axıra çatdırırlar. Bunun üçün onlar bütün vasitələrə əl atırlar. Cəmiyyətdə yüksək mövqe tutan belə insanlarda diktatorluq cizgiləri də özünü göstərir.
  • QARINDA xal qorxuya işarədir. Belə adamlar öz qorxuları barədə heç kimə deməyərək böyük cəsarət göstərə bilər və çox zaman ehtiraslarının qurbanı olurlar. Onlar bütünlüklə hisslərinin qulu kimi öz istəklərindən asılıdırlar.
  • KÜRƏKDƏ çiyinlərə yaxın yerdə xalı olanlar özlərinə və ətrafdakılara qarşı tələbkar olurlar. Çox vaxt onlar yaxşı idmançı kimi başqalarından da idmanla məşğul olmağı tələb cdirlər. Amma özünün fiziki inkişafına nə qədər diqqət yetirsələr də. çox vaxt sağlam olmurlar, Uşaqlıqda çox xəstələnir, qocalıqda da zəif olurlar. Ümumiyyətlə, belə xalı olanlar yaxşı həmsöhbət, güvəniləsi tərəf-müqabil və işinin peşəkarı olurlar.
  • QOLDA xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Onlar özlərini kişiyə elə sevdirirlər ki, əks cinsin nümayəndəsi bu qadınları əlləri üstündə gəzdirməyə hazır olur. Dirsəklə çiyin arasındakı məsafədə xalı olanların əlləri son dərəcə incə və eyni zamanda güclü görünür. onların enerji ehtiyatı tükənməzdir.
  • Kişilərdə də bu, eyni məna kəsb edir. Qolunda xalı olan kişilər bütün dəqiq işləri görə bilirlər. Onlar yorulmur və ağır günlərdə ruhdan düşmürlər. Belə adamlara həmişə güvənmək mümkündür.
  • BARMAQDA xalı olanlar tez gözə gəlirlər. Şəxsi həyatda isə bəxtləri gətirmir, boşanmaqla üzləşirlər. Belə adamlar, əsasən, biçmə-tikmədə usta olurlar. Onlardan həm də yaxşı fokusçu, illüziyaçı çıxır (Devid Kopperfilddə də belə xal var). Başqa bir inanca görə, barmağında xalı olan adam heç vaxt pulsuz qalmır. Digər fərziyyəyə görə isə, onlardan mahir oğru olur.
  • DİZDƏKİ xal səbirsizliyə işarədir. Belə adamlar üçün nəyisə gözləmək ən dəhşətli şeydir. Onlar hətta dayanacaqda nəqliyyatı da gözləyə bilmirlər. Çox cəld yeriyir, kitabda səhifələri ötürə-ötürə oxuyur, çox tez-tez yeyir, teatrda və kinoda isə daim saata baxırlar.
  • GİCGAHDA, xüsusilə də sağ tərəfdə olan xal çox təsadüfi hallarda nəsildən-nəsilə ötürülür. Bu xal xüsusi adamlarda olur. İncə sövq təbiiyə, öncədən görməyə işarədir. Deyilənə görə, belə xalı yad gözlərdən qorumaq lazımdır. Ümumiyyətlə, gözün yanında, gicgahda və yanaqdakı xal həm də əks təsirli ola bilər. Ola bilsin ki, bu xalla siz ətrafınızdakılara mistik şəkildə təsir edə biləsiniz.


Rəqəm şəklində olan xallara da tez-tez rast gəlinir. Amma bunlardan yalnız başda, boyunda, çiyində və kürəkdə olanlar əhəmiyyət kəsb edir. Belə xalları ən qədim elmlərdan olan numerologiya ilə əlaqələndirirlər.

Xallar formasına görə xaç, ulduz. coğrafi xəritə, quş, pişik. tonqal-alov, fil, dodaq, insan, günəş, ay və s. şəkillərdə də ola bilər. Onların hər birinin şəklə görə öz mənası var.

Heç olmazsa, xallarını görmək bəhanəsilə sevdiyinizə tez-tez diqqət yetirin.

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Top