Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.
Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.
Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır.
Baş üzvlər: mübtəda, xəbər.
İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.
Cümlənin baş üzvləri
1. Mübtəda
Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.
2. Xəbər
Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur. Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm. Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.
Felivə ismi xəbər
Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması
Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram.Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən oxuyuram, Biz oxuyuruq.
Sən oxuyursan, Siz oxuyursunuz.
O oxuyur, Onlar oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.
Cümlənin ikinci dərəcəli üzvləri
Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.
1. Tamamlıq
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.
Vasitəsiz və vasitəli tamamlıqlar
Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir. Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir.Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm. Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.
2. Təyin
Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.
3. Zərflik
Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.
Zərfliyin məna növləri
Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir.Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır.
Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.
Cümlə üzvlərinin əlavəsi
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.