Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz–adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s.
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət); Məcazi məna: polad bilək(isim); gözəl fikir (sifət)
Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır.
Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib.
Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məsələn, kağız sözü əsasən üç mənada işlənir:
- Kağız–üzərində yazı yazılan, yazı çap edilən xüsusi materialdır.
- Kağız–hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.).
- Kağız–müxtəlif əşyaları hazırlamaq üçün işlədilən materialdır (kağız torba, kağızdan hazırlanmış gül və s.)
Bu mənaların üçündə də bir-birinə yaxınlıq var.
Bütün sözlər çoxmənalı ola bilməz.
Çoxmənalı sözlər əsasən bədii üslubda işlədilir.
Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur.
Aşağıdakı sözlər daha çox çoxmənalı söz kimi işlənir: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad.
Həmçinin bax:
Sözün həqiqi və məcazi mənası