Bilyard şarları nədən hazırlanır?
XIX əsrdə Avropada və ABŞ- da bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi.
Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi.
Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır. İxtiraçı D. Hayett bu şarları özünün ixtira etdiyi “selluloid”dən hazırlamışdır. Bu maretialdan hazırlanan bilyard şarları fil sümüyündən hazırlanan bilyard şarlarının bütün keyfiyyət və əlamətlərini özündə əks etdirirdi.
Bilyard oyunu yaranandan indiyədək bilyard şarlarını müxtəlif materiallardan hazırlayıblar. Amma ilk öncə bu şarlar fil sümüyündən hazırlanırdı. Daha doğrusu, dişı filin dişindən düzəldilən bilyard şarları ən ideal və ən bahalı hesab olunurdu və hal — hazırda da bu çür şarlar çox bahadır.
Bilyard şarlarının fil sümüyündən hazırlanması dişi fillərin kütləvi qırğınına səbəb olundu. Dişi filin bir dişindən 4-5 şar düzəlməsini nəzərə alsaq, bir komplekt bilyard şarlarının düzəldilməsi 2 ana filin məhv edilməsi demək idi. Bundan başqa o dövrlər kiylər də (bilyard çubuqları) fil sümüyündən hazırlanırdı. Bilyard şarlarına və kiylərə (çubuqlar) görə dişi fillərin məhv edilməsi fillərin kökünün kəsilməsinə gətirib çıxara bilərdi. Bu səbəbdən də bilyard şarlarının hazırlanması üçün mütləq fil sümüyünə alternativ bir sintetik material icad edilməli idi və amerikalı ixtiraçı D. Hayett buna nail oldu. Sonralar kiylər də bərk, möhkəm oduncaqlı ağaclardan hazırlanmağa başlandı.
Onu da qeyd eləmək lazımdır ki, əvvəllər tək fil sümüyündən deyil, begemotların, morjların, vəhşi donuzların və balinaların dişlərindən və sümüklərindən də bilyard şarları və kiylər hazırlanırdı. Sonralar isə şarlar və kiylər sintetik materiallardan hazırlanmağa başlandı. Bu canlıların kütləvi qırğınının qarşısını aldı.
AZENS.AZ