Müasir insan cəmiyyətinin böyük nailiyyətlərinin əksəriyyəti müsəlman kökləri üzərində əldə edilmişdir. Biz hər zaman istəyimizdən asılı olmayaraq, kosmos, riyaziyyat, musiqi, ədəbiyyat, rəngkarlıq, memarlıq və digər mənəvi məsələlərdən xəbər tuturuq. Bütün bunların islam alimlərinin minilliklər boyu çəkdikləri zəhmətin nəticəsində meydana gəldiyini bilirikmi? Onu da bilirikmi ki, bütün sadaladıqlarımız bəşər cəmiyyətinin hərəkətverici qüvvəsi olan mədəniyyətin tərkib hissələridir? Ümumiyyətlə, geniş mənada mədəniyyət dedikdə incəsənət (təsviri sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və s), memarlıq, ədəbiyyat (dramaturgiya, poeziya, nəsr), musiqi, teatr, bədii qiraət, kinematoqrafiya, xoreoqrafiya, fotoqrafiya, etiqad, din, mifologiya, elm (fəlsəfə, təbiət elmləri, humanitar elmlər, sosial elmlər, texnika elmləri, riyaziyyat, tibb), muzeylər, etiket, ünsiyyət, kütləvi informasiya vasitələri (nəşriyyat, radio, televiziya, internet), əyləncə (gülüş, yumor, oyunlar), texnika, kulinariya və idman nəzərdə tutulur.
Dünyada qədim Yunanıstan, Yaponiya, qədim Misir, qədim Roma, qədim Çin, qədim Hindistan mədəniyyətlərinin mövcudluğu çoxlarına məlumdur. Müasir cəmiyyətdə iki mədəniyyət mövcuddur: islam mədəniyyəti və Qərb mədəniyyəti. Lakin bu mədəniyyətlər bir-birindən əsaslı şəkildə fərqlidir.
Böyük mədəniyyətlər tarixində klassik
ərəb-müsəlman mədəniyyəti mühüm yerlərdən birini tutur. Vaxtilə yüksək inkişaf etmiş, bənzəri olmayan bu mədəniyyət Hindistandan tutmuş İspaniyaya qədər, Yaxın və Orta Şərq və Şimali Afrika da daxil olmaqla ucsuz-bucaqsız ərazidə yayılmağa başlamışdı. Onun təsiri dünyanın çox yerlərində hiss olunurdu və yenə də hiss olunmaqdadır. Klassik ərəb-müsəlman mədəniyyəti qədim Roma və yunan dünyasının və Orta əsr Qərb ölkələrinin mədəniyyətləri arasında mühüm əlaqələndirici vəsilə idi. Bu mədəniyyətin unikallığı islamın xüsusiyyətləri ilə şərtlənir. Burada islam özünü dünya dini olmaqla bərabər, həm də hüquq və dövlət, fəlsəfə, mədəniyyət, din və öz bənzərsizliyi ilə seçilən elm özülü üzərində qurulmuş bütöv bir mədəniyyət kimi ifadə edir.
İslam fəlsəfənin, incəsənətin, humanitar və təbiət elmlərinin inkişafına və mədəniyyətin çiçəklənməsinə şərait yaratmışdır. Nəhəng imperiyanın xəlifələri, müxtəlif əyalətlərin başçıları elm və fəlsəfənin, mədəniyyətin, xüsusilə poeziyanın himayədarları idilər. Bunun sayəsində ali məktəblər, yüz minlərlə cild dini və dünyəvi kitablar saxlanılan kitabxanalar fəaliyyət göstərirdi. Orta əsr mədəniyyətinin başlıca mərkəzləri Bağdadda, Qahirədə, Kordovada və ərəb-müsəlman xilafətinin digər şəhərlərində idi.
Ərəb-müsəlman mədəniyyətinin zəruri elementi Quran ilə qırılmaz əlaqəsi olan
ərəb dilidir. Quranın şərhinin zəruri olması səbəbindən ərəb dilinin filoloji tədqiqi miqyası çox genişlənmişdi. Müqəddəs kitab Quran da ərəblərin digər xalqları islama dəvət etdikləri ölkələrdə ərəb dilinin hər yerdə yayılmasına və güclü mövqe tutmasına şərait yaratmışdı. Bütün müsəlmanlar öz mənşələrindən asılı olmayaraq, Quranı yalnız ərəb dilində oxuyur və anlayırdılar. Beləliklə də, Ərəbistan səhralarında yaşayan bədəvilərin, yəni köçəri ərəblərin dilinin bir əsrə yaxın zaman kəsiyində inkişaf edərək alimlərin və filosofların rəsmi dilinə çevrilməsinə şərait yaranmışdı.
IX-XIV əsrlərdə ərəb-müsəlman mədəniyyəti yüksək səviyyəyə qalxaraq o dövrün Avropa mədəniyyətini çox geridə qoymuşdu. Bu mədəniyyətin yaranmasında və inkişafında ərəblər, farslar və islamı qəbul edən, özlərini vahid müsəlman cəmiyyətinin üzvləri sayan digər xalqların nümayəndələri də iştirak etmişdilər. Ərəb dilində yalnız ərəblər deyil, islam aləminin bütün alimləri danışırdı. Bu isə ərəb-müsəlman mədəniyyətinin yüksəlişinə səbəb olan amillərdən biri idi. Bütün elmi, fəlsəfi və bədii əsərlər, ən öncəsi isə, dini və hüquqi əsərlər məhz bu dildə yazılırdı.
Müsəlman aləmində ilk elmi mərkəzlər məscidlər idi. Dini və dünyəvi elmlər məhz məscidlərdə öyrədilirdi. Məscidlər o dövrün əsl universitetləri idi. Bunlara Dəməşqdəki Əməvilər məscidini, Qahirədəki əl-Əzhar və s. məscidləri misal göstərmək olar. İslam elmin tərəqqisi üçün geniş imkanlar açmışdı. Məhəmməd peyğəmbər (ə.s.) vaxtilə demişdi: «Alimlərin elmi işləri dua etməyə bərabərdir». Həzrət Əlinin dediyi sözlər də bu baxımdan çox əlamətdardır: «Biliklərə yiyələn. Bilik dövlətli adamı daha da rövnəqləndirir, kasıb adama çörək verir».
VIII əsrin sonundan etibarən görkəmli yunan, fars və hind alimlərinin əsərlərinin ərəb dilinə tərcümə olunmasına başlanılmışdı. Xəlifə əl-Məmun elmin və alimlərin nailiyyətlərini xüsusilə təşviq edirdi. O, fikir azadlığına da imkan verirdi. Yalnız ərəb Şərqində deyil, həm də ərəb Qərbində — Əndəlis adlanan ərəb İspaniyasında elm, fəlsəfə, ədəbiyyat və incəsənətin inkişafına Kordova əməvilərinin xəlifələrinin, sonralar isə kiçik dövlətlərin əmirlərinin himayəçiliyi yardımçı olmuşdu. İspan əməvilərinin paytaxtı Kordova mədəniyyətin inkişafı baxımından heç də Abbasilər Bağdadından geri qalmırdı. Sevilya, Toledo, Qromada şəhərləri yüksək mədəniyyət mərkəzləri kimi tanınırdı. Ərəb-müsəlman mədəniyyəti Şərq və Qərb mədəniyyətləri arasında əlaqələndirici vəsilə idi. Ərəb xəlifələri Yaxın Şərqin iri mədəniyyət mərkəzlərinə xüsusi diqqət yetirirdi. Həmin mərkəzlərdə Şumerin, Akkadın, qədim Misirin şəhər mədəniyyətinin minillik təcrübəsi toplanmışdı. Şərq sivilizasiyalarının minilliklər ərzində yaranmış mədəni dəyərləri ərəblər tərəfindən mənimsənilmişdi. XII əsr və intibah dövrü arasında ərəblərin bütün bilik sahələri üzrə əsərləri İspaniyada, Siciliyada və Suriyada latıncaya tərcümə olunaraq Qərbi Avropada yayılırdı. Həmin vaxtlarda latın mətnləri Qərbi Avropada biliklərə yiyələnmək meyillərini artırırdı. Elmi biliklərin məhz ərəb-müsəlman mədəniyyətində genişlənməsinin səbəbi ilk növbədə islamın əsasında dünyəvi aləmdə möminlərə göstərilən qayğı dururdu. Riyaziyyat, astronomiya, habelə tibb və farmakologiya sivilizasiyanın inkişafı üçün çox faydalı idi. İslam ideologiyasına ziyan gətirməyən bu elmlər əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edirdi. Bu səbəbdən də elmi biliklərin inkişafına xüsusi şərait yaradılmışdı.
Orta əsr ərəb-müsəlman mədəniyyəti ölkələrində müdrikliyə və müdriklərə həmişə yüksək qiymət verilirdi. Xəlifələrin bir çoxu alimlərlə fəxr edir, onlardan himayələrini əsirgəmirdilər.
Ərəb alimləri cəbrin, sferik triqonometriyanın, riyazi fizikanın, optikanın, astronomiyanın və digər elmi fənlərin inkişafına böyük töhfələr vermişdilər. Dünya mədəniyyətinin məşhur elmi siması olan Məhəmməd əl-Xorəzmi ilk dəfə Hindistanda meydana gələn hesab rəqəmlərini latın dilinə tərcümə olunmuş elmi işləri vasitəsilə dünyaya tanıtdırmışdı. Həmin rəqəmlər sayəsində Roma rəqəm sistemi ilə çətinləşdirilmiş riyazi hesablamalar xeyli asanlaşmışdı. Elmdə «alqebra», yəni «cəbr» məfhumunu ilk dəfə Xorəzmi «Kitab əl-cəbr val mukabala» traktatında işlətmişdir. Müasir elm aləmində istifadə olunan alqoritm məfhumu bu böyük alimin latın transliterasiyasından (bir yazı sistemindəki hərflərin başqa yazı sistemi hərfləri ilə verilməsi) alqoritm, yəni əl-Qorizmi, yaxud əl-Xorezmi adından yaranmışdır.
Misirin riyaziyyat, fizika sahəsində tədqiqatları ilə ad çıxarmış alimi İbn əl-Xaysam optika sahəsində məşhur əsərlərin müəllifi kimi tanınmışdır.
Ərəblərdə kimya elmi yüksək inkişaf səviyyəsinə qalxmışdı. Kufa şəhərindən olan Cabbar ibn Xəyyan eksperimental kimyanın əsasını qoymuşdu. O, kimya nəzəriyyəsi problemlərinin həlli ilə kifayətlənməyərək çox sayda eksperimentlər aparmaqla polad əridilməsi, parçaların və dərinin boyanması, şüşə istehsalı proseslərində praktik tətbiqini tapan təkliflər vermişdi. Digər ərəb alimləri bir çox kimyəvi birləşmələr kəşf etmişdilər. Ərəb alimləri qurğuşundan və digər metallardan qızıl almağa imkan verəcək iksir axtarışı ilə də məşğul idilər. Lakin həmin axtarışlar nəticəsində distillə üsulunu kəşf etmişdilər. Bunun da sayəsində üzvi məhsullardan, əsasən xırdalanmış və isladılmış buğda məhlulundan ilk dəfə olaraq spirt (alkoqol) ala bilmişdilər. Alınan bu məhsula ərəbcə al-kohl, yəni çox xırda ovuntu deyirdilər.
Ərəblərdə
tibb elmi çox yüksək səviyyəyə qalxmışdı. Onun nailiyyətləri uzun illər Avropa tibbinin inkişafına təkan verirdi. IX əsrdə ərəb dünyasının məşhur həkimi ər-Razi islam aləmində böyük klinisist sayılırdı. Onun əsərlərinin bir çoxu əsl tibb ensiklopediyası kimi dəyərləndirilir. Görkəmli Şərq alimi İbn Sinanın «Tibb qanunları» indiyədək də tutarlı tibb ensiklopediyası sayılmaqdadır. Ərəb dünyasının məşhur cərrahı əz-Zəhravi cərrahlığı müstəqil elm səviyyəsinə qaldıra bilmişdi. Onun «Təşrif» traktatı cərrahlıqda illüstrasiyalı əsərlərin əsasını qoymuşdu. Əz-Zəhrəvi yaraların və dəriüstü zədələrin müalicəsində antiseptik vasitələrdən yararlanırdı, cərrahi əməliyyat zamanı tikiş qoymaq üçün sap icad etmişdi. Onun hazırladığı 200-ə qədər cərrahiyyə alətindən sonralar həm müsəlman, həm də xristian tibb aləmində istifadə olunurdu. İspaniyanın məşhur ərəb həkimlərindən biri olan, eksperimental tibbin müjdəçisi sayılan İbn-Zöhr (Avenzoar) ağciyər iltihabının və s. xəstəliklərin təsvirini ilk dəfə vermiş mütəxəssis idi.
Əczaçılığın yayılmasında, farmakologiyanın müstəqil elm kimi formalaşmasında ərəb alimlərinin əməyi böyük olmuşdur. Onlar kimya terapiyasına xüsui önəm verirdilər. Ərəb farmakopiyasının bir çox dərman bitkilərindən indiyədək də müxtəlif göbələk xəstəliklərinin müalicəsində istifadə olunur. Ərəb coğrafiyaçılar və naturalistləri (təbiyyatçıları) bir çox ölkələrin fauna və florasını öyrənməklə zoologiya və botanika elmlərini zənginləşdirmişlər.
Ərəb həkimləri su terapiyasını, psixoterapiyanı, müalicəvi pəhrizi müvəffəqiyyətlə tətbiq edirdilər. Ərəb dünyasında bir çox hospitallar, o cümlədən psixi xəstələr üçün xüsusi xəstəxanalar tikilmişdi. Həmin müalicə ocaqlarında elmi tədqiqatlar da aparılırdı. Yeni salınmış şəhərlərdə insanın fiziki və mənəvi inkişafına imkan yaradan məscidlər, həkimxanalar və məktəblər tikilib istifadəyə verilirdi. Ərəb alimləri təbiət və tibb sahələrində insan biliklərini zənginləşdirən yeni və orijinal məlumatlar əldə edirdilər. Bütün bilik növləri, bütün fənlər Quranın sayəsində dini məna daşıyırdı. Quran həm də bütün bilik sahələrində geniş yaradıcılıq axtarışlarına güclü impuls verirdi. Ərəb mütəfəkkirləri Qərb mədəniyyətinə, xüsusən də riyaziyyat, astronomiya, tibb və fəlsəfə bilik sahələrinə böyük təsir göstərirdi.
Ərəb-müsəlman mədəniyyətində bədii kalliqrafiya və miniatür rəngkarlıq çox inkişaf etmişdi. İslam aləmində kalliqrafiya (xəttatlıq) incəsənəti ən nəcib sənət sayılırdı, kalliqraflar (xəttatlar) xalq arasında böyük hörmət sahibi idilər.
İslam konsepsiyasında incəsənət geniş mənada materialın nəcibləşdirilməsi vasitəsidir. Müsəlman incəsənəti — xalça toxuma, memarlıq, rəngkarlıq, xəttatlıq üçün ifadəli həndəsi motivləri təkrarlamaq, ritmin qəflətən dəyişməsi və diaqonal simmetriya səciyyəvidir.
Ərəb-müsəlman mədəniyyətinin digər tipik timsalı arabeskdir.
Arabesk spesifik müsəlman ornamentidir. Bu ornamentdə daxili qanunauyğunluq ritmin təbii bütövlüyü ilə əlaqədardır. Müsəlman dekorativ incəsənət elementləri Asiya, Yaxın Şərq və Şimali Avropa xalqları üçün ümumi olan tarixi keçmiş nümunələrindən iqtibas edilmişdir. İslam bu arxaik elementləri assimilyasiya edərək onların bütün magik xarakterini aradan qaldırmış, bitki ornamentlərinə geniş yer vermişdir.
Ərəb-müsəlman aləmində kalliqrafiya memarlıqda geniş istifadə edilmişdir. Kalliqrafiyadan mətnlərin verilməsi və bəzədilməsi məqsədilə də istifadə olunmuşdur. Memarlar bəzən sarayların və məscidlərin divarlarını bitki aləminin stilləşdirilmiş motivləri və təmtəraqlı ərəb hörmə yazıları ilə bəzəyirdilər. Dehlidəki Tacmahal, İstanbuldakı Göy məscid, Bakıda Təzəpir məscidi, Səmərqənd və İsfahan məscidləri, Qrenadadakı Alqamora sarayı, Kordovanın sarayları və məscidləri buna nümunə göstərilə bilər. Müsəlman memarlığının naxışlı kaşı ornamentləri sonralar İran xalçalarında da istifadə edilmişdir.
Ərəblər göz oxşaması üçün qırmızı rəngə üstünlük verirdilər. Onlar qırmızı rəngi qadına və uşaqlara xas rəng, şadlıq rəngi hesab edirdilər. Ağ, qara və bənövşəyi rənglər həyat sevincini inkar edən rənglər sayılırdı. İslamda yaşıl rəngə xüsusi önəm verilirdi. Yaşıl rəng Məhəmməd peyğəmbərin (ə.s.) sevmiş olduğu rəngdir. Buna görə də islam bayrağı yaşıl rəngdədir. Yaşıl rəng təbiətin zənginliyi, həyat, dinclik, oazis (vahə) rəmzidir. Yekaterinburqun «Transmaş» tramvay zavodunun Özbəkistanın sifarişi ilə yaşıl rəngli tramvaylar hazırlaması da islama hörmətin tükənməzliyinin sübutudur.
Ərəb-müsəlman mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermişdir. İslam mədəniyyəti dünya incəsənətində, xüsusilə bədii sənətkarlıqda mühüm rol oynayır. Qərb mədəniyyəti islam İspaniyasının sənət əsərləri motivlərindən nümunə kimi istifadə etmişdir. Siciliyanın və Venetsiyanın memarlığında, İtaliyanın Lukka və Florensiya şəhərlərində toxunan parçalarda islam incəsənətinin güclü təsiri qabarıq görünür.
İslam incəsənəti nümunələrinə konkistadorların (ispan istilaçılarının) sayəsində Qərb yarımkürəsində də təsadüf olunur. Məsələn, Meksikanın Pueblo şəhərindəki qədim katolik kilsələrinin divarları bitki ornamentləri olan kaşı mozaikaları ilə örtülmüşdür. Bu, qarşılıqlı rəqabət aparan mədəniyyətlərin və dinlərin bir-birini zənginləşdirməsinin sübutudur.
Azərbaycan VIII əsrin başlanğıcında ərəblər tərəfindən işğal olunandan və Arran vilayəti adı ilə ərəb xilafətinə qatılandan sonra islam aparıcı dinə çevrilmiş, yeni ənənələr və mədəniyyət yaranmışdı. Azərbaycanlılar islamı qəbul etmiş digər millətlər kimi müsəlman adlanırdı. Onlar birlikdə müsəlman mədəniyyətinin inkişafı prosesində (IX-X əsrlər) fəal iştirak etmişdilər. Məhz həmin dövrdə yaranmış Şirvan, Təbriz və Arran memarlıq məktəbləri Azərbaycanın orta əsr memarlığının sonrakı inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdi. Bakının, Şamaxının, Beyləqanın (Baylakanın), Gəncənin, Təbrizin və Marağanın müdafiə qala divarları, Bakı, Mərdəkan, Nardaran, Ramana və s. qalaları, məscidlər, mədrəsələr, İçərişəhərin Sınıq qala minarəsi, Möminə xatun məqbərəsi, Xudafərin körpüsü özünün orijinal memarlıq üslubu ilə fərqlənirdi.
Azərbaycanlıların bir çoxu təhsil almaqdan ötrü ərəb Şərqinin Bağdad, Kufə, Bəsrə, Dəməşq, Qahirə və digər bu kimi mədəniyyət mərkəzlərinin tədris müəssisələrində dini və dünyəvi biliklərə yiyələnmişdilər.
VII əsrin sonlarında Azərbaycanın iri şəhərlərindəki camelərdə açılmış məktəblərdə əhalinin nisbətən imkanlı təbəqələrinin uşaqları ilk əvvəllər ancaq ərəb dilində, IX-XIX əsrlərdə isə həm də fars dilində təhsil alırdılar. Uşaqlara ərəb dilinin qrammatikası, ilahiyyat fənləri və şəriət qaydaları, eyni zamanda tarix, coğrafiya, ritorika (bəlağətli nitq) və i.a. dərsləri tədris edilirdi.
İslamın ilk dövrlərində
şeir yazmaq böyük şəhərlərdə saray peşəsi hesab edilirdi. Şairlər həm də ədəbiyyatşünas sayılırdılar. VIII-X əsrlərdə islama qədərki ərəb şifahi poeziyasının bir çox əsərləri yazıya alınmışdı. Belə ki, IX əsrdə «Xamas»ın («Rəşadət mahnıları») iki toplusu tərtib edilmişdi. Həmin toplulara 500-dən artıq qədim ərəb şairlərinin şeirləri salınmışdı. X əsrdə yazıçı, alim, musiqiçi Əbu-l-Fərəc əl İsfahani «Kitab əl-Aqani „(“Mahnılar kitabı») adlı çoxcildli antologiya ərsəyə gətirmişdi. Həmin antologiyaya şairlərin əsərləri və bioqrafiyaları, habelə bəstəçilər və ifaçılar haqqında məlumat daxil edilmişdi.
IX əsrin böyük şairi Əbu Nuvas şeir formasının virtuoz bilicisi sayılırdı. Onun yaradıcılığı üçün acı istehza və hərdəmxəyallıq səciyyəvi idi. O, məhəbbəti, kef məclislərini tərənnüm edir, bədəvilərin qədim şeirlərinə dəbdə olan aludəçiliyi lağa qoyurdu.
X-XV əsrlərdə hazırda məşhur olan «Min bir gecə» ərəb xalq nağılları toplusu tədricən meydana gəlirdi. Həmin nağıllar fars, hind, yunan dastanlarının yenidən işlənmiş süjetləri əsasında tərtib olunmuş və ərəb saray və şəhər mühitinə uyğunlaşdırılmışdı. «Min bir gecə» toplusuna Əlibaba, Ələddin, dənizçi Sindbad haqqında ərəb nağılları da salınmışdı. Nağılların qəhrəmanları həm də şahzadələr, sultanlar, tacirlər, şəhərlilər idi. Orta əsr ərəb ədəbiyyatının istəkli personajı cəsarətli və ehtiyatlı, kələkbaz və sadəlövh, təmiz ərəb dilinin mühafizi bədəvi ərəb sayılırdı.
Məlum olduğu kimi, müasir cəmiyyətin islam mədəniyyəti ilə qarşıdurma vəziyyətində olan ikinci mədəniyyəti Qərb mədəniyyətidir. Bu mədəniyyətlər arasındakı fərq əsasən onların mənbəyindədir. Müsəlmanın tam həyat tərzi olan müsəlman mədəniyyətini müəyyənləşdirən Quran və Sünnətdir. Bu, Allahın elçisinin mədəniyyətidir. Müsəlman həyat tərzini Məhəmməd peyğəmbərin (ə.s.) cahillərdən üz döndərmiş tərəfdarları həyata keçirmişlər.
Qərb mədəniyyəti kapitalistlər, ateistlər, bir cinsiyyətli kəbinlərə bəraət qazandıran, alkoqolizmi və narkomanlığı həyat tərzi sayan adamlar formalaşdırmışlar.
İslam mədəniyyətinin təməl daşı həya və sadəlikdir. Həm həya, həm də sadəlik imanın şərtlərindəndir. Beləliklə də, əsl islam cəmiyyəti mənəviyyat səviyyəsini yüksəklərdə saxlayır və hər bir məsələdə sadəliyi üstün tutur.
Bunun əksinə olaraq, Qərb mədəniyyətinin təməl daşı əxlaq prinsiplərinə zidd hərəkətlərə və israfçılığa yol verməkdir. Kəbin kəsdirmədən (nikah bağlamadan) qadın və kişinin ər-arvad kimi birgə yaşaması, bir cinsdən olan subyektlərin «evlənməsi» əslində normaya çevrilmişdir. Qərb libası, demək olar ki, bütövlükdə flirt, cəzbetmə və ehtiras oyatmaq üçün nəzərdə tutulmuşdur.
Moda qarşısında itaət Qərb mədəniyyətinin bir hissəsidir. Bütün bu deyilənlər islam və Qərb mədəniyyətləri arasındakı əsaslı fərqi göstərir.
İslam mədəniyyətinin dünyagörüşü dünyanı yox yerdən yaradan böyük Allaha inama əsaslanır. İnsan Yer üzündə həyat sürdüyü qısa bir vaxtda, Allahın sevimli elçisi Məhəmməd peyğəmbərin (ə.s.) öyrətdiyi kimi, ibadətə xüsusi diqqət ayırmalıdır. Beləliklə də, islam mədəniyyəti insanların həyatda əsas missiyasının yer üzündə dinə ehtiram və inam mühitinin gücləndirilməsindən ibarət olduğunu sübuta yetirir. Bu cür dünyagörüşlü hər bir kəs öz həyatının məqsədi naminə var-dövlətini, enerjisini və vaxtını din yolunda qurban verməyə həmişə hazır olur. Din cəmiyyətin istiqamətləndirici və hərəkətverici qüvvəsidir. Əsl müsəlman üçün çoxlu var-dövlət yığmağın heç bir mənası yoxdur. O, həyatı din yolunda səyahət kimi qavrayır. Böyük Allaha itaət nəticəsində xeyir tapır, sakitlik və məmnunluq şəraitində mədəni həyat sürür.
Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV