Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı savadlı şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Əmək və vergi müfəttişliyi kadr sənədlərini yoxlaya bilər, Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim etmək və ya qanunvericilikdə nəzərdə tutulmuş imtiyazların alınması üçün işçilərin özlərinin onlara ehtiyacı ola bilər. Əmək və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi üçün kadr kargüzarlığının təşkili zəruridir.