Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, dirilik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Tarixən insanların daim icra etdiyi rituallar-çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevirilib. Hamam həm də bir mədəniyyətdir. Bu mədəniyyətinin tarixi isə çox-çox qədimlərdən başlayır.
Qədim hamamlar
Müxtəlif xalqların folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, şeirlərin olması təsadüfi sayılmamalıdır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və konkret məlumat yoxdur. Ayrı-ayrı mənbəələrdə hamamın yaradılması müxtəlif xalqların adı ilə bağlanılır. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur. Bəzi tarixi mənbəələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb.