Elnur Astanbəyli demişkən, adını unutduğum bir müəllifin əla bir sözü var. Söz belədir: “Səni hər tənqid edən düşmənin, səni hər tərifləyən dostun deyildir.” Yəni, bir nəfər səni tənqid edirsə, bu, o demək deyil ki, həmin adam sənin düşmənindir. Bir nəfər də səni tərifləyirsə, bu, o demək deyil ki, o adam sənin dostundur. Bu zaman bizim qarşımızda bir neçə sual dayanır. Həqiqi tənqidi qərəzdən necə ayırmaq lazımdır?
Tərifin ürəkdən, yoxsa mədədən gəldiyini necə müəyyən etmək, hansı vasitələrlə ayırmaq olar. Hər şeydən əvvəl onu deyək ki, insan özünü tənqidə bağlamaqla sonunu sürətlə yaxınlaşdırır. Tənqidə bağlı insan mütləq deqredasiyaya uğrayır. Karikaturaya çevrilir. Öz mənbəyini mədədən götürən, mədədən qidalanan təriflər də insan üçün çox zərərlidir. Mədədən gələn tərif qədər insanın evini asanlıqla yıxan çox az şey tapmaq olar. Bəs, nə etməli? Qərəzi tənqiddən necə seçməli? Tərifin ürəkdən, yoxsa mədədən qaynaqlandığını necə müəyyən etməli? Mədədən qidalanan tərifdən necə qorunmalı?
Bəli, həyatın hər sahəsində olduğu kimi, bu məsələdə də, insana yalnız müdriklik kömək edə bilər. Biz burada Milan Kunderanın o möhtəşəm sözünü bir daha təkrar etməkdən ancaq zövq ala bilərik. Bu, işimizi həm də xeyli asanlaşdırar:“Sözün kim tərəfindən deyilməsi çox vacib şərtdir. Kantın dilində hətta “Sabahınız xeyir!” sözləri də fəlsəfi səslənirdi.” Deməli, tənqidin, tərifin kimin dilindən səslənməsi çox vacib şərtdir. Biz bu yolla tərifin ürəkdən, yoxsa mədədən qidalandığını müəyyən edə bilərik. Biz bu yolla qərəzi tənqiddən ayıra bilərik.