Fransız yazıçısı Gi de Mopassan (Maupassant) —
əsil adı Anri Rene Alber Gi, (5. VIII. 1850 — 6. VII. 1893)
"Əbədi sevgi"
Ov mövsümünün açıldığını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və meyvələrlə bəzədilmiş parlaq masanın arxasında əyləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən insanın bi…r yox, bir neçə dəfə sevməsinin mümkünlüyü barəsində qızğın müzakirə başladı. Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə olaraq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq macərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sevginin də xəstəlik kimi bir insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini iddia edirdilər. Bu mülahizə olduqca inandırıcı səslənirdi. Qadınlarsa hər zamankı kimi real müşahidələrdən daha çox poetik görüşlərinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər. “Bu şimşəyin çaxmasını xatırladır”-onlar deyirdilər. Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.
Bir çox eşq macərası yaşamış zadəgan bu fikrə etiraz etdi:
“Eyni qəlb və ruhun bir neçə dəfə sevməsi mümkündür. Özlərini sevgi yolunda, ikinci dəfə aşiq olmağın mümkünsüzlüyünü sübut etmək uğrunda öldürən insanları misal gətirdiniz. Bəhsə girirəm ki, ağılsızcasına özlərini öldürməsələr və ikinci şansın mümkünlüyünü inkar etməsələr, yenidən sevər və hətta ömürlərinin sonunadək bir neçə dəfə aşiq olardılar. Sevgi içki kimidir. Bir dəfə dadan əbədi köləsinə çevrilir. Bu ehtiras məsələsidir”.
Onlar qoca həkimi hakim təyin etdilər. O da zadəganın dediyi kimi bunun ehtiras məsələsi olduğunu düşünürdü. “Mənə gəlincə, həyatım boyunca yalnız bir dəfə bir gün belə fasilə olmadan 55 il davam edən və yalnız ölümün son qoya bildiyi sevginin şahidi omuşam”.
Zadəganın xanımı əllərini bir-birinə vuraraq: “Bu möhtəşəmdir. Bu cür sevilmək xəyal kimidir. 55 il belə güclü, sarsılmaz sevginin ağuşunda yaşamaq nə böyük səadətdir! O xoşbəxt kişi bu cür sevgi dolu həyatı olduğu üçün şükr etməlidir!”
Həkim gülümsədi: “Bəli ,xanım, o yerdə yanılmadınız ki, bu cür sevilən şəxs kişi idi. Hətta siz onu tanıyırsız da, cənab Chouquet- əczaçı. Elə qadını da tanıyırsınız, hər il şatoya gələn stul təmirçisi”.
Qəfildən qadınların marağı söndü. Bəziləri “puah” deyə rişxəndli nidalarla adi insanların sevgisinin onları maraqlandırmadığını bildirdilər.
Həkim davam etdi: “Üç ay əvvəl yaşlı stul təmirçisi ölüm yatağındaykən məni yanına çağırdılar. Məndən əvvəl keşiş də gəlmişdi. Qadın bizdən onun vəsiyyətini yerinə yetirməyimizi istəyirdi. Onun bu davranışını anlamağımız üçün ilk öncə bizə öz həyat hekayəsini danışdı. Bu eşitdiyim ən qeyri-adi və ən təsirli hekayə idi: Onun valideynləri də stul təmirçisi idilər. Onların heç vaxt evi olmamışdı, o, uşaqlıqdan çirkli, baxımsız və ac böyümüş, valideynləri ilə birgə qəsəbələri dolaşmışdı. Onlar atlarını, vaqonlarını və itlərini bir yerdə saxlayar, uşaq təkcə otluqda oynayarkən valideynləri də bütün qırıq stulları təmir edərdilər.
Körpə qız bir az uzağa getdikdə atası əzazil, qəzəbli səslə onu geri çağırardı. O, heç vaxt qayğı ilə əzizlənməmişdi. Böyüyəndə isə o, qırıq stulları daşımağa başladı. Bu zaman küçədəki uşaqlarla dostlaşır, lakin valideynlər uşaqlarını çağıraraq bu çirkli, ayaqyalın qızla danışdıqları üçün onları danlayardılar, küçədəki oğlanlar ona daş parçaları atardılar. Bir dəfə xeyirxah bir qadın ona bir neçə penni verdi, qız onları çox qənaətlə saxlamağa başladı.
Artıq on bir yaşa çatmışdı. Bir gün qəsəbədə gəzərkən məzarlığın arxasında oyun yoldaşları iki qızıl qəpiyini oğurladığı üçün hönkür-hönkür ağlayan balaca Çouqueti gördü. Daima həsədlə baxılan, qızın təsəvvürüncə, heç vaxt əziyyət görməyən bu balaca şəhərli burjuaziyanın göz yaşları onu çox məyus etdi. Oğlanın yanına yaxınlaşdı və kədərinin səbəbini bilən kimi yığdığı bütün pulları onun ovcuna qoydu. Oğlan heç bir tərəddüd etmədən pulları götürdü və ağlamağı dayandırdı. Sevinci yerə-göyə sığmayan qız onu öpdü, oğlanın başı pulları saymağa qarışdığından etiraz etmədi, rədd edilmədiyini görən qız qollarını onun boynuna dolayaraq bərk-bərk qucaqladı və qaçaraq ordan uzaqlaşdı.
Bu yazıq balaca ürəyə nə baş verirdi? Bu, bütün pullarını qurban verdiyi yeniyetməyə dəlicəsinə aşiq olduğuna görə idimi? Ya ona ilk zərif öpüşünü verdiyinə görəmi? Cavabı bütün uşaqlar və yeniyetmələrə bəllidir. Aylarla o, məzarlığın yaxınlığındakı döngənin və balaca oğlanın xəyalı ilə yaşadı. Aradabir valideynlərinin stul təmirindən qazandıqları ya da onu baqqala göndərərkən verdikləri puldan bir sou[i] oğurlayırdı. Nəhayət, məzarlıq yaxınlığında onu ilk gördüyü yerə gələrkən cibində iki frank vardı, lakin o burda deyildi. Oğlanın atasının əczaxanasının qabağından keçərkən uzaqdan onun piştaxta arxasında əyləşdiyini gördü. O, mavi və qırmızı lampaların arasında oturmuşdu. Qız bu parlaq lampaların işığında ,demək olar ki, görünməyən oğlanı getdikcə daha çox sevirdi. İllərlə onun xatirəsini qəlbində əzizlədi, növbəti il onu gördükdə məktəbin yaxınlığında misketlərlə oynayırdı. Oğlanın yanına qaçdı, onu qucaqlayaraq elə möhkəm öpdü ki, oğlan qorxudan qışqırdı. Onu sakitləşdirmək üçün bütün pullarını ona verdi. 3 frank 20 sent[ii]! Oğlan təəccübdən böyümüş gözlərlə ona verilən əsl qızıl xəzinəsinə baxırdı.
Bundan sonra qıza istədiyi qədər onu öpməyə icazə verir, qız isə bunun müqabilində yığdığı bütün pullarını ona bağışlayırdı. Bir dəfə onun 30 sou, digərində iki frankı vardı. Bir dəfə isə yalnız 12 sou… O utanc və kədər içərisində göz yaşı tökərək məyuscasına bu ilin kasıb keçdiyini açıqladı. Növbəti dəfə isə bütöv bir beşlik frank gətirdiyindən sevincindən yerə göyə sığmırdı. O, artıq oğlandan başqa heç kəs haqqında düşünmür, oğlan isə hər dəfə onu böyük səbrsizliklə gözləyir, bəzənsə qaçaraq onu qarşılayırdı. Bu qızın ürəyini sevinclə doldururdu. Lakin qəfildən o yoxa çıxdı. Qız bir xeyli araşdırdıqdan sonra onun internat məktəbinə getdiyini öyrəndi. Daha sonra isə öz valideynlərini inandıraraq, onları yollarını dəyişməyə və səfərləri zamanı məktəb yolundan keçməyə vadar etdi. Bir il ərzində qurduğu plan uğurla nəticələndi. Artıq iki ildir ki, oğlanı görmürdü, onu güclə tanıdı, çox dəyişmiş, boyu uzanmış, daha da yaraşıqlı olmuş və bürünc düyməli forma geyinmişdi. O özünü elə apardı ki, guya qızı görmür və üzünə belə baxmadan yanından ötüb keçdi. Qız iki gün göz yaşı tökdü, lakin bu vaxtdan etibarən ona olan sevgisi və əzabı dayanmadan artdı. Hər il o, evlərinə gəlir, qız isə hər dəfə gözlərini qaldırmağa cəsarət etmədən onun yanından ötüb keçirdi. O heç başını qıza tərəf çevirməyə belə iltifat etmir, qız isə dəlicəsinə, ümidsizcəsinə sevirdi”.
O mənə dedi: “O mənim gördüyüm tək kişi idi, başqalarının mövcudlugundan hətta xəbərsiz idim”.
“Onun valideynləri dünyasını dəyişir, qız isə onların işini davam etdirir.
Bir gün o, ürəyini qoyub getdiyi kəndə qayıdarkən əczaxanadan çıxan Çouqeti onun qoluna girmiş gənc bir qadınla görür. Bu onun arvadı idi. Həmin gecə stul təmirçisi özünü çaya atır. Ordan keçən sərxoş biri bunu görür və onu sudan çıxararaq əczxanaya aparır. Gecə xalatında qaçaraq gəlmiş gənc Çouqet onu oyatmağa çalışır və kim olduğuna belə baxmadan acı bir səslə deyir: “Sən dəlisən! İnsanlar gərək bu cür axmaq hərəkətlər etməsinlər!”. Onun səsi qızı yenidən həyata qaytarır. O, onunla danışırdı! Uzun müddətdən sonra yenidən xoşbəxt idi! Qız təkid etməsinə baxmayaraq, Çouqet çəkdiyi əziyyət qarşılığında haqq almır.
Qız bütün həyatını bu cür keçirir, daima onun haqqında düşünərək işləyir. Onun əczaxanasından dərmanlar almağa davam edir, bu qıza onunla danışmaq və onu daha yaxından görmək üçün bir şans verir. Həm bu yolla hələ də ona pul verə bilirdi”.
Əvvəlcə də dediyim kimi o, bu yaz vəfat etdi. Öz kədərli hekayəsini bitirdikdən sonra qazandığı pulları sevdiyi adama aparmağım üçün mənə yalvardı. O, yalnız ona görə işləyirdi ki, ölümündən sonra sevdiyi insana onu xatırladacaq nəsə qoyub gedə bilsin. Keşişə onun dəfn xərclərini ödəmək üçün əlli frank verdim. Ertəsi gün isə Çouqetsləri görməyə getdim. Dolu və qırmızı, lovğa və özündənrazı bu adamlar üzbəüz oturmuş, səhər yeməyini bitirmək üzrə idilər. Mənimlə salamlaşdıqdan sonra qəhvə təklif etdilər və qəbul etdim. Onların yumşalacağından, hətta göz yaşlarına boğulacağından əmin bir şəkildə titrək səslə hekayəni onlara danışmağa başladım. Çouqet səfil, gəzərgi stul təmirçisi tərəfindən sevildiyini eşidən kimi elə hiddətlə bağırdı ki, sanki, şərəfi ləkələnmiş, nüfuzunu itirmiş, şəxsi abırı bir həyatdan daha qiymətli və əziz imiş. Onun özündən çıxmış arvadı isə “Oğru! O oğru!” deyə dayanmadan dodaqaltı təkrarlayırdı.
Çouqet bu cür rəzilliyə qarşı deməyə söz tapmayaraq ayağa qalxdı və iri addımlarla otaqda var- gəl etməyə başladı. “Bu cür dəhşətli bir şeyi necə başa düşməli, həkim? “ deyə dodaqaltı deyinirdi. “Əgər o sağkən bunları bilsəydim, onu həbsə atdırardım. And içirəm ki, heç vaxt ordan qurtula bilməzdi”.
Mən məəttəl qalmışdım, nə deyəcəyimi bilmirdim, lakin vəzifəmi yerin yetirmişdim. “O, mənə bir şey tapşırıb,- dedim-3500 frank məbləğində pulu sizə verməyimi istəyib. İndi dediklərim xoşagəlməz səslənə bilər ,bəlkə də, siz pulları yoxsullara verməyi üstün tutacaqsınız”.
Təəccübdən nitqi qurumuş ər-arvad mənə baxdılar. Bir neçə min frankı cibimdən çıxartdım, hər bir ölkədən olan əzilmiş pullar, qarışıq pennilər və qızıl qəpiklər də vardı. Daha sonra soruşdum: “Qərarınız nədir?”
İlk olaraq madam Çouqet dilləndi: “Əgər bu dünyasını dəyişmiş birinin arzusudursa, onu rədd etmək qeyri-mümkündür”.
Əri də eyni utanmış tərzdə:
-Onunla uşaqlarımıza nəsə ala bilərik”.
Quru-quru cavab verdim:
-Necə istəyirsiniz.
-Hər halda sizə belə etməyi tapşırıbsa, pulları bizə verin xərcləmək üçün yaxşı bir səbəb taparıq.
Pulları onlara verdim, baş əyib oranı tərk etdim.
Ertəsi gün Çouqet bizə gəldi və qaba bir səslə: “Qadın vaqonunu burda qoyub, onunla neynəmək fikrindəsən?” deyə soruşdu.
“Heç nə. İstəyirsiz götürün”.
“Elə mən də bunu istəyirdim” deyə əlavə etdi və uzaqlaşdı. Arxadan onu səslədim:
-O, qoca atını və iki itini də burda qoyub. Onlara ehtiyacınız yoxdur?
O təəccüblə mənə baxdı:
-Yox… Həqiqətən, onlarla nəsə edə bilərəm?
-İstəsəniz satarsınız.
O güldü və əlini mənə uzatdı, mənsə əlini sıxdım. Nə edə bilərdim ki? Kənd yerində həkimlə əczaçı ədavətdə olmamalıdırlar. Mən itləri saxladım, keşiş isə qoca atı götürdü. Vaqon Çouqetin işinə yaradı, pulu isə dəmiryol kapitalına çevirdi.
Bax bu həyatım boyu gördüyüm yeganə dərin və səmimi sevgidir”.
Həkim başını qaldırdı. Gözləri dolmuş zadəgan köks ötürərək dedi: “İnkar etmək olmaz ki, yalnız qadınlar bilirlər necə sevmək olar”.
Tərcümə etdi: Leyla Əhməd