O, Misirin son kraliçası və son fironu olub.
*** Bir müddət öncə Misirdə idim. Misirə budəfəki səfərim müddətində qoca Tarixə meydan oxuyan böyük abidələri daha geniş şəkildə görmək imkanım oldu. Luksorda Karnak tapınağı, Luksor tapınağı, Krallar vadisində yatan fironları, Nefertitini, Medinet Habunu ziyarət etdikdən sonra Qahirə, İsgəndəriyyə kimi qədim və ünlü şəhərlərdəki tarixi abidələri geniş gəzmək və oxuduqlarımı yerində görmək şansım vardı və bundan yaxşıca istifadə etdim. Nil çayı boyunca nağıl kimi bir gəzinti həyata keçirmək imkanı verən bir gəmi ilə gəzimizdə Həzrəti Asiyəni, əfsanəvi Kleopatranı xatırladım. Yüzillər keçməsinə baxmayaraq, özünün şöhrətindən, məşhurluğundan və sirliliyindən heç nə itirməyən Kleopatranı… Özəlliklə, İsgəndəriyyədə onu xatırlamamaq, sadəcə, mümkün deyil... Çünki VII Kleopatra miladdan öncə (m.ö.) 69-cu ildə İsgəndəriyyədə doğulmuş m.ö. 30-cu ildə, gənc yaşda – 39 yaşında elə bu şəhərdə intihar edərək dünya ilə vidalaşmışdı. Kleopatra adı İsgəndəriyyənin məşhurlaşmasında və turistlər üçün çəkici olmasında uzun illərdir kifayət qədər böyük rol oynayıb. Burada onun məbəd divarlarına həkk olunmuş rəsmləri, o dövrlərə aid abidələr sanki zaman bir anlıq durdurur və sizi Qədim Misirə xəyali səfərə aparır. Kleopatra ilə görüşə… Qədim Misir və onun haqqında çox kitablar, məqalələr, araşdırmalar oxumuş, filmlərə baxmışdım. Amma indi onun vətənində idim və heç bir kitab və ya film insanın qədim Misir məbədlərini, abidələrini gəzdiyi zamanı yaşadığı hisslərin əvəzini verə bilməz. Ona görə də hər kəsə, xüsusilə tarix maraqlılarına məmnuniyyətlə Luksoru, Qahirəsi, İsgəndəriyyəsi və digər tarixi şəhərləri ilə sözün əsil mənasında açıq bir muzey olan Misiri görməyi məsləhət görərdim. Dendera məbədini ziyarət etməyi təbii ki, yaddan çıxara bilməzdim. Məbədin divarlarına həkk olunmuş Kleopatranın oğlu Sezarion ilə rəsmləri neçə əsrlər –iki min ildən çox zaman keçməsinə baxmayaraq, bu gün də insanı valeh etməkdə davam edir. Məbəd divarının qarşısında Kleopatra ilə üz-üzə dayanırsan… Qədim Misirin sonuncu fironu VII Kleopatra qədim Misirin Ptolomey nəslindən idi. Ptolemey Xanədanında Kleopatra adı daşıyan yeddinci qadın olduğu üçün tarixdə VII Kleopatra kimi tanınmışdır. Öncə hakimiyyəti atası XII Ptolomey, sonra isə qardaşları XIII Ptolomey və daha sonralar hətta evləndiyi qardaşı (o zamanlar Misirdə hakim olan yunan kökənli sülalə Misir toplumuna qarışmamaq üçün öz soylarından olan insanlarla evlənirdilər) XIV Ptolomeylə birgə idarə etmiş, sonda isə yeganə hakim olmuşdur. Kleopatra Misir fironu adını daşısa da (ailəsi öz ilkin mədəni dəyərlərindən daha çox, yerli dəyərlərə, Misir gələnəklərinə bağlı olsa da), Ptolomeylər sülaləsi, artıq dediyimiz kimi, Misir kökənli deyildi. Onlar Misirə Böyük İsgəndərlə birlikdə m.ö. 300-cü illərin əvvəllərində gəlmişdilər. 300 illik Ptolemey Xanədanında Kleopatra Misir dilində danışa bilən tək hökmdar olmuşdur. O, xalqın içinə girə bilmək və xalqın onu mənimsəməsi üçün özünü, necə deyərlər, Misir dininə vermiş, hətta Misirli inanclarını və “allah”larını da qəbul etmişdi. Ona yaraşdırılan sifətlər, ilkçağın ən böyük imperatorluğunu quran dövlətin Romanın sənətçiləri tərəfindən ağızdan-ağıza ötürülərək günümüzə qədər gəlib. Kiminə görə, o, ehtiraslı bir qadın, kiminə görə isə, beynində hər cür intriqanın dolaşdığı qara ruhlu birisi idi... Romalı tarixçi Horakius, Kleopatranın öldüyü gün “zəfər bayraqlarının çıxarılıb, evlərə asılması”nı təklif etmişdi. Aradan min il keçməsinə baxmayaraq, hakim mədəniyyət o qədər təsirli olmuşdu ki, Dante belə onu “lüks və şəhvət düşkünü” kimi təqdim etmişdi. Əslində isə, VII Kleopatra, yəni son Misir kraliçası və son firon, istər xarakter baxımından, istərsə də fiziki baxımdan, heç də deyildiyi (yazıldığı) kimi bir insan deyildi. Ancaq nə yazıqlar ki, tarixi hər zaman qaliblər yazmışdır... Kleopatraya, onun Sezardan olan övladı Sezarionun başını bədənindən ayıracaq həddə nifrət edən Oktavian, bu məğrur kraliçanı diz çökdürdükdən sonra ailəsinin kökünü qazımaqla kifayətlənməmiş, bütün sənətçilərini və filosoflarını onu qaralama kampaniyası üçün hərəkətə gətirmişdi. Son illərdə, ard-arda yayınlanan, Kleopatradan bəhs edən araşdırma, roman janrlı əsərlərdə daha çox obyektivlik hiss olunursa da, “Kleopatra mifi” ilə bağlı yanlışların bəziləri, bu əsərlərdə də varlığını sürdürməkdədir... Son 10 ildir arxeoloq Frank Qoddio və İtalyan sənət tarixi professoru Paolo Moreno, Misirin son fironunu yaxından öyrənməyə, incələməyə başladılar və onun həyatı, alışqanlıqları, geyim tərzi, habelə təhsili mövzusunda çox önəmli, amma rəsmi tarixə uyğun gəlməyən (bir çox hallarda zidd olan!) bilgilərə yetişdilər. Beləliklə, gerçək Kleopatra necə bir insandı? Hər şeydən öncə, uca boylu deyildi. Vücudu deyildiyi qədər də gözəl (çox gözəl) olmasa da, necə deyərlər, düzgün xətli (simmetrik biçimli) bir qadındı. Gözləri və bədəni açıq rəngliydi. (Bütün bu özəlliklərin əslində çox təbii olduğunu düşünən alimlər, bunu Kleopatranın yunan (makedon) soyundan gəlməsi ilə əlaqələndirirlər.) Kleopatranın fiziki özəlliklərinin ən “ələ gələr” təsdiqi isə, Sezarı hələ 23 yaşındaykən Romada ziyarət etdiyi dönəmdə heykəltəraş Stefanosun əli ilə “üzü köçürülən” (heykəlləşən) “daş varlığı” sayıla bilər... “Eskilinolu Venüs” olaraq bilinən bu heykəlin, Kleopatranın əslinə ən sadiq heykəli olduğu, haradasa bütün elm adamları tərəfindən qəbul edilir. Kleopatranın üz quruluşu ilə bağlı ən yaxşı bəlgə isə, Berlin Muzeyində qorunan və üstündə Kleopatranın əksi olan sikkədir. Xarakterinə gəlincə... Kraliçanın saray intriqaları mövzusunda usta olduğunu hər kəs qəbul edir. Ancaq unutmayaq ki, o hələ 18 yaşındaykən (!) qocalmış bir krallığın iplərini əlində saxlayırdı. Üstəlik, bu nöqtədə, bütün bölgənin tək hakimi olan Romalıları da gözardı etmədən fikir yürütməliyik. Bu baxımdan, özünü hər zaman ünlü Misir fironlarının varisi olaraq görməsinə rəğmən, Kleopatra (belə qarmaşıq “balans”a sahib bir ortamda), gerçəkçi və ayaqları yerə basan (xəyalları göylərdən yerə gətirən!) bir siyasət izləmək məcburiyyətində qalmışdı. İntriqalar çevirmək, oyun (tələ) qurmaq və xəyanətkarlıq – bütün bunlar əslində Misir kraliçasının siyasi öncəlikləri (prioritetləri) deyildi. Bu deyilənlərin hamısı, qədim tarixin və özəlliklə, Roma sarayının, necə deyərlər, “əldən buraxılmayası” siyasi nömrələri, gedişləriydi. Ancaq Kleopatranın bunlarla bərabər, çox böyük suvarma kanalları inşa etdirdiyini, özəlliklə kəndlilərin yaşam şərtlərini yüksəltmək üçün önəmli işlər gördüyünü, nə yazıq ki, çox az tarixçi yazır... O, zəifləmiş Misir Krallığının, təhlükələr qarşısında, Roma ittifaqı olmadan (özbaşına) öz varlığını qoruya bilməyəcəyini dərk etmişdi. Təsadüfi deyildi ki, Roma ilə hər zaman bir ittifaq aradı, amma bunun, əsla tam boyun əymə anlamına gəlməməsi üçün çalışdı, çabaladı... Məqsədi, Roma ilə birlikdə keçmiş Misirin, Fironlar Misirinin gücünü bərpa etməkdi... Və Böyük İsgəndərin xəyalı olan bu böyük imperatorluğun başına da, Sezardan olan oğlu Sezarionu uyğun görürdü. Sonuncu fironun həqiqətinin tablosunu, nəhayət, onun təhsili ilə tamamlamağa çalışaq. ...Hakimiyyətin və korrupsiyanın mərkəzləşməsi ölkə boyu üsyanları artırınca, sülalədə ən fəlakətli hadisə olan Kıbrısın itirilməsinə gətirib çıxardı. Ptolomey Kleopatra ilə Romaya getdikdə VI Kleopatra hakimiyyəti ələ keçirdi və qısa müddət sonra şübhəli şəkildə vəfat etdi. Ancaq bəzi qaynaqlar hakimiyyəti ələ keçirmək məqsədi ilə onun bacısı IV Berenis tərəfindən zəhərləndiyini iddia edir. Ptolomey qayıdana qədər o, Romanın dəstəyi ilə İsgəndəriyyəni də işğal edərək, hakimiyyətə yiyələndi. Ancaq Berenis tezliklə həbs edildi və məhkəməyə çıxarıldı. Kleopatranın bu zaman 14 yaşı vardı və o, atasının yanında müavin vəzifəsinə təyin edilmişdi. (Bununla belə, onun hakimiyyətdə səlahiyyəti (hələlik) həddən artıq məhdud idi.) Misir kralı XII Ptolomey m.ö. 51-ci ildə vəfat etdi. Bundan sonra hakimiyyəti 18 yaşlı Kleopatra ilə 12 yaşlı qardaşı XIII Ptolomey birlikdə idarə etməyə başladılar. Və Kleopatra gerçəkliyi və əfsanəsi də bundan sonra başladı… M.Ö. 51-ci ilin avqustunda Kleopatra ilə XIII Ptolomey arasında bağlar tamamilə qırıldı. Kleopatra Ptolomeyin adını rəsmi sənədlərdən sildirdi. Dövrün bütün salnamələrində təkcə onun şəkli yer almağa və dəmir pullar üzərində yalnız onun şəkilləri və adı vurulmağa başlandı. Baxmayaraq ki, bu, Ptolomey sülaləsində hakimiyyətdə olan qadınların kişilərdən sonra gəlməsi ənənəsinə zidd idi. Bununla da o, iqtidarı paylaşmaq niyyətinin olmadığını da açıq şəkildə göstərmiş oldu. Kleopatranın təkbaşına hakimiyyəti tezliklə sona çatdı (Təkbaşına ali hakimiyyət sevdası qara sevdaya dönüşdü). Çünki onun bu məqsədi saraydakı bir çox mühafizəkarların xoşuna gəlmirdi və saraydaxili bir çevrilişlə Kleopatra taxtdan salındı. Onun qardaşı və həyat yoldaşı XIII Ptolomey hakimiyyətə gətirildi. Artıq o, Misirin tək hakimi olmuşdu, amma Kleopatranın geri çəkilmək niyyəti yox idi. O, Pelesiumda (bu günkü Misirdə Port Said yaxınlığında) ona sadiq adamlarla birlikdə üsyan qaldırdı, amma uğursuzluğa düçar oldu və yeganə bacısı Arsinoe ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qaldı. *** Kleopatra sürgündə olarkən bir zamanlar ona və kral qardaşına hamilik edən Pompey Romadakı vətəndaş savaşına qoşuldu. Qarşısında çox güclü biri - Sezar var idi. M.Ö. 48-ci ilin payızında Pompey Sezarın qüvvələrindən qaçaraq İsgəndəriyyəyə gəldi. Həmin vaxt 15 yaşlı XIII Ptolomey hakimiyyətdə idi. O, arvadı və uşaqlarının gözü qarşısında Pompeyin edam edilməsinə fərman verdi. Ptolomeyin məqsədi Sezarın güvənini qazanaraq, müttəfiqi olmaq və beləliklə Romanın Misir üzərindəki maddi və mənəvi basqısını, təzyiqini azaltmaq idi. Ancaq Ptolomey burada səhv etmişdi. Sezar iki gün sonra Misirə gəldi və Ptolomey ona Pompeyin başını təqdim etdikdə çox qəzəbləndi. Ptolemey təşəkkür və mükafat gözlədiyi yerdə… Sezarın qəzəbinə tuş gəldi. Çünki Pompey Sezarın düşməni olsa da Roma Konsulunun üzvlərindən və Sezarın yeganə qanuni qızı Yulianın (o, doğuş zamanı uşağı ilə birlikdə ölmüşdü) əri idi. Qəzəbini konkret addımlarla tamamlayan Sezar, Misirin paytaxtını ələ keçirdi və üstəlik, özünü iqtidar mübarizəsi aparan Ptolomeylə Kleopatra arasında arbitr elan etdi... O, bununla böyük bir siyasi gediş də etdi. Bu şəkildə o, həm Misir tərəflər, həm də Misir üzərində davamlı bir nəzarət qurmağı planlaşdırırdı. “Sən saydığını say, gör fələk nə sayır” deyiblər… O, bu qərarı verən zaman Misirdə böyük məhəbbətə tutulacağını heç ağlına da gətirmirdi… ...Sezarın Ptolomeyə qəzəbindən istifadə edən Kleopatra saraya qayıtmaq üçün fəaliyyətə keçdi. Amma necə? O, bunun yolunu çox tez tapdı. Adamları tərəfindən bükülmüş xalçada saraya gəldi. Sezarın adamlarının heç ağlına da gəlmədi ki, bükülmüş xalçanın içərisində adam ola bilər... Xalça hədiyyə olaraq Sezara gətirildi və açılan zaman hər kəsi mat-məəttəl qoydu. Xalça açılan zaman gənc bir qadın, yəni Kleopatra yuvarla-yuvarlana Sezarın ayağının ucuna qədər gəldi. Sezar özü də təəccüblənmişdi. Gənc bir qadın düz onun gözlərinin içinə baxırdı və… bu baxışlar hər şeyi dəyişdi. Sezarın və Kleopatranın həyatını da, dünyada baş verən bir çox prosesləri də… Əsrlərə meydan oxuyaraq günümüzə qədər gəlib çatan o böyük məhəbbət elə o an, o baxışdan başladı! Kleopatra artıq Sezarın qəlbini fəth etmişdi! Kleopatra üçün yeni bir mərhələ başlayırdı. O, Sezarın qəlbi ilə yanaşı artıq Misirin də tək hakimi idi və yeni qələbələrin planlarını cızmağa belə başlamışdı! Kleopatra m.ö. 47-ci ildə Sezardan övlad dünyaya gətirdi. Sezarın şərəfinə uşağa Ptolomey Sezar adı qoydular və onu Sezarion – yəni “balaca Sezar” kimi çağırmağa başladılar. Bundan sonra Sezar Misiri Romaya birləşdirmək fikrindən daşındı və Kleopatranın hakimiyyətə gəlmək cəhdlərini dəstəklədi. Onun bu qərarı Kleopatranın devrilmiş kral qardaşı XIII Ptolemeyi razı salmadı. O, tərəfdarları ilə birlikdə üsyan qaldırdı, amma uğursuzluğa düçar oldu. Ptolomeylə Sezarın qüvvələri arasında 6 ay davam edən savaşdan sonra XIII Ptolomey çayda boğularaq öldürüldü. Kleopatra hakimiyyətə gəldi və əvvəlkindən daha güclü bir şəkildə Misir taxtında oturdu. İndi onun arxasında böyük Sezar da var idi. Amma Misir qanunlarından kənara çıxmaq ciddi problemlərin əsasını qoya bilərdi və Kleopatra qanunların əleyhinə getməyərək, qardaşı XIV Ptolomeylə formal bir evlilik həyata keçirdi və onlar birlikdə hakimiyyətə gəldi. Daha doğrusu, Misirin bütün hökmranlığı Kleopatranın əlində idi və qardaşının taleyini yaşamaq istəməyən XIV Ptolomey onun, sözün həqiqi anlamında, tək hakimliyinə, liderliyinə qarşı çıxmaq barədə heç düşünmürdü də… Kleopatra ilə Sezar arasında 30 yaş fərq olmasına baxmayaraq (onlar tanış olan zaman Sezarın 50, Kleopatranın 21 yaşı var idi) onlar, m.ö. 48–47-ci illərdə – Sezar Misirdə olarkən xoşbəxt bir həyat yaşadılar. Kelopatra oğulları Sezarionun Sezarın vəliəhdi elan olunmasına çalışırdı. O, oğulları Sezarionun şərqlə qərbi birləşdirəcəyini, Misir və Romanın varisi olmasını istəyirdi və bu barədə böyük xəyalları var idi. Amma onun xəyalları özünü doğrultmadı. Sezar onun bu təklifinə razı olmadı. Yəqin ki, o, bunun Romada da böyük etiraz yaradacağını da nəzərə almışdı. Sezar qardaşı oğlu Oktavianı (Gaius Julius Caesar Octavianus, sonralar Augustus kimi tanınmışdır) özünə varis elan etdi. Kleopatra, XIV Ptolomey və Sezarion m.ö. 46-cı ilin yayında Romaya səfər etdilər. Misirli kraliça Sezarın evlərindən birində qaldı. Kelopatra ilə Sezar arasında münasibətlər artıq Romalılara bəlli idi, ancaq bu münasibət ölkədə münaqişəyə səbəb olmuşdu; çünki Sezar Kalfurniya ilə evli idi. Buna baxmayaraq, Sezar Kleopatranın qızıldan hazırlanmış abidəsini Venera məbədinə qoydurmuşdu və başqa bir qadının “qızıla tutulması” öz-özlüyündə, Sezarın könlünün harada olmasının göstəricisi idi. M.Ö. 44-cü ildə Sezar qətlə yetirildikdə Kelopatra da böyük ehtimalla Romada idi. Ancaq bu olaydan sonra o, ailəsi ilə birlikdə Misirə qayıtdı. XIV Ptolomey öldükdən sonra isə Kleopatra, iki xanədanın “ortaq övlad”ı olan oğlu Sezarionu özünün davamçısı elan etdi... Sezarın qətlə yetirilməsindən sonra Roma qarışmış, daxili müharibə başlamışdı. Sezara sui-qəsd edən Brut və Kassiusun rəhbərlik etdikləri qrup Sezarın varisi Oktavian, tərəfdarları Mark Antonio, Mark Aemilius Lepidus tərəfindən məğlub edildi. Bundan sonra Romada vəziyyət sabitləşdi. Mark Antonio imperiyanın şərqini, Oktavian qərbini, Lepidus isə Afrika və İber yarımadasındakı torpaqları idarə etməyə başladı. M.Ö. 41-ci ildə Mark Antoni Kleopatranın sadiqliyini yoxlamaq üçün və onunla bu barədə danışmaq üçün onu yanına – Tarsusa dəvət etdi.
Bu mənzərəni böyük möhtəşəmliklə, rənglərin dili ilə təsvir etmiş Lavrence Alma-Tademanın «Antoni və Kleopatra» əsəri sözün əsil mənasında görməyə dəyər! Mark Antoni Kleopatraya Sezardan da səxavətli davranırdı. M.Ö. 34-cü ildə Kleopatra və Sezarion Misirin və Kıbrısın, Aleksandr Helius Midiya və Parfiyanın, Kleopatra Selen Liviyanın, Ptolomey Filadelfus isə Feoenisianın (Fələstin), Suriya və Kilikiyanın (Orta Anadolu) hakimi oldular. Kleopatra “Krallar Kraliçası” titulunu götürdü. Amma Kleopatranın bununla kifayətlənmək niyyəti yox idi. O, bütün şərqi Romaya qarşı qaldıraraq, tezliklə Şərqi Romanı da məğlub edib, Romada universal bir krallıq yaratmaq fikrində idi. Kleopatra “Dünya Kraliçası” olma xəyalına getdikcə daha da yaxınlaşırdı. Hətta tez-tez ətrafındakılara “Romanın paytaxtında da mənim hökmüm keçəcək” deyərək düşüncəsini və istəyini açıq şəkildə ortaya qoyurdu. Mark Antoni “İsgəndəriyyə Payları” kimi tanınan qərarları ilə Roma İmperatorluğunun şərq bölgələrini Kleopatra və uşaqları arasında bölüşdürürdü. Sonradan o, bu addımını Roma Senatına, “bizə aid bölgələrə sadiq idarəedicilər təyin edirəm” deyə izah etdi... Həmin dövrlərlə Oktavianın düşüncəsindən Romanı tam idarə etmək keçirdi. O, Mark Antoninin Kleopatraya və uşaqlarına qarşı səxavətliliyini ona qarşı istifadə etməyə, bununla da Romanı Misirə müharibə elan etmək yönündə qızışdırmağa başladı. Ardından Antoni və Oktavian arasındakı bağlar tamamilə qırıldı və Oktavian Senatı Misirə qarşı savaş açmağa çağırdı. Oktavian istədiyinə nail oldu. M.Ö. 32-ci ildə Roma iki aşiqə qarşı savaş elan etdi. 31-ci ildə Antoninin donanması ilə Roma donanması üz-üzə gəldi. Kleopatra Antoniyə yardım etmək üçün öz qoşunlarını yığdı. O, öz donanması ilə Mark Antoninin yanında olsa da onlar Oktavianın daha güclü donanmasına məğlub oldular. Oktavian qaçan aşiqləri Misirə qədər təqib etdi. Bu döyüşdən sonra Oktavian Misiri işğal etdi. Nəhayət, “olacaq oldu” – qədim Misir Roma İmperiyasının əyalətinə çevrildi... Heyhat, Misir kraliçası bir zamanlar dünyaya hakim olmaq xəyalları ilə yaşayırdı… Plutarxın Antoninin ölümü barədə yazdıqlarına görə, Mark Antoninin qoşunları Oktavianın qüvvələri ilə üz-üzə gəldiyi zaman o, Kleopatranın ona xəyanət etdiyini fikirləşir. Kleopatra isə bunun qorxusundan iki qulluqçusu ilə birlikdə otağa qapanır və Antoniyə öldüyü barədə xəbər göndərir. Buna inanan Antoni qılıncı ilə özünü mədəsindən vuraraq öldürür. Amma onu da deyək ki, bu versiyanı qəbul etməyən tarixçi, araşdırmaçı və yazarlar da kifayət qədər çoxdur… Onların bir çoxu Mark Antoninin Oktavianın ordusuna məğlub olduqdan sonra özünü öldürdüyünü yazırlar. Çünki əslində Mark Antoni artıq yolun sonuna gəldiyini və onu nələrin gözləyə biləcəyini anlayırdı. Bəziləri isə bu vəziyyətdə olan Mark Antoninin üstəlik Kleopatranın ölüm xəbərini eşitməsindən sonra özünü öldürdüyünü yazır. Bu da Misir fironlarının hakimiyyətinin sonu oldu..! Kleopatranın Antonidən olan 3 uşağını isə Romaya apardılar və onların qayğısına Antoninin arvadı Kiçik Oktavia qaldı. Kleopatra Selene isə Oktavianın razılığı ilə Mavritaniyalı II Cubaya ərə getdi. Qədim hekayələrə, özəlliklə də Romalıların rəvayətlərinə görə, Kleopatra Misirdə kobra ilə özünü öldürmüşdür. Ən qədim qaynaqlardan biri isə, o zaman hətta Misirdə olması güman edilən Strabondur. O yazır ki, bununla bağlı iki hekayət var: birincisi onun zəhər içməsi, ikincisi isə onu ilan vurmasıdır. Bir neçə Romalı şair onun ilan vurması nəticəsində ölməsini yazırlar. Və ümumiyyətlə bu versiya daha geniş yayılmışdır. Bəzi yazarlar isə onun Oktavian tərəfindən öldürülməsini güman edirlər. ...Ölümdən, acılardan sonra, bir hadisə misalında, yenidən Kleopatranın yaşadığı dövrə, onun özünə, öz gözəlliyinə, sağlamlığına bəslədiyi münasibətə qayıtmaq istərdik. Kleopatra xarici gözəlliyinə kifayət qədər diqqət yetirir və öz sağlamlığını unutmurdu. Meyvələrin insan bədəninə necə vacib olduğunu bilərək, o, öz baş magistri Amun Karimi yanına çağırmış və ona, cavanlaşdırıcı özəlliklərə malik olan, tonusverici meyvələrdən ibarət eliksir hazırlamaq göstərişini verir. Amun Karim çox fikirləşir, sonra ən zərif meyvələri toplayaraq, onların şirəsini qarışdırıb Kleopatraya təqdim edir. Şahzadə dadın mükəmməlliyindən, onun heyrətamiz gücündən təsirlənərək magistri yüksək səviyyədə ödülləndirir. Kleopatra hətta qədim dünyada da gözəllik ilahəsi kimi tanınırdı. “Antoninin yaşamı” əsərində Plutarx yazırdı: “...Öz gözəlliyinin Sezara və Pompeyə necə təsir etdiyini yaxşı başa düşən Kleopatra, tezliklə Antonini də ayaqları altına gətirməyə ümid edirdi. Sezar və Pompey onu gənclik illərində tanımışdılar, ancaq Antoninin yanına gələndə Kleopatra gözəliyinin zirvəsində idi.” Plutarx Kleopatranın gözəlliyinin sirrinin, onun ağlında, cazibəsində və səsinin şirinliyində olduğunu yazırdı. *** Ədəbiyyat və kinoda Kleopatra obrazı (mövzusu) dəli eşqlər, xəyanət, cinayət, Roma legionları, meydan savaşları və intiharlarla “süslənmişdir”... (Zatən, belə bir mövzu və qəhrəman(lar) sənətin diqqətini çəkməyə bilərdimi?!) Kleopatra tarixçilərdən teatr yazarlarına, şairlərdən romançılara qədər çox geniş əhatədə, qələm sahiblərinin “ana mövzu”larından biri olmuşdur... Oktavianın əmri ilə onu qaralamaq üçün qələmə sarılan Romalı tarixçiləri bir yana qoysaq, Kleopatra barədə yazanlar ən əsas xətləriylə ikiyə ayrılır: Misir kraliçasının qadın yönünü ön plana çıxaranlar və bir də onun siyasi kimliyi ilə maraqlananlar. Epik teatrın böyük ustası Bertold Breçt də onun ismindən təsirlənmiş və “Üç qəpiklik Opera” (1928) dramının sonunda, orqan çalan qəhrəmanının dilindən "...Kleopatra, böyük gözəlliyin heç bir şeyə yaramadı. Kölən etdiyin iki imperatorluqdan geriyə sadəcə küllər qaldı..." demişdi. Qısacası, Breçt belə, onun haqqında yanıldıcı bir portret cızmışdı. Hansı ki, gerçək bir Kleopatra kimliyi üçün, 1607-cı ildə Şekspirin yazdığı “Antoni və Kleopatra” adlı dram əsərinə göz atmaq daha məqsədəuyğun olardı... (–Şekspir bu əsərdə Kleopatranın gözəlliyini deyil, zəkasını və insancıl böyüklüklərini də ön plana çıxarmışdır.) Ancaq şübhəsiz, Kleopatra haqqındakı tarixi yanlışlıqlarda ən böyük rolu “yeddinci sənət” oynayır. Kino, bu tarixi isimlə daha XIX yüzilliyin sonlarında maraqlanmışdır. Səssiz kinonun böyük ustası Meliesin ən önəmli filmlərindən biri “Kleopatra” idi. Səssiz kinonun 1907-1917 illəri arasında, Kleopatraya həsr olunmuş çox sayda film çəkilib. Ancaq bunların içində ən önəmlisi J.G.Edvardsın imzasını daşıyan, Amerika istehsalı "Kleopatra" filmiydi. Misir kraliçasını, kinonun o tarixdəki ən böyük vamp oyunçusu olan Theda Bara canlandırmışdı. Far çəkilmiş gözləriylə süzgün-süzgün baxan, köksü açıq Kleopatra imajı bu filmlə doğmuşdur. Təbii, bu imajı gücləndirən ilanları da unutmamalıyıq. 1934-cü ildə Cecil B.De Millein rejissorluğu ilə araya-ərsəyə gələn "Kleopatra" filmi, o tarixə qədər gerçəkləşdirilmiş ən bahalı çəkiliş idi. Ancaq o da, Kleopatra portretinə, vamplıq xaricində yeni bir rəng gətirməyirdi... 1945-ci ildə, ingilis rejissor Qabriel Pascalın “Sezar və Kleopatra” filmində, ilk dəfə Bernard Şounun müdaxiləsi ilə, vamplıqdan fərqli bir Kleopatra izlənilirsə də, ancaq bu da uzun sürmür; bir il sonra, Meksikalı rejissor Roberto Qarvadon, “Antoni və Kleopatranın son saatları” filmində yenidən vamplıq mifinə qayıdır və ona erotizmi də qarışdırırdı... 1953-cü ildə, Joseph L.Mankievicz, “Kleopatra” filminin oyunçularını seçərkən Antoni rolu üçün öncə Marlon Brandonu düşünmüşdü. Ssenarini bəyənməyən Brando “xeyr” cavabı verincə nəzərlər bu dəfə Riçard Burtona dönür. Kleopatra rolu üçünsə, zatən başından bəri ağlında bir tək isim vardı: Elizabet Teylor! *** Deyilənlərdən də aydın olduğu kimi, bu günə kimi Kleopatra Qərb mədəniyyətində ünlü bir isim kimi qalmaqdadır. Onun mirası bir çox incəsənət örnəklərində, həyatına aid dram əsərlərində yaşamaqda, yaşadılmaqdadır. ...Və göründüyü kimi, tam əksər əsərlərdə (sövq-təbii olaraq) Kleopatranın gözəlliyi önə çıxarılmışdır. Üstəlik, Oktavian dövründən başlayaraq Roma İmperatorluğunda Kleopatra haqqında formalaşdırılmağa başlanan mənfi imic sonrakı dövrlərdə də bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən yazılı və görsəl sənətdə davam etdirilmişdir. Amma bir çox yazarlar, tarixçilər, araşdırmaçılar (daha çox son yüzilliklərdə) Kleopatraya daha obyektiv və ədalətli yanaşmanı ortaya qoymuşlar. Onların yazdığına görə, 12 dil bilən Kleopatra, yalnız gözəlliyi ilə diqqəti cəlb etmirdi, həm də zəki bir qadın kimliyinə sahibdi və onun zəkiliyi daha erkən yaşlarından aləmə yayılmışdı. Üstəlik, onda güclü inandırıcılıq və müşahidəçilik qabiliyyəti var idi. O, ilk görüşün (görüşlərin) insanda nə qədər böyük bir təsir göstərdiyini bildiyindən bütün görüşlərində ilk andan qarşısındakına böyük təsir göstərmək üçün ciddi çalışırdı. Bir çox hallarda görüşəcəyi insanı əvvəlcədən öyrənirdi, onun haqqında, sevdiyi və sevmədiyi şeylər, güclü və zəif tərəfləri, bir sözlə, hər şeyi dəqiqliklə öyrənir, ilk dəfə görüşdüyü adamı əslində öncədən kifayət qədər tanıyırdı. Bu isə ona söhbət-müzakirələrdə, razılaşmalarda böyük kömək edirdi. Bir sözlə, əslində, ölkəsində hakimiyyəti əllərinə alanda cəmi 18 yaşı olan Kleopatra, çox təhsilli, bir çox dili rahatlıqla danışa bilən, yaşından daha böyük ağıla, düşüncəyə və təcrübəyə malik bir dövlət idarəçisi idi. Bunu həmin dövrə aid faktlar açıqlıqla ortaya qoyur. Təkcə gözəlliyi deyil, o bütün bu sadaladığımız keyfiyyətləri ilə Roma imperatoru böyük Sezarı, sonra isə imperiyanın əsas simalarından biri olan Mark Antonini özünə heyran qoymuşdu. Onlar Kleopatraya təkcə aşiq deyil, həm də heyran idilər. O, hətta şərəfli ölümü qürursuz, təhqir olunmuş, şərəfini itirmiş vəziyyətdə yaşamaqdan üstün tutaraq özünü öldürəcək qədər böyük bir gücə sahib qadın, lider idi! O, Misirin rəhbəri kimi ölkəsinin ən böyük problemlərinin önündə gələn quraqlıqla böyük mübarizə aparmış, suvarma kanalları inşa etdirmiş və uğurlu (özəl önəm kəsb edən) iqtisadi islahatları ilə ölkəsində əhalinin rifahını artırmaq üçün çox ciddi çalışmışdır. Nəzərdən qaçmamalıdır ki, Kleopatra atasının ölümündən sonra Misirdə iqtidara gəldiyində ölkə çox ağır bir vəziyyətdə idi. Bir sözlə, atasından problemlərlə dolu bir Misir qalmışdı. Ölkədaxili savaşların astanasında idi, hakimiyyət mübarizəsi ölkəni daha da zəiflədirdi, əkinə əlverişli torpaqları və digər zənginlikləri ilə o zamankı güclü Roma İmperiyasının əldə etmək istədiyi Misiri qorumaq, inkişaf etdirmək o qədər də asan deyildi. Kleopatra bunların böyük bir hissəsini həyata keçirməyə nail oldu və Misirin müstəqilliyini qorumaq üçün əlindən gələni etdi. Onun məhəbbət(lər)i, evlilikləri belə, Misirin müstəqilliyi üçün önəmli hadisə olmuşdu. Bu evliliklər Misiri nəinki başqa güclərdən qorumuş, elə Roma İmperiyasının özünün də müstəmləkəsinə düşməkdən xilas etmişdi. Kleopatra bu gərgin dövrdə Misirin 20 il müstəqil yaşamasını təmin etmişdi. Kleopatra! Artıq neçə əsrdir ki, o TARİXİN ən çox danışılan QADINLARINDAN, ŞƏXSİYYƏTLƏRİNDƏN, LİDERLƏRİNDƏN biridir! Və hələ bundan sonra da uzun əsrlər ondan danışılacaq, onun haqqında tədqiqatlar, araşdırmalar davam edəcək, yenə də romanlar, əsərlər yazılacaq, filmlər çəkiləcək bir sözlə TARİX davam etdikcə o da daima xatırlanacaq, var olacaq! Çünki o adını TARİXƏ yazmağı bacarmış bir QADIN idi və qadınların demək olar ki, hüquqsuz olduğu bir dövrdə hər kəsə sübut etdi ki, QADIN böyük bir imperiyanı belə idarə etməkdə kişidən heç də geri qalmır. O, TARİXdə bir cığır açdı… Bir qadın siyasətçi kimi, bir qadın lider kimi uğurlarını, bacarıqlarını, ağlını və zəkasını hətta onu sevməyənlərə, onu özünə düşmən hesab edənlərə belə etiraf etdirəcək qədər güclü bir Şəxsiyyət, güclü bir Lider, güclü bir QADIN idi Kleopatra! Belələrini isə TARİX daim yaşadır, hətta min illər keçsə belə… Kleopatra kimi! Müəllif: Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsindən
Onun hakimiyyətə gəlişi ilə Misirdə bir çox yeniliklərə imza atıldığı kimi, ölümü də ölkəsinin yeni dönəmə keçməsini şərtləndirib.
O, Misirin (Makedon kökənli) Ptolomey nəslindən idi və bu nəsildən olub yerli dildə danışan, xalq içinə çıxan yeganə hökmdar oldu.
O, dövrünün iki ən böyük xanədanını südlə-sümüklə birləşdirməyə çalışmış, iki imperiyanın “ortaq övlad”ı Sezarionu dünyaya gətirmişdi.
Romalı ünlü tarixçi Plutarx onun haqqında deyirdi: “Səsi, istədiyi hər titrəşimi çıxarıb, istədiyi hər dili istifadə edə bildiyi çoxtelli bir musiqi aləti kimiydi... Gözəl olmaqdan ziyadə, zəki və mədəniydi..."
Bu, Ptolomey xanədanında Kleopatra adı daşıyan yeddinci qadın, gözəlliyi (ümumən şəxsiyyəti) barədə dünyanın hər yerində günü bu gün də adından bəhs etdirən, adını TARİXƏ əbədiyyən yazmağı bacarmış VII Kleopatradır! (Cleopatra VII Philopator)
Onun ölümü Ptolomey hakimiyyətinin sonunu və Misirdə Roma erasının başlanğıcını gətirdi...Kleopatra – mifləşmiş “Eskilinolu Venüs”
...Kleopatranın, 54 yaşında bütün təmkininin və şöhrətinin zirvəsini yaşayan Sezarı sadəcə gözəlliyi ilə başdan çıxardığını irəli sürmək, necə deyərlər, tarixi zorlamaq olardı. Nəzərə almalıyıq ki, Kleopatra, tam 12 dildə mükəmməl dərəcədə danışa bilirdi. Yuxarıda da vurğuladığımız kimi, Misirə 300 il boyunca hökm edən Ptolomey Xanədanının hökmdarları arasında Misir dili ilə danışan tək insan Kleopatraydı. Digərləri sarayda yunanca danışmağı üstün tuturdular.Hakimiyyətə gəlişi
O, indi krallıqda əsas söz sahibi olsa da, ölkəni təkbaşına da idarə edə bilməzdi. Misir qanunlarına görə, qadın hökmdar ölkəyə bir kral olmadan hökm edə bilməzdi. Bu kral ya bir oğul övlad, ya da bir qardaş ola bilərdi. Kleopatra o zaman hələ ailə qurmadığı üçün övladı yox idi, amma qardaşı var idi. O, qardaşı XIII Ptolomey ilə ailə qurdu. Bu gün bu cür fikirlər, yəni qardaş-bacının ailə qurması adamı dəhşətə gətirsə də, o zamankı Misirdə bu, o qədər də təəccüblü bir məsələ deyildi. (O zamanlar Misirdə hakim olan yunanlar Misir toplumuna qarışmamaq üçün öz soylarından olan insanlarla evlənirdilər.)
İqtisadi çətinliklərə, aclığa, Nildə baş verən daşqınlara və siyasi münaqişələrə görə hakimiyyətin ilk üç ili ağır keçdi. Kleopatra kiçik qardaşı ilə evli olsa da, hakimiyyəti bölmək fikrinin olmadığı aydın idi.
O, iqtidara gəldiyi zaman krallıqda və ətraf dünyada vəziyyət gərgin idi - Kıbrıs, Suriya və Afrikanın şimalındakı bölgələr itirilmişdi. Krallığın ətrafında xaos, daxilində isə qıtlıq var idi. O isə güclü imperatorluq qurmaq niyyətinə düşmüşdü və bunu qarşısına məqsəd qoymuşdu!Sezarion – iki imperiyanın ortaq övladı
Kleopatra Romada vətəndaş savaşında
Yeni ortaya çıxın bu üçlü iqtidarın ən güclü siması kimi Mark Antonio görünürdü…
Sezarın ölümündən sonra Kleopatra Misirdən Romadakı yeni güc mərkəzlərini incələməyə başlamışdı. Bu da təbii idi… Onun, övladının və Misirin gələcəyi Romada baş verən proseslərdən xeyli dərəcədə asılı idi. Romanın indi 3 yiyəsi var idi və Kleopatra gələcəklərini təmin etmək üçün onlardan hansı biri ilə əməkdaşlıq qurmalı olmasına dair qərar qəbul etməli idi. Əslində, söhbət daha güclülərdən gedirdi – Mark Antonio və Oktaviandan. Oktavianın ailəsinin Kleopatraya münasibəti soyuq idi və o, təbii olaraq, ən yaxşı müttəfiq kimi Mark Antonionun üzərində dayandı.
Kleopatra görüşdən öncə Antoni barədə sözün həqiqi anlamında ətraflı bilgilər toplamışdı. “Onun xoşuna nə gəlir, onu nə heyrətə gətirir və ya nəyi xoşlamır”… Üstəlik, Kleopatra Antonidə Misiri özündən yaxşı kimsənin idarə edə bilməyəcəyi düşüncəsini formalaşdırmaq istəyirdi. Görüşə ən gözəl paltarlarını geyindi, ləl-cavahiratlarını taxdı. O, görünüşünün kifayət qədər cəlbedici olmasını istəyirdi. Antonio ilk görüşdən ona aşiq oldu. Əslində Mark Antoni də mavi qanlı bir Ptolomey qadınına sahib olmaq istəyirdi. Onun həyat yoldaşı Fulvia orta sinfə mənsub bir qadın idi. Kleopatra görüşdən öncə Antoninin bütün güclü və zəif tərəflərini çox yaxşı analiz etmişdi. İstədiyi oldu, Mark Antoninin bütün qəlbi artıq onun idi. Kleopatranı görən Antoni həmin qışı onunla İsgəndəriyyədə keçirməyə qərar verdi. Bu münasibətlər Romadan diqqətlə izlənilirdi və onlar vəziyyətdən çox narahat idilər. Lakin edəcək bir şey yox idi. Mark Antoninin gözü Kleopatradan başqa heç kəsi və heç nəyi görmürdü.
Papiruslar üzərinə həkk olunmuş Kleopatra rəsmləri isə turistlərin daim böyük maraq mərkəzində olur və almaq üçün ən yaxşı hədiyyələrdən biri hesab olunur!
M.Ö. 40-cı il, dekabrın 25-də Kleopatra Antonidən olan əkiz uşaqlarını dünyaya gətirdi – Aleksandr Helios və Kleopatra Selin. Kleopatra indi Romanın ən güclü şəxsiyyətlərindən birinin dəlicəsinə sevdiyi qadın, övladlarının anası idi. 4 il sonra Antoni Parfiyalılarla müharibə etmək məqsədi ilə İsgəndəriyyəyə səfər etdi. O, yenidən Kleopatra ilə münasibətlərinə başladı və İsgəndəriyyə onun evinə çevrildi. O, Kleopatra ilə evləndi və onların daha bir uşaqları – Ptolomey Filadelfus dünyaya gəldi. (Bu yerdə onu da deyək ki, Kleopatranının qardaşları ilə nikahından övladı olmamışdır).“Çoxlu Sezarın olması pis haldır”
Misirin Oktavian tərəfindən tutulduğunu görən Kleopatranın da (Xanədan adətlərinə uyğun olaraq) özünü öldürdüyü iddia olunur...
...Onun ölümündən sonra oğlu hakimiyyətə gəldi, ancaq o, Oktavianın sifarişi ilə qətlə yetirildi (Q.Q.Markesin sözü ilə desək, bu “gözlənilən bir qətl...” idi). Oktavianın müşavirlərindən biri Homeri sitat gətirərək “Çoxlu Sezarın olması pis haldır” demişdir.
Kleopatra bütün həyatı boyu Misirin müstəqil olması üçün çalışsa da onun ölümündən sonra Misir Roma imperiyasının vilayətlərindən biri olmaqdan xilas ola bilmədi.Kleopatranın müəmmalı ölümü
Plutarx, hadisədən 130 il sonra yazırdı ki, Antoninin ölümündən sonra Oktavian Kleopatranı məbəddə saxlayaraq, onu, özünü öldürməməsi üçün nəzarət altına almışdı. Ancaq Kleopatra nəzarətçiləri aldadaraq özünü öldürmüşdü. O, həmçinin Kleopatranın əncir səbətindən çıxan ilana əlini uzadaraq özünü zəhərlədiyini də yazırdı...
Bir sözlə tarixçilərin üzərində durduğu əsas versiya, Kleopatranın əlini kobra ilanının olduğu bir səbətə soxaraq, məqsədli şəkildə özünü zəhərləməsi, yəni ilana vurdurmasıdır. Həmin dövrün Misir inanclarına görə kobra zəhəri ilə ölmək insanı ölümsüz edirdi…
Vilyam Şekspir isə “Antoni və Kleopatra” əsərinin sonunda Kleopatranın ilanı sinəsinə sıxdığını yazaraq hadisənin tam təsvirini yaratmışdır. Ondan öncə ilanın Kleopatranın qolundan vurduğunu yazırdılar.Kleopatra şirəsi...
Kleopatra tarixi və bədii ədəbiyyatda
Romalı natiq Siseron isə öz məktublarında “xarici kraliça” adlandırdığı Kleopatradan zəhləsi getdiyini yazırdı.
Ümumiyyətlə, demək olar, bütün təsvirlər, Kleopatranı, öz gözəlliyi ilə Qərbin ən güclü kişilərinə təsir etməyə qadir olan bir qadın kimi təqdim edirdi...
...Qarşıqoymalar o dərəcədə açıqdır ki... Məsələn, “bir nömrəli Sezar düşməni” olan Lukanus, Sezar-Kleopatra eşqini bir intiriqa birliyi olaraq tanıdarkən, ortaçağın ünlü şairi Bokkaccio (Boccaccio), bu əlaqəni bir-birinə tay (uyğun) olanlar arasındakı birlik və eşqin yeni üzü olaraq təqdim edir... Bernard Şou isə, "Sezar və Kleopatra" (1901) əsərində, Kleopatranı Sezarın ən təhlükəli fəthi olaraq görürdü.
Mənbə: Lent.az