Seyid Əzim Şirvaninin ictimai məzmunlu şeirlərinin içərisində insanları musiqidən zövq almağa səsləyən “Guş qıl...” müxəmməsinin ayrıca yeri var. Şair oxucunu musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının — zahidlərin boş, “əfsanə” sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə, tar çalmaq, rəqs etmək riyakar, cəhalətpərəst ruhanilərin iddia etdiyi kimi, günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır.
Guş qıl, ey ki, bilirsən özüvi vaqifi-kar,
Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir ol xüşk olan çubdə bu naleyi-zar
Ki, sədasından onun qarət olur səbrü qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
Qoymaz ol tarı müğənni niyə ağuşindən,
Düşməz ol xanəbərəndazlərin duşindən,
Huş ilə guş edə hər kimsə, gedər huşindən,
Pənbeyi-ğəfləti çək sən dəxi can guşindən,
Ta ki əsrari-nihanə olasan bərxurdar.
Tut bərabər dəmi-İsayə müğənni dəmini,
Qılıb ehya özüvi, seyr elə ruh aləmini.
Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,
Çəkmə aqilsən əgər, dəhri-müxalif qəmini,
Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar.
Musiqi məclisinin əhli gərək əhli-bəsər,
Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,
Kim ki zövq əhli degil, anı hesab eylə həcər,
Ləhni-Davud eləməz növi-cəmadatə əsər,
Məni ərbabı edər guş süxən, ey huşyar.
Zahida, tanrıya bax, məclisi-irfandır bu,
Tarı əsbabi-mənahi demə, böhtandır bu,
Meyi gör, saqiyə bax, kövsərü ğılmandır bu,
Cümləsi pərtövi-ruxsareyi-sübhandır bu,
Meydə həq nurunu gör, səhvinə qıl istiğfar.
Şair öz fikirlərini əsaslandırmaq üçün İsa peyğəmbərlə bağlı dini rəvayətə müraciət edir. Rəvayətə görə, İsa peyğəmbərin nəfəsində ölmüş insanı həyata qaytarmaq qüdrəti varmış. Musiqi də insan ruhuna, daxili aləminə möcüzəli təsir göstərir, ona hədsiz zövq, xoş ovqat bəxş edir. Musiqini başa düşməyən, ondan həzz almağı bacarmayan insanın ruhu yoxdur, o, cansız əşya, daş timsalındadır.
Əruz vəznində yazılan “Guş qıl...” müxəmməs janrındadır. Şeirdə alınma sözlər də az deyil. Bütün bunlara baxmayaraq, çağdaş oxucu bu əsəri maraqla oxuyur və məzmunu barədə aydın təsəvvür qazana bilir. Buna səbəb əsərin yüksək sənətkarlıqla qələmə alınmasıdır. Elə ilk misranın oxusundan başlayaraq, oxucuda fərəh və sevinc dolu nikbin ovqat yaranır və bu, bənddən-bəndə artaraq sona qədər davam edir. Bunun ən mühüm səbəbi şeirdə ahəngdarlığın, həm də musiqidə müşahidə olunduğu qədər güclü, zərif ahəngin olmasıdır. Bu ahəngi yaradan vasitələr isə çoxdur. Eyni səslərin təkrarı, təkrir, təzad, kəlmələrin, həmqafiyə sözlərin yüksək zövqlə, məharətlə seçilməsi bu qəbildəndir.
Şeirin əruz vəzninin rəməl bəhrində yazılması məzmuna uyğunluq baxımından çox uğurludur. Məlumdur ki, rəməl sözünün bir mənası da ağır-ağır, ləngərlənə-ləngərlənə yerimək anlamındadır. “Guş qıl...” yalnız həyəcanlı, emosional şəkildə yox, həm də təmkinlə oxunur və bu, xoşagələn, özəl bir ahəngin yaranmasına səbəb olur.
Təsadüfi deyildir ki, “Guş qıl...” bu gün də poeziyasevərlər tərəfindən maraqla oxunur, muğam məclislərində şairin məhəbbət mövzusunda qəzəlləri ilə yanaşı, bu müxəmməsi də zövqlə ifa edilir.