Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz tərəfindən tez-tez işlədilən vəznlərdən biri də sərbəst şeir vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, hecavəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.
Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralardan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər. Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı olmayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional təsviri əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst şeirdə misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü,poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazılan şeirlər üçün əsasdır.
Azərbaycan şeirində sərbəst vəznin inkişafı, əsasən, 1920-1930-cu illərdən başlayır. Lakin sərbəst şeir yarandığı vaxtlardan müxtəlif mübahisələrə səbəb olmuşdur. Sərbəst şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən zəif şəkildə yazılmış nəzm nümunələrini də poetik fikrin uğuru kimi qələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə kimi şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan belə sərbəst şeir nümunələri hələ o zaman tənqid və ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı. Sərbəst şeir sahəsində yaranan mübahisələr tamamilə haqlı və təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun, R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla, bir çox gənc yazarlar sərbəst şeirə onun adına uyğun olaraq tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri, formal cəhətlərinə əsas önəm verən bir çox sərbəst şeir yazanlarının əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə məzmunsuz idi.
Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst şeir hesab olunurdu. Bütün bunlar isə sərbəst şeirin poetikasını kifayət qədər bilməməkdən, gənc şairlərin ifrat dərəcədə formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi. Sərbəst şeirin ilk təşəkkül dövrlərində S.Vurğun«Aprel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport»,«Ölən şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır. Lakin S.Vurğunun şeirlərində hansı vəzndə yazmasından asılı olmayaraq qüdrətli şairin duyğularının, hisslərinin yüksək poetik dillə ifadəsini görürük. «Hansı vəzndə yazmasından asılı olmayaraq S.Vurğunun şeirləri həmişə coşğun bir ilhamın və odlu bir ürəyin çırpıntılarından yaranırdı».
«Dürrənin səsi»,
«Dilcan dərəsi»,
«Gözəllərim»,
«Qəzəllərim»,
… lərim…, lərim…
və nələrim…
Artıq gözlərimdən uzaqlaşdınız;
Ölən bir cahanla siz
gülüşsüz qucaqlaşdınız…
(S.Vurğun)
S.Vurğun burada «səsi», «dərəsi», «Qəzəllərim», «lərim», «nələrim», «uzaqlaşdınız», «qucaqlaşdınız» kimi sözlərdən istifadə edərək, qüvvətli qafiyələr yaratmışdır. Əsas cəhət budur ki, şair sərbəst şeirin formalist tərəflərinə uymamış, misraları, qafiyələri poetik fikrin ifadəsinə tabe tutmuşdur.
Sərbəst şeir yarandığı ilk illərdə vəznin tələblərinə uyğun olaraq orada müraciət, bədii xitab, tribunluq özünü daha çox göstərirdi. Sərbəst şeirdə özünü göstərən bu çağırış ruhu, şüarçılıq daha çox ictimai-sosial tələbdən irəli gəlir və məzmuna çevrilirdi. Lakin hər hansı amildən asılı olmayaraq poetik sənətkarlıq, fikrin şairanə, obrazlı ifadəsi hər şeydən əsas olmalıdır. Hələ gənc yaşlarından fitri istedadı ilə parlayan S.Vurğunun sərbəst şeirləri məhz poetik dil baxımından diqqəti cəlb edirdi.
Sərbəst vəzn şeirimizdə yeni olduğu üçün bəzi gənc qələm sahibləri yenilik axtarmaq, yenilik yaratmaq naminə inadkarlıq göstərir, şeiri eksperimentə çevirirdilər. Belə şeirlərdə hisslərin təsvir və tərənnümündən daha çox formalizmə, abstrak düşüncəyə, rabitəsiz fikirlərə üstünlük verilir. Odur ki, 1920-1930 və hətta 40-50-ci illərdə belə qələmə alınan sərbəst şeirlərdə ənənə və novatorluqprinsipi pozulur və şeir klassik dəyərlərdən, milli-xəlqi hisslərdən uzaqlaşırdı. Sonralar gördüyümüz kimi, S.Vurğun sərbəst şeir yazmaqdan uzaqlaşmış və ən dəyərli əsərlərini də heca vəznində yazmışdır.
Tədqiqatçıların doğru qeyd etdikləri kimi, sərbəst şeir, demək olar, XX əsrin 50-ci illərinə qədər özünün tam xəlqi-milli formasını tapa bilməmişdi. Bir sıra sərbəst şeir yazarları sərbəst şeiri qafiyənin olmaması, misraların bilərəkdən sındırılması, ahəngin olmaması kimi başa düşürdülər. Onların bir çoxu unudurdular ki, sərbəst şeirdə qafiyə bədii fikrin daha vurğulu, emosional ifadəsi üçün gərəkli olan başlıca faktordur. Bu zaman şair poetik fikri qafiyələrin axınında məhdudlaşdırmır, əksinə, qafiyəni fikrə tabe tutur. Hətta bəzi gənc şairlərin şeirlərində sərbəstlikdən sui istifadə edilərək, təfsilata, əhvalatçılığa, uzunçuluğa yol verilirdi. Bu isə şeiri hansı vəzndə yazılmasından asılı olmayaraq zəif, sönük şəklə salırdı. Bunun nəticəsi idi ki, sərbəst şeirdə yazmağa başlayan şairlərin demək olar, çoxu ümumiyyətlə, bədii yaradıcılıqdan uzaqlaşdılar. Poetik istedadın azlığı, şeirdə formalizm cəhdləri, sərbəst şeiri tam sərbəstlik kimi anlamaq yaradıcılıqda uğursuzluqla nəticələndi.
Sərbəst şeir vəznindən istifadə edən nümayəndələrdən biri də M.Müşviq olmuşdu. O, sərbəst vəzndə qələmə aldığı şeirlərində də heca vəzninin poetik xüsusiyyətlərindən müvazi şəkildə istifadə edirdi. O, həm sərbəst şeirin forma cəhətlərindən istifadə edir, həm də, ahəng, bölgü, qafiyə baxımından şeirdə axıcılıq, oynaqlıq yaradırdı:
… Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz – sorğusuz.
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz
Mən qarşımda yamyaşıl çollər görürəm,
Qeyrətli, bacarıqlı ellər görürəm.
Görürəm o dağdakı toyu, düyünü
yeni səhnədə.
Fərəhlə seyr edincə, şeirimdən əvvəl
axır göz yaşım.
Sərbəst şeirə aid yuxarıda verilən nümunələrdən də göründüyü kimi, ictimai həyatın tələblərinə uyğun olaraq bu vəzndə yazılmış şeirlərdə tendensiyaçılıq, sinfi mübarizə ruhu, gələcəyə çağırış motivləri daha güclüdür. Lakin istedadlı sənətkar təkcə məzmunu tribunçuluğa, şüarçılığa çevirməklə kifayətlənmir, bu ideyanın obrazlı dillə çatdırılmasına çalışırdılar.
Azərbaycan şeirində sərbəst vəznin ən yaxşı nümunələrini R.Rza yaratmışdır. Görkəmli şair hər hansı bir hadisəni, əhvalatı, etdiyi müşahidəni asanlıqla sərbəst şeirin məzmununda verə bilirdi. Görkəmli aktyorumuz H.Ərəblinskinin xatirəsinə həsr etdiyi şeirində olduğu kimi:
Danimarka prinsi
nələr gördü,
nələr çəkdi.
Xəyanət riya.
Şəhvət düşkünlüyü.
Ümid, sevinc beşgünlüyü.
Yazıq sənə, Hamlet,
Yazıq, qəmli, filosof!
Bir dəfə öldürdülər səni
uzaq-uzaq keçmişdə.
Bir də böyük aktyorla
bir gündə;
sirri açılmayan
günah üstündə.
Şeirdəki sənətkarlıq göz qabağında olub, açıq-aydın sezilir. Adi hadisəyə, hadisə ilə bağlı aldığı təəssürata R.Rza bədii-fəlsəfi məna vermişdir. Şeirdə istifadə olunan qafiyələr söz yaradıcılığı və poetik fikrin məqamında işlənməsi baxımından diqqət çəkir. Şeirdə «düşkünlüyü»sözünə tapılan «beşgünlüyü» şair tərəfindən şeirimizdə ilk dəfə işlədilən ən uğurlu qafiyədir. Burada sözlər, ifadələr, misralardakı fikirlər məntiqi ardıcıllıqla verilir və bədii mətnin tamamlanmasında, fikrin yığcam, lakonik verilməsində mühüm rol oynayır. Şeirdə yenilik, yeni söz yaratmaq, onu qafiyədə işlətmək, fikrin bədii-fəlsəfi yozumu, adini qeyri-adi şəkildə vermək R.Rzanın sərbəst şeirlərində ən əsas sənətkarlıq xüsusiyyətidir. Şair hamının dediyini təkrarlamır, başqa cür deyir, həm də gözlənilməz tərzdə deyir. Bu isə onu göstərir ki, şair sərbəst şeirin imkanlarından uğurla, maksimum sənətkarlıqla istifadə edir. Şair yalnız sözdə, qafiyədə, vəzndə yox, fikirdə, onun ifa tərzində yenilik edir.
Bəsti – Bəsti idi,
Sürəyya – Sürəyya!
Adları yazmaq olsa da bir sıraya,
hər insan təkraredilməz bir fərddir.
Nə bir-birinin eyni,
nə surəti, nə əvəzidir.
Bu şərtdir.
Göründüyü kimi, şeirin yeddi misrasında cəmi iki qafiyə işlənmişdir. «Fərddir», «şərtdir» qafiyələri poetik fikrin tamamlanmasında istifadə olunan ən uğurlu qafiyələr kimi diqqəti cəlb edir. R.Rzanın sərbəst vəzndə yazdığı şeirlərinin sənətkarlıq xüsusiyyətləri çoxçeşidlidir. Onun şeirləri sadəcə olaraq vəzndə zahiri yenilik deyil, dildə, fikirdə, fonetik kombinasiyalarda, bədii təsvir və ifadəninyeniliyində,novatorluğundadır. Şairin şeirlərində poetik fikrin episentrində işlədilən qafiyələr bir-birini izləyir, səslərin alliterasiyası şeirə ritmik-melodik ton gətirir.
Nə payızdı,
nə qışdı…
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü
Yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü.
Çinar, beş yüz ildən bir az,
bircə yaz,
az yaşadı.
Müasir dövrdə Ə.Kərim, F.Qoca, F.Sadıq və başqa onlarla gənc şairlərimiz sərbəst vəzndə ən gözəl şeirlərini yazıb yaratmışlar. Lakin sərbəst vəznin sərt tələblərindən hamı uğurla çıxa bilməmişdir. Çünki ənənəvi poeziya qanunlarını pozub onun əsasında, onun əvəzində sərbəst şeir yazmaq, formalistik etmək yox, novatorluq etmək deməkdir. Bu isə ənənəvi formada – heca vəznində yazmaqdan qat-qat çətindir. Ə.Kərimin «Şair» adlı şeiri həm onun özünün, həm də R.Rzanın sərbəst şeirdə orijinal bir sənətkar olduğunu bir daha göstərir.