Sən nə işləyirsən?..
Bəli, bəli, sən... Nə?.. Harada?
Lap yaxşı... Mən isə filosof işləyirəm. Niyə təəccüblənirsən ki? Yox, mən filosof deyiləm, sadəcə olaraq filosof işləyirəm. Bəli, belə bir iş də var.
Mənim filosof işləməyimin əsaslı səbəbi var. Bir dəfə təsadüfən qatarda iki nəfərlə yol yoldaşı oldum; üzdən şəhər adamına oxşasalar da, bir-birinə "kəndçim"- deyirdilər. Gördüm ki, onlar yol boyu nə barədəsə ağzı köpüklənə-köpüklənə elə hey mübahisə edirlər. Onlardan biri deyirdi ki, "əvvəlcə ideya olub", o birisi isə iki ayağını bir başmağa dirəyib israr edirdi ki, yox, "əvvəlcə materiya olub". Məəttəl qalmışdım. Səfər yoldaşlarım məsələni adam dililə həll edə bilməyib, başqa üsula əl atdılar
- kupedə az qala rinqə çıxdılar. Mən köhnə idmançıyam; ortaya girib onların hərəsini qantel kimi bir tərəfə atdım. Deyəsən, mənim əməli işim bəhrəsini verdi: hərə çəkilib öz yerində əyləşdi. Söhbət əsnasında öyrəndim ki, onlar filosof işləyirlər. Hımmm... Filosof... Mən o vaxtacan belə bir sənətin mövcud olduğunu bilmirdim. Bir-birinin üstünə yumruq çəkib çox qəliz bir məsələni qeyri-konstruktiv yolla həll etmək istəyənləri, axır ki, birtəhər barışdırdım. Çantamdan çıxartdığım araq şüşəsini və soyutma şəhər toyuğunu stolun üstünə qoydum. Bayaqdan ideya və materiya yolunda az qala şəhid olan səfər yoldaşlarım, sən demə, dünya nemətlərinə biganə deyilmişlər. Hərə öz qabağındakı dolu stəkanı qapıb başına çəkdi. İkinci şüşəyə keçəndə onlardan soruşdum ki, mən ölüm, bir izah edin görüm bu "materiya- ideya" nə olan şeydir ki, siz onun üstündə bir-birinizi qırırsınız? İzah etdilər. Mən deyilənlərdən çox az şey qandım. Bircə onu qandım ki, bu ideya-materiya məsələsi nəsə adama yumurta-toyuq məsələsini xatırladır.
Sonra üçüncü şüşə ortaya gəldi və söhbət çox dərinə getdi. Dördüncü şüşəni açıb süfrədəki toyuğun sonuncu qanadını əlimə alanda mən hər şeyi çox gözəl anladım və sadə bir işi yoluna qoya bilməyən bu adamlara gülməyim tutdu. Özümü birtəhər ələ alıb təzə dostlarımdan soruşdum: "Adə, qırışmallar, elə isə siz mənə cavab verin görüm, toyuq birincidir ya yumurta?" Birinci filosof şirin-şirin gəyirərək ağzını əlinin arxası ilə silib dedi ki, toyuq birincidir. Deyəsən, ikincisi ondan bir az ağıllı imiş; o, arağın son qurtumunu başına çəkib dişlərinin dibini toyuğun bel sümüyü ilə qurdalaya-qurdalaya dedi ki, toyuq da, yumurta da materiyadır; burada ideya xoruz ola bilər. Sən demə, birinci filosof heç də mənim əvvəlcə düşündüyüm qədər səfeh deyilmiş; o, artıq tamam boşalmış və bu görkəmdə yetim uşaği xatırladan araq şüşəsinə məsum bir nəvazişlə baxıb dedi ki, cənablar, unutmayın ki, elə xoruz da materiyadır. Məsələ yenə qəlizləşdi. Mən, eləməyib tənbəllik, boş şüşələri təpiklə kənara itələyərək bir daha ucadan soruşdum: yaxşı, toyuq da, cücə də, xoruz da, yumurta da materiyadırsa, bəs onda bizim özümüzün toyuğa, cücəyə, yumurtaya, xoruza belə sonsuz maraq göstərməyimizin səbəbi nədir? Materiyadır ya ideya? Biri əlbəəl dilləndi ki, bax, bu ideyadır. O birisi də deyiləni təsdiq etdi; bəli, sən demə, iştahımız ideya imiş. Söhbət xoşuma gəldi. Elə yol yoldaşlarım da ürəyimə yatdı. Gedib vaqon-restorandan təzədən iki şüşə araq aldım. Qaynadılmış yumşaq şəhər toyuğu da ki, öz yerində... Üzdən şəhər adamına oxşasalar da bir-birinə "kəndçim" deyən bu adamlar girişdilər şəhər toyuğuna, nə girişdilər. Söhbət yenə qızışdı.
Elə oradaca qərara aldım ki, mən də filosof işləyim.
Mən idmançı olmuşam. Vaxtilə idmançılar hazırlanan yer var ha, indi, deyəsən, adını dəyişiblər, unutmuşam, hə, nə isə, bax oranı bitirmişəm. Sən demə, oxuduğumuz illərdə bizə idmanla yanaşı, fəlsəfə də keçiblərmiş. Amma mən çox vaxt yarışlarda iştirak etdiyim üçün bu peşənin sahiblərini heç yerli-dibli görməmişəm... Ömrümdə ilk dəfə idi ki, filosof görürdüm. Görünür, mühakiməm maraqlı alınmışdı. Və həmin gün mən öz arzumla və təzə dostlarımın təkidli təklifi ilə filosof işləməyi qərara aldım. Elə onlar kimi...
İndi mənə mövzu da veriblər. Köhnə bir suala cavab axtarıram: nə birincidir- materiya, yoxsa ideya? Artıq mən əsrlər boyu bu suala cavab axtara-axtara bir-birini qıran filosofları mat vəziyyətdə qoymuşam! Bəli, bəli, təəccüblənmə! Mən "nə birincidir?"- sualının cavabını tapmışam. Əzizim, belə ki, hər şey vəziyyətdən asılıdır- bəzən, ideya birinci olur, bəzənsə materiya. Ola bilməz ki, bir şey elə həmişə birinci olsun. Birinci bəzən, gücdən düşüb, zəifləyib ikinci olur; ikinci isə zirək tərpənib, fərasətli çıxıb olur birinci. Burada hər halda bir dialektika da var. Heç bilirsən dialektika nədir? Ay-hay... Haradan biləsən ki? Sən də, yəqin, mənim kimi vaxtilə fəlsəfə dərsi keçiləndə başqa yerlərdə olmusan. Yaxşı, yeri gəlmişkən, bir de görüm, sən hansı məktəbi bitirmisən? Xalq təsərrüfatını? Hə, yəqin ki, dərs keçilən vaxtlar həmişə yeyib-içməkdə olmusan...
Mən hal-hazırda öz yeni kəşfimi, elə o vaxtkı səfər yoldaşlarıma - indiki həmkarlarıma çəkdiyim həm konkret, həm də klassik bir misalın timsalında elmi şəkildə əsaslandırmaqla məşğulam. Bir qulaq as: bax, mən belə hesab edirəm ki, toyuq materiyadır. Doğrudurmu? İştah isə ideyadır. Bu, necə, səhv nəzəriyyə deyil ki? Ay sağ ol! Bəzən, ideya əvvəl yaranır. Hə də, iştahı deyirəm. İdeya, yəni, iştah, üzə çıxan kimi o, özünə materiya- yəni, toyuq tələb edir... Yox, əzizim, bu ideyanın Pavlov nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Bu nəzəriyyənin əsaslarını mənə qonşumuzdakı itboğuşduran kişi izah edib. Ona görə də mən yaxşı bilirəm ki, sən indi şərti refleksi deyirsən. Ay zırrama, orada toyuğu yox, iti misal çəkirlər. İt hara, toyuq hara? Yenə toyuq olan yerdə tülkünü qeyd etsən, dərd yarıdır.
Bir qulaq as... Mən deyən məsələ - yəni, iştah, əslində, məhəbbət kimi bir şeydir. Bax, məhəbbət - ideyadır. Adam sevir, sonra evlənir... Mənimlə razısan? Yox? Niyə? Sən belə hesab edirsən ki, məhəbbət evlənəndən sonra meydana gəlir. Qoy sən deyən olsun! Həqiqətən, bəzən, məhəbbət evlilikdən sonra gələ bilər. Əslində, mən də səndən elə bu cavabı gözləyirdim... Bəli, bəli, düz tapmısan, sən deyən də düzdür, mən deyən də... Deyirsən, bu necə ola bilər? Elə mənim kəşfimin də canı bundadır... Bir qulaq as də...
Hə, harada qaldım? Deməli, bəzən, iştah əvvəl yaranır, məhəbbət kimi - yəni ideya kimi. Bəzənsə materiya, yəni, toyuq əvvəl yaranır; bu cür hallarda ideya, yəni, iştah, bir az da sadə şəkildə desək - məhəbbət sonra gəlir. Konkret və sadə misalla izah etsəm bu, belə olur: ortaya toyuq (yaxud xoruz, yumurta) gəlir və sonra iştah meydana çıxır; yəni, bəzən qabaqca evlənirsən, sonra vuruşursan. Əlbəttə, ortalığa gələn materiyadan da çox şey asılıdır. Bəzənsə elə hal olur ki, ideya, yəni, iştah geri çəkilir: səbəbi də budur ki, toyuq qoca olur və yaxud yaxşı bişirilmir. Nəticədə dadsız xörək alınır. Elə məhəbbət - evlilik məsələsində də buna bənzər şeylər olur: materiya, yəni, sadə dillə desək - qadın adamın yəni, sadə dillə desək - kişinin ideyasını, yəni, sadə dillə desək - gününü qara edir.
Bax, əzizim, matieriya ilə ideya arasında bu cür dialektik əlaqə mövcuddur. Bu, mənim kəşfimdir. Oğul istəyirəm qabağıma çıxıb mənim ideyamı inkar etsin. Mən köhnə idmançı kimi, lazım gələrsə, hər kəsin cavabını layiqincə verməyə hazıram. Mənim üçün artıq ideyanı materiyaya və ya, əksinə, materiyanı ideyaya çevirmək elə də çətin məsələ deyildir. Bəzən, ən çətin sualın cavabını cox asanlıqla, yəni, sadə dillə desək- bir yumruq zərbəsi ilə həll etmək mümkün olur.