Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin "Muğan" oteli yerləşən hissəsində - dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım, 22-23 yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. Düzünü desəm, bu mənzərədən bir qədər mütəəssir oldum, qeyri-ixtiyari əlimi cibimə salıb bir manat çıxartdım və qəpiklərin üstünə qoydum. Qadın yəqin yağışdan islanmasın deyə manatı o biri əli ilə götürüb gödəkçəsinin cibinə qoydu və özünəməxsus tərzdə dua etdi:
- Allah əvəzin versin!
Onun səsi o qədər məlahətli idi ki, istər-istəməz başımı yuxarı qaldırdım və gözlərimə inanmadım; qarşımda qumral saçlı, mavi gözlü bir gözəl dayanmışdı. Ömrümdə qadın üzündə belə mükəmməl uyarlıq, simmetriya görməmişdim. Bu, antik qadınlara məxsus sifət idi, üstəlik mavi gözlər... O, vəsmə, sürmə çəkməmişdi. Bu işi Yaradanın özü görmüşdü. Mənalı, dupduru gözləri bulaq suyu kimi axıb gedirdi. Əsmər çöhrəsinə doyunca baxa bilmədim. İşıqforun yaşıl işığı yandığı üçün maşını yerindən tərpətməli oldum...
Bu işə mat qalmışdım. Avtomobili idarə edə-edə özümdən israrla soruşurdum: necə ola bilər bu cür qənirsiz bir gözəl dilənsin? Onu əl açmağa vadar edən nədir? Bəlkə ərindən ayrılıb - tək-tənhadı, kimsəsizdi? Bəlkə xəstəsi var? Bəlkə...
Qəribədir, elə bil sehrə düşüb ofsunlanmışdım; səhər tezdən küçədə, üstəlik belə bir havada dilənən bu qadını görmək, onunla tanış olmaq, söhbət etmək istəyirdim. Nə idi məni buna sövq edən? Yazıçı marağı, yoxsa dincliyimə qənim kəsilən gözəlliyi? Məftunluq duyğusu, yoxsa mərhəmət hissi?.. Heç özüm də bilmirdim...
İş vaxtının başlanmasına hələ xeyli vardı. O qadını görmək arzusu mənə güc gəlib həmin işıqfora tərəf çəkirdi.
Qırmızı işıq yananda düz işıqforun yanında olum deyə maşının sürətini artırdım. Hesablamam düz çıxdı. Artıq işıqforun yanında dayananda həmin əl yenə maşının pəncərəsinə sarı uzandı və bu dəfə onun qaranquş yuvasına oxşayan bapbalaca ovcuna bir beşlik qoydum və o gülümsədi; bəmbəyaz mirvari dişləri bərq vurdu. Bir qədər təəccüblə, sonra isə minnətdarlıq və şəfqət dolu nəzərlərlə üzümə baxdı və yenə o biri əli ilə beşliyi götürüb gödəkçəsinin cibinə qoydu.
Baxışlarında müəmmalı bir sehr, ovsun duyulurdu. O, həqiqətən də gözəl idi: Bricit Bardo, Sofi Loren kimi. Bəlkə elə o da aktrisadır, filmə çəkilir, özü də dilənçi roluna - nə bilmək olar?
Əlbəttə, çox istəyirdim ki, ona nəsə bir söz deyim, heç olmasa, adını soruşum. Amma təəssüf ki, buna imkan olmadı - yol açılmışdı - məndən arxada sıralanmış maşınların sürücüləri siqnal verə-verə səs-küy salmağa başlamışdılar. Yenə çarəsiz halda maşını yerindən dəbərtdim və qəti əmin oldum ki, məni təkrar bura gəlməyə vadar eləyən qüvvə mərhəmət yox, məftunluq hissidir... Lənət sənə, kor şeytan! İşə düşmədim?!
Mən doğrudan da işə düşmüşdüm. O gündən həmin gözəlin dayandığı işıqforun altına çatanda əllərimiz görüşür, baxışlarımız toqquşurdu. Hər dəfə rastlaşanda onun sehrli təbəssümü ağlımı başımdan alır, cazibəsindən isə qurtulmaq asan olmurdu. Sadəcə, onu görmək, mələklərin çöhrəsini andıran təmiz üzünə, sirli təbəssümünə dönə-dönə baxmaq, yenə də baxmaq istəyirdim.
...Sabah şənbəydi, o biri gün də bazar. Özümə söz vermişdim, evdən çölə çıxmayacağam, bütün günümü yazı-pozu masası arxasında keçirəcəyəm. Tezdən qəlyanaltı eləyəndən sonra hiss etdim ki, yazı masam nədənsə, məni özünə sarı çəkmir, bütün fikrim-zikrim bayırda - "aktrisa" adlandırdığım həmin dilənçi qızın yanındadır...
* * *
Dünəndən yağan narın yağış kəsilmişdi. Göyün ayna üzü özünə gəlmiş, dupduru durulmuşdu. Buna baxmayaraq, isti geyindim. Kiminsə məşhur bir deyimi yadıma düşdü: "Payız günəşi vəfasız qız kimidir, inansan, aldanarsan".
Düşündüm ki, maşını bir qədər ondan aralıda saxlayım - söhbət etməyə imkanım olsun. Qəribədir, 13-14 yaşımda ilk dəfə sevməyə başladığım vaxtlardakı kimi həyəcanım durmadan artırdı, özümü tanıya bilmirdim...
O, həmişəki yerində dayanıb açıq əlini irəliyə uzatmışdı. Elə bil min ilin gözəllik ilahəsiydi - heykəlləşib tərpənmirdi. Özümdə cəsarət toplayıb bir qədər yaxına getdim, üzünə (əslində buna üz yox, klassik şeirimizdə deyildiyi kimi, çöhrə demək daha düzgün olardı) baxdım. O, sanki bir möcüzə idi... Mayası ilahi gözəllikdən yoğrulmuş bir möcüzə...
Məni görən kimi diksindi. Deyəsən, tanımışdı.
Sakit tərzdə:
- Salam, - dedim.
O dinmədi. Çaşqın-çaşqın üzümə baxdı. Bu zaman baxışlarından demək istədiyini oxumaq mümkün idi: "Sənə nə lazımdır?"
Handan-hana kilidlənmiş dil-ağzı açıldı:
- Polissən?
Mən güldüm:
- Yox, qorxma, polis deyiləm.
- Bəs onda məndən nə istəyirsən?
- Heç nə... Xoşuma gəldin, dedim tanış olum...
- Tanış olmağa adam tapmırsan?
- Səndən yaxşı adam? Adın nədi?
O, mənim təhlükəli adam olmadığımı göydəcə tutdu, zərif dodaqlarını azacıq dartaraq gülümsədi:
- Dorito.
Mən daha təəccüblə gözlərimi ona zillədim:
- Dorito? Sən məgər azərbaycanlı deyilsən?
- Yox, qaraçıyam.
Qeyri-ixtiyari fransız yazıçısı Prosper Merimenin qaraçı qızı Karmenini xatırladım.
- Dorito... Dorito... Bu, "Karmen" povestindəki varlı qadının adıdır...
- Varlı qadının? Hardaydı məndə o bəxt...
Mən dərhal dedim:
- Nə olub sənin bəxtinə?.. Şükür Allaha, adın da gözəldir, özün də gözəlsən... Bundan da böyük sərvət olar?.. Görünür, sən özün qiymətini bilmirsən...
Dorito pörtdü, yanaqları azca allandı və bu həyəcandan daha da gözəlləşdi.
Etiraf edim ki, o, həyatımda rast gəldiyim ən gözəl qadın idi. Ecazkar təbəssümü, mavi dəniz gözləri işıqla, sehrlə doluydu... Onunla ani təmasdan tilsimləndim, çıxılmaz bir cazibə dairəsinə yuvarlandım, Bermud üçbucağındakı kimi...
Söhbətin mövzusunu dəyişdim:
- Dorito, belə çıxır, sən bizim yerli qaraçılardan deyilsən, haradansa gəlməsən.
O, vəcdə gələrək həvəslə dedi:
- Hə... Biz lap keçmişdə İspaniyada olmuşuq. Oradan Rumıniyaya, Rumıniyadan Moldovaya, daha sonra Azərbaycana köçmüşük.
- Yəqin bu bir neçə əsr ərzində baş verib?
- Hə. Mən Azərbaycanda doğulmuşam.
- Axı mən bilən, qaraçılar çörək pullarını sədəqə toplamaqla yox, rəqs eləməklə, fala baxmaqla çıxarırlar...
- Hə, elədir. Taborda vaxtilə ən gözəl rəqqasə mənim anam olub. Amma indi rəqsə pul verən yoxdur. Son vaxtlar peyda olmuş ekstrasenslər, baxıcılar, görücülər öz yalanları, aldadıcı oyunları ilə falabaxmanı gözdən tamam salıblar. İndi yazıq qaraçılar qalıblar dilənməyin ümidinə.
Dorito danışdıqca sifəti haldan-hala düşür, elə bil məni özünə daha çox bağlayırdı. Duyğularıma hakim kəsilə bilmirdim. Nəhayət, sükutu pozdum:
- Sən fala baxa bilirsən?
O, gülümsəyə-gülümsəyə başı ilə işarə elədi:
- Əlbəttə!
- Onda mənim falıma bax...
O, zarafatla dedi:
- Bir balaca xərci var...
- Olsun...
Dorito sol əlimi sağ əlinin içinə aldı, bir xeyli diqqətlə baxdı, baxdı, sonra dedi:
- Bu nədi?.. Sən aşiq olmusan... Özü də möhkəm... Hım... Bu sevgi səni həmişə təqib edəcək... Elə sən də sevdiyin qadından əl çəkməyəcəksən...
Birdən sifəti tutuldu, təlaş və qorxu dolu bir həyəcanla:
- Amma əbəs yerə... Bu yalnız boş xülyadı...
Gözlənilmədən üzü də, səsi də sərtləşdi:
- Gedin, çıxın gedin burdan... Bir də gəlməyin... Xahiş edirəm... Yalvarıram... Elə etməyin ki, yerimi dəyişim...
Biz ilk gündən bir-birimizə nədənsə "sən"lə müraciət edirdik.
Mən əlimi cibimə saldım ki, pul çıxarım. O, etirazını bildirdi. İndi səsi birdən-birə daha da ciddiləşdi və mənə rəsmi şəkildə "siz" deyə müraciət etdi:
- Lazım deyil... İstəmirəm... Mən sizin falınıza pulsuz baxdım... Bir də axı hər şeyi demədim... gedin, çıxın gedin... çəkilin yanımdan...
Mən hiss etdim ki, o nəyə görəsə, bərk əzab çəkir. Odur ki, tərslik etmədim.
- İndi gedirəm, - dedim, - amma sabah mütləq gələcəyəm.
O dinmədi, başını aşağı saldı.
İntizarla gözlədiyim səhər açıldı, "Ağ çiçəyim"dən bir dənə, bəli, yalnız bircə dənə qızılgül qönçəsi aldım. Düşündüm ki, bəlkə dünyada ilk insanam küçə dilənçisinə gül bağışlayacağam. Bu qəribə hadisəydimi? Əsla yox! Çünki mən Doritoya küçə dilənçisi kimi baxmırdım, onunla yaxın, lap yaxın həmdəm olmaq istəyirdim. Dünən çox güman, o da falıma baxanda bunu hiss eləmişdi və bərk qorxmuşdu. Bunun zərəri yoxdu, qoy nə qədər müqavimət göstərir göstərsin, mən onu ram eləyəcəm! Qadınlar inadkar kişiləri sevirlər...
Həyəcan dolu bir sevinclə maşınımı tanış ünvana sürdüm, kənara çəkib saxladım. O, məni görən kimi dünənkindən fərqli qeyri-ixtiyari maşınıma sarı gəldi. Şüşəni endirib salamlaşdım. Nəzakətlə gülümsədi, başı ilə salamımın cavabını aldı. Qızılgül qönçəsini ehtiyatla Doritoya uzatdım. Diksinib qızardı, bir an duruxdu, əli havada quruyub qaldı. Tərəddüd etdi - gülü alsın-almasın? Sonra həyəcanla, təlaşla yan-yörəsinə baxdı. Kiminsə fikir vermədiyinə tam arxayın olub pulu və gülü tələsik aldı. Bu dəfə qızılgülün saplağına bir əllilik də bükmüşdüm. O, pulu həmişəki kimi gödəkcəsinin cibinə qoydu. Gül qönçəsini zərif və yaraşıqlı burnuna tutub iylədi.
- Ömrümdə birinci dəfədir ki, mənə gül bağışlayırlar, - titrək səslə dedi.
Səsindəki məlahətdən onun yumşaldığını hiss etdim:
- Səninlə yaxından tanış olmaq istəyirəm...
- Yoxsa həyatımdan povest yazacaqsan?..
- Ola bilsin... Əllərindən tutmaq, gözlərinə tamaşa eləmək istəyirəm...
O, qətiyyətlə başını yırğaladı:
- Ərimizdən başqa yad bir kişiylə görüşməyi bizə qadağan ediblər...
Mən dirəşdim:
- Hər halda, bir dəfə yoxlamaq olar. Həyatda risk lazımdır. Sən öz sərhədini keçirsən, mən də öz sərhədimi. Neytral zonada görüşürük...
- Neytral zonada?
- Hə.
- Ora haradı elə?
- Bağ. Dostumun bağı var. Həmişə məndən açarın lazım olub-olmadığını soruşur.
O, tənə ilə üzümə baxdı:
- Bizdə ərinə xəyanət edəni ya öldürürlər, ya da elə günə salırlar ki, özü-özünü o dünyaya göndərir...
- Gözdən, könüldən uzaq tənha bağ yeri... Sakitlik... Heç mələklərin də xəbəri olmur ki, nə işlə məşğul olursan...
- Bu yalnız xəyaldır.
- Amma mən ogünkü falçıya inanıram.
O, təəccüblə soruşdu:
- Hansı falçıya?
Özümü o yerə qoymadım:
- Mənim bir falçım var.
- O da mənəm, hə?
- Hə...
Dorito yüngülcə qızardı:
- Axı niyə başa düşmürsən, bu mümkün olan məsələ deyil.
O, yenidən mənə "sən"lə müraciət edirdi. Bu, məni çox sevindirirdi.
Sonra o, nəzərlərini məchul bir nöqtəyə dikərək, xəyala daldı. Gözləri yol çəkdi... Nəhayət, mən fürsəti fövtə verməyib, onu xəyaldan ayırdım:
- Dorito, axı məni niyə belə ovsunladın, niyə məni öz əsirinə çevirdin?..
Sifəti allandı. Bir an elə xoşbəxt göründü ki... Sonra gözlərini süzdürə-süzdürə mənə çəpəki baxdı:
- Kişilərin əsl sevgisi məqsədlərinə çatanacandır...
- Yox, sən elə gözəlsən ki...
- Bütün hallarda mənim üçün ailə qanunları hər şeydən üstündür.
- De görüm, istəyirsən mənə bir xətər dəysin?
- Başa düşmədim, - deyə o, qaşlarını çatıb üzümə baxdı.
- İnan, - dedim, - sənə rast gələndən sonra çox fikirli olmuşam. Yuxum ərşə çəkilib. Neçə yol az qalıb maşınla qəza törədəm. Gecələr də, gündüzlər də yalnız səninlə danışıram. Gözüm həmişə saatdadır ki, iş nə vaxt qurtaracaq, gedib səni görəcəm.
- Xahiş edirəm, bir də bu barədə danışma. Baxmayaraq ki, səni görəndə elə bil doğma adamımı görürəm. Ancaq üz vurma, yoxsa buradan birdəfəlik gedəcəyəm.
Doritonun "birdəfəlik gedəcəyəm" sözündən sonra məni fikir götürdü: bəlkə doğrudan da heç yaxşı iş görmürəm? Bütün günü küçədə sədəqə toplamaqla çörək pulu qazanan bir insanı incidirəm. Axı o kim, mən kim. Qəhərləndim, ürəyim sıxıldı. Özümü danladım, söz verdim ki, bir də o istiqamətə hərlənməyim, bu sevdadan biryolluq əl çəkim.
Düz bir həftə yolumu başqa yerdən saldım, yox, dözə bilmədim. Yenidən onu görmək arzusu ixtiyarımı əlimdən aldı, iradəmi sarsıtdı. Bir də baxıb gördüm ki, yenə həmin işıqforun yanındayam. Qaraçı gözəli də öz yerində dayanmışdı. Ancaq gələn maşınlara gözünün ucuyla da baxmır, fikir vermirdi. Çox dalğın və kədərli görünürdü. Baxışlarındakı qüssə açıq-aydın sezilsə də, əyin-başı təptəzəydi. Görkəmi tamam dəyişmişdi. Yalnız nurlu çöhrəsini xəfif, zərif bir çən bürümüşdü. Hiss etdim ki, o, məni görən kimi dirçəldi. Qeyri-ixtiyari gülümsədi. Hətta yaxınlaşıb salam verdi və ürkək-ürkək soruşdu:
- Sənə nə olmuşdu, xəstələnmişdin?
Əvvəlcə nə deyəcəyimi bilmədim. Tutuldum. Doritonun bu gözlənilməz qayğısı və səmimiyyəti ürəyimdə az qala sönməkdə olan hissləri təzədən alovlandırdı. Yalan danışmağa məcbur oldum:
- Yox, şəhərdə deyildim. Səfərə çıxmışdım.
- Səni gördüm, ürəyim açıldı, - dedi, - bu gün səni görəcəyim ürəyimə dammışdı. Gəlməyini həm istəyir, həm də istəmirdim. Bir az da darıxmışdım.
Susdu. Sifəti allandı. Baxışlarını üzümdən ayıraraq səmaya dikdi:
- Mənə bağışladığın gül... - sözünü yarımçıq kəsdi. - Mən qızılgülləri çox sevirəm... Ancaq gülü çox çətinliklə ərimdən gizləyə bildim. Allah eləməmiş, görsəydi, mənim sonum olacaqdı. O gün həyatımda ilk günahı işlətdim... O gündən ərimin gözünə dik baxa bilmirəm...
O tutuldu, çöhrəsi təzədən qaraldı. Bir xeyli susduq. Mən də narahat oldum. Özümü günahkar saydım. Arada uzun sürən sükutu pozdum və zarafatla:
- Dorito, maşallah, lap gözəlləşmisən. Yanaqların qızılgül ləçəyi kimi allanıb, - dedim.
O:
- Sənin bağışladığın gülün təsirindəndir bu, - deyərək susdu. Sehrli təbəssümü üzünü yenə qeyri-adi nura boyadı.
Onunla daha yaxından təmasda olmaq arzusu yenidən qəlbimi alovlandırdı.
- Dorito, heç olmasa, bir dəfə görüşək, bir saatlığa, ikimizdən başqa heç kəsin olmadığı yerdə... Doyunca söhbət edək, yalnız söhbət.
O, sınayıcı nəzərlərlə üzümə baxdı:
- Axı neynirsiniz məni, şəhərdə o qədər gözəl var ki...
Sözünü kəsdim:
- Yox, əsl gözəl mənim gözümdə elə sənsən, - dedim.
Həsrət dolu, nigarançılıq dolu baxışlarımı mənə son dərəcə doğma görünən iri mavi gözlərinə tuşladım. Bir xeyli susdu. Sonra yolboyu şütüyən maşınları gözdən keçirib mənə sarı çevrildi, sakitcə:
- Baxarıq da, - dedi. Və mən hiss etdim ki, deyəsən, arzularım yavaş-yavaş çin olmaq üzrədir...
Ertəsi gün görüşəndə yenə tərslik etdi:
- Axırda məni işə salacaqsan, vallah. Gəl bu sevdadan əl çək. Sənə yalvarıram. Biz təzəcə evlənmişik, ərimi də çox sevirəm. Lap sevməsəydim belə, yenə o istəyin baş tutmazdı.
Qaraçı qızlarının ələ keçməzliyini, ramolmazlığını bilsəm də, Doritonun füsünkar gözəlliyi, cazibədarlığı məni valeh etmiş, mən onu nəyin bahasına olursa-olsun ram etmək niyyətindəydim. Qaraçı kişilərinin bəzən xəlvət bir yerdə dayanıb öz qadınlarını güddüyünü, qorxulu bir hadisə baş verərsə, gözlənilmədən peyda olub onları qorumalarını, xoşagəlməz vəziyyətlərdən xilas etmələri barədə çox oxuyub, çox eşitmişdim. "Dorito bu qədər gözəldirsə, yəqin nəzarətsiz buraxmazlar" düşünür, həm də ehtiyatlanırdım. Ancaq onun dərin, dupduru mavi gözlərinin, işvəli baxışlarının, zərif təbəssümünün, gözəl əllərinin, uca boyunun qarşısında bütün qorxular zərif bir yaz çəni kimi dağılıb gedirdi. Amansız və qəddar ölümün özü də bu gözəlliyin qarşısında əllərini qaldırıb təslim olardı...
Çox cəsarətlə:
- Bu, məndən asılı deyil, - dedim.
- Qorxmursan?
- Yox, qorxmuram, sənin üçün lap ölümə də gedərəm!
Sonra azacıq fikirləşdi:
- Yaxşı, iki gündən sonra ərim harasa getməlidir... Saat üçdə burada... Ancaq söz ver ki, gedib bir yerdə yalnız çay içəcəyik, - dedi.
- Söz verirəm... Söz verirəm, - dedim. Sevincimdən az qala bayılacaqdım.
O, gülümsəyib, məni barmağıyla hədələdi: "Bax ha, söz verdin..."
Birdən ciddiləşdi, - o, indilərdə bu yanlarda görünməlidir, xahiş edirəm çıx get, - deyib sağını, solunu ürkək baxışlarla gözdən keçirdi, - bəlkə də bu dəqiqə hardansa peyda olacaq... İki gündən sonra gələrsən, - söyləyib aralandı.
Görüşümüzdən əvvəlki gecə, gənclik illərində olduğu kimi uzun müddət yuxuya gedə bilmədim. Yatağımda elə hey qurcalanır, tez-tez sağa-sola çevrilirdim.
İşdə də gözümü saatdan çəkə bilmirdim. Vaxt da tərslikdən dayanmışdı. Axır ki, üçün yarısı oldu. Maşına oturub, "öz işıqforuma" doğru üz tutdum. Ora çatanda saata baxdım. Düz üç idi. Dorito gəlməmişdi. Narahat oldum. Variantları götür-qoy edir, qaraçı qızına haqq qazandırırdım. Ənənənin gücü ilə vədinə xilaf da çıxa bilər və gəlməz də. Ərindən qorxar. Təsadüf nəticəsində nəsə baş verər... Və...
Dostumdan bağın açarlarını götürmüşdüm. (Baxmayaraq ki, Doritoya haradasa oturub çay içəcəyimizi söz vermişdim).
Xəyalımda onu gah bahalı restoranların, gah da beşulduzlu otellərin birinə aparırdım. Gah da özümü onunla bir yerdə dostumun Şüvəlandakı bağında hiss edirdim. Xəzərin sahilində olan bu bağ sanki hər ikimizi doğma övladı kimi bağrına basıb oxşayırdı. Biz xoşbəxt idik...
Gözüm yolda qalmışdı. İntizarla gözləyirdim. O, yox idi. Nəhayət, saat dördə on beş dəqiqə işləmiş Doritonun ağır-ağır, ovçu hənirini almış maral kimi səksəkəli halda maşınıma tərəf yan aldığını yan güzgüdə gördüm. Çox yorğun, əsəbi və dalğın görünürdü. Elə bil səhərəcən yatmamışdı. Görəsən, iki gecənin içində niyə belə solmuşdu? Nə gözlənilməz hadisə baş vermişdi? Hiss edirdim, qəşəng, təravətli, zərif dodaqları asta-asta tərpənir, pıçıltıyla nəsə deyirdi. Dua oxuyana oxşayırdı. Başını aşağı dikmişdi, zorla addımlayırdı - sanki edam kürsüsünə doğru yeriyirdi... Ciddi və qaşqabaqlıydı.
Bu mənzərəni seyr edəndən sonra qəlbimdən qara qanlar axdı. Nəfəsim tıncıxdı, darıxdım. Qapını açıb maşından düşdüm. Doritoya sarı bir neçə addım atdım. Üzbəüz dayandıq. O, başını yuxarı qaldıranda mən dəhşətdən yerimdə donub qaldım. Doritonun gül çöhrəsi qapqara qaralmış, şüşə kimi çiliklənmiş, eybəcər hala düşmüşdü, için-için ağlayırdı. Çaşmış halda soruşdum:
- Sənə nə olub? Bu nə haldı düşmüsən, Dorito?
- Dedim axı... olmaz... Görünür, Allahın qəzəbinə düçar olmuşam... İnan mənə, elə bilirəm maşına otursam, daha dəhşətli bir hadisə baş verəcək...
Özümü itirdim. Çaşıb qaldım. "İlahi, mən necə də amansızam", - deyə düşündüm. Daha heç nə məndən asılı deyildi, qəfildən maşına oturdum. Gözümə heç nə görünmürdü. Dorito gözlərimin qabağındaca qatı bir zülmətdə gizlənmişdi. Maşını yerdən elə sürətlə götürdüm ki, təkərlərin səsindən diksindim.
Doritonun mavi gözləri böyüdü, təəccüblə mənə baxdı. Zorla gülümsədim, yanından ötəndə qeyri-ixtiyari əl elədim. O, heç nə başa düşməyərək küt nəzərlərlə yenə mənə baxırdı. Gözlərindəki təəccüb və maraq sönməmişdi.
Onu güzgüdən seyr edirdim, sonra bir anlıq geri çevrilib o tərəfə baxdım. Dorito heykəl kimi dayanmışdı. Müqəddəs bir sevgiyə, ilahi bir gözəlliyə bələnmiş heykəl kimi...
Bəlkə bu qəribə, ağlasığmaz hərəkətlərimə görə qəzəblənmişdi? Bəlkə elə xoşbəxtlikdən yerində donub heykələ dönmüşdü? Bilmirəm...
Ordan uzaqlaşdıqca hiss edirdim ki, gülümsəyir, üzündəki təlaş, səksəkə çəkilirdi. Gülümsədikcə üzünün cizgiləri cilalanır, xof, təlaş itir, əvvəlki gözəlliyi bərpa olunurdu.
* * *
Uzun illər Dorito yadımda elə o cür də qaldı: qumral saçlı, mavi gözləri xoşbəxtcəsinə süzülən, sehrli təbəssümü ilə ruhumda yaşayan, qızılgülləri çox sevən zərif bir qaraçı gözəli kimi.
Mənbə: Milli Məclis Jurnalı
Müəllif: Hüseynbala Mirələmov
Həmçinin bax: Duz və su, Göndərilməyən məktub, Güzgü, Divardakı kərtənkələ, Səbirli olun, Dayanın, Cəhalət sənin düşmənindir, Böyük günah, Artıq dəyişəcəyəm