Yetmiş doqquz gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə, balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də, ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki, öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da lap kökəlmişdim. Ürəyim istəyəni bişirib yeyir, kefim istəyən vaxt yatıb-dururdum. Əsgərlərlə elə də yaxın ünsiyyət qurmazdım. Hamısı 18-19 yaşlı coluq-cocuqlarıydı. Öz yaşıdım olan qərargahın yazarı İbrahimlə dostluq eləyirdim ancaq. Çox vaxt qərargahda rəislərdən kimsə olmayan kimi, gedib otururdum kompyüterin qabağında, oyun oynayırdım. Təzə bir məşğuliyyət də tapmışdım. Telefonla daxil olduğum wap çatlar əməlli-başlı vaxt öldürürdü
* * * Müəllif: Nərmin Hüseynzadə
Yenə də çatda eşələndiyim vaxt, İbrahim “vızov” atdı. Demək qərargah boş idi, kompyüterdə oynamaq olardı. Tənbəl-tənbəl durdum yollandım ağ evə (bina hər ayın əvvəli də, axırı da əhəngləndiyi üçün (əsas odur ki, əsgər boş durmasın) yayda da, qışda da ağappaq olardı). İçəri girəndə, otdel-kadr Davud müəllimi (yaşlı kapitanıydı. Əsgərlər arasında hörməti çox yaxşıydı, ona görə heç kim ona rəsmi müraciət eləmirdi), İbrahimi və bir küncə sıxılıb sakit-sakit baxan gənc əsgəri gördüm. İbrahim başını yazdığı kağızdan qaldırmadan:
- Həkim, ”zyoman” gəlib, qarşıla.
- Gəlib-gəlib də… Mən gələndə məni qarşılayan olmuşdu?
Davud müəllim:
- Yekə-yekə danışma. Sən gələndə 24 yaşın varıydı. Get tanış elə çastın həyətiynən onu. Sənə tapşırıram yerlini.
İbrahim yenə də həmin vəziyyətdə:
- Adam olmadın da sən, həkim…
- Bir bu qalmışdı ki, yanıma “molodoy” s
alıb, bələdçilik, daydaylıq edim. Zəhləm gedir belə işlərdən. Özü də belə əsgərə.
Anasını itirmiş quzu kimi, gözünü döyüb mənə baxırdı. Orta boylu, ağbəniz, dolu oğlanıydı. Qəşəng demək olardı. Ama sözün düzü, mənim kişilərə deyilən “qəşəng”, “göyçək” sözlərindən heç xoşum gəlmirdi. Bilmirəm bu təbiətimdəki kobudluqdan irəli gəlirdi, yoxsa özümün də elə yaraşıqlı olmamağımdan. Amma əsgərin maraqlı gözləri varıydı. Mavi, bir az da nəmli. Kölgə kimi zəif bir qüssə varıydı bəbəklərində. “Körpə anasından ötrü darıxır” deyə beynimdən keçirdim.
- Adın nədi?
- Orxan Abbasov.
- Orxanı yadından çıxart. Abbasov, bax bura ayaqyoludu. Ordan içəri isə tanklar və maşınlar saxlanılan boksdu. Vaxtı çatanda, gedib görərsən oranı da. O aralıda yerləşən isə yeməkxanadı.
- Sənin adın nədir bəs?
- Dedim axı ki, adı yadından çıxart. Burda hamının bir adı var. Əsgər. Əsgər Abbasov, Əsgər Əliyev, Əsgər Vəliyev. Mənə isə Həkim desən də olar.
- Həkim, burda tualetin unitazları necədi? “Aziatskidi”, yoxsa?..
Dəli gülmək məni tutdu.
- Yox, “turetskiy” unitazlardı. Nəysə…
Təəccüblə gülümsəyib, üzümə baxdı:
- Yaman dedin amma…
- Düş dalıma. Bura əsgər kazarmasıdı. O aşağıdakı yer, ərzaq ambarıdı. Bura isə tibb məntəqəsi. İndi gəl gedək içəri, sənin tibbi kartanı hazırlayım.
İçəri girdik.
- Amma tibb məntəqəsi üçün çox bərbad yerdi.
- Hmm. Özəl klinika gözləyirdin sən?
- Biz deyəsən yerliyik, hə?
- Hə. Eyni şəhərdənik. Sən hansı tərəfində olursan?
Birdən fikrə getdi. Gözləri yol çəkdi. Sonra qəfildən də diksindi. Yaşadığı küçənin adını çəkdi. Bizdən çox uzağıydılar. Amma yaşadığı küçənin adını deyəndə, fikrə getdiyini, yenə də darıxmağıyla əlaqələndirdim.
- Həkim, sizdə mobil telefon var?
Elə yazıq-yazıq soruşdu ki, lap ürəyim ağrıdı.
- Hə, var. Danışmaq istəyirsən?
- Aha. 1-2 kəlmə danışardım evdəkilərlə.
- Götür zəng elə. Amma burda, içəridə danış, heç kim görməsin. Mənə heç nə deməzlər ancaq səni incidərlər. “Molodoy”san hələ, “qırxın” çıxmayıb.
Telefonu ona verib, özüm də bir siqaret yandırıb, çıxdım çölə. Qoy rahat danışsın. Qapının ağzından eşidilirdi içəridə bütün danışılanlar. Aha… anasıyla danışır. Səsi titrəyir. Zavallı. Sən ona hər şeyin yaxşı olduğunu yüz dəfə denən. O sənin səsinin titrəyişindən, gündə neçə dəfə onu yada salıb köks ötürdüyünü də bilir. Səninlə bərabər yatır, durur, yeyir, asvalt meydançada səninlə bərabər addımlayır. Analar belədi dostum…
Sağollaşdı. İndi kiminlə danışır? Pahooo… Qara qızın dərdi var imiş ki. Bir dənə də gözü yaşlı Leylası var ki, bunun. Bəlkə də heç gözü yaşlı da deyil. Əli-qolu açılıb indi, yeni-yeni proyektlər fikirləşir öz-özünə.
İbrahim gəldi:
- Nədi ala? Özünü günə verirsən?
- Yoox. Təzəgələn içəridə telefonla danışır.
- Nə telefon ala? “Molodoyları” yığırlar. Ona denən getsin ştabın həyətinə.
Qapını taqqıldatdım:
- Abbasov,yekunlaşdır. Səni çağırırlar.
- Həkim, çox sağ ol. Danişa bildim.
- Davay, qaç qərargahın həyətinə sizi çağırırlar ora. Tez ol.
- Oldu, mən getdim. Yenə də sağ olun həkim…
İbrahim arxasınca baxa-baxa:
- Yaman qəribə uşaqdı sənin bu yerlin.
- Ağzında uşaq deyirsən də …
- Bir az da deyəsən…. o məsələ, hə? – əliylə başını göstərdi.
- Nə bilim ee sən də. Xarabada ağıllı-başlı adam var ki?
- Amma çox imkanlıdır deyilənə görə. Əsgərliyə də öz istəyiylə gəlib. Ailəsində nəsə problem olub.
- Bizim adətimizdi da. Sevgilisiylə dalaşan qaçır əsgərliyə. Arvadıyla, ata-anasıyla küsülü olan da gedir gizir olur.
İbrahim möhkəmdən qəh-qəhə çəkdi:
- Ay sənin kefin olsun həkim. Adam olmadın da sən. Çayın var?
- Hə. Keç qoy peçin üstünə. Mən də bunu çəkim gəlirəm.
Beləcə günlərimiz yavaş-yavaş öz axarı ilə gedirdi. Hərbi xidmət, daha doğrusu, hal-hazırda mənim çəkdiyim hərbi xidmət, sanki ulu babalarımız olan ibtidai insanların həyat tərzini səhnəcikdə canlandırırıqmış kimi bir şey idi. Normal cəmiyyətdən fərqli olaraq, burda ağıllı-nadan, pullu-pulsuz qütbləri yox idi. Güclü və gücsüz, daha dəqiq desək, fiziki güclü və fiziki gücsüz qütblər var idi. Bu hamımızın bildiyi cəngəllik qanunları idi. Təbii ki, burda ağıl da, pul da artıq ikinci dərəcəyə keçirdi gücün qarşısında. Ulu babalardan, heyvanlardan fərqli olaraq bizim hərəkətverici qüvvəmiz daxili, anadangəlmə instinktlərimiz yox, yuxarıdan verilən əmrlər idi. Bu əmrlər isə hansısa komandirin həyətində odun doğramaqdan tutmuş, işləməyən nasaz “Ural”ı 600-700 metr məsafəyə qədər itələmək olurdu. Amma bəzən olurdu ki, bu ibtidai insan sürüsü arasından 1-2 dənə ağıllı da çıxırdı.
Adi, şablon, ardı-arası kəsilməyən, qurtarmaq bilməyən mənasız günlər. Çox dar, məhdud maraq dairəmdə gənc əsgər Abbasovdan başqa heç bir yenilik yox idi. O da hər gün, günaşırı gəlir, mobil telefonumdan iki nömrəyə zəng edirdi. Biri anası, biri də sevgilisi. Maraqlıydı ki, niyəsə telefonda həmişə anasının nömrəsi qalırdı. Yəqin ehtiyat edirdi ki, kimsə qara gözlü (bəlkə də göy, ya da yaşıl. Allah bilir…) sevgilisinin nömrəsinə zəng edər.
Getdikcə özümə yaxın bilməyə başlamışdım bu uşağı. Ən başlıcası saf, təmiz uşaq idi. Dəyişkən xasiyyəti varıydı. Gah gözlərinin içinə kimi gülər, gah da zəhrimar yağırdı üzündən. Bir də görürdün ki, bu dəqiqə ağlayacaq kimi dolub gəzir. Bütün bu vəziyyət də telefonla danışığından asılı olurdu. Son günlər sevgilisi ilə yaman kefsiz, narahat danışırdı. Deyəsən….
Dostum, hər qızda olan deyil ki, o qeyrət, 18 ay gözləsin söz verdiyi adamı. Birinci deyilsən, sonuncu da olmayacaqsan yəqin.
…Bu da son. Axır ki, çıxardıq o paltarı, soyunduq atdıq bir qırağa, hərbi biletləri alıb, bir-birimizə mütləq zəng edəcəyimizi, hətta imkan olarsa gəlib görüşəcəyimizi söz verib sağollaşırdıq. Amma dünyada, tələsik verilən bütün sözlər kimi bunlar da yalanıydı hamısı.
Abbasovla xüsusi görüşdüm. Lap kövrəlmişdi. Elə bil ki, telefonla bərabər onun əzizlərini də özümlə aparırdım.
- Darıxma, Orxan. Gözünü açıb yumunca, bir də görəcəksən ki, qurtarıb hər şey, artıq evdəsən.
Nəmli gözlərini üzümə zillədi:
- Darıxıram həkim, elə bir şey də qalmayıb amma. Lap az qalıb qurtarmağa…
Təəccüblə baxdım. Amma heç nə demədim. Uşaqdı da, qəribsəyib yəqin. Axı, burda onun yerlisi təkcə mən idim.
…Artıq 3 aydan çox olardı gəldiyim. Təyinatım üzrə düzəlmişdim xəstəxanalardan birinə işə. Soyuducunun buzxanasına qoyub getdiyim, baş beynimin “sevgi” adlı hissəsini çıxarıb taxmışdım yerinə. Elə səlist, rəvan işləyirdi ki, elə bil 1 il buzxanada qalan bu deyilmiş. Nəticəsini də görürdüm. 1 həftə olardı ki, təzə biriylə tanış olmuşdum. Hər şeyi yaxşıydı: sir-sifəti, geyim-keçimi. Amma tanışlarımdan birinin dediyi kimi, bütün qadınlarda olduğu kimi, bunda da şəkillə ağıl tərs mütənasibiydi. İllah da ki, çox danışmağı olmayaydı. Onunla keçirdiyim 60 dəqiqənin 40 dəqiqəsi dialoqa sərf olunurdusa, bu dialoqun da 35 dəqiqəsini o danışırdı. Qalan 5 dəqiqə isə mənim “hə” “yox” “bəlkə də” “bilmirəm” sözlərimə gedirdi.
Yenə də oturmuşduq Kür sahilindəki kafelərdən birində. Həmişəki kimi başlamışdı yenə də, öz bəxtindən, həyatından ağız dolusu gileylənməyə. Qulağım onda olsa da, gözlərim Kürdə avar çəkən idmançıların yanındaydı. Sevirdim mən bu idmanı. Gözəl mənzərəni arabir Sevdanın sözləri korlayırdı.
- …qurban sənə, mən demirəm ee hər gün axtar məni, bir yerdə olaq. Amma daha belə yox da. Bax, bu gün mənə neçə sms yazmısan? Cəmi 3-cə dənə. Onlar da hamısı mənim yazdıqlarıma cavab. Axı məni də başa düş, məndə insanam. Sevgiyə ehtiyacım var. Sevdiyim kimi, sevilmək də istəyirəm.
- ( …ilahi, kaş mən də bunun kimi beləcə asan sevə biləydim. Kaş mən də hisslərimi belə asanca idarə edə biləydim…)
- Niyə susursan, hə? Çünki söz tapmırsan. Çünki mən haqlıyam.
- Bilirsən nə istəyirəm Seva?
Gözlərinə işıq gəldi:
- Nə, qurban sənə?
- Sadeye qulaq asa-asa gecə, qaranlıqda qayıq sürmək.
- Cəhənnəm olsun sənin qayığın da, Saden də. Zövqsüzün biri. Mənə deyən lazımdı ki, ay ağılsız, sən başını niyə xarab edirsən ee bununla? Söz təsir edəndi buna? Sevən sənin kimi olmaz eee… Orxanı tanıyırdın? Mənlə bir sinifdə oxuyurdu. 6-ci sinifdən bir qız istəyirdi, Leyla adında.
- Kiiim…?
- Orxan. Tanıdın? Atasını Rusiyada öldürmüşdülər çoxdan. Amma dayıları imkanlıydılar. Belə yaraşıqlı, göygöz oğlan idi. Hə, onu deyirdim axı. 6-cı sinifdə oxuyanda, başqa sinifdən bir qız istəyirdi. 4 il süründü ee onun arxasınca. Axırda razılığını aldı qızın. Məktəbi qurtarandan sonra nişanlanmaq istəyirdilər. Ata-anası da razıydı qızın. Kim razı olmazdı eee. Özü də imkanlı, qəşəng, ağıllı, tərbiyəli oğlanıydı. Amma gör nooldu sən Allah. Son zəngimizdən heç 5 ay keçməmişdi. Qızgil ailəvi Qəbələdən gəlirdilər, yolda qəzaya düşdülər. Hamısı öldü. Orxan əsgərlikdə idi onda. Dəhşət! İndi də yadıma düşəndə tüklərim biz-biz durur. Allah heç kimə göstərməsin o müsibəti.
- Soyadı nə idi o Orxan dediyinin?
- Dəqiq bilmirəm… Amma deyəsən Abbasovuydu, ya da Abdullayev. Məncə Abbasov olmalıydı. Tanıyırsan?
Siqaretin tüstüsü boğazımda qaldı.
- Yoox. Elə-belə soruşdum.
- Həə. Onu danışırdım axı, Orxanı. Xəbəri eşidib gecə yarısı gedib tualetə asıb özünü əsgərlikdəcə. Gözünü niyə elə bərəldirsən? Sevən elə olar baaax. Yoxsa sən… Heç bilirsən ad günüm nə vaxtdı sən Allah? Hardan biləcəksən? Amma Sade’nin ad günü yox ee, nə bilim nə gününü də soruşsam, əzbər deyəcəksən. Bütün günü gözüm qalır telefonda ki, bu dəqiqə…
Artıq Sevdanın nə dediyini eşidə bilmirdim. Beynimdə hər şey qarışmışdı. Olmaz axı belə şey. Heç cür inana bilmirdim. Boğulurdum içimdəki hisslərin ağırlığından. Beynimdən paltarlı-paltarlı suya atılıb dəli kimi üzmək keçirdi. Bir də, “insan gözü, yer üzərindəki optik cihazların ən mükəmməlidir” deyən alimi tapıb, ona axmaq olduğunu demək…