Teymurun imperiyası və Cənubi Qafqaz

Teymurun imperiyası və Cənubi Qafqaz

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.
K.Marks Teymurləngin yeritdiyi siyasəti və etdiyi zülmü aşağıdakı kimi səciyyələndirmişdi: «Teymurun siyasəti minlərlə qadın, uşaq, kişi və cavanlara işgəncə verməkdən, onları qılıncdan keçirməkdən, qırmaqdan və bununla da hər yerdə dəhşət yaymaqdan ibarət idi… O hər yerdə şəhərləri dağıdır, yandırır, əhalini isə zülmlə öldürürdü». «Teymur hər yerdə özündən bir qəbristan sükutu qoyub gedirdi».

Teymurləng də öz sələfi Çingiz xan kimi «dünya imperiyası» yaratmaq arzumunda idi. Lakin əgər Çingiz xan yaradacağı imperiyanı monqol atlarının dırnaqları dəyən yerlə hüdudlaşdırırsa, Teymurləng: «Göydə allah tək olduğu kimi, yer üzündə də ancaq bir şah olmalıdır, dünyanın əhali yaşayan hissəsi o qədər kiçikdir ki, iki padşahın olmasına ehtiyac yoxdur»- deyirdi. 
Məğribdən məşriqə kimi kilometlərlə uzanan teymuri imperiyasında «hülakü ulusu» Cənubi Qafqaz öz strateji əhəmiyyətinə, ictimai-siyasi mövqeyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki, Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, üçillik, beşiillik və yeddiillik yürüşlərin başlıca hədəfi Azərbaycan və Gürcüstan idi.
Son dərəcə qəddar və amansız yadelli işğalçılara qarşı təklikdə müqavimət göstərməyin səmərəsizliyi Cənubi Qafqaz xalqlarının, xüsusilə gürcülərin və azərbaycanlıların yaxınlaşmasına səbəb olmuşdu. Təsadüfi deyildi ki, gürcü çarı VII Georgi, Şəki hakimləri Sidi Əli və Sidi Əhməd, Ərdəbil hakimi Bistan Cəyir və başqaları Şirvanşah I İbrahimə yaxınlaşaraq onun müttəfiqi olmuşdular. Seperatçılıq göstərən, hadisələri seyrçi gözü ilə izləyən erməni feodallarının aqibəti xeyli ağır oldu, belə ki, Teymurləng müsəlmanlara nisbətən xristian ermənilərə münasibətdə yumşaq olmasına baxmayaraq istila etdiyi yerlərdəki (Foma Metsonski Teymurun viran qoyduğu 40-dək yerin adını çəkir) qalaları, müdafiə tikililərini uçurub yerla yeksan edirdi.

Qeyd edildiyi kimi, Cənubi Qafqazda Teymurun işğalçı yürüşlərindən xilas olmaq ancaq Şirvanşahlara müəssər olmuşdu. Şirvanşah I İbrahim Dərbəndi öz uzaqgörənliyi və diplomatik bacarığı nəticəsində Teymurun rəğbətini qazanmışdı. Cənnabi yazırdı ki, Şirvanşah İbrahim öz mülazimlərini çağırıb Teymura müharbə edib­etməmək haqqında onlarla məsləhətləşmişdi. Mülazimlər müharibə etməyin lazım olduğunu söylədikdə I İbrahim onlara gözlənilməyən cavab vermişdi: «Mən öz qoşunumu qıpçağın qılıncına verib, öz rəiyyətimi at dırnaqları altında məhv edə bilmərəm. Mən özüm şəxsən onun yanına gedəcəyəm. Əgər ölsəm heç, qalsam o zaman mənim rəiyyətlərimi cığatay soyğunundan və talanından xilas olmuş olar ki, bu da mənim ən sonuncu məqsədimdir».
Şirvanşahlar dövlətinin teymurilərlə ittifaq ölkənin daxili qüvvələrini qorunub saxlanılmasına imkan yaradaraq Şirvanşahların Azərbaycanın şimal torpaqlarının öz ətrafında birləşməsi uğrunda mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulurdu. XIV əsrin sonlarından etibarən güclənməkdə olan bu proses XV əsrdə Azərbaysanın cənubundakı tarixi ərazilərində Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468­1500), şimal torpaqlarında  isə Dərbəndilər sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətinin (1382-1538) yüksəlməsi ilə nəticələndi. Gürcüstanda isə bu proses VII Georginin xələflərinin hakimiyyətdə olduğu gürcü çarlığının möhkəmlənməsinə gətirib çıxardı. Qeyd etmək yeriən düşərdi ki, gürcü çarlığı iləŞirvanşahlar dövlətinin ittifaqı qohumluq əlaqələri ilə də möhkəmləndirildi.

Cənubi Qafqazın, xüsusilə Azərbaycanın zəngin yaylaqları və qoşunları Ə.Ə.Əlizadənin dönə-dönə qeyd etdiyi kimi türkdilli köçəri-maldar tayfaların ən çox arzuladığı yer olmuşdu. Köçəri əyanların Arran və Muğanda daimi məskənləri meydana gəlirdi. Teymurilərin hakimiyyətdə olduğu dövr ərzində Orta Asiyadan İran, İraq və hətta Kiçik Asiya vasitəsilə türk etnosunun Azərbaycana axını ayrı-ayrı teymuri hökmdarlarının müdaxiləsi nəticəsində olduqca gücləndirilirdi. Belə ki, Miranşahın əmri ilə XIV əsrmn sonlarında Türkiyə və Suriyadan türkdilli 50 min əsir ailə Qarabağ, Gəncə vəİrəvana köçürülmüşdü. Məcbur olaraq Cənubi Qafqaza köçürülən türk ailələri Miranşahın ordusuna on minlərləəsgər verirdi. Zaman keçdikcə bu köçərilər yerli əhali ilə qaynayıb-qarışır, assimliyasiya olunurdular.
Beynəlxalq karvan ticarəti yollarının ayrıcında olan Azərbaycan şəhərlərini daimi əllərində saxlamaq üçün bu şəhərlərdə türkdilli ailələrin yerləşdirilməsi təbii hala çevrilmişdi. «Azərbaycan» kitabının müəllifi Məhəmədhəsən Baharlı (Vəliyov) göstərirdi ki, Hülakülərin hakimiyyəti dövründəİrana 200 min türk ailəsi köçürülmüşdü ki, sonralar Teymuri işğalları dövründə həmin ailələr Azərbaycanda məskunlaşmışdılar. Mənbələr həmin ailələrin əsasən aşağıdakı qəbilələrdən ibarət olduğunu söüləmyə imkan verir: qacar, zülqədər, çobani, baharlı, padar, ustaclı, lək, xəlildli, sar-sar, işqaq, osallı, zəngan, armalı, şilyar (şiryan) və s. Azərbaycandan Kiçik Asiyaya köçmüş səlcuq qəbilələrinin bir hissəsi də XIV əsrdə Azərbaycana qayıtmışdı. Belə ki, mənbələrdə «ayrum-Rum elindən çıxmışlar» (Anadoludan) adlanan səlcuq qəbiləsindən olanlar Gəncə və Qarabın ərazisində yerləşmişdilər. Məhz qeyd edilən prosesi nəticəsində artıq XIII əsrdən etibarən Azərbaycan dili Cənubi Qafqazda işlək dilə çevrilmişdi. XIV əsrdən etibarən isə bu dildə ilk ədəbi əsərlər meydana gəlməyə başlamışdı. XII-XIV əsrlərə dair erməni, gürcü mənbələri, Avropa səyyahlarının qeydləri məhz XVII-XIV əsrlərdən etibarən türk-Azərbaycan dilinin bütün Qafqazda ümumişlək dilə çevrildiyini söyləməyəəsas verir.

Teymurilərin ağalığı dövründə Azərbaycana türkdilli etnosun miqrasiyası ilə yanaşı, yerli oturaq türk etnosunun zorla öz tarixi ərazilərində uzuqlaşdırılması prosesi gedirdi. Min illər boyu yaşadıqları topaqlarda nadir sənət inciləri – maddi-mədəniyyət nümunələri yaratmış yüz minlərlə Azərbacyan sənətkarları, ədəbiyyat, elm, incəənət xadimləri, zorla Orta Asiyaya və Volqaboyuna köçürülür, Azərbaycan torpağının yeraltı və yerüstü sərvətləri talan edilirdi. Təsadüfi deyildi ki, dünya mədəniyyəti xəzinəsinə saysız incilər bəxş etmiş, özündən əvvəlki və sonrakı yüzilliklərlə müqayisədə XIII-XIV əsrlər son dərəcə kimsəsiz və kasıb görünürdü. Əvəzində Volqaboyundakı Qızıl Orda, Orta Asiyadakı Teymuri şəhərləri çiçəklənir, indinin özündə belə bəşəri təxəyyülü heyrətdə qoyan memarlıq, sənətkarlıq və mədəniyyət işçiləri meydana gəlirdi, möhtəşəm sarayların divarları, elmi fikrin nailiyyətləri türk-oğuz etnosunun alın təri vəəti-qanı ilə yoğrulmuşdu.
Bütövlükdə götürüldükdə, monqolların və teymuri ordularının talançı yürüşləri Azərbaycannı ictimai, siyasi və iqtisadi inkişafının azı iki əsr ləngitmişdi, kənd təsərrüfatı bərbad vəziyyətə düşmüş, aclıq «qılıncını sıyırmış», çiçəklənən vilayətlər xarabazara çevrilmiş, şəhər həyatı tənəzzülə uğramış, beynəlxalq ticarətin inkişafına ağır zərbə vurulmuşdu. Hadisələrin müasirlərindən birinin yazdığı aşağıdakı sətirlər dövrün acınacağlı mənzərəsini canlandırmağa imkan verir: «Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü…. Gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır».

Teymurun yürüşlərindən ən çox çəkən Cənubi Qafqaz şəhərləri- Təbriz və Tiflis idi. Hər iki şəhər Teymurun «üçlük», «beşillik», və «yeddiillik» yürüşlərinin bütün əzablarına məruz qalmışdı, istilaçılar Tiflis şəhərində böyük dağıntılar törətmişdilər. 1385-1392-c illər ərzində Təbriz 8 dəfə Toxtamış və Teymurun hücumlarına məruz qalmışdı. 1385-1401-ci illər arasında Azərbaycanın ərazisində (Təbriz şəhəri nəzərə alınmamaqla) 10 dəfə qanlı vuruşma getmişdi, 1385-ci ildə Marağa, 1386-cı ildə Naxçıvanada, 1387-ci iddə Şəkidə, 1387 və 1394-cü illərdəŞirvanda, 1388-ci ildə Mərənddə, 1387, 1393, 1397 və 1400-cü illərdə isə Əlincə qalası ətrafında gedən döyüşlərdə on minlərlə azəri türkü doğma torpaq uğrunda qurban getmişdi.
Tədqiqatçılardan A.Y.Yakubovski Teymurləngin Orta Asiya tarixində oynadığı mütərəqqi rolu eynilə başqa xalqlara da şamil etməyə çalışır. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Teymurun Qızıl Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya – Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşləriniə birdəflik son qoyuldu. Şübhəsiz ki, bu Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də «yeganə» xidməti idi. Teymurun Qızıl Orda üzərinə sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi.
Nəhayət, Cənubi Qafqaz xalqlarının həyatında teymuri işğallarının nəticələrindən danışarkən bir cəhəti yaddan çıxarmaq olmaz ki, istilaçıların azğınlığı, törətdiyi vəhşiliklər xalq kütlələrinin dərin narazılığına səbəb olaraq azadlıq uğrunda mübarizənin güclənməsinə təkan verirdi. 1403-1406-cı illərdəİspaniya kralı tərəfindən Səmərqəndə, Teymurun sarayına elçi sifəti ilə göndərilən Klovixo Qonzales de Ryun Teymurun tutduğu yerlərdə əhaliyə edilən zülmdən, ordu məmurlərının və əsgərlərin özbaşınalığından bəhs edərək yazırdı: «Teymurilər sarayına gəlmiş hər hansı bir dövlətin elçilərini müşayət edən əsgərlər, hər hansı şəhər və kənd olursa olsun, girən kimi qabaqlarına düşən birinci adamı tutub… özləri at üstünda getdikləri halda onu dallarınca sürükləyib ərrənsin (kəndxudanın) evini göstərməsini tələb edirdi. təsadüf etdikləri adamdarı əvvəlcə ağac və qamçı ilə döyərək ət, yağ, çörək, bal və s. gətirmələrini tələb edirdilər. Elçini görən kimi bazar və küçələrdə bir adam belə qalmırdı, hamı «elçi» deyərək dükanları bağlayıb evlərində gizlənirdilər». Səyyah davam edərək göstərirdi ki, «çox təəccüblüdür… bu adamlar həddindən artıq vəhşicəsinə hərəkət edirlər. Onlar hökmdarın fərmanıdır deyə istədikləri şeyi alır və əhalini döyürdülər. Əgər bu elçilər gecələməli olsalar əhali onların atlarını yerləşdirməli və özlərini lazımi ərzaq ilə təchiz etməli idilər».

Teymurilərin zülmünə qarşı güclənməkdə olan xalq hərəkatı öz ifadəsini dini-siyasi təlimlərdə tapırdı, bu ictimai ədalətsizliyə, zülmə qarşı mübarizənin təzahür vasitəsi idi. Azərbaycanda islam dini ehkamlarına və Teymurilərin ağalığına qarşı çevrilmiş belə dini-siyasi təlimlərdən biri də hürufilik (ərəbcə «hərflər» sözündən olub şiəlikdə təriqət bildirir) idi. Hürufilik XVI əsrin sonlarında Naxçıvanda, Astrabadda meydana gəlmiş, XV əsrin əvvələrində isəİran, Türkiyə və Azərbaycanın qalan ərazilərinə yayılmışdı. Hürifilik təliminin banisi Fəzlullah əl Hürufi Təbrizi Astrabadi Nəimi, ən görkəmli ardıcıllıraı Əliyül-Əla, Nəsimi, Seyid İshaq və başqaları idi. Hürufilik təlimi XIV əsrin ictiimai-fəlsəfi fikri tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik, manixiyçilik, vəzəsilik hərəkatın ilə üzvi surətdə bağlı idi.
Hürufilik mənəvi və cismani inikşaf nəticəsində insanın allahlaşmasına, ilahiləşməsinə, həmin inkişafın pozulması nəticəsində isə insannı dəcalə çevrilməsinə inanırdılar. Hürufilər məhz bu mənada Fəzlullaha iman gətirir, onun ilahiliyinə inanırdılar. Mənbələr hürufiliyin təlimdən təşiklata çevrilməsi haqqında maraqlı məlumatlar verir. Hürufilik siyasi təlim kimi Nəiminin «Məhəbətnamə», «Vəsiyyətanmə», «Naumnamə», «Cavilane-Kəbir», «Cavidane-Səqir» və «Ərşnamə» əsərlərində şərh olunmuşdur. Mənbələrə görə, Nəimi Teymurləngin əmri iləŞirvanda həbsə alınaraq dini məhkəməyə verilmiş və 1394-cü ildə Miranşah tərəfindən Naxçıvanda edam edilmişdi. Nəiminin ömründən sonra onun tərəfdarları müsəlman Şərqinin hər yerinə yayılaraq «dəcca»lın zühur etdiyini (hürufilərə görə Teymurləng dəccal hesab olunurdu) və onun «şərinin» aradan götürülməsinin savab olduğunu təbliğ etməklə teymuri hökmranlığına qarşı barışmaz mübarizə aparırdılar. Təsadüfi deyildi ki, hürufilik Teymurləng və onun xələfləri tərəfindən amansız təqib olunurdu.
Nəiminini ardıcıllarından İmadəddin Nəsiminin də taleyi ustadının taleyi kimi faciəli olmuşdu. Ruhanilərin fitvası ilə Nəsimi 1417-ci ildə Suriyanın Hələb şəhərində dərisi diri-diri soyulmaqla əzablı ölümə məhkum edilmşidi. Nəsimi yaradıcılığını hürufilik təliminini zirvəyə çatması deməkdir. Nəsiminin allahlaşmış insanı hər cür zülmə və dini xürafata ölüm hökmü yazırdı.

Beləliklə, Teymurləngin və onun xəlifələrinin işğalçılıq yürüşləri nəticəsində törədilən dağıntılar, əhaliyə tutulan işgəncəli divanlar teymuri dövlətinin əsalarındadək sarsıdan xalq azadlıq mübarizəsinə təkan verməklə onun süqutunu sürətləndirdi. Teymuri «imperiyasının» xarabalıqları üzərində Azərbaycanda Qaraqoyunlu vəŞirvanşahlar dövlətləri yüksəlməyə başladı.
Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və sərkərdələrin işğalçı yürüşləri nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. Belə böyük feodal «imperiya»larından biri də XIV-XV əsrlərin hüdudunda meydana gəlmiş Teymuri dövləti idi. XIV əsrin 70-ci illərində Teymurləngin başçılığı altında Məvaraünnəhrdə yaradılmış feodal dövlətinin altında özünün və xələflərinin apardığı işğalçılıq müharibələri nəticəsində qərbdə Egey dənizi və Fələstinə, şimalda Dəşti-qınçaqa (Qıpçaq səhrasına), cənubda Misir sərhədlərinə, şərqdə isə Çin sərhəddini qədər uzanırdı.
Teymurilərin istilaları ərəfəsində Cənubi Qafqazda feodal pərakəndliyi hökm sürürdü. Belə ki, Azərbaycanın Şirvanşahlar dövlətinin tərkibində olan Kür çayına qədər olan şimal torpaqların istisna olmaqla qalan ərazilərində feodal pərakəndliyi hökm sürürdü. Azərbaycanın cənubunda yüksəlməkdə olan Qaraqoyunlu tayfa ittifaqı hələ cənub torpaqlarının birləşdirmək ixtiyarında deyildi. Gürcüstanda yeodal pərakəndliyi hökm sürürdü. Tarixi torpaqları Cənubi Qafqazın hdudlarından kənarda yerləşən Ermənistan (Erməniyyəni) ayrı-ayrı şəhərlər təmsil edirdilər. XIV əsrin sonlarında Cənubi Qafqazda mövcud olan belə şərait ölkənin maddi ehtiyatlarının və canlı qüvvələsini teymurilərə qarşı birləşdirməyə imkan vermirdi. Yaranmış şəraitdə ayrı-ayrı feodal hökmdarların teymurilərlə itifaqa girərək vassal asılılığını qəbul etməsi onların hakimiyyəti altında olan ərazilərin teymurilərin talançı yürüşlərindən xilas olmasına imkan yaradırdı. Şirvanşah I İbrahim Dərbəndinin Teymurləngin müttəfiqinə çevrilməsi Şirvan dövlətinin talançı yürüşlərə hədəf olmaqdan xilas etdisə, Şirvanşahın vasitəçiliyi ilə Şəki hakimi Sidi Ədi və gürcü çarı Georginin Teymur tərəfindən tanınması Şəki və Gürcüstanın tarixi taleyindəəhəmiyyətli rol oynadı.
Gürcü, erməni və rum mənbələri Teymurləngi «tanrının növbəti bəlası», onun istilaçı yürüşləri dövrünü isə fəlakət və faciələr dövrü kimi səciyyələndirirdi. Foma Metsopski yazırdı ki,, «Teymurləng gedəndən sonra fəryad səsləri göylərə ucaldı… Arçeşdən tutmuş İberiyaya-Ağvanın Kür çayınadək bütün ölkə əzab və işgəncələrə tutulmuş, (əhalisi) qırılmış və əsir edilmiş, günahsızların qanına boyanmışdı».

Teymuri işğalları əkinçilik mədəniyyətinin yüksək səviyyədə olduğu ölkələrin təsərrüfat həyatına və mədəni inkişafına ölümcül zərbə vurdu. Oturaq xalqların min illər boyu yaratdıqları köçərilərin zərbələri altında yerlə yeksan edildi. Məhsuldar zəmilər suvarma sistemləri, nadir mədəniyyət abidələri və bu abidələri yaradan xalqlar – bir sözlə, teymuri qoşunlarının atının ayağı dəyən yerlər xarabazara çevrilirdi, bütün yaxşı sənətkarlar, istila olunmuş ölkələrin var-dövlət Orta Asiyaya yola salınırdı. Bütün tarixi ədəbiyyatlarda XV əsr Orta Asiya xalqlarının mədəni inkişafının yüksək səviyyəsi ilə səciyyələndirilir. Əslində həmin mədəniyyət öz vətənlərindən didərgin salınmış adlı-sanlı ustaların, sənət adamlarının çiyinləri üzərində yüksəlmişdi. Teymuri işğallarından sonrakı dövrdə həmin işğallara məruz qalmış xalqların mədəni inkişafında, iqtisadi həyatında boşluq yarandığını görürük. Teymurləngin Orta Asiya tarixində müsbət rol oynadığını göstərən tədqiqatçılar onun ümumiyyətlə təbii-tarixi inkişaf prosesinə vurduğu zərərin üstündən sükutla keçirdilər.
Görkəmli şərqşünas tədqiqatçılardan B.Bortold və A.Yakubovski Teymurləngin «dünya xalqları qarşısında iki böyük xidmətini» xüsusi qeyd edirlər. Birincisi, 1395-ci ildə Teymurləngin Qızıl Ordanı darmadağın etməsi nəticəsində rus, Volqaboyu və Cənubi Qafqaz xalqlarının tatar zülmündən xilas olması, ikincisi, 1402-ci ildə Osmanlı Türkiyəsinin darmadağın edilməsi nəticəsində Avropa, Afrika və cənub-qərbi Asiyanın türk zülmündən nicat tapması. Şübhəsiz, Qızıl Ordanın darmadağın edilməsi mütərəqqi hadisə idi. Lakin Osmanlı Türkiyəsi haqında ikinci fikir düzgün deyil. Çünki Osmanlı Türkiyəsi göstərilən dövrdə özünütəsdiq uğrunda mübarizə aparırdı. Teymurləngin müdaxiləsi həmin prosesi ləngitsə də, onun qarşısını ala bilmədli.
Teymurləngin strateji planlarında «Hülakü ulusuna» -Cənubi Qafqaza xüsusi əhəmiyyət verilirdi. Təsadüfi deyildi ki, 1385-1405-ci illərdə Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, Azərbaycan və Gürcüstan «3 illik», «5 illik» və «7 illik» yürüşlərin başlıca hədəfi idi. Ermənistan da fəlakətdən kənarda qalmamışdı. F.Metsopskinin yazdığına görə, teymurilərin yürüşləri nəticəsində minlərlə adam həlak olmuş, qul edilmiş, 40-dan yuxarı yaşayış məskəni yerlə-yeksan edilmiş, qalalar, müdafiə istehkamları uçulub yerlə yeksan edilmiş, ölkə kmmsəıizləşmişdi.
Teymurun istilaçı yürüşləri başqa yerlərdə olduğu kimi, Cənubi Qafqazda da kortəbii kəndli çıxışlarına səbəb oldu, xalq kütlələrinin azadlıq mübarizəsinin güclənməsinə Azərbaycan və gürcü xalqlarının yaxınlaşmasına gətirib çıxardı. Əlincə qalasının 14 ilədək davam edən müdafiəsi uğrunda döyüşlərdə gürcü xalqının oğulları da qurban getdi. Teymuri işğallarına qarşı mübarizə sonralar qoca şərqin bir çox ölkələrində özünə tərəfdar toplamış hürufilik dini-siyasi hərəkatının meydana gəlməsinə səbəb oldu, dahi Azərbaycan mütəfəkkirləri Fəzlullah Nəimi vəİmadəddin Nəsimi bu yolda şəhid oldular.

Teymurilərə qarşı mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulmuşdu. XV əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarında tarix səhnəsinə müstəqil Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətləri qədəm qoydu: müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq Azərbaycan xalqının təşəkkülü, türk-azəri ədəbi dilinin formalaşması prosesləri gedirdi. Yerli türk etnosu Teymurləngin köçürmə siyasəti nəticəsində Cənubi Qafqazda yerləşdirilmiş köçəri türk xalqları hesabına daha da gücləndirildi. Cənubi Qafqazın təbii-coğrafi şəraiti çox tezliklə həmin tayfaların oturaqlaşmasına səbəb oldu. Nəticədə türk­azəri dili Cənubi Qafqaz və Yaxın Şərqin ümumişlək dilinə çevrildi.
Teymur və monqol istilaları Cənubi Qafqaz xalqlarına görünməmiş müsibətlər gətirərək onun ictimai­siyasi, mədəni və iqtisadi inkişafını azı iki əsr ləngitmiş, bütün orta əsr səyyahlarının dönə-dönə vəsf etdikləri Qafqaz şəhərlərini, onların təsərrüfat həyatını tənəzzülə uğratmışdılar.

Ədəbiyyat

  1. Azərbaycan Sovet Ensiklopediyası, I cild, B., 1976
  2. Azərbaycan Sovet Ensiklopediyası, IX cild, B., 1986
  3. Azərbaycan tarixi, 1-ci cild, B., 1961
  4. Babayev İ.A., Əhmədov Q.M. Qəbələ, B., 1981
  5. Bünyadov T.Mərd qalalar, sərt qayalar, B., 1986
  6. Əliyev R. Azərbaycan VII-XVI əsrlərdə, B., 1980
  7. Həmdullah Qəzvəni. Zeyl-e tarix-e qazide («Seçilmiş tarix»ə Həmdullah Qəzvini əlavə) B., 1990
  8. İbrahimova C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1956
  9. Nemətova M.K. Şirvanın XIV-XVI əsrlər tarixinin öürənilməsinə dair, B., 1959
  10. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. B., 1982
  11. Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985
  12. Mestopski F. Teymurləngin və onun xələflərinin tarixi. B., 1957
  13. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, 1977
  14. Məmmədov R., Piriyev V. Teymurləngin Əlincə səfəri, «Elm və həyat», 1977, №9
  15. Məmmədov S. Azərbaycan VII-XVI əsrlərdə, B., 1980
  16. Məmmədov S. Azərbaycan XV-XVIII əsrin birinci yarısındaB., 1981
  17. Piriyev Z.V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, B., 1978
  18. Ализаде А.А. Социально-экономическая и политческая история Азербайджана XIII-XIVвв. Б., 1956
  19. Архив Маркса и Энгельса. T.VI, 1939
  20. Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.) Б., 1983
  21. Гиясаддин Али. Дневник похода Тимура в Индию. М., 1958
  22. История Армении, Ереван, 1981
  23. История Грузии. Т.1, Тбилиси, 1962
  24. История Ирана с древнейших времен до конца XVIII века. Л., 1958
  25. История СССР, Т.II, М., 1966
  26. История Узбекской ССР Т.1, кн.2, Ташкент, 1955
  27. Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968
  28. Новосольцев А.П. Об исторической оценке Теймура. «Вопросы истории», 1973, №2
  29. Петрушевский И.П. Иран и Азербайджан под властью Хулагидов (1256-1353) и татаро-монголы в Азии и Европе. М., 1970
  30. Сумбатзаде А.С. Азербайджанцы -этногенез и формирвание народа. B., 1990

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

Top