Biz evə qəzet almırıq

Biz evə qəzet almırıq

Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq yerində də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə getmişdir.
Bir az sonra dostumun arvadı salona gəldi.
- Sabahınız xeyir!...
- Sabahınız xeyir...
- Rahat yata bildinizmi?
- Çox rahat yatdım.
- Xidmətçidən qəzet istəmişsiniz?
- Bəli.
Qadın pıçıltı ilə dedi:
- Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
- Nə üçün?
O yenə də pıçıltı ilə dedi:
- Əvvəllər hər səhər üç qəzet alırdıq, indi almırıq... Altı aydır evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
- Nə üçün yavaşcadan danışırsınız – deyə soruşdum.
O bir az da qulağıma tərəf əyilib dedi:
- Uşaqlar eşitməsin deyə...
Bu zaman dostum o biri otaqdan arvadını çağırdı. Səhər yeməyində dostumdan soruşdum:
- Nə üçün sizin evə qəzet gəlmir?
O gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstə qoydu:
- Sı-s-s.
Az sonra, uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:
- Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız? Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da təkbaşına oxumağı öyrənmişdir. Bir dəfə bazar günü idi. Hamımız evdəydik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:
- Nənəcan, striptiz nə deməkdik? - deyə soruşdu. Anam:
- Sus, o nə sözdür... Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! - deyib, oğluma acıqlandı.
Mənə görə, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə... Həm də uşaqların sual vermək arzusunu boğmaq çox böyük səhvdir.
Oğlum anamın sualına:
- Heç kimdən öyrənməmişəm, nənəcan, qəzetdə yazılıb...- deyə cavab verdi, - «Striptiz ulduzu...»
Anam yenə:
- Sus deyirəm sənə! - deyə açıqlanaraq qəzeti oğlumun əlindən aldı.
Mən yavaşcadan anama dedim:
- Uşağa belə acıqlanmaqla heç də yaxşı iş görmədin! İndi uşaq daha da maraqlanacaq. Onların hər sualına cavab vermək lazımdır... Uşağı başa sal!
Anam:
- Görəcək günlərimiz varmış! - dedi, - bu əl boyda uşağa bu yaşımda striptiz nə olduğunu öyrədim?
Oğlum anamla nə haqda danışdığımı hiss etdi və bu səfər mənə yaxınlaşıb soruşdu:
- Ata, striptiz nə deməkdir?
- Qəzeti gətir baxım!
striptiz oynayan qadınGətirdi. Qəzetdə böyük bir şəkil var idi: Bir çılpaq qadın dizlərinin üstündən başını geriyə əymişdi. Onun bədəninin yalnız qabaq tərəfində kiçik bir üçbucaq parça var idi. Şəkil çox yaxından və qabaq tərəfdən çəkilmişdi.
Oğluma striptizin nə olduğunu anlatmaq istəyərkən o biri uşaqlar da yanıma gəldi:
- Bu şəkli görürsünüz də... Qadınlar paltarlarını belə çıxarıb soyunurlarsa ona striptiz deyirlər. Bu şəkildəki qadın striptiz oynamışdır.
Bu dəfə qızım soruşdu:
- Oğlanlar da striptiz oynayırlar?
- Xeyir, striptizi yalnız qadınlar oynayır.
- Nə üçün oğlanlar oynamırlar?
İndi mən buna nə cavab verməli idim?
- Kişilər oynamazlar, - dedim, - təkcə qadınlar oynayır.
- Nə üçün, axı?
Buna da çətinliklə cavab verdim.
- Dedim ki, kişilər striptiz oynamazlar. Qadınlar striptiz oynadığı üçün kişilər oynamazlar.
- Mən də striptiz oynayacağam?
Nənəsi bunu eşidən kimi:
- Görəcək günlərim varmış! - deyə bağırdı.
- Sən oynamayacaqsan, qızım...- dedim.
- Niyə, mən məgər qız deyiləm?
Uşaqların ən balacası hər şeyi bilirmiş kimi ona dedi:
- Axmaq, sən hələ balacasan, böyüyəndə striptiz oynayacaqsan...
Qızım birdən anamdan soruşdu:
- Nənəcan, sən də striptiz oynamısanmı?
Anam üzünü mənə tutub:
- Öyrət, uşaqları, öyrət, - deyə bağırdı, başını yırğalayıb mətbəxə getdi.
Oğlum soruşdu:
- Ata, qadınlar nə üçün soyunur?
- Bu elə rəqs kimi bir şeydir...
- Kişisiz rəqs edirlər?
- Bəli...
- Axı, indi hava soyuqdur...
- Onlar örtülü, isti yerdə soyunurlar.
- Hə, başa düşdüm, hamamda...
Lap kiçiyi də soruşdu:
- Ana, sən striptiz oynayırsanmı?
Arvadım:
- Sizin başqa işiniz yoxdurmu? - deyə acıqlandı. - Haydı, keçin içəri!
Uşaqların hərəsi bir tərəfə çəkildi. Bu məsələ ilə əlaqədar olaraq anam mənim xəbərim olmadan, qızıma:
- Tərbiyəli qadınlar striptiz oynamazlar, - deyir, - striptiz oynamaq ayıbdır...
Yaşlı bir qadın görün nə edir? Heç uşağa belə söz deyərlər?
O axşam bir rejissor, bir mühəndis, bir də baş müdir işləyən üç dostum arvadları ilə birlikdə bizə şam yeməyinə gələcəkdilər. Dostum rejissorun arvadı bir zaman rəqqasə olub... Bu qadın haqqında xoşa gəlməyən şeylər də danışırdılar. Çox qısqanc olduğu üçün əri ilə həmişə dava-dalaş salırdı.
Baş müdir olan dostumun evlənməyi isə lap qəribə olmuşdu. Yanında məmur işləyən ərli bir qadınla günah iş görərkən cinayət başında yaxalanır. Qadının əri arvadına o adamla evlənərsə məhkəməyə verməkdən vaz keçəcəyini söyləyir. Onlar da beləcə evlənirlər. İşin maraqlı cəhəti budur ki, baş müdirin əvvəlki arvadı da başqa bir evdə belə bir iş üstündə yaxalanmış, hətta adı qəzetlərə belə düşmüşdü.
Gənc mühəndisin arvadı isə məşhur bir kino ulduzu idi.
Bilirsən ki, mənim əvvəldən kinoya böyük marağım vardır. Biz dördümüz bir film şirkəti qurmaq istəyirdik. Mən ssenari yazacaqdım. Dostum baş müdir ilə mühəndis isə sərmayə qoyacaqdılar.
Mühəndisin arvadı baş rolu oynayacaq, rejissor dostum isə filmi çəkəcəkdi. Beləcə ilk filmimizi birlikdə ucuz başa gətirəcəkdik. Şam yeməyinə toplaşmaqda məqsədimiz iş haqqında söhbət etmək idi.
Qonaqlar gəldi. Süfrədə oturmamışdan qabaq salonda söhbət edirdik. Qonaqların xanımları bizim uşaqları çox sevirlər. Qardaşım, bu vaxt başımıza gör nə iş gəldi! Böyük oğlum birdən rejissorun köhnə rəqqasə olan arvadından:
- Xala, siz striptiz oynayırsınızmı? - deyə soruşdu.
Elə çıxdı ki, guya biz uşağı öyrətmişik. Keçmiş günlərini unutdurmağa çalışan qadın pərt oldu. Mən o saat dişlərimi ağardıb dedim:
- Hi, hi, hi... bu gün qəzetdə oxumuşdur.
Bunun dalınca qızım başladı:
- Mən böyüyəndə striptiz oynayacağam...
Kiçik oğlum:
- Oynaya bilməzsən - deyə onun üstünə bağırdı.
- Niyə oynaya bilmərəm? Lap yaxşı oynayaram!
- Nənəm mənə dedi ki, striptizi pis qadınlar oynayırlar. (Yenə də rəqqasə qadından soruşdu). Elə deyilmi, xala?
Allah bunların cəzasını versin... Böyük oğlum da dedi:
- Amma atam qadınların nə üçün soyunduqlarını bizə demədi.
Baş müdir məni çətin vəziyyətdən qurtarmaq üçün dedi:
- Oğlum, bu bir sənətdir! Sənət! Gözəl qadınlar soyunur, başqaları da onu seyr edir.
- A-a-a, ayıb deyil?
Bu dəfə baş müdirin arvadı ərini qısqandı, köhnə rəqqasəyə tərəf baxıb:
- Əlbəttə, sənətdir, oğlum... o işin də öz ustası var, hər qadın soyunmaz, - deyə ona söz atdı.
İndi gəl çulu sudan çıxart!
Nə isə əfəndim, mən dərhal söhbəti dəyişdim. Arvadım uşaqları apardı. Bir az sonra qızım əlində qəzet qaça-qaça gəlib, kino ulduzu olan mühəndisin arvadından soruşdu:
- Kirəlik qız, nə deməkdir?
Qadın qıpqırmızı oldu. Oğlum:
- Mən oxumuşam, - dedi, - qəzetdə kirəlik bir qızın həyatından yazıblar. Mən bunun nə demək olduğunu bilirəm.
Böyük oğlum ona:
- Az danış, - dedi. - Mən bilməyəndən sonra sən haradan biləcəksən... Ata, kirəlik qız nə deməkdir?
İki odun arasında qalmışdım...
- Bəzi qadınlar vardır... Onları... Şey edirlər... Yəni... Kirə ilə alırlar... Yəni makinaçılar... katibələr var ha... onlar belə... işləyirlər...
- Elədirsə çox yaxşı şeydir. Elə bir iş görmək üçün neçə sinif oxumaq lazımdır.
Mən qızımı başa salarkən, oğlum bir yandan bağırdı:
- «Namünasib vəziyyətdə» nə deməkdir, ata? «Namünasib vəziyyətdə»...
Azacıq bundan əvvəl baş müdirin arvadı rəqqasəyə söz atmışdı. Bu dəfə rəqqasə:
- Quzum, sən onu bu xaladan soruş! - deyə baş müdirin arvadını göstərdi.
Vəziyyət çox gərgin idi. Evə bir qonaq gələn kimi, bu uşaq qismi hər şeyə burnunu soxur. Arvadım bu xoşagəlməz vəziyyəti yüngülləşdirmək üçün:
- Süfrəyə oturaqmı? - dedi.
- Bilmirəm... Siz bilərsiniz... Deyəsən, hələ tezdir...
Bunu deyən mühəndisin arvadı idi. Anam uşaqları yan otağa apardı. Bir az sakitləşdim.
İçəridən uşaqların səs-küyü gəlirdi. Otaqdakı gərgin vəziyyət bir az yatmışdı ki, oğlum əlində bir qəzet qaça-qaça yanımıza gəldi. Qardaş, elə bil öyrətmişdik, gələn kimi rejissorun arvadından soruşdu?
- Xala «Genel ev» necə olur? Bax, burada şəkli var...
O saat oğluma dedim:
- Buraya gəl baxım! Gəl mən deyim. «Genel ev»...
Vəziyyətdən çıxmaq üçün qonaqlara dedim:
- Uşaqdır da... uşaqçın hər şey maraqlıdır... Qəzetdə nə görsələr, nəyi oxusalar soruşurlar.
- Ata tez ol, de...
- «Genel ev» sadəcə evdir də...
- Bizim ev də geneldirmi?
Qonaqlar gülüşdü, mən isə ciddi bir halda dedim:
- Xeyir, bizimki xüsusi evdir.
- Yenə başa düşmədim. «Genel ev» necə olur?
- Sabah səni başa salaram. Haydı, qaç uşaqların yanına...
- Ata «Genel ev»də nə edirlər?
- Nə edəcəklər, canım, yaşayır, yatırlar. Evdir də...
Bundan sonra qızım əlində bir qəzet əlavəsi ilə gəlib kino ulduzuna dedi:
- Xala, bax, bu abla deyir ki...
- Hansı abla...
Qızım qəzetdən məşhur bir kino ulduzunun adını oxudu.
- Bu abla deyir ki, «şöhrətin yolu rejissorun yatağından başlayır...»
Rejissorun arvadı qısqanclıqla:
- Əlbəttə, - dedi, - rejissorun yatağından başlayır...
- Ata, niyə rejissorun yatağından başlayır?
- Qızım, sən məsələn, bəzən ananla yatmırsanmı?
- Kino ulduzunun öz yatağı yoxdur ki, rejissorun yatağında yatır?
- Var, qızım, var... vardır, amma, məsələn... Bəzən gec olanda və ya xəstələnəndə...
- Deməli, bərabər yatırlar...
- Canım, niyə də yatmasınlar, bunda nə var axı?
- Soyuq olduğu üçün, hə?
- Hə, hə soyuq olduğu üçün...
Birdən mühəndisin arvadı ayağa qalxıb dedi:
- İcazənizlə biz gedək!
- A-a-a, bu necə olar? Bəs yemək?
İndi də rejissorun arvadı mühəndisin arvadına söz atdı:
- Xanım hirsləndi...
- Mən niyə hirslənim, elə əsil kefi pozulan sənsən... Balaca bir uşaq «Genel evini» soruşmaqla nə etdi axı, üzün belə qızardı?
Baş müdirin arvadı da yerindən qalxdı:
- Biz də gedirik...
- Xanım əfəndim, rica edirəm... Üzr istəyirəm... Əgər bizim...
Üç-beş dəqiqə sonra çıxıb getdilər. Bizim film işimiz belə qurtardığı üçün, o üç dost həm bizdən, həm də bir-birlərindən incidilər...
Onlar gedəndən sonra arvadım uşaqları döyməyə başladı. Zorla uşaqları onun əlindən aldım. Döymək daha pis nəticə verir...
O gündən sonra evə qəzet alınmasını qadağan etdim. Mən qəzetləri işdə oxuyuram, sonra gizlincə evə gətirirəm. Arvadım da yatanda oxuyur... Bu evə qəzet alınmır, bəyim! Səbəbi sizə aydın oldumu?

Həmçinin bax: Xadimə tutmaq istəyirdik,nəticəsi...

Mənbə Əziz Nesinin Kor döyüşü kitabı

Top