22. Həyat dəyərinin müəyyən edilməsi

22. Həyat dəyərinin müəyyən edilməsi

Böyük depressiya zamanı, 1931-ci il məhşur amerikan beysbolçusu Beyb Rutun illik gəliri 80 min ABŞ dolları təşkil etmişdir. Həmin dövr üçün bu məbləğ hətta beysbol ulduzları üçün də fantastik bir rəqəm hesab olunurdu. Amerika Prezidenti olmuş Herbert Huverin illik gəlirinin 75 min ABŞ dolları təşkil etdiyi halda idmançının qazancının bu həddə olmasının nə dərəcədə yol verilən olması haqqında jurnalistin sualına cavab olaraq B.Rut bildirmişdir ki,  «Bu il mən ondan yaxşı oynamışam».

Indiki dövrdə peşəkar beysbolistlər B.Rutun 1931-ci ildə qazan­dığından 10 dəfə, daha yaxşı oyunçular isə hətta 100 dəfə çox qazanırlar. Ilk baxışdan elə görünə bilər ki, beysbol daha gəlirli idman növünə çevrilmişdir. Amma unutmaq lazım deyil ki, bu illər ərzində əmtəə və xidmətlərin dəyəri xeyli artmışdır. 1931-ci ildə 5 sentə bir stəkan dondurma, 25 sentə kinoya bilet almaq mümkün idi. Biz tam əminliklə B.Rutun yaşayış səviyyəsini indiki idmançıların yaşayış səviyyəsindən aşağı və ya yuxarı olduğunu iddia edə bilmərik.
Əvvəlki başlıqda biz iqtisadiyyatda istehsal olunmuş əmtəə və xidmətlərin ümumi dəyərinin müəyyən edilməsi üçün iqtisadçıların ÜDM göstəricisindən necə istifadə etmələri ilə tanış olduq.
Indi isə orta yaşayış səviyyəsi göstəricisinin necə müəyyən edilməsi ilə tanış olaq. Bu məqsədlə Beyb Rutun qonorarını hazırkı beysbolçuların qonorarı ilə müqayisə etmək lazımdır. Müqayisə üçün əvvəlcə hazırki dövrdə və 60 il əvvəl dolların alıcılıq qabiliyyətini müəyyən etməliyik. Bunun üçün Istehlak Qiymətləri Indeksi (IQI) adlanan xüsusi bir göstəricidən istifadə olunur.
Əvvəlcə biz IQI necə müəyyən olunması ilə tanış olaq və müxtəlif dövrlərdə dolların alıcılıq qabiliyyətinin müəyyən edilməsi üçün həmin göstəricinin tətbiqi imkanlarını araşdıraq.
IQI-dən yaşayış səviyyəsinin dəyişilməsinə nəzarət etmək üçün istifadə edilir. IQI artımı o deməkdir ki, ortabab amerikan ailəsi adət etdiyi yaşayış səviyyəsi standartlarını saxlamaq üçün daha çox pul vəsaitindən istifadə etməlidir. Ümumi qiymət artımının vəziyyətini müəyyən etmək üçün iqtisadçılar inflyasiya anlayışından istifadə edirlər. Inflyasiya səviyyəsi müəyyən olunmuş dövrdə qiymətlərin faiz artımını özündə əks etdirir. Qarşıda biz makroiqtisadi siyasətin müəyyən edilməsində inflya­siyanın necə mühüm bir göstərici olması, iqtisadi vəziyyəti özündə necə əks etdirməsi ilə tanış olacağıq. Burada isə biz, IQI göstəricinin köməyi ilə inflyasiya səviyyəsinin müəyyən edilməsini öyrənəcəyik.

Istehlak qiymətləri indeksi
Istehlak qiymətləri indeksi (IQI) – istehlakçı tərəfindən istehlak edilmiş əmtəə və xidmətlərin ümumi dəyər göstəricisidir. ABŞ Əmək Nazirliyinin əməyin statistikası Bürosu tərəfindən IQI hər ay üçün müəyyən edilir və dərc edilir. Bu paraqrafda biz həmin göstəricinin müəyyən edilməsi metodu və bu zaman ortaya çıxan problemlərlə tanış olacağıq. Eyni zamanda biz IQI indeksinin qiymət artımına təsir edən digər bir göstərici –ÜDM deflyatoru göstəricisi ilə necə uyğunlaşdığına baxacağıq.

Top