Bagatelle No. 25 A minör (WoO 59 ve Bia 515), hamımıza tanış olan adı ilə Für Elise / Fuer Elise. Möhtəşəmliyi ilə ruhumuza sığal çəkən musiqilərdən olsa da, bir sıra yerlərdə istifadəsilə çox insanda qıcıq doğurması da danılmaz faktdı. Axı Bethoveh haradan biləydi ki, onun hər notunu duyaraq bəstələdiyi əsər, bir gün bizim açıqcaların, musiqi qutularının, məktəb zənglərinin, ya da telefonda gözləmə musiqisinin yerinə keçəcək, öz də ən keyfiyyətsiz halı ilə. Bütün bu neqativlikləri qovub, gözlərimizi yumub dinləyəndə, hamısını unutdurub öz zərifliyini hissetdirəcək gücdə olan musiqidi Für Elise.
Bəstənin ilk nəşri, 1867
Betfovenin bir sıra (Ay sonatası, Eroika və b.) əsərlərinin müxtəlif hekayələri olduğu kimi, Für Elisenin də haqqında xeyli mülahizə, hekayə var. Bəstənin adı Für Elise olmaqla yanaşı, Für Therese olaraq da bilinir.
Kanadalı musiqi mütəxəssisi Rita Steblin araşdırmalarına əsasən hesab edir ki, Bethovenin 1810-cu ildə bəstələdiyi sonatanı bovariyalı müğənni Elisa Barensfeldə ithaf etmişdi. Avstriya və Almaniyada olan qəzet xəbərləri, polis arxivləri və aristoktat ailələrin xatirə dəftərlərini incələyərək araşdırmalar aparan Rita Steblin «Elise üçün. 27 aprel, L.v.Bethovenin xatirəsinə» şəklində qeydlə rastaşmış və bundan sonra bəstəkarın o dönəmlərdə sevdiyi xanım Theresa von Malfattinin qonşusu və tələbəsi Elisa Barensfeldə ithaf olunduğu qənaətinə gəlmişdir.Tədqiqatçı hesab edir ki, Theresa von Malfattini heyran etmək istəyən bəstəkar onun tələbəsinə musiqi bəstələməklə buna nail olmağa çalışmışdır.
Bundan başqa, berlinli tədqiqatçı Klaus Kopitza görə, bəstəkara ilham verən opera sənətçisi Elisabeth Röckel olmuşdur. Amma bu bəstə ilə bağlı ən geniş yayılmış mülahizə, əsərin adının yalnış oxunması iddiasıdır ki, bir çox tədqiqatçı bununla razıdır. Buna musiqi sahəsi üzrə alim, Fül Eliseni ilk dəfə aşkarlayan Ludwig Nohlun əvvəlcə aşkarlayıb, daha sonra itirdiyi bəstənin orijinalında (Bethovenin xətti çox qarışıq olduğundan) Theresanı Elise kimi oxuması səbəb olmuşdur.
Betovenin Für Eliseni bəstələdiyi il Theresa von Malfattiyə evlənmə təklif etməsi faktı əsərin ona ithaf olunduğunu göstərsə də, bu gün Rita Steblinin qənaətləri faktlarla daha inandırıcı hesab olunur.
Hekayələri nə olur olsun, görünən odur ki, bütün ruhu ilə musiqini duyan Bethovenin əsərlərinin hər birinin arxa planında mütləq yaşanmışlıqlar, insani duyğuların eniş-çıxışları, sevgi, qəzəb, nifrət, həlimlik, bəlkə adını qoya bilmədiyimiz neçə-neçə duyğular var. Sözə sığmayıb notlarda görünən hisslər.
P.S: Sonda sizə bəstəkar haqqında çəkilmiş "Ölümsüz sevgili" filmindən ən gözəl səhnəyə baxmağı təklif edirəm, vaxt itirmədən filmin özünü izləməyə yönələcəyinizə də əminəm.