Musiqi-insanın daxilindən gəlir

Musiqi-insanın daxilindən gəlir

Musiqi təkcə insanın psixikasına deyil, onun orqanizminə də, mənəvi aləminə də təsir göstərir. İnsan xoşuna gələn hər bir musiqini ürəyi ilə dinləyir. Konsert salonunda muğam, yaxud Üzeyir Hacıbəylinin ölməz əsərlərini dinləyən hər bir adamın ürəyi mənəvi rahatlıq tapır və olduqca xoş dəqiqələr yaşayır.
Bəs nə üçün musiqi xiridarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Tofiq Quliyev musiqisini dinləməyə üstünlük verirlər? Ona görə ki, bu sənətkarların musiqisi insanın daxili aləminə asanlıqla nüfuz edir və onda xoş ovqat yarada bilir. Belə musiqini dinlədikcə dinləmək iətəyirsən. Ona görə də toy-düyünlərdə bu böyük sənətkarların musiqisi həmişə səsləndirilir. Klassik əsərlərin musiqisi insanın mənəvi rahatlıq tapmasına yardımçı olur, onun daxili aləmini saflaşdırır.
Alimlər ta qədimlərdən musiqi səslərinin tədqiqi ilə məşğul olmuşlar. Onlar müəyyənləşdirmişlər ki, müxtəlif tonda dinlənilən musiqi insanın halına müxtəlif cür təsir göstərir. Onu həyəcanlandırır, kədərləndirir, sakitləşdirir, sevindirir və s.
Musiqi tədqiqatçıları hesab edirlər ki, musiqinin əsas tərkib hissəsi onun ritmidir. Məsələn, "Heyratı" ritmik muğamının təranələri insanı vəcdə gətirir, onu hərəkətə sövq edir. Azərbaycana gələn rəsmi ali qonaqları "Heyratı" muğamının ritmləri üzərində qurulmuş marşla qarşılayırlar. Qarşılanma mərasimini televiziya ilə seyr edənlərdə də bu marşın ritmləri xoş təsir bağışlayır.

Ritmik musiqi azyaşlı uşaqlarda da xüsusi ovqat yaradır. Bu yaxınlarda televiziya kanallarından biri ilə yayımlanan uşaq verilişində bir qızcığazdan soruşanda ki mahnı oxumağı bacarır, ya yox? Qızcığaz "bacarıram" dedi və dərhal Üzeyir bəyin "Məşədi İbad" operettasından qoçuların kupletlərini oxumağa başladı: "Ey kimsən orda, aç qapını, aç qapını gələk səni öldürək". Uşağı davakar qoçuların kupletlərini oxumağa sövq edən musiqinin ritmi idi.

Hər bir səs vibrasiyadır. Orqanizmimizin hər bir hüceyrəsi özünün müəyyən tezliyində vibrasiya edir. Musiqi əsərinin vibrasiya tezliyi orqanizmin vibrasiya tezliyi ilə uyğun gələndə orqanizm də rezonansa başlayır, yəni həmin musiqi əsərinə səs verir. Beləliklə, orqanizm belə musiqidən enerji alır. Bununla da insan zövq alır, bədən rahatlıq tapır.
İnsan orqanizminin və onun bütün orqanlarının, hüceyrələrinin rezonansetmə qabiliyyəti tibb aləmində ondan müalicə məqsədilə istifadə edilməsinə, yəni zədələnmiş orqanların funksiyasının bərpa olunmasına imkan verir.
Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, orqanizmin ağır xəstəlikdən sonra sağalma prosesi musiqinin təsiri altında sürətlənir.
Hər bir orqanın özünün vibrasiya xarakteri var. Bu və ya digər orqanın vibrasiyası müəyyən səslərin və alətlərin enerjisinə uyğun gəlir. Məsələn, fortepianonun səsi böyrəklərin işini tənzimləyir, qalxanvarı vəzinin fəaliyyətini yaxşılaşdırır, orqanın səsi beynin və onurğanın işini təshih edir, nağara ritmləri ürək ritmini normallaşdırır, qan dövranı sistemini qaydaya salır, fleyta melodiyası qan dövranına, ağciyərə və bronxlara yaxşı təsir göstərir, kamança səsi sinir sistemini sakitləşdirir və s. Musiqidən cərrahiyyədə də istifadə olunur. Professor İbrahim Topçubaşov cərrahiyyə əməliyyatını musiqinin həzin fonunda aparardı. Musiqini dinləyən xəstə onun təsiri altına düşərək ağrı-acılarını unudur, onda həyat eşqi daha da güclənir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin milli xalq musiqisindən qaynaqlanan bütün əsərləri çox dərdin dərmanıdır. "Leyli və Məcnun" operasının uvertürasından tutmuş "Koroğlu" operasının möhtəşəm uvertürasınadək musiqi məqamları, "Arşın mal alan"ın şən və düşündürücü notları insan ovqatını xoş əməllərə və qəhrəmanlıq nidalarına kökləyir, dinləyici Üzeyir bəy musiqisinin ləzzətindən ayrılmaq istəmir.
Musiqi ritmlərinin təsiri ilə bağlı aparılmış müasir tibbi tədqiqatlar, musiqinin təkcə insanın deyil, heyvanat və bitki aləminə də təsir etdiyini göstərir. İnsan musiqini həm qulağı, həm ürəyi, həm də orqanizminin bütün hüceyrələri ilə dinləyir. Alman həkimlər bir qrup könüllü ilə apardıqları eksperimentlə müxtəlif tibbi vasitələrin və beşik musiqisinin yuxuya təsirini öyrəndikdən sonra musiqinin dərman vasitələrinə nisbətən effektli olması qərarına gəlmişlər. Dərman atmayıb musiqi dinləyənlər daha dərin yuxuya getmişlər.
Ürək ritmi əsasən dəqiqədə 68-72-yə bərabərdir. Böyük bəstəkarların - məsələn, Üzeyir Hacıbəylinin, Bethovenin musiqi ritmi dəqiqənin dörddə birini təşkil edir. Orqanizmimiz bu ritmə uyğunlaşaraq ixtiyarsız sakitləşir.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Top