Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən «məqam» sözündən yaranmışdır. «Məqam» sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda muğam
Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi malına çevrilmişdir. Lakin çoxəsrli muğam sənətinə aid bədii problemlər o cümlədən, muğamın tarixi inkişafı və təkamülü, onun kompozisiya – quruluş, xüsusiyyətləri, milli özünəməxsusluğu kimi məsələlər bu günədək lazımi səviyyədə araşdırılmamışdır. Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili – poetik incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapmışdır:
Muğam dəstgahları;
Kiçik həcmli muğamlar;
Zərbi muğamlar.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar «Rast», "Şur", «Segah», "Çahargah", «Bayatı-Şiraz», "Şüştər" və «Humayun», köməkçi muğamlar isə "Şahnaz", «Sarənc» və «2-ci növ Çahargah»dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.
2003-cü ildə UNESCO Azərbaycan muğamını «bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri» siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.
MUSİQİDİR
Yenə də ruhumda eyləyən çövlan musiqidir,
çünki hər məclisi-ürfanda hökmran musiqidir.
Oxu, “Rast”ı təmkinlə, “Segah” odunda yan, alış,
insanı gah anladan, gah ağladan musiqidir.
Dinlə şövq ilə “Şur”u, “Şahnaz”ı, “Mahur-hindi”ni,
“Heyratı”yla edən könlümü heyran musiqidir.
“Mənsuriyyə” zilində çatsan ahım fələklərə,
“Çahargah” dəstgahı cəm olan dastan musiqidir.
Ağrımaz “Kəsmə şikəstə”ylə kəsilsə əllərim,
məni o dəmdə bihuş edən dərman musiqidir.
Söz sərrafları, qoy inciməsin, söyləsəm, hərgah,
sənətdə bəlkə də ən böyük divan musiqidir.
Fəxrəddin, bəni-adəm yaradan möcüzə çoxdur,
bu sehrlər içində ən sirri pünhan musiqidir.
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008