Nə üçün bir sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə, ümumiyyətlə, yer üzündən silinib gedir? Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.
Nə üçün kapitalizm və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğrayır? Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir? Qərb dünyasından parlamenti, Konstitusiyanı əxz edərək qanun vasitəsilə şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçirməyimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?
Görkəmli alman filosofu və sosioloqu Maks Veber (1864–1920) XX yüzilliyin astanasında bu suala “yox” cavabını verirdi. Veberin fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə — həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də, protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin kapitalist etikasına yiyələnməlidir.
Veber yazırdı ki, kapitalizm münasibətləri Qərbdə uydurulmayıb, bunlar bütün sivilizasiyaya xasdır, ancaq protestant kapitalizminin əsaslı fərqi əməyə xüsusi münasibətdədir. Digər mədəniyyətlərdə “insan yaşamaq üçün işləyir, protestantlar isə işləmək üçün yaşayırlar”. Çünki kalvinistlərin(1) dini təliminə görə, Allaha sonsuz dualar deyil, uğurlu, Allah-təalanın adını şöhrətləndirəcək əmək xoşdur. Və əgər insanın əməyi uğurludursa — ona var-dövlət gətirirsə, ümid edə bilər ki, cənnətdə əbədi həyat üçün Allah məhz onu seçib. Protestantizmin yayılmasından yüzilliklər sonra əmək etikasının dini motivi, demək olar ki, unudulmuşdu. Lakin Veberin yazdığı kimi, əməyə xüsusi münasibət Qərb insanı psixologiyasında özünə möhkəm yer eləmişdi.
Veberin uğurlu kapitalizm və sabit demokratiyanın protestant etikası ilə əlaqəsi haqqındakı nəzəriyyəsi dəfələrlə tənqid hədəfinə çevrilmişdi. Veberin opponentləri buna istinad edirdilər ki, 19 – 20-ci yüzilliklərdə dünyada katolik Fransası, İtaliyası və İspaniyası, yaxud 20-ci əsrin sonlarında xristian ənənələrinə büsbütün yad olan Sakit okean bölgəsi ölkələri və müsəlman Türkiyəsi kimi uğurla inkişaf edən kapitalist ölkələri peyda olmuşdu.
Veberin özü və onun tərəfdarları buna belə cavab verirdilər ki, inkişaf edən qeyri-protestant ölkələr çox güman ki, öz mədəniyyətlərində əvvəllər gizli qalan ehtiyatları üzə çıxara bilmiş və bu, onlara protestant etikasına bənzər əmək etikasını formalaşdırmağa imkan vermişdir.
Veberin nəzəriyyəsi Marksın da mənsub olduğu fəlsəfi məktəbə meydan oxumaq demək idi. Marks iddia edirdi ki, şüuru maddi varlıq təyin edir. Veber isə bunun tam əksini sübut edirdi — protestantizm ideyası Qərb ölkələrinin maddi inkişafını təmin etmişdir.
Hətta biz Veberlə razılaşmalı olsaq ki, protestant ölkələrinin inkişafını məhz dini reformasiya irəlicədən müəyyən etmişdir, bu halda da inkişaf probleminin əsas sirri yenə açılmamış qalacaqdır. Axı indiyədək aydın deyildir ki, nə üçün reformasiyanı məhz Şimali Avropanın almandilli xalqları birinci olaraq (hələ 16-cı əsrdə) həyata keçirmişlər? Nə üçün Cənubi və Şərqi Avropa xalqları bu reformasiyanı rədd etmişdir? Nə üçün katoliklər öz dinləri daxilində liberal islahatı yalnız 20-ci yüzilliyin ortalarında həyata keçirə bilmişlər? Və nə üçün pravoslav xristianlar, eləcə də müsəlmanlar indiyəcən öz dinlərində reformasiya aparmamışlar?
Hər necə olsa da, ümumi rəyə görə, Veberin “Protestant etikası və kapitalizm ruhu” əsəri Qərb insanının davranış motivlərini və Qərb cəmiyyətinin xüsusiyyətlərini anlayıb dərk etmək üçün əvəzolunmaz mənbə sayılmalıdır.
Protestant etikası və kapitalizm ruhu (1905) - MAKS VEBER
I. PROBLEMİN QOYULUŞU
Əhalisinin müxtəlif dinlərə mənsub olduğu istənilən ölkənin peşəkar statistikası ilə tanışlıq zamanı katolik mətbuat və ədəbiyyatında, həmçinin Almaniyanın katolik qurultaylarında dəfələrlə müzakirə olunmuş bir məsələ diqqəti cəlb edir. Biz protestantların kapital yiyələri və sahibkarlar arasında, həmçinin yüksək ixtisaslı fəhlə təbəqələri, hər şeydən əvvəl isə müasir müəssisələrin ali texniki və kommersiya personalı içərisində şəksiz çoxluq təşkil etdiklərini nəzərdə tuturuq. Bu, yalnız dini müxtəlifliklə milli müxtəlifliyin üst-üstə düşdüyü və buradan da, məsələn, Şərqi Almaniyanın alman və polyak əhalisinin nümunəsində olduğu kimi, müxtəlif mədəni inkişaf səviyyəsinin üst-üstə düşdüyü ölkələrdə deyil, çiçəklənmə dövründə kapitalizmin özünə zəruri sosial və peşəkar dəyişiklikləri maneəsiz həyata keçirdiyi hər yerdə əksini tapmışdır; bu proses isə nə qədər sürətlə gedibsə, dini statistika da bu hadisəni o qədər aydınlıqla əks etdirib.
Düzdür, kapital yiyələri, iri ticarət-sənaye müəssisələrinin rəhbərləri və yüksək ixtisaslı fəhlələr içərisində protestantların nisbi çoxluq təşkil etməsi... qismən kökləri ilə uzaq keçmişə gedən tarixi səbəblərlə izah olunur... Müəyyən iqtisadi funksiyaların yerinə yetirilməsi ya kapitalın, ya da bahalı təhsilin, çox vaxt isə hər ikisinin olmasını tələb edir; hazırda bu funksiyalar irsi sərvətlə, yaxud hər halda məlum var-dövlətlə bağlıdır. 16-cı əsrdə imperiyanın bir çox varlı vilayətləri (onlar əsasən əlverişli təbii şəraitə və ticarət yollarının yaxınlığına görə varlanmışdılar), o cümlədən varlı şəhərlərin əksəriyyəti protestant etiqadını qəbul etdilər; bu faktın nəticələri bu günə qədər hiss olunur və protestantların yaşamaq və iqtisadi inkişaf uğrunda mübarizəsinə yardım edir. Lakin burada tarixi xarakterli bir sual ortaya çıxır: iqtisadi cəhətdən inkişaf etmiş vilayətlərin kilsə inqilabına bu qədər güclü rəğbətinin səbəbi nədir? Bu suala cavab vermək ilk baxışdan göründüyü qədər də asan deyil. Əlbəttə, iqtisadi ənənəçiliklə əlaqənin kəsilməsi dini ənənələrin toxunulmazlığına şübhələri, ümumiyyətlə, ənənəvi avtoritetlərə qarşı üsyan meylini xeyli gücləndirməli idi. Lakin çox vaxt unudulan bir şeyi nəzərdən qaçırmaq olmaz: Reformasiya kilsənin gündəlik həyatda hökmranlığının aradan qaldırılmasını deyil, həmişəki hökmranlıq formasının başqası ilə əvəz olunmasını nəzərdə tuturdu; həm də ağır olmayan, demək olar ki, hiss edilməyən, çox vaxt az qala formal xarakter daşıyan hökmranlıq bütün davranışları ən yüksək səviyyədə, ağır və sərt çərçivələrə salan, şəxsi və ictimai həyatın bütün sahələrinə nüfuz edən hökmranlıqla əvəz olunurdu. “Dönükləri cəzalandıran, lakin günahkarları bağışlayan” (əvvəllər indikindən daha çox) katolik kilsəsinin hökmranlığı ilə bu gün tam müasir iqtisadi quruluşa malik olan xalqlar razılaşırlar, onunla 15-ci və 16-cı əsrlərin kəsişməsində ən varlı, iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələr də razılaşırdılar. Kalvinizmin 16-cı əsrdə Cenevrə və Şotlandiyada, 16-cı əsrin axırında və 17-ci əsrin əvvəlində Niderlandın böyük hissəsində, 17-ci əsrdə Yeni İngiltərədə(2), bəzən isə İngiltərənin özündə hökmranlığını indi biz şəxsiyyət üzərində ən dözülməz kilsə nəzarəti kimi qəbul edərdik... Məhz o vaxtın iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrinin, bu ölkələrdə isə (sonrakı şərhdə görəcəyik) məhz iqtisadi yüksəlişin daşıyıcıları — orta “burjua” siniflərinin nəinki o vaxta qədər görünməmiş puritan tiraniyası ilə razılaşmasını, hətta o vaxta qədər və sonralar da bir daha göstərmədikləri qəhrəmanlıqla müdafiə etmələrini bəs nə ilə izah etmək olar? Bu, Karleylin haqlı olaraq dediyi kimi, “the last of our heroism” (qəhrəmanlığımızın son təzahürü — ing.) idi.
Sonra, ən əsası: ...katolik abituriyentlər arasında texniki və ticarət–sənaye fəaliyyəti, ümumiyyətlə, burjua sahibkarlığına hazırlayan təhsil müəssisələrini qurtaranların faizi protestantlara da nisbətən xeyli aşağıdır — katoliklər klassik gimnaziyaların humanitar hazırlığına üstünlük verirlər; bu faktı heç cür yuxarıda deyilən səbəblə izah etmək olmaz... Müasir iri sənayedə çalışan yüksək ixtisaslı fəhlələrin arasında katoliklərin azlıq təşkil etməsi də bunu əyani göstərir... Bu halda ortaya belə səbəb əlaqəsi çıxır: tərbiyə, xüsusilə tərbiyənin vətən və ailənin dini mühiti ilə şərtlənən istiqaməti ilə aşılanmış xüsusi psixi xarakter peşənin seçilməsi və sonrakı peşə fəaliyyətini müəyyən edir...
Hər şeydən əvvəl aydınlaşdırmalıyıq ki, adları çəkilən dini etiqadların xüsusiyyətlərinin hansı ünsürləri yuxarıda göstərilən istiqamətlərdə təsir göstərmişdir və göstərməkdə davam edir...
İngilis, holland və amerikan puritanları (16-cı əsrdən radikal protestant sektaları — red. ) “şən həyatı” inkar etməklə səciyyələnirdilər. Bir azdan görəcəyik ki, onların məhz bu xüsusiyyəti tədqiqatımız üçün daha vacibdir. Məsələn, fransız protestantizmi uzun müddət (müəyyən dərəcədə hətta bu günə qədər) kalvinist kilsənin xarakterini saxlamışdır... Lakin buna baxmayaraq, yaxud ola bilər ki, məhz buna görə o, məlum olduğu kimi, Fransanın sənaye və kapitalist inkişafını şərtləndirən amillərdən olmuşdur. Əgər ciddiliyi və həyat tərzinin bütövlükdə dini maraqlara tabe etdirilməsini “tərki—dünyalıq” adlandırsaq, onda təsdiq etməliyik ki, o vaxtdan indiyə qədər bu ideyanın qızğın tərəfdarları olan fransız kalvinistləri dini, məsələn, dünyanın istənilən xalqından artıq qiymətləndirən Şimali Almaniyanın katoliklərindən heç də çox tərki-dünya olmamışlar. Hər ikisi hakim dini partiyalardan eyni dərəcədə fərqlənir: həm aşağı təbəqələrində həyat eşqi ilə dolu, yuxarılarında isə dinə açıq düşmən mövqedə olan fransız katoliklərindən, həm də məzhəbini dünyəvi işlərin içərisində unutmuş və dini biganəliyi ilə seçilən alman protestantından...
Diqqəti özünə çəkən bir sıra məsələni nəzərə almaq lazımdır. Məsələn, tərki-dünyalıq, asketizm və kilsə möminliyi ilə kapitalist sahibkarlığı arasında nisbətin yerlərinin dəyişdirilməsinə ehtiyac yoxdur ki?..
Bu cür yerdəyişmə harada meydana gəlməsindən asılı olmayaraq həmişə kalvinizmdə müşahidə olunur... Hələ ispanlara məlum idi ki, “dönüklük” (yəni Niderland kalvinizmi) “ticarət ruhunun inkişafına” imkan yaradır... Burada göstərilən bir neçə misal artıq tam sübut edir ki, oyanışın adətən protestantizmlə bağlanıldığı “əmək fəaliyyəti ruhu”nu, “tərəqqi”ni və s. “həyat sevinci” kimi başa düşmək lazım deyildir və ümumiyyətlə ona “maarifçi” kimi məna vermək düzgün deyildir. Lüter, Kalvin, Noks və Foetin protestantizmi indi “tərəqqi” adlandırılan şeydən çox uzaq idi.
Başlıqda bir qədər iddialı səslənən anlayış — kapitalizm ruhu verilir. Bu anlayış altında nə başa düşülməlidir?..
Bu məqsədlə xatırlanan “ruh”a aid sənəddən — bizi maraqlandıran məsələni, demək olar ki, klassik aydınlıqla əks etdirən sənəddən istifadə edək...
Bu sənəddə deyilir: “Yadında saxla ki, vaxt puldur, kim ki hər gün on şillinq qazana bilir, lakin günün yarısını boş gəzintiyə, yaxud evdə tənbəlliyə sərf edir və özünə yalnız altı pens xərcləyirsə, təkcə bu xərci nəzərə almamalı və bilməlidir ki, ondan başqa daha beş şillinq xərcləmiş, daha doğrusu, çölə atmışdır. Yadında saxla ki, kredit — puldur. Kim ki öz pullarını daha bir neçə müddətə məndə saxlayır, bu vaxt ərzində qazana biləcəyim faizi mənə bağışlayır...
Yadında saxla ki, pul təbiətcə bar verəndir və yeni pul yaratmağa qadirdir. Pul pul törədə, onun törəmələri isə daha çox törədə bilər...
Bu məsələni yadda saxla: borcunu vaxtında ödəyən adama başqalarının pul kisəsi həmişə açıqdır. Borcunu vaxtında qaytaran adam öz dostlarından həmin vaxt onlara lazım olmayan pulları borc götürə bilər.
Bu isə çox sərfəlidir. Çalışqanlıq və sadəliklə yanaşı, dəqiqlik və ədalətlilik kimi heç nə cavanlara cəmiyyətdə hörmət qazanmağa kömək etmir...
Nəzərə alınmalıdır ki, ən əhəmiyyətsiz şeylər də kreditə təsir göstərir. Sənin çəkicinin səsini sənə borc verən səhər saat 5-də və axşam saat 8-də eşidirsə, bu onun inamını daha altı ay müddətinə uzadır; ancaq əgər o səni bilyard stolu arxasında görsə, yaxud iş vaxtı sənin səsini meyxanadan eşitsə, onda elə səhərisi gün borcu sənin yadına salar və pulunun olmadığı vaxtda öz pullarını geriyə tələb edər...
...Xərcinin və gəlirinin dəqiq hesabını apar. Əgər hər xırda şeyə diqqət yetirməyin əziyyətinə qatlaşsan, aşağıdakı gözəl nəticə alınacaqdır: görərsən ki, necə xırda məsrəflər böyük məbləğə çevrilir və görərsən ki, nəyə keçmişdə qənaət etmək olardı və nəyə gələcəkdə qənaət etmək olar...”.
Bencamin Franklin(3) belə tövsiyə edir və onun tövsiyələri “Amerika mədəniyyətinin surəti”nə çox yaxındır... Borcunu qaytarmağa qadir olan nəcib adam onun idealıdır. Onun fikrinə görə, belə adam kapitalının daim artmasına məqsəd kimi baxmalıdır. Məsələnin mahiyyəti ondadır ki, burada adi məişət davranışı qaydaları təbliğ edilmir, xüsusi “etika” şərh olunur və ondan kənara çəkilmək təkcə axmaqlıq kimi deyil, həm də müəyyən mənada vəzifə borcunun yerinə yetirilməməsi kimi qiymətləndirilir...
Yakob Fuggerlə birgə işləyən yoldaşı işdən uzaqlaşır və ona da belə etməyi məsləhət görür ki, daha bəsdir, biz kifayət qədər qazanmışıq, qoy başqaları da qazansın. Fugger onu “acizlikdə” qınayır və deyir ki, “o (Fugger), başqa cür düşünür və nə qədər ki gücü var, qazanacaqdır”. Bu sözlərdə Franklinin fikirlərinə xas olan “ruh” yoxdur: bir halda sonsuz sahibkar enerjisinin və mənəvi cəhətdən biganə meylin bolluğunu ifadə edən digər halda bütün həyat tərzini nizamlayan etik norma xarakteri alır. Biz “kapitalizm ruhu” (əlbəttə, müasir kapitalizm) anlayışından bu xüsusi mənada istifadə edirik. Belə ki, problemin qoyuluşunun özündən aydındır ki, söhbət yalnız Qərbi Avropa və amerikan kapitalizmindən gedir. Kapitalizm Çində, Hindistanda, Babilistanda qədimdə və orta əsrlərdə mövcud olmuşdur. Lakin bir azdan görəcəyimiz kimi, Franklinin fikirlərində aşkar etdiyimiz xüsusi etos (xarakter — red. ) bu kapitalizmdə olmamışdır.
Düzdür, Franklinin bütün əxlaq qaydalarının utilitar əsası var (mənfəət götürülməsinə əsaslanır — red.): düzgünlük sərfəlidir, çünki kredit gətirir, dəqiqlik, nəfsin saxlanılması, qənaətcillik, mötədillik də bu qəbildəndir, ona görə də bütün bu keyfiyyətlər xeyirxahlıq nümunəsi hesab olunur. Buradan belə nəticə çıxarmaq olar ki, düzgünlük görünüşü həmin səmərəni verirsə, həqiqi düzgünlüyü tam əvəz edə bilər... və xeyirxahlıq görünüşü ilə elə hallarda kifayətlənmək olar ki, onun köməyi ilə elə həmin səmərə əldə edilmiş olsun. Ardıcıl utilitarizm mövqeyindən çıxışın qaçılmaz nəticəsi budur. Burada sanki almanların amerikan əxlaqının “ikiüzlülüyü” kimi... başa düşdükləri şey ortaya gətirilmişdir. Ancaq məsələ ilk baxışdan göründüyü qədər sadə deyildir. Burada eqosentrik motivlərin şişirdilməsindən başqa, daha ayrı bir şey mövcuddur, Bencamin Franklinin yalnız həyat təsvirini son dərəcə həqiqətəuyğun şəkildə verməsində özünü göstərən şəxsi keyfiyyətləri, həmçinin onu ləyaqətli həyat sürməyə təhrik etmiş ilahi açıqlamaları nəticəsində xeyirxahlığın “sərfəliliyini” qiymətləndirməsi yeganə əsas kimi çıxış etmir. Bu etikanın Summum bonumu (ali dəyər — lat.) hər şeydən əvvəl daha çox qazancda, pulun verdiyi nəşədən, bütün evdemonist, yaxud gedonist anlardan imtina etmək şəraitində bacardıqca daha çox qazanc əldə etməkdə görür; qazanc bu həddə elə məqsəd kimi düşünülür ki, az qala dərk edilə bilməyən və hətta bir fərdin “səadəti”, yaxud “xeyrinə” münasibətdə sadəcə olaraq qeyri-real bir şeyə çevrilir. İndi qazanc insanın maddi tələbatının ödənilməsinə xidmət etmir, əksinə, insanın bütün həyatı qazanc əldə edilməsinə yönəlir, qazanc onun həyatının məqsədinə çevrilir... Bununla belə, Franklinin yanaşması müəyyən dini baxışları üst-üstə düşən hisslər toplumunu özündə əks etdirir. Belə ki, heç bir dini istiqamətə üstünlük verməyən deist mövqeli Bencamin Franklin nə üçün adamlardan “pul düzəltmək lazımdır” sualına öz tərcümeyi-halında cavanlıqda ciddi kalvinist olan atasından eşitdiyi Bibliya kəlamı ilə cavab verir: “Öz işində zirək olan adam görmüsənmi? Beləsi hökmdarların hüzurunda dayanacaqdır”. Pulun əldə edilməsi (qanuni yolla qazanmaq şərtilə) müasir təsərrüfat quruluşunda istedadın, meylin ardınca gedən adamın işgüzarlığının nəticəsi və ifadəsi deməkdir; çox asanlıqla görmək olar ki, bu işgüzarlıq Franklin əxlaqının alfa və omeqasını təşkil edir...
Müasir təsərrüfat həyatında hökmranlığa nail olmuş kapitalizm iqtisadi seçim yolu ilə özünə zəruri olan təsərrüfat subyektlərini — sahibkarları və fəhlələri tərbiyə edir və yaradır. Amma məhz burada tarixi hadisələri izah etmək üçün “seçim” anlayışının tətbiqolunma hədləri tam aydınlığı ilə görünür. Həyat tərzi və peşəyə münasibət sahəsində kapitalizmin xüsusiyyətinə uyğun “seçim”in baş verməsindən..., yəni müəyyən davranış və təsəvvür növlərinin digərləri üzərində qələbə çalmasından ötrü o, əlbəttə, əvvəlcə meydana gəlməli, özü də ayrı-ayrı, bir-birindən təcrid olunmuş şəxsiyyətlərin simasında deyil, daşıyıcılarının insan qrupu olduğu dünyabaxışı kimi meydana gəlməlidir... Tarixi materializmin iqtisadi münasibətlərin “əks olunması”, yaxud “üstqurumu” kimi “ideyalar”ının meydana gəlməsi haqqında sadəlövh təsəvvürlərinə gəldikdə isə, onların üzərində təfərrüatı ilə dayanacağıq...
Kapitalizm “ruh”unun toqquşduğu ilk rəqib... qavrayış və davranış tipi olmuşdur. O, ənənəçilik tipi adlandırıla bilər... Müasir sahibkarların “öz” fəhlələrinin əməyinin səmərəliliyini artırmaq və maksimum məhsuldarlıq əldə etmək üçün istifadə etdikləri texniki vasitələrdən biri də əməyin işəmuzd ödənilməsindən ibarətdir... Gəlirin artması və təsərrüfatın intensivləşməsi sahibkarın hər an artan marağına səbəb olduğundan o, tarifləri qaldırır və bununla da fəhlələrin az vaxt ərzində daha çox əmək haqqı almaq imkanını təmin edərək onları əmək məhsuldarlığını yüksəltməyə həvəsləndirməyə çalışır. Lakin burada gözlənilməz çətinliklər ortaya çıxır. Bəzi hallarda tariflərin qaldırılması əmək məhsuldarlığının yüksəldilməsinə deyil, aşağı enməsinə səbəb olur, belə ki, əmək haqqının artmasına fəhlələr gündəlik istehsalın qaldırılması ilə deyil, aşağı salınması ilə cavab verirlər... Əmək haqqının artırılması onu işin yüngülləşdirilməsindən daha az maraqlandırırdı; o soruşurdu ki, mən əmək məhsuldarlığını yüksəltməklə nə qədər qazana bilərəm; sual başqa cür qoyulurdu: mənə nə qədər işləmək lazımdır ki, indiyədək qazandığım və ənənəvi tələbatımı ödəyən 2,5 markanı alım? Göstərilən misal bizim “ənənəçilik” adlandırdığımız düşüncə tərzini nümayiş etdirir: “öz təbiətinə görə” insan çoxlu və daha çox pul qazanmağa meylli deyil, o, adi qaydada, adət etdiyi kimi yaşamaq və bu həyatına kifayətedəcək qədər qazanmaq istəyir...
Aşağı əmək haqqı (həmçinin) özünü doğrultmur və bütün bu hallarda tamamilə əks nəticələrə gətirib çıxarır, çünki burada təkcə həssas məsuliyyət hissi deyil, həmçinin elə düşüncə tərzinin olması zəruridir ki, heç olmasa, iş vaxtı maksimum rahatlıq və minimum gərginlik şəraitində adi əmək haqqını saxlamaq fikrini başından qova bilsin və bu düşüncə tərzində əmək mütləq məqsədə, “meyl”ə çevrilsin. Lakin əməyə belə münasibət insan təbiətinə xas deyildir. O, yüksək və yaxud aşağı əmək haqqının birbaşa nəticəsi kimi də yarana bilməz; bu, yalnız uzunmüddətli tərbiyə prosesinin nəticəsi olaraq meydana gələ bilər...
Köhnəlmiş ənənəçiliyin əlamətləri bu gün fəhlə qadınların (və daha çox ərsiz fəhlə qadınların) fəaliyyətində özünü göstərir. Demək olar ki, hər yerdə sahibkarlar ərsiz fəhlə qadınların ənənəvi metodlarından imtina etməyə, onları yeni və məqsədəuyğunları ilə əvəz etməyə, əməyin təşkilinin yeni formalarına uyğunlaşmağa, nə isə öyrənməyə, öz fikrini cəmləşdirməyə və ümumiyyətlə, düşünməyə istək və qabiliyyətlərinin olmamasından şikayətlənirlər... Fəhlə qadınların xüsusi dini tərbiyə aldıqları, xüsusən də onların pietist(4) dairələrdən çıxdıqları hallarda isə (bu, problemin qoyuluşu üçün az əhəmiyyətli deyildir) məsələ tamamilə başqa cürdür. Çox vaxt eşitməli olursan ki (bunu statistik məlumatlar da təsdiq edir), bu qism fəhlə qadınlar yeni texniki metodları daha tez götürürlər. Fikrini cəmləşdirmək bacarığı, həmçinin “əməyə münasibətdə borcuna” sadiqlik onlarda ciddi təsərrüfatçılıq keyfiyyəti ilə birləşir, buna görə də onlar əmək haqqının həcmi ilə soyuqqanlılıq və qənaətcilliyi bir-birinə uyğunlaşdırırlar — bütün bunlar əmək məhsuldarlığını hədsiz dərəcədə artırır. Burada biz əməyə məqsəd, “meyl” kimi münasibətlər üçün, ənənəçiliyin torundan qurtarmaq üçün daha əlverişli zəminlə rastlaşırıq...
Əgər bu gün bu cür adamlardan onların dayanmadan qazanc, özü də bəhrələrindən heç vaxt istifadə etmədikləri və bu “nahaq dünyanın” tələbləri baxımından tamamilə mənasız görünən qazanc dalınca qaçmalarının “mənası” haqqında soruşsaq, onlar bəzi hallarda yəqin cavab verərdilər ki,.. “uşaqların və nəvələrin qayğısına qalmaq” hissi onları belə hərəkət etməyə məcbur edir; daha dəqiqi isə, onlar çox sadəcə deyərdilər ki,.. usanmaq bilməyən tələbləri ilə işin özü onlar üçün “zəruri yaşayış şərtinə” çevrilmişdir. Demək lazımdır ki, bu, həqiqətən yeganə düzgün izahdır. Özü də, bu izahı belə həyat tərzinin şəxsi səadət baxımından ağlazidd olduğu, bu cür həyat tərzində insanın insan üçün deyil, iş üçün yaşadığı açılıb göstərilmişdir. Əlbəttə, sərvətlə əldə olunan iqtidar, şan-şöhrət istəyi də müəyyən rol oynayır, bütün xalqın səylərinin kəmiyyət iddialarının əldə edilməsinə yönəldildiyi yerlərdə isə, məsələn ABŞ-da, aydındır ki, bu rəqəmlər romantikası ticarət dairələrinin “şairləri” üçün bənzərsiz cazibə mənbəyinə çevrilir. Ancaq kapitalizm dünyasının davamlı uğur qazanmış ciddi sahibkarları öz fəaliyyətində adətən bu cür mülahizələri əsas götürmürlər...
Kapitalist sahibkarların “ideal tipi”nə... zahiri dəbdəbə və israfçılıq, həmçinin hakimiyyətdən sui-istifadə və cəmiyyətdəki vəziyyətini nümayiş etdirmək hissi yaddır. Onun həyat tərzinə — bizim üçün bu mühüm təzahürün tarixi əhəmiyyəti üzərində hələ dayanacağıq — Franklinin yuxarıda müraciət etdiyimiz “tövsiyələri”ndə aydın görünən məlum asketik yönüm uyğundur. Bu tip sahibkarın özünə sərvət “heç nə vermir”, olsa-olsa, öz “meyl”i çərçivəsində yerinə yetirilmiş irrasional borc hissi ilə kifayətlənir.
Məhz bu, kapitalizməqədərki dövr adamına anlaşılmazlıq və müəmma, çirkin və nifrətə layiq bir şey kimi görünür. Kiminsə maddi nemətlər toplamağı həyatın yeganə məqsədinə çevirməsini, bütün həyatını qəbrə var-dövlət içərisində getməyə həsr etməsini başqa dövr adamları yalnız xəstə meyllərin nəticəsi kimi qəbul edir...
Belə bir müddəanın sübuta ehtiyacı yoxdur ki, qazanc konsepsiyası məqsəd, “meyl” kimi ayrı-ayrı bütöv dövrlərin əxlaqi baxışları ilə ziddiyyət təşkil edir...
Ən yaxşı halda etik cəhətdən mümkün hesab olunan bu fəaliyyət Bencamin Franklinin anlamında nə cür “meyl”ə çevrilə bildi?..
Hər şeydən əvvəl, bizi “meyl”in bu və ya digər anlamının əsasını təşkil edən irrasional ünsürlərin mənşəyi maraqlandırır.
Tamamilə aydındır ki, almanca “beruf” və ola bilər ki, daha çox ingiliscə “calling”(5) sözündə digər motivlərlə yanaşı dini motiv — Allah tərəfindən qoyulmuş vəzifə haqqında təsəvvür səslənir və bu söz hər konkret halda vurğulanarkən dini motiv daha güclənir. Əgər biz bu sözün dünyanın bütün mədəni dillərində tarixi təkamülünü izləsək, aydın olar ki, alman dilində müəyyən həyat vəziyyəti, aydın müəyyənləşdirilmiş fəaliyyət dairəsi mənasını verən “beruf” sözünə uyğun anlayış həm əksəriyyətlə katolisizmə meyl edən xalqlarda, həm də klassik qədim dünya xalqlarında yoxdur, protestant (əksərən) xalqlarının dilində isə mövcuddur. Sonra aydın olur ki, bu söz indiki mənasında ilk dəfə Bibliyanın tərcümələrində ortaya çıxmış və orijinalın ruhuna deyil, tərcümənin ruhuna uyğun gəlir. Bibliyanın Lüter tərəfindən edilmiş tərcüməsində (Siraxın oğlu İsanın Kitabından bir mətnin tərcüməsində, görünür, bu sözə ilk dəfə indiki mənasında rast gəlinir; II, 20–21). Çox tezliklə o, bütün protestant xalqların rəsmi dilində müasir mənasını aldı, halbuki əvvəllər heç bir dildə onun dünyəvi ədəbiyyatda işlədilməsinə dair işarə də yox idi...
Bu sözün təkcə mənası yeni deyildi, Reformasiyanın yaratdığı ideyanın özü yeni idi... Bu o demək deyildir ki, əlbəttə, “beruf” anlayışı ilə ifadə olunmuş gündəlik fəaliyyət ünsürləri hələ orta əsrlərdə, yaxud hətta qədimdə (son ellinizm dövründə) olmamışdır — bu haqda aşağıda deyiləcəkdir. Şübhəsiz, yeni olan şey bundan ibarət idi: bu anlayış belə bir dəyəri özündə əks etdirir ki, dünyəvi peşələr sahəsində öz borcunu yerinə yetirmək insanın mənəvi həyatının ən yüksək vəzifəsidir. Bunun qaçılmaz nəticəsi kimi adi gündəlik əməyin dini mənası haqqında təsəvvür və yuxarıda deyilən mənada “beruf” anlayışı yaradılmışdır. Buradan da “beruf” anlayışında protestant dininin mərkəzi ehkamı öz əksini tapır. Bu ehkam xristianlığın nəsihətlərinin katoliklər tərəfindən “əmr” və “məsləhətlər”ə bölünməsini rədd edir, bu ehkam Allahın istəkli bəndəsi olmağın yolunu rahiblərin asketik mövqeyindən dünyəvi əxlaqın rədd edilməsində deyil, hər bir insanın həyatda yerinə uyğun müəyyənləşdirilmiş dünyəvi vəzifələrinin yerinə yetirilməsində görür; bununla bu vəzifələr insan üçün onun “meyl”inə çevrilir...
Lüterə görə, rahiblərin həyat tərzi Allah qarşısında özünü doğrultmaq üçün heç bir əhəmiyyətə malik deyil, həmçinin eqoizm əlaməti və insanın dünyəvi vəzifələrinə soyuq biganəliyi deməkdir. Dünya işləri ilə məşğul olmaq, əksinə, onun tərəfindən yaxınına xristian məhəbbətinin izharı kimi qiymətləndirilir...
Şübhəsiz, dünyəvi peşə fəaliyyətinin bu cür mənəvi cəhətdən dəyərləndirilməsi — Reformasiya, o cümlədən Lüter tərəfindən yaradılmış ən vacib ideyalardan biri gözlənilməz nəticələr doğura bilər...
Deməyə heç bir ehtiyac yoxdur ki, Lüterin baxışlarının bizim nəzərdə tutduğumuz “kapitalizm ruhu” anlayışı ilə hər hansı daxili əlaqəsindən söhbət gedə bilməz... Hətta bizim günlərdə Reformasiya “işi”ni səylə tərifləyən kilsə dairələri də heç bir halda kapitalizmi müdafiə etmirlər. Əlbəttə, Lüterin özü də Franklinin əsərlərində əks olunmuş konsepsiyaya yaxın hər hansı mövqeni dərhal qətiyyətlə rədd edərdi...
Lüterin sələmçilik və ümumiyyətlə, faizlə görülən işlərə qarşı söylədiyi fikirlərdə əksinə, kapitalist gəlirinin mahiyyəti haqqında onun təsəvvürlərinin hətta son sxolastik baxışlarla müqayisədə “geriliyi” aydın şəkildə görünür... Reformasiyanın nəticəsi hər şeydən əvvəl ondan ibarət oldu ki, katolik baxışının əksinə olaraq dünyəvi peşə əməyinin mənəvi əhəmiyyəti və onun dini mükafatlandırılması son dərəcə yüksəldi... İnsanın şəxsi tələbatından artıq maddi nemətlər yığmağa çalışması isə bərəkətin olmaması ilə izah edilir və yalnız başqalarının hesabına əldə oluna bildiyinə görə isə birbaşa lənətə layiqdir...
Beləliklə, peşə meyli anlayışı Lüterdə öz ənənəçi xarakterini saxlamışdır...
Ona görə də biz ilk növbədə protestant etiqadının elə formalarına müraciət etməyi məqsədəuyğun hesab edirik ki, onlarda həyat praktikası və dini əsas arasında əlaqəni aşkar etmək lüterançılıqda olduğundan daha asan olsun. Kapitalizmin inkişaf tarixində kalvinizm və protestant sektalarının əhəmiyyətini yuxarıda artıq qeyd etmişik. Lüter Svinqlinin təlimində “başqa ruh”un olduğunu hiss etdiyi kimi, onun mənəvi ardıcılları eyni hissi kalvinizmə qarşı keçirirdilər. Katolisizmə qaldıqda isə o, qədimdən və bu gün də daxil olmaqla kalvinizmi özünün əsas rəqibi hesab edir. Bu, hər şeydən əvvəl, təmiz siyasi xarakterli səbəblərlə izah olunur: Reformasiyanı Lüterin daxili dini inkişafı olmadan fikrə gətirmək mümkün olmadığı kimi (onun şəxsiyyəti Reformasiyanın mənəvi xüsusiyyətlərinə uzun müddət təsir etmişdir), kalvinizmsiz də Lüterin işi geniş yayıla və qəti möhkəmlənə bilməzdi... Lakin katoliklər və lüteranlar üçün kalvinizmə ümumi nifrət onun etik özünəməxsusluğundan doğur. Kalvinizmlə ən səthi tanışlıq nəticəsində aydın olur ki, burada katolisizm və lüterançılığa nisbətən dini həyatla dünya işləri arasında tamamilə başqa əlaqə qurulmuşdur. Bu, hətta xüsusi dini motivlərdən istifadə olunmuş ədəbiyyatda da görünür. “İlahi komediya”nın(6) sonunu — “Cənnət”i xatırlayaq; burada ilahi sirləri sakitcə müşahidə etməyə girişmiş şairin nitqi tutulur və bu əhval-ruhiyyə poemanın adətən “Puritanizmin ilahi komediyası” adlanan sonu ilə müqayisə oluna bilər. Milton(7) Adəm və Həvva cənnətdən qovulduqdan sonra özünün “İtirilmiş cənnət”inin son mahnısını aşağıdakı sözlərlə bitirir:
Dönərək onlar axırıncı dəfə
Bir az əvvəl tərk etdikləri fərəhli yurda,
Cənnətə baxdılar: bütün şərq yamacı
Bürünərək şölələnən qılınca
Selləmə axaraq topa-topa qalxırdı,
Qapı oyuğunda isə
Odlu silahla qorxudaraq vahiməli üzlər görünürdü.
Onlar qəfil ağladılar — lakin qısa bir müddət. Bir dünya
Onların qarşısında idi, burada mənzil seçmək
Lazım idi onlara. Yaradanın ilahi qüvvəsi ilə
Aparılan, ağır-ağır addımlayaraq
Qərib yolçular kimi, onlar əl-ələ,
Cənnəti keçərək, asta-asta getdilər
Özlərinin tənha yolu ilə.
Bundan bir az əvvəl isə mələk Mikayıl Adəmə dedi:
Ancaq sən işləri,
Biliklərinin hədlərində artır.
Onlara inamı, nəfsi saxlamağı, səbri
Və xeyirxahlığı əlavə et
Və o məhəbbət ki indən belə
Yaxınına məhəbbət kimi adlanacaqdır;
O, hər şeyin qəlbidir.
Onda sən cənnəti itirərək qəm yeməyəcəksən,
Öz daxilində başqasını, yüz dəfə bərəkətli
Cənnəti qazanacaqsan.
Bu sətirləri oxuyan hər kəsə aydındır ki, dünyaya ciddi puritan baxışının bu yüksək pafosu, dünya işlərinə bu cür borca baxılan kimi baxılması orta əsr yazıçısının dilindən səslənə bilməzdi...
Vəzifəmiz ondan ibarətdir ki, imkan daxilində bu qarışıq hissi dəqiq məntiqi düsturlu terminlərlə ifadə edək və bu fərqlərin daxili səbəbləri haqqında məsələ qoyaq. Məsələmizi “milli xarakter”lə izah etməyə çalışmaq (bu, həmişə məsələnin mahiyyətinin başa düşülmədiyini göstərir) bu halda xüsusən yararlı ola bilməz...
Və ancaq dini hərəkatların qarşısıalınmaz təsiri (təkcə o yox, amma ilk növbədə o) bizim indi də hiss etdiyimiz fərqləri yaradırdı...
Bizim tədqiqatımız belə bir şeyi də izah etməyə qismən xidmət göstərə bilərdi ki, hansı formalarda “ideyalar” ümumiyyətlə tarixi inkişafın gedişinə təsir göstərir...
Deməli, bizim sualımız yalnız bundan ibarətdir: mədəniyyətimizin əsas məzmunundan tarixi səbəb kimi Reformasiyanın təsirinə nə aid edilə bilər? Eyni zamanda biz Reformasiyanı iqtisadi inkişafın nəticəsi, ondan irəli gələn “tarixi zərurət” kimi göstərmək istəyənlərdən, əlbəttə, ayrı durmalıyıq...
II. ASKETİK PROTESTANTİZMİN PEŞƏ ETİKASI
Asketik protestantizmin (bu anlayışın qəbul etdiyimiz mənasında) tarixən daşıyıcıları ilk növbədə dörd istiqamətdə təmsil olunmuşdur: 1) kalvinizmin bir sıra Qərbi Avropa ölkələrində aldığı forma (bu forma burada 17-ci əsrdəï héakim olmuşdur); 2) pietizm; 3) metodizm; 4) anabaptist hərəkatından çıxmış sektalar. Bu cərəyanlardan heç biri başqalarından və Reformasiyanın qeyri-asketik kilsələrindən təcrid olunmuş deyildir.
Çoxmənalı “puritanizm”(8) adını almış asketik hərəkat çoxsaylı tərəfdarlarının və xüsusən də daha qızğın ardıcıllarının simasında anqlikan kilsəsini tənqid edirdi, lakin burada da fərqlər tədricən, mübarizənin gedişində kəskinləşmişdir...
Əxlaq davranışının bizim üçün vacib xüsusiyyətləri adlarını çəkdiyimiz dörd mənbədən və yaxud onların törəməsi olan təriqətlərdən yaranmış ən müxtəlif növlərin hamısında özünü eyni dərəcədə göstərir...
Asket əxlaqının ehkamlarla bağlı köklərindəki fərqlər gərgin mübarizənin gedişində aradan çıxmışdır. Lakin bu ehkamlara qədimdən gələn inam sonrakı “qeyri-ehkamçı” etikada yalnız dərin iz buraxmaqla kifayətlənmədi, həmçinin belə bir şərti möhkəmləndirdi ki, yalnız bu əxlaqın ilkin ideya məzmununu bilməklə onun “o biri dünyada” xoşbəxtlik ideyası ilə əlaqəsini başa düşmək olar...
Bizi tamamilə başqa şey — dini inam və praktikanın yaratdığı və bütün həyata müəyyən istiqamət verən, fərdi həmin istiqamətə ciddi şəkildə riayətə məcbur edən psixoloji stimulların aşkar edilməsi maraqlandırır...
16–17-ci əsrlərdə daha çox inkişaf etmiş kapitalist ölkələrində — Niderland, İngiltərə və Fransada uğrunda qızğın siyasi və ideoloji mübarizə gedən və buna görə də ilk növbədə diqqət yetirdiyimiz etiqad kalvinizm olmuşdur. Bu təlimin ən mühüm ehkamı xilas imtiyazı haqqında ehkam hesab olunurdu (ümumiyyətlə bu gün də belə hesab olunur)...
1647-ci il “Vestminster etiqadı”nın mötəbər mətni vasitəsilə bu təlimlə tanış olaq...
Doqquzuncu fəsil (İradə azadlığı haqqında). N3: “Günaha batmaq insanı öz iradəsini hər hansı mənəvi xoşbəxtliyə, yaxud adi xoşbəxtliyə aparan bir şeyə istiqamətləndirmək imkanından tam məhrum etmişdir; beləliklə, təbii insan xeyir işlərdən uzaqlaşdırılmış və günahlar içərisində ölü vəziyyətindədir, buna görə də düz yola qayıda, yaxud özünü buna hazırlaya da bilmir”.
Üçüncü fəsil (Allahın qədim hökmü haqqında). N3: “Allah öz hökmü ilə və öz böyüklüyünü göstərmək üçün bəzi adamlara əbədi həyat verdi, digərlərini əbədi ölümə məhkum etdi. N5: “... və O bunu ona görə etmədi ki, bunun səbəbini, yaxud ilkin şərtini inamda, xeyirxah işlərdə və sevgidə və ya sadalananlara səy etməsində, yaxud yaratdıqlarından hansısa digər xüsusiyyətində görürdü, O bunu yalnız təmiz və azad mərhəmətindən və məhəbbətindən etdi... ”.
Onuncu fəsil (Kəsərli meyl haqqında). N1: “Allahın öz ixtiyarındadır, əbədi həyat verdiklərini və yalnız onları təyin olunmuş münasib vaxtda Onun sözü və ruhu vasitəsilə çağırsın... O, onların sinəsindən daş ürəyi çıxarıb... onlara canlı ürək verəcək. O, onların iradəsini döndərər və öz böyüklüyü ilə onları xeyirxahlıq üçün təyin edər...”.
Beşinci fəsil (Öncəgörmə haqqında). N6: “Bədniyyətli və allahsızların... yoluna O, elə əngəllər qoyur ki, belə adamların pozğunluğuna görə bu əngəllər günahın səbəbinə çevrilir. O, onları öz eyiblərinin, nəfsin və Şeytanın ixtiyarına buraxır”.
“Qoy mən cəhənnəmə düşüm, ancaq belə Allah heç vaxt məni özünə hörmət etməyə məcbur edə bilməz” — Con Miltonun bu təlim haqqında, məlum olduğu kimi, fikri belədir. Lakin bu halda bizi ehkamın dəyərləndirilməsi deyil, onun tarixi rolu maraqlandırır. Biz yalnız qısaca olaraq bu təlimin mənşəyi və onun kalvinist teologiyasının müəyyən ideyaların quruluşu ilə əlaqəsi üzərində dayanacağıq...
Allah insanlar üçün deyil, insanlar Allah üçün yaşayırlar; insanın bütün əməlləri... yalnız ilahi böyüklüyün özünütəsdiqi vasitəsi kimi məna kəsb edir... Bizə yalnız bir şey məlumdur: insanların bir hissəsinə xoşbəxtlik qisməti verilmişdir, yerdə qalanlar isə əbədilik lənətlənmişlər. Adamların xidmətinin, yaxud hərəkətlərinin onların taleyinə təsir etdiyini düşünmək Allahın tam müstəqil, qədimdən mövcud olan hökmlərini insan təsirinə tabe etməyin mümkün olduğunu hesab etməyimizə bərabər olardı... Allahın hökmü ilkindir və dəyişilmir, ona görə də Allahın mərhəmətinə layiq görülmüş adamlar onu itirə, ondan məhrum edilmişlər isə ona nail ola bilməzlər.
Bu təlim özünün ehtiraslı insafsızlığı ilə... ona tabe etdirilmiş nəsil üçün, hər şeydən əvvəl, bir nəticə — ayrıca bir fərdin görünməmiş daxili tənhalıq hissini verməli idi.
Reformasiya dövrünün insanı üçün həlledici həyat problemi olan əbədi səadət problemində o, təkbaşına, əsrlərdən müəyyən olunmuş taleyini yaşamağa məhkum edilmişdi. Heç kəs ona kömək edə bilməz. Nə vaiz... nə dini ayinlərin yerinə yetirilməsi... nə kilsə... nəhayət, nə Allah — çünki İsa yalnız seçilmişləri xilas etmək üçün ölmüşdür və yalnız onların günahlarını İsanın ölümü ilə bağışlamaq haqqında Allah əzəldən hökm vermişdir.
Kilsə və dini ayinlər vasitəsilə ruhun xilas edilməsinə inamın lüterançılığa məlum olmayan ardıcıllıqla qəti şəkildə kənarlaşdırılması kalvinizmi katoliklikdən fərqləndirən həlledici ideya idi. Dünyanın tilsiminin sındırılmasından ibarət böyük tarixi-dini proses burada yekunlaşır; bu proses qədim yəhudi peyğəmbərlərin dövründə başlanmışdı və ellin düşüncəsi ilə birləşərək xilasın bütün sehrli vasitələrini məhv, onları dinsizlik və dinə hörmətsizlik əlaməti elan etdi. Əsl puritan hətta yaxınlarının məzarı başında bütün dini mərasimlərdən imtina edir və onları sakit və nəzərə çarpmadan dəfn edirdi ki, heç bir “superstition”a (xurafata — red.), sehrli vasitələrlə xilasolmaya, hətta ümidin yaranmasına yol verməsin. Nəinki sehrli, ümumiyyətlə, elə bir vasitə yox idi ki, Allahın mərhəmətini ondan məhrum olanlara yönəldə bilsin.
Allahın mütləq transsendentliyi (dərkedilməzliyi — red.) və bütün yaranmışların miskinliyi haqqında təlimlə birlikdə insanın bu daxili tənhalığı mədəniyyət və subyektiv dindarlığın bütün hissi-emosional ünsürlərinə qarşı puritanizmin mənfi münasibətinin yaranmasına (belə ki, onlar ruhun xilas edilməsinə yardım edə bilmir və yalnız zəif xülyaların və xurafatın yaranmasına səbəb olurlar), bununla da, ümumiyyətlə, onun bütün cismani mədəniyyətdən imtina etməsinə səbəb olur. Bununla yanaşı, bu əlahiddəlik hər hansı xülyadan uzaq bədbin çalara boyanmış fərdiyyətçiliyin köklərindən birini təşkil edir; bunu biz bu gün də puritan keçmişli xalqların Maarifçilik dövrü üçün xarakterik olan dünyaya və insana münasibətdən tamamilə fərqlənən “milli xarakter”ində və institutlarında müşahidə edirik...
Bu duruma uyğun olaraq, kalvinizmin hökmran olduğu vilayətlərdə tövbə nəzərə çarpmadan ləğv edildi, bu isə lüterançılığa kəskin qarşıgetmə idi. Bu hadisə... hər şeydən əvvəl, belə dindarlığın təsiri üçün xarakterik əlamət, həmçinin onun etik mövqeyinin müəyyən edilməsi üçün psixoloji impuls idi. Emosional günah hissini götürən vaxtaşırı “boşalma” vasitəsi aradan götürüldü...
“Yaxınına məhəbbət” (kalvinizmdə) məxluqlara deyil, yalnız Allaha xidmət kimi düşünülür və ilk növbədə peşə borcunun yerinə yetirilməsində ifadə olunur... bu vaxt “yaxınına məhəbbət” obyektiv olaraq xüsusi şəxssiz xarakter, bizi əhatə edən sosial kosmosun səmərəli dəyişdirilməsinə yönəlmiş fəaliyyət xarakteri alır...
Din məsələlərində kalvinist etiqad fərdi tamamilə öz ixtiyarına buraxsa belə kalvinizmdə “ayrıca bir adam” və “etika” arasında ixtilaf məlum deyildir (Syeren Kerkeqorun anlamında)...
Tamamilə aydındır ki, gec-tez hər bir dindar eyni sualla qarşılaşmalıdır: mən seçilmişəmmi? Və mən seçilmiş olduğumu necə dəqiqləşdirim?.. Dindar kalvinistlərin geniş təbəqələri üçün seçilmişlik faktının müəyyən edilməsi imkanı mənasında xilas olmağa inam bütün başqalarını arxada qoyan ən əhəmiyyətli mütləq məsələyə çevrilmişdir, doğrudan da, [Allah tərəfindən] öncə müəyyənetmə haqqında təlimin hakim olduğu hər yerdə hökmən “electi” (seçilmişlər — lat.) dairəsinə məxsus şəksiz əlamətlərin mövcud olmasına dair məsələ qalxırdı...
Müti günahkarları — Lüterin əgər təzədən din və tövbə yoluna qayıtsalar, özlərini Allaha tapşırsalar, Allahın onları bağışlayacağını vəd etdiyi bu günahkarları indi kapitalizmin qəhrəmanlıq dövrünün yenilməz tacirlərinin simasında puritanizmin yetişdirdiyi “müqəddəslər” əvəz edirdi; onların ayrı-ayrı nümayəndələri bizim günlərə qədər qalmışdır... Xilas olacağına daxili inamın əldə olunması üçün ən yaxşı vasitə kimi öz peşəsinin çərçivələri daxilində daimi fəaliyyət götürülür. O və yalnız o, dini xarakterli şübhələri qovur və özünün seçilmişlərdən olduğuna inam yaradır...
Kalvinin baxışlarına görə, hiss və əhval-ruhiyyə nə qədər yüksək olsa da aldadıcıdır, inam özünü obyektiv hərəkətlərdə təsdiq etməlidir. Yalnız onda o, xilas olacağına inam üçün möhkəm əsasa çevrilə bilər. Savoya Bəyannaməsinə görə o, “fides efficax” (fəal inam — red.), xilas olmağa meyl isə “effectual calling” (kəsərli meyl — red.) olmalıdır. Əgər sonra soruşulsa ki, hansı bəhrələrə görə reformatlar həqiqi imanın şübhəsiz olduğunu duyurlar, cavab belə olacaqdır: xristianın Rəbbimizin əzəmətinin daha da yüksəlməsinə yönəlmiş davranışı və həyat tərzi...
Xeyirxah işlərin xilas üçün vasitə ola bilməməsi (çünki seçilmiş adam məxluq olaraq qalır və onun bütün əməlləri Allahın tələblərindən hədsiz uzaqdır) qədər də bu xeyirxah işlər seçilmişlərin əlaməti kimi vacibdir. Xeyir işlər xoşbəxtlik əldə etmək üçün deyil, insanı ölümdən sonra gözləyənlər qarşısında qorxunu boğmaq üçün texniki vasitədir. Bu mənada çox vaxt deyirlər ki, o, “ruhu xilas etmək üçün lazımdır”, yaxud onu “Allahın rəhmini əldə etməklə” bağlayırlar. Əslində bu onu bildirir ki, Allah öz-özünə kömək edənə kömək edir, kalvinist, beləliklə, öz xilasına özü”nail olur”, daha düzgün desək, xilasa əminlik (biz, doğrudan da, belə fikirlərə rast gəlirik) elə xilasın özüdür, ancaq o, katolisizmin tələb etdiyi kimi ayrı-ayrı ləyaqətli əməllərin toplanması ilə əldə oluna bilməz, o, dindarı daim alternativ qarşısında — seçildi, yoxsa rədd edildi — qoyan sistematik özünənəzarətin nəticəsi olaraq əldə edilir.
Katolikə kilsə ayinləri vasitəsilə Allahın rəhmini əldə etmək, bununla da insan təbiətinin naqisliyini aradan qaldırmaq imkanı verilirdi: ruhani xilasetmə möcüzəsi törədən və əlində “cənnətin açarları” olan maq idi; tövbə etməyə hazır olan dindar ona müraciət edə bilərdi; ruhani rahatlığa, xilasolmaya ümid verir və bununla da kalvinistin ömürlük qisməti olan ağlasığmaz gərginliyi katolik üçün aradan götürürdü. Kalvinistə insanın bu cür mərhəmətlə ovundurulması yad idi və o, katolik və hətta lüterançı kimi ümid edə bilməzdi ki, zəiflik və axmaqlıq dəqiqələrini sonradan azad iradənin səfərbər edilməsi ilə “sahmanlayacaq”.
Kalvinistin Allahı öz seçilmişlərindən ayrı-ayrı “xeyirxah əməllər” deyil, sistem səviyyəsinə qaldırılmış müqəddəslik tələb edirdi. Burada nə katolisizm üçün xarakterik və insan təbiətinə xas olan günahın peşmançılığını, tövbənin, günahların bağışlanması və yenilərinin törədilməsinin əvəzlənməsindən, nə də bütün həyatın ayrı-ayrı cəzalar, yaxud kilsənin ixtiyarında olan nemətlər vasitəsilə nizama salınmasından söhbət gedə bilərdi. Kalvinizmin praktiki etikası dindarın gündəlik həyatından plansızlıq və sistemsizliyi kənarlaşdırır və bütün həyat davranışının ardıcıl metodunu yaradırdı... Belə “müqəddəs”in həyatı yalnız dərk olunmayan məqsədə — axirət xoşbəxtliyinə yönəldilirdi, lakin məhz buna görə onun bu dünyada həyatı rasionallaşdırılmış və yeganə istəklə — yerdə Allahın şöhrətini yüksəltmək istəyi ilə doldurulmuşdu. Və əvvəllər heç vaxt bu ideyaya belə ciddiliklə yanaşılmamışdı...
Praktiki həyat etikasının sistemləşdirməsi həm kalvinist protestantizminə, həm də səmərəli həyat tərzləri ilə seçilən katolik ordenlərinə xasdır, lakin kalvinizmdə bu sistemləşdirmə özünün xarici ifadəsini elə üsulda tapır ki, onun vasitəsilə “xırdaçı” puritan öz seçilmişliyini daim nəzarətdə saxlaya bilir. Düzdür, bütün günah və sapmaların ardıcıl olaraq, bəzən isə cədvəl şəklində yazıldığı dini gündəliklər təkcə kilsənin tələblərini canfəşanlıqla yerinə yetirən islahatçıların arasında deyil, eyni dərəcədə yezuitlərin yaratdığı müasir katolik möminliyi çərçivəsində (məsələn Fransada) yayılmışdı. Lakin əgər katolisizmdə bu cür gündəliklər keşiş qarşısında edilən vaxtaşırı tövbələrin tam yerinə yetirilməsi üçün istifadə olunur, yaxud dini rəhbər üçün onun xristian, yaxud (daha çox) xristian qadınlar üzərində avtoritar hakimiyyətinin əsası rolunda çıxış edirdisə, reformat etiqadlı xristian bu gündəliklərin köməyi ilə “özü öz nəbzini yoxlayırdı”... Sonrakı dövr puritanı yalnız öz davranışına deyil, Allahın da davranışına nəzarət edir və həyatındakı hər hadisəyə Allahdan qismət kimi baxırdı. O, tam dəqiqliyi ilə bilirdi ki, Allah bu və ya digər qərarı nə üçün qəbul etmişdir (bu, həqiqi Kalvin təliminə yad idi). Bununla həyatın müqəddəsləşdirilməsi işgüzar müəssisəyə uyğunlaşdırılırdı. Kalvinizmin lüterançılığın əksinə olaraq həyat praktikasına tətbiq etdiyi etik davranışda bu metodikliyin nəticəsi bütün insan həyatının dərin xristianlaşdırılması oldu. Kalvinist təsirin xarakterini düzgün başa düşmək üçün həmişə yadda saxlanmalıdır ki, bu metodiklik dindarların həyatına təsir göstərilməsində həlledici amil olmuşdur...
İndi isə peşə meylinin puritan ideyasının dini əsasları ilə qısa tanışlığa cəhd etdikdən sonra fikrimizi bu ideyanın sahibkarlıq fəaliyyəti sahəsinə göstərdiyi təsirin öyrənilməsinə yönəldək.
Kalvin ruhanilərin varlı olmasını nəinki onların fəaliyyətinə maneə hesab edirdi, əksinə, var-dövlətə onların nüfuzunu artıracaq vasitə kimi baxır, onların öz əmlakını sərfəli işlərə qoymasına icazə də verirdi, bir şərtlə ki, bu, ətrafdakıları qıcıqlandırmasın. Puritan ədəbiyyatından sərvət və maddi nemətlərə hərisliyi pisləyən istənilən sayda nümunə gətirmək və onları öz xarakteri ilə daha sadəlövh orta əsr etik ədəbiyyatına qarşı qoymaq olar. Bütün bu nümunələr ciddi xəbərdarlıqları bildirir; iş, fəqət, bundadır ki, onların həqiqi etik əhəmiyyəti və şərtlənməsi yalnız bu sübutların diqqətlə öyrənilməsindən sonra aşkar edilir. Arxayınçılıq və əldə olunanla kifayətlənmək, zənginlikdən həzz almaq və ondan irəli gələn nəticələr (fəaliyyətsizlik və şəhvani əyləncələr və hər şeydən əvvəl “müqəddəs həyat”a meylin zəifləməsi) — bütün bunlar mənəviyyatsızlıq kimi pislənilməlidir. Mülkiyyət yalnız ona görə şübhə doğurur ki, o özü ilə fəaliyyətsizlik və arxayınlıq təhlükəsi gətirir. Çünki “müqəddəslər”i “əbədi rahatlıq” o dünyada gözləyir, bu dünyada isə insan özünün xilasına əmin olmaq üçün nə qədər ömrü varsa, onu göndərənin işləri ilə məşğul olmalıdır. Fəaliyyətsizlik və nəşə deyil, yalnız fəaliyyət, Allahın iradəsinin aydın ifadəsinə görə, Onun əzəmətinin yüksəlməsinə xidmət edir. Deməli, vaxtın səmərəsiz keçirilməsi ən əsas və ən ağır günah hesab olunur. İnsan həyatı son dərəcə qısa və qiymətlidir, o öz meylinin “təsdiq olunması”na sərf edilməlidir. Bu vaxtın dünyəvi əyləncələrə, “boş çərənləmə”lərə, dəbdəbələrə, hətta artıq yuxuya (altı, ən çoxu səkkiz saatdan artıq olmamaqla) sərf edilməsi mənəvi cəhətdən yolverilməzdir. Burada Bencamin Franklinin əsərində verilən “vaxt puldur” ifadəsi hələ özünə yer tapmamışdır, ancaq mənəvi baxımdan bu ideya xeyli möhkəmlənmişdir; vaxt olduqca bahadır, çünki hər itirilən saat Allahdan kəsilib alınır, Onun əzəmətinin artırılmasına verilmir. Buna görə də seyrçilik hər halda peşəkar fəaliyyətinə ziyan verdiyi zaman boş, bəzən isə zərərli məşğuliyyət hesab olunur. Çünki seyrçilik Allahın iradəsinin peşə çərçivələri daxilində yerinə yetirilməsinə nisbətən Ona daha az gərəklidir. Özü də belə məşğuliyyətlər üçün bazar günləri vardır...
Puritanizmin seksual asketizmi rahiblərin bu məsələyə münasibətindən əsaslı prinsipi ilə deyil, dərəcəsinə görə fərqlənir. O, nikah həyatına da aid olduğuna görə fəaliyyət dairəsi daha genişdir. Çünki nikahda cinsi əlaqələr də Allahın şöhrətini artırmaq üçün Onun məsləhət bildiyi işlərdən sayılır: “Doğub-törəyin və artın”. Fiziki şəhvətə qarşı da dini şübhələrin aradan qaldırılmasına xidmət etməli olan təsirli vasitə təklif olunur: pəhriz, bitki qidaları və soyuq vanna ilə yanaşı daha bir göstəriş verilir: “Qan-tər içində öz yolunda çalış”.
Ancaq əmək öz əhəmiyyətinə görə bu çərçivələrdən kənara çıxır, çünki o, özlüyündə Allah tərəfindən insan həyatının məqsədi kimi müəyyən edilmişdir. Apostol Pavelin “işləməyən dişləməz” sözləri əhəmiyyətli və zəruri göstərişə çevrilir. İşləmək arzusunun olmaması bərəkətin yoxluğunun əlaməti idi...
Seçilmişlik insafda ifadə olunur, o isə öz növbəsində peşə borclarının dəqiq və metodik şəkildə yerinə yetirilməsində əks olunur. Allahın istəyinə elə-belə əmək deyil, yalnız peşə daxilində səmərəli fəaliyyət uyğundur. Peşəkar fəaliyyətə Allah tərəfindən qabaqcadan müəyyən edilmiş qismətə boyun əyilməsi kimi baxan Lüterdən fərqli olaraq peşəkar meyl haqqında puritan təlimində vurğu peşə asketizminin metodik xarakterinə edilir. Buna görə də puritan təlimi bir neçə callings-in (meyllərin) nəinki birləşdirilməsini müdafiə edir (bir şərtlə ki, bu, ümumi və şəxsi firavanlığa yardım edəcək, heç kəsə zərər yetirməyəcək və bu peşələrdən hər hansı birinin çərçivələri daxilində vəzifələrin yarıtmaz yerinə yetirilməsinə səbəb olmayacaqdır), həmçinin bir peşədən digərinə keçənlərin də (əgər bu, yüngüllükdən deyil, Allaha daha gərəkli olan işlə məşğul olmaq istəyindən irəli gəlirsə) pislənilməsini qəbul etmir. Daha bir ən vacib məsələ: peşənin faydalılığı və buradan da Allaha gərəkliliyi ilk növbədə mənəvi baxımdan, sonra isə onun çərçivələri daxilində istehsal olunan nemətlərin “bütün cəmiyyət” üçün vacibliyi dərəcəsinə görə müəyyən edilir; bununla yanaşı, üçüncü və əslində daha vacib olan meyar peşənin “gəlirliliyi”dir. Çünki əgər Allah (puritan bütün şəraitdə baş verənlərə Onun müəyyən etdiyi qismət kimi baxır) özünün seçilmiş bəndələrindən kiməsə gəlir götürmək üçün imkan verirsə, o bunu müəyyən niyyətləri əsas tutaraq edir. Dindar xristiansa yuxarıdan gəlmiş göstərişə əməl etməli və ona verilmiş imkandan istifadə etməlidir. “Əgər Allah sizə bu yolu göstərirsə və siz bu yolla getməklə öz ruhunuza və başqalarına xələl gətirmədən, qanuni qaydada, başqa yoldakına nisbətən daha çox qazana bilərsinizsə və onu rədd edib daha az gəlirli yolu tutursunuzsa, onda siz bununla meylinizin (calling) məqsədlərindən birinin həyata keçirilməsinə mane olur, Allahın məsləhət bildiyi işlər müdiri (steward) rolunu və Onun bəxşişini götürməkdən imtina edirsiniz... Siz, şəhvani əyləncələr və günahkar nəşələr üçün deyil, Allah naminə çalışmalı və varlanmalısınız”. Sərvət yalnız tənbəlliyə, fəaliyyətsizliyə və günahkar dünya nəşələrinə həvəsi özündə gizlətdiyinə görə, sərvət toplamaq istəyi isə yalnız qayğısız və şən həyat məqsədi güddükdə pislənilir. Peşə borcunun yerinə yetirilməsi nəticəsində əldə olunan sərvətə isə nəinki mənəvi cəhətdən bəraət qazandırılır, hətta toplanması məsləhət görülür. Bu haqda, ona verilmiş gümüş minanı (qədim yunan pulu — red.) artıra bilmədiyinə görə cəzalandırılmış qul barədə rəvayətdə guya aydınca danışılır. Yoxsul olmaq istəyi, tez-tez göstərildiyi kimi, xəstə olmaq istəyinə bərabərdir... İşləməyə qadir adamın dilənçilik etməsinə gəldikdə isə, bu, təkcə fəaliyyətsizlik günahı deyil, həm də, apostolun sözlərinə görə, öz yaxınını sevmək məsləhətinin pozulması deməkdir.
Daimi peşənin asketik əhəmiyyətinin vurğulanması müasir peşə ixtisaslaşmasının etik cəhətdən idealizə olunmasına xidmət etdiyi kimi, qazanc istəyinin ilahidən gələn bir şey olduğu kimi izah olunması da işgüzar adamın tərənnümünə xidmət edir. Asketik əhval-ruhiyyəli puritanları eyni dərəcədə həm əyanın aristokratik səliqəsizliyi, həm də qəfildən varlanmış gədanın lovğalığı iyrəndirir. Ayıq burjua — self-made man (özünə borclu olan adam — red.) tam etik rəğbətlə qarşılanır...
Bunu da nəzərə alaq ki, puritanizmə orta əsr və müasir yəhudi təsərrüfat etikası da yaddır, özü də bu fərq xüsusilə hər iki dini təlimin kapitalizm etosunun inkişafına həlledici təsir edən xüsusiyyətlərə münasibətdə özünü göstərirdi.
Yəhudilər siyasi, yaxud möhtəkirliyə istiqamətləndirilmiş “avantürist” kapitalizmin dairəsində idilər: onun etosu, əgər səciyyələndirməyə cəhd etsək, kapitalist parilərin etosu idi; puritanizm isə rasional burjua işgüzarlığı və əməyin səmərəli təşkili etosunu təmsil edirdi. Və yəhudi etikasından o, yalnız onun istiqamətlənməsinə uyğun gələnləri götürmüşdü...
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə deməyi mümkün hesab edirik ki, protestantizmin dünyəvi asketizmi sərvətdən nəşələnmək üçün istifadə olunmasını qətiyyətlə rədd edir və istehlakın azaldılmasına (xüsusilə də o, israfçılığa çevriləndə) çalışırdı. Bununla yanaşı, o, qazanc yığıcılığını ənənəvi etikanın psixoloji əsarətindən azad edir, qazanc meylini məhdudlaşdıran qandalları dağıdır və onu nəinki qanuni, həmçinin Allaha gərəkli (yuxarıda deyilən mənada) məşğuliyyətə çevirirdi.
Əgər istehlakın məhdudlaşdırılması azad edilmiş qazanc meyli ilə birləşərsə, onda bunun obyektiv nəticəsi asketik qənaətə məcbur etmək yolu ilə kapital toplanmasından ibarət olacaqdır. Qazanılmış sərvətin israf edilməsinin qarşısının alınması mütləq onun kapital qoyuluşu şəklində istehsalda istifadə olunmasına gətirməli idi. Əlbəttə, bu təsirin dərəcəsi dəqiq rəqəmlərlə hesablana bilməz. Yeni İngiltərədə bu əlaqə çox güclü şəkildə hiss olunur... Xüsusilə mühüm və rifah halına təsir edən sahə kimi kənd təsərrüfatına puritanlar tərəfindən də verilən yüksək qiymət heç də mülkədarları deyil, yomen və fermerləri, 18-ci əsrdə isə yunkerləri deyil, “ağıllı” kənd sahibkarını nəzərdə tutur. 17-ci əsrdən başlayaraq ingilis cəmiyyətində ictimaiyyətə təsiri dəyişkən olan “şən köhnə İngiltərə”ni təmsil edən “skvairlər”lə puritan dairələri arasında ayrılma baş verib. Bu günə qədər ingilislərin “milli xarakter”ində ziddiyyətli xüsusiyyətlər qalmışdır: bir tərəfdən sarsılmaz sadəlövh şənlik, digər tərəfdən ciddi nəzarət olunan təmkin, soyuqqanlılıq, qəbul olunmuş etik normaların sözsüz gözlənilməsi.
Puritan əhval-ruhiyyəsi bərqərar olduğu hər yerdə bütün... hallarda iqtisadi cəhətdən səmərəli burjua həyat tərzinin yaradılmasına yardım etmişdir. Bu, əlbəttə, kapital qoyuluşunun adi həvəsləndirilməsindən daha çox əhəmiyyət kəsb edir. Məhz həyata puritan baxışı bu meylin əsas dayağı, puritanlar isə onun yeganə ardıcıl tərəfdarları olmuşlar. Puritanizm müasir “iqtisadi insan”ın beşiyi başında dayanmışdır...
***
Müasir kapitalizm ruhunun və təkcə onun deyil, həm də bütün müasir mədəniyyətin konstitusion komponentlərindən biri — peşəkar meyl ideyası əsasında səmərəli həyat davranışı xristian asketizmi ruhundan yaranmışdır (bu əsər də onun sübut olunmasına həsr edilmişdir). Tədqiqatımızın əvvəlində müraciət etdiyimiz Franklinin əsərini yada salmaq kifayətdir ki, bizim “kapitalizm ruhu” kimi müəyyən etdiyimiz düşüncə tərzinin əsaslı elementləri ilə (bunu yuxarıda göstərmişdik) puritan peşə asketizminin, (əlbəttə ki, onun dini əsaslandırılmasını qırağa qoymaq şərti ilə — Franklin dövrü üçün onların vaxtı artıq keçmişdi) məzmununun necə uyğun gəldiyini görək...