İlk nəfəs harada başlayır: ruhlar aləmindəmi, ana bətnindəmi, yoxsa dünyaya ilk qədəm qoyandamı?
Necə olur ilk nəfəsin hərarəti? İnsan nələr hiss edir, nələr yaşayır? Yaşamağın ilk işarəsi, varlığın bəyanıdırmı o ilk nəfəs? Yəqin ki, bu sualların cavabını öyrənmək üçün ölmək lazımdır. Ölümü yaşamaq, o nəfəsin nə anlama gəldiyini anlamaq lazımdır.
Son nəfəs...
Heç bir zaman çətinlik çəkmədən aldığımız nəfəs bir gün ağırlaşır. İnsan ağır-ağır nəfəs almağa başlayır. Nəhayət ki, nəfəsin “qədrini” bilib, onu yersiz yerə tükətmək istəmir. Son nəfəs çox şirin olur. Ciyərlərinə qədər çəkmək istəyirsən. Amma nə isə sənə o nəfəsin dadını anlamağa mane olur. Nəfəsini xırıltı müşayət edir. Xırıltın yaşamağının isbatı olur…
Ətrafda baş verənlər iki aləmə ayrılır: bir sənin gördüklərin, bir ətrafındakıların. Onlar ümidlə sənin nəfəs almanı seyr edirlər. Hər nəfəsini güdürlər. Xırıltına diqqət kəsilirlər. Sənsə başqa şeylər hiss edirsən. Gözün halqasından çıxmış halda bir boşluğa dikilir. Sənin gördüklərini kimsə görmür. Sən uzaqlara, uzaq aləmlərə baxırsan. Gözündən pərdə qalxır və qeyb aləmindən kiçik bir pəncərə açılır.
Əzrayılla ilk görüşün baş tutur. Kimsənin qaça bilməyəcəyi bir görüşdür bu. Vaxtını Allah təyin edir. Görüşə ilk gələn Əzrayıl olur. Sənsə nəfəsini tükədə — tükədə, ayaqlarını sürüyə — sürüyə bu görüşə məcbur göndərilirsən. Bu məcburiyyət simanda əks səda verir. Gözü üzündə olan yaxınların uzun bir səfərə çıxacağını anlayır, sənin baxışlarını təqib edirlər. Baxdığın yerə baxırlar. Onların gördüyü sadəcə boş divar olur.
Sənin gördüyün böyük bir aləm. Bir neçə saat, bir neçə gün keçir. Sənin üçün böyük görünən bu zaman, yaxınların üçün anlıq olur. Bir anda nəfəsin tükənir. Daha bir cəhd edərək son nəfəsi alırsan. Onu uzun müddət içində saxlamaq istəsən də bacarmırsan. Və budur son nəfəs də səni tərk etdi. Onu bir dama göz yaşınla yola saldın…
Boşluğa baxan gözlərini yaxınlarından biri qapadı. Qeyb aləmindəki film başqa bir zamanda davam etmək üçün bir müddətliyinə bitdi. Gördüklərini anlada bilmədin, kimsəni xəbərdar edə bilmədin. Nəfəsin, gücün yetmədi. Tamaşa salonunda tək-tənha oturaraq ölümün filminə baxdın.
Son nəfəs, filmin son titri oldu. Sənin üçün film bitdi. Ölümün səssizliyinə qovuşdun. Bir daha məhşərdə oyanmaq üçün yorucu dünya həyatının yükünü çiynindən atıb rahat — rahat yatdın…
İlk nəfəslə başladığın yolçuluğa son nəfəslə son verdin.
Məhşərdə görüşmək ümidi ilə hər kəsdən ayrıldın.
P.S. Yaxın birinin son nəfəsinə şahid olmaq hər aldığın nəfəsə anlam qatır.
azerislam.com