Əslində, ən böyük ədəd heç cür adlanmır. Çünki, ən böyük ədəd hələ insanlara məlum deyil və bəlkə də heç vaxt da məlum olmayacaq. Ümumiyyətlə
bəşərə lazım olan nəhəng-sayların heç də hamısının adı yoxdur. Sizi nəhəg-ədədlərlə tanış etməzdən öncə bir rəvayəti nəzərinizə çatdırmaq istərdim. Məşhur rəvayətlərdəndir. Həm də rəqəmlər aləminə qısaca nağılvari bir səyahət də edərik.
Rəvayətə görə, bir alim ölkəni idarə edən şahın əmrini yerinə yetirmək üçün bu əsrarəngiz şahmat taxtasını icad edir. Üzərinə düşən işi incəliklə yerinə yetirən alim taxtadakı rənglərə və fiqurların quruluşuna heyrətlə baxan hökmdarın rəğbətini qazanır.
Şah alimə müraciətdə: ”Taxtanı və üzərindəki fiqurları bəyəndim, bunun qarşılığında məndən nə istəyirsən?” - deyir. Alim təvəzökarlıqla: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda dənəsi”, - deyir. Aldığı cavab şahı qəzəbləndirir. Qarşısındakı adamın onun kimi qüdrətli hökmdardan belə bir adi şey tələb etməsinə hirslənən şah əyanlarına üzünü tutaraq: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, - deyə tapşırır. Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım gəlir. Bu, orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda lazım olanda belə əyanlar təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Bu zaman onların alimə verməli olduqları buğdanın miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın anbarından çıxacaq buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu. ( Yəni, 18 kvintillion 446 kvadrillion 744 trilyon 73 milyard 709 milyon 551 min 615 dənə buğda !) Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun elmi qarşısında nə qədər gücsüz olduğu ilə barışdı.
Bunu da bilmək maraqlı olardı ki, kvintilion 18 ədəd sifirlı bir rəqəmdir. Müqayisə etmək üçün qeyd edək ki, milyonda 6(altı) ədəd sıfır, milyardda 9 (doqquz) ədəd sıfır, trilyonda 12(on iki) ədəd sıfır, kvadralyonda 15(on beş) ədəd sıfır, kvintilyonun ardınca gələn sekstilyonda 21 (iyirmi bir) ədəd sıfır, septilyonda 24(iyirmi dörd) ədəd sıfır və bu minvalla vigintilliona qədər. Bu rəqəm 63 (altmış üc) sıfırlı rəqəmdir. Amma bir nəhəng də var ki, 100 (yüz) sıfırlı rəqəmdir. Quqol adlanır. Onu amerikalı riyaziyyatçı Kastner təklif etmişdir. Hal-hazırda Rusiya, ABŞ, Kanada və Fransa və bir neçə başqa ölkələrdə “quqol” adlandırılmış ən böyük rəqəm sayılır. İngiltərə, Almaniya və İspaniyada isə “quqol”- dan yüz milyard dəfə böyük rəqəm var. Bu 120 ( yüz iyirmi ) sıfırlı “viqin-tilyon”-dur. Bu viqin-tilyonu o biri ilə dəyişik salmayın. Çünki, axırıncı üç ölkədə adlardakı fərq trilliondan başlayır. Bu üç ölkədə trilyon 18(on səkkiz) sıfırlı rəqəmdir.
Kvintilyonla bağlı bir misal da çəksək, yerinə düşər. Sizi əhatə edən havanın hər kubsantimetrində 27 kvintilyon molekul olduğunu bilirsinizmi? Doğrusu, bu belədir. Yer kürəsində 27 kvintilyon insanın olduğunu təsəvvür edək. O zaman Yer bəs edərmi? Əlbəttə ki, yox. Əks halda Yer kürəsinin hər kvadrat metrəsinə 50 min nəfər adam yerləşdirmək lazım gələcək. Bəs bunu necə etmək olar?!
Hazırladı:Aydın Abbas
deyerler.org saytına istinadən