Pomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. İstehlakçılar pomidor alarkən bəzi məlumatları bilməlidir. Pomidorun geniş yayılmış üç- adi, peru və tüklü növləri mövcuddur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 qram və daha çox olur.
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4 faizə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. var. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. var. Meyvəsi 80-140 günə yetişir. Pomidor 15°C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.
Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər.
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. İrilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a qədər olur.
Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana növləri ən çox salatların və xörəklərin hazırlanmasında istifadə olunur. Pomidorun konservlik növləri tomat-pasta, tomat-püre, pomidor şirəsi almaq üçün işlədilir. Sirkəyə və duza qoyulan pomidorların ətli hissəsi bərk olmalıdır.
Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır.
Pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur.
Ticarət şəbəkələrinə pomidor yeşiklərə yığılmış vəziyyətdə üstübağlı maşınlarda daşınmalıdır.
Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və zədəsiz olmalıdır. Emal üçün pomidorlar saplaqsız, gün vurmamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır. Ona görə də pomidor alarkən onun təyinatına uyğun istifadəsinə diqqət edin.
Həmçinin bax:
—
Pomidor suyunun faydaları
—
Pomidor iflicdən qoruyur
Mənbə: anspress.com