Yaxşı toy tamadası ilə tanınar

Yaxşı toy tamadası ilə tanınar

Keçmiş zamanlardan toyların idarə edilməsi ağsaqqalların məsləhətilə qabiliyyətli, dilli-dilavər, el-obanı yaxşı tanıyan adamlara tapşırılarmış. Sonralar toyları idarə etmək bir sənət çevrilib. İndi məclisi idarə edənlər ya tamada, ya da masabəyi adlandırılır. Təsadüfi deyil ki, tamada sözünün mənasını "məclisin atası" kimi yozurlar. Yəni həmin şəxslər məclisə tam verən, dad qatan, onu maraqlı edə bilənlərdir.

Tamadalığı incəsənət aləminin bir qolu da hesab edirlər. Müasir Azərbaycan toylarını, şənliklərini  tamadalarsız təsəvvür etmək mümkün deyil. Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir.

Müşahidələr belə deməyə əsas verir ki, tamadalıq edənlərin hamısını peşəkar adlandırmaq olmaz. Elə tamadalar var ki, standart çərçivə daxilində çıxış edirlər. Onların apardığı toylarda ab-hava demək olar ki, bir-birini təkrar edir. Bəzi tamadalar mənasız, yersiz söz və atmacalarla, təkrarçılıq etməklə məclisdəkilərin də əhval-ruhiyyəsinə "soğan doğrayır", ovqatları təlx edir. Belə "masabəyilər" hər kəlməbaşı hamını əl çalmağa, yersiz alqışa çağırmaqla  başqa cür desək, zəhlətökənlik edirlər. Elə belələrinin sayəsində axır vaxtlar tamadalığın gözdən salınması prosesi getməkdədir. İş o yerə çatıb ki, indi hər yoldan ötən tamadalıq edir. Hər yerindən duran, əli mikrafon tutan, beş-on şeir əzbərləyən, yeri gəldi-gəlmədi, bir-iki əhvalat uyduran məclis aparır. Ya da uzun-uzadı danışıb məclis qonaqlarını yorur.

Əslində isə tamada sinədəftər, fantaziyası tükənməz olmalı, mənalı ifadələrilə, şeiriyyatla məclisdəkilərin ruhunu açmalı, kefini durultmalıdır. Gözəl diksiya, gözəl səs, aktyorluq məharəti, psixoloqluq, ağsaqqallıq qabiliyyəti, səliqəli geyim... Tamada həm də məclisə tam nəzarət etməli, hadisələrin mərkəzində olmalıdır.
Bununla yanaşı, tamada toyda özü-özünü müdafiə etməyi də bacarmalıdır. Çünki bəzən musiqi sifarişi və sözvermə üstündə yaranan mübahisə tamada üçün təhlükə yarada bilər. Bax əsl tamada belə vəziyyətlərdən çıxış yolunu tapa bilən, həmin anda sakitliyi bərqərar edən, dava-dalaşın qarşısını alan şəxslərdir.
Amma toyların bütün nöqsanlarını da tamadaların ayağına yazmaq olmaz. Axı hər toya söz qədri bilənlər yığılmır. Belə demək olar ki, qonaqların səviyyəsi toy sahibinin kimliyindən asılıdır. Yəni elə məclis var ki, nə deyirsən qiyməti var, məclis də var ki, tamada lap ağzı ilə quş tutsun, kimsənin vecinə deyil. Çəngəl-bıçağın səsi ansamblın səsindən də bərk çıxır".

Yaxşı olar ki, bu peşə ilə məşğul olanlardan birinin fikirlərini də təqdim edək. AzTV-nin diktoru, tamada Telman Səlimoğlu deyir ki, keçmişdə tamada seçki yolu ilə seçilirmiş: "Yəni məclisdə ağsaqqallar, başbilənlər, toy sahibləri məsləhətləşib bir nəfəri seçib tamada təyin edirdilər. Tamadalar isə daha çoq poeziya və incəsənət adamları arasından seçilirdi. Düzdür, o vaxtların da öz çatışmazlıqları olub, amma indi nöqsanlı cəhətlər daha çoxdur".

Telman səlimoğlu deyir ki, toy sahibləri də bir sıra hallarda tamadanın tənqid hədəfinə çevrilməsində rol oynayır. "Bir də görürsənki toy sahibi yaxınlaşıb tamadaya pəçəldayır ki, bəs filankəs hörmətli qonaqdır, onu yaxşı tərif et. Tamada da həmin adaı tanımadığı halda onu elə tərifə tutur ki, gək görəsən...Təriflənən adamı da tanıyanlar tamadaya istehza etməyə başlayırlar, çünki sən demə o, hörmətsizin biri imiş".

Müsahibimiz deyir ki, müsair dövrdə tamadalıq sənətini şadlıq sarayları inhisara alıb. Yəni toylarda tamadanı məclisin keçirildiyi saraylar təyin edir. Belə tamada da restoran rəhbərliyinin göstərişinə əməl edir. Beləliklə də tamadaların sərbəstliyi olmur. Tamada onda hörmətli olur ki, toy sahibi özü çağırır və bütün ixtiyar onda olur".
T.Səlimoğlu hesab edir ki, əsl tamada bir çox keyfiyyətlərə sahib olmalıdır: "Tamada ünsiyyətcil və çox hazırlıqlı olmalıdır. Məclisi fərqli aparmağı bacarmalıdır. Onun ən böyük kəşfi toydakı istedadlı adamları üzə çıxartmaqdır.
Əvvəllər tamadalar səsi güclü və natiq olan adamların arasından seçilirdi. Ancaq indi əlində səsgücləndirici aparat alan "tamadalar" məclisdə bir səs-küy qoparırlar ki...".

Müsanibimizin sözlərinə görə, əsl masabəyi çıxışları bir-birinə elə bağlamalıdı ki, rabitə qırılmasın, məna itməsin. O, hansı məclisdə olduğunu - qız toyudu, ya oğlan, nişandı, ya kiçik toydu... bunu mütləq nəzərə almalıdı. Hər məclisə özünə uyğun ovqat yaratmalıdı.
T.Səlimoğlu deyir ki, adətən məclisi aparan musiqiçilər daha çox adama söz verməyin tərəfdarı olurlar. Bu da onların marağından irəli gəlir. Çünki çox adam danışanda, musiqiçilərə də çox pul yığılır. Belədə pul yığa bilən tamada musiqiçilərin ən sevimli masabəyisi olur: "Bunu nəzərə alıb toyda çox adama söz verməyə ehtiyac görmürəm". 

T.Səlimoğlu indiki toyların onu qane etmədiyini deyir: "Mənə qalsa, toy həyətdə təşkil olunmalıdır. Kişinin qapısına qonaq gəlməlidir. Bu günkü toyların səviyyəsi məni heç qane etmir. İsrafçılığa çox yer verilir. Bəzi  adamlar süfrədə yeməklərin yığılıb qalması ilə fəxr edir".

Həmçinin bax:Milli toylarımızda nələr olur?
Müəllif:Günay MUSAYEVA-modern.az
Top