Kütləvi xalq bayramlarının tarixi kökləri

Kütləvi xalq bayramlarının tarixi kökləri

Kütləvi xalq bayramlarının tarixi köku antik dövrdən başlayır. Antik dövrün kütləvi xalq bayramlarında dini-hissi obrazlara əsaslanmalar xüsusi yer tutmuşdur. Bu, onunla bağlıdır ki, həmin dövrdə çox tanrılıq geniş yayılmış və xalq bu tanrıların hər biri haqqında xüsusi miflər yaratmışdır. Kütləvi bayramların da əsas süjet xətti bu miflərdən götürülmüşdür. Miflər icra olunan adət-ənənə, mərasim və bayramlara dramatiklik gətirmiş, onların emosional mühitini daha da obrazlaşdırmışdır. Hətta dəfn mərasimləri də fleytanın və həzin ninnilərin, yəni ağıların müşayiətilə keçirilmişdir.

Xüsusilə, qədim Romada kahin nəğmələri geniş yayılmışdır. Məsələn, Salıyovlar adlanan kahinlər qrupunun nəğmələri oktyabr ayında hərb tanrısı olan Marsın şərəfinə ifa edilmişdir. İfaçılar əyinlərinə hərbi paltar geyinər, əllərinə müqəddəs qılınc və nizə götürərdilər. Onlar Romanın ətrafına çıxar, dini moizələrin müşayiəti ilə mərasim rəqsləri oynayardılar. Kahin mərasimlərində “Avral qardaşlarının nəğmələri” xüsusi yer tutmuşdur. Bu nəğmələr varislik prinsipinə uyğun olaraq uşaq və yeniyetmələrə də öyrədilmiş, nəsildən-nəslə ötürülmüşdür. Mərasim iştirakçıları kahin nəğmələrini xorla ifa edər, mətnə uyğun olaraq üzlərini tanrıya tutub ondan tarlaları əkməyə, suvarmağa bol məhsul götürməyə imkan verməsini xahiş edərdilər. Əsasən yalvarışlardan ibarət olan dini mahnılar və rəqslər ifa olunardı. Həmin yalvarışlardan biri belə idi: “Tox ol, ey dəhşətli Mars, astanaya çıx dayan, Ber-Ber, növbə ilə bütün ruhları köməyə çağırın. Ey Mar-Mar, bizə kömək edin”. Maraqlıdır ki, qədim daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya digər formada özünü büruzə verir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz yaratdığını unutmur, onun qayğısına qalaraq yaratdığını yaşatmaq üçün varis yetişdirir. Xüsusilə, mənəvi sərvətlərin qorunmasında varislik prinsipi çox böyük rol oynayır. Məsələn, xalqımızın ən qədim abidələrindən olan Qobustan qaya təsvirlərinin çoxu, eramızdan əvvəlki tarixlərə aiddir. Burada kütləvi səhnəcikləri andıran çoxlu şəkillər vardır. Şəkillərdən görünür ki, qədim qobustanlılar öz ayin və mərasimlərində musiqidən, rəqsdən və maskalardan geniş istifadə etmişlər. Alimlərin “Yallı” adlandırdıqları rəqs edən insan fiqurlarında quyruqlar da həkk olunmuş və bu fakt bir daha sübut edir ki, dini mərasimi icra edən insanlar heyvan dərisinə bürünmüş və xüsusi maskalardan istifadə etmişlər.

Respublikamızın müxtəlif şəhərlərində və rayon mərkəzlərində kütləvi xalq bayramlarını yüksək bədii emosional səviyyədə təşkil etmək üçün peşəkar rejissorlar, ssenariçilər, bədii tərtibatçılar və başqa sənət adamları cəlb edilmişdir. Bu işin peşəkar mütəxəssislərlə təmin olunmasında Respublika Xalq Yaradacılığı və Mədəni-Maarif İşi üzrə Elmi-Metodik Mərkəzin fəaliyyəti xüsusi olaraq nəzərə çarpmışdır. Bu mərkəzdə yaradılmış kütləvi tamaşalar bölməsi bir çox ənənəvi el bayramların, mərasimlərin keçirilməsi üçün ssenarilər hazırlamış, həmin dramatik materiallar əsasında onları teatrlaşdırmışlar.

Lakin onu da deyək ki, XX əsrin 90-cı illərinin əvvəllərində başqa sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də bir boşluq yarandı. Təxminən, 2-3 ilə yaxın davam edən bu prosesin acı nəticələri boş qalmış teatrlarda, “hörümçək toru” basmış kinoteatr salonlarında aydın şəkildə hiss olunurdu. İncəsənətlə məşğuliyyət unudulurdu. Cəbhə hakimiyyəti hansı məqsədləsə elm və mədəniyyətin inkişaf etməsi üçün heç bir tədbir görmürdü. 1993-cü ildən başlayaraq isə yeni hakimiyyət nümayəndələri mədəniyyətə olan neqativ münasibətləri kökündən dəyişdilər. Hətta, müxalifət qəzetlərindən birinin etiraf etdiyinə görə “istər teatr və kino sahəsində, istər musiqidə, istərsə də rəssamlıq və heykəltaraşlıqda” müəyyən tərpənişlər, dirçəlişlər başlandı. Geniş anlamda “mədəniyyət” deyə idarə elədiyimiz müstəvidə, “incəsənət” adı altında qavradığımız sahədə baş verən həmin dirçəlmə beş ildən çoxdur ki, davam etməkdə və bu gün artıq bizdə, sovet dövrünün “standart”larını o qədər də yadırğamayan müasir Azərbaycan cəmiyyətində tamam yeni, fərqli şəkildə təzahür tapmaqdadır.

Top