"T" hərfi ilə başlayan tarix terminləri

"T" hərfi ilə başlayan tarix terminləri

taborçular (Çexiyadakı Tabor dağının adından götürülmüşdür) — feodallara qarşı çıxan husçuların daha inqilabçı hissəsi. Kəndlilər, şəhər yoxsulları, xırda sənətkarlar və din xadimləri, rıtsarların bir hissəsi taborçuların sırasına daxil idi. Onların baxışlarının əsasını ümumi bərabərlik və ədalətli dövlət haqqında təlim təşkil edirdi. Taborçular döyüşkən qoşun yaratdılar, hərbi taktika işləyib hazırladılar. 1434-cü ildə Lipani yaxınlığında mötədillər tərəfindən məğlubiyyətə uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə qarşı mübarizə apardılar.

tabu — mövhumatçı təsəvvürlərə görə, fövqəltəbii qüvvələrin baş verə biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün qoyulmuş qadağa sistemi.

Tac-Mahal — sultan Cahanşahın öz arvadı Mümtaz Mahal xatunun xatirəsinə 1630 -52-ci illərdə inşa etdirdiyi dünyada məşhur olan mavzoley. Tac-Mahalın memarı Ustad İsa və b. olmuşdur. Aqranın 2 km-liyində ağ mərmərdən inşa edilən Tac-Mahal 74 m hündürlüyə ucaldılmış, oyma ilə işlənilmiş bəzi yerləri isə əlvan və qiymətli daşlarla bəzədilmiş 5 günbəzli tikilidir. Tac-Mahalın ətrafında 4 minarə və bağ vardır. Tac-Mahal Hindistanın müsəlman memarlığının ən önəmli abidəsidir. Qeyri-adi gözəlliyinə görə onu «Hindistanın incisi» adlandırırlar.

tağ (arka; lat. «arkus» — «ox») — yonulmuş və bir-birinə bərkidilmiş daşlardan hörülmüş qövsvari atma. Tağ dayaqlar arasındakı məsafəni artırmağa imkan verir; bununla belə, bu, çox möhkəm tikilidir. Hələ e.ə. III minillikdə Mesopotamiya sakinləri tağ tikməyə başlamışdılar. Amma daha geniş şəkildə ondan Qədim Roma memarları istifadə etməyə başlamışdılar. Hətta indi üzərindən keçilən körpülərin, su kəmərlərinin və dövrümüzədək çatmış binaların tikintisində də tağlardan istifadə edirdilər.

Tağıyev Hacı Zeynalabdin (1823 — 1924) — iri Azərbaycan sahibkarı və mesenatı. Zeynalabdin Tağıyev Bakıda, çəkməçi ailəsində anadan olmuşdur. Ailəsi ehtiyac içərisində olduğundan o, uşaq yaşlarından inşaatda əvvəlcə qara fəhlə, 15 yaşından ısə bənna işləməyə başlamışdı. 1860-cı illərdə, artıq bir qədər pul topladıqdan sonra o, xırda manufaktura malları alıb-satmaqla məşğul olmuşdur. 1870-ci ildə isə Tağıyevin kiçik bir neft zavodu var idi. 1873-cü ildə Tağıyev sərmayəsini neft hasilatı və sənayesinə qoymuş və bundan xeyli gəlir əldə etmişdi. Tağıyev 1877-ci ildə ikinci gildiya, 1882-ci ildə isə birinci gildiya tacir rütbəsi almışdı. XIX əsrin 80 — 90-cı illərində «H.Z.Tağıyevin neft sənayesi firması» çoxsahəli təsərrüfata və neft sənayesində ən iri müəssisələrə malik idi. Neft emalı zavodlarının gücünə görə firma 4-cü yeri tuturdu. Tağıyev 1890-cı ildə 10 gəmiyə malik olan «Kaspi» gəmiçilik cəmiyyətini satın aldı. 1897-ci ildə Tağıyev mədənlərini və neftayırma zavodlarını Britaniyanın «Vişau» şirkətinə 5 mln. rubla satdı, həm də «Oleum» cəmiyyətinin direktorlarının biri kimi qaldı. Bu cəmiyyət həmin müəssisələrin əsasında yaranmışdı və əsas payçılardan biri (100 min funt-sterlinq məbləğində, yəni 1 milyon qızıl rubl dəyərində səhmə malik) idi. Tağıyev əldə etdiyi kapitalı tikintiyə, toxuculuğa, gəmi inşaatına, yeyinti və balıq sənayesinə, eləcə də kənd təsərrüfatına yönəltdi. 1899-cü ildə Tağıyevin və Putilovun fəal iştirakı ilə «Elektrosila» səhmdar cəmiyyəti yaradılmışdır. 1900-cü ildə Bakıda Tağıyevə məxsus «Qafqaz lifli məmulatlar səhmdar cəmiyyəti» fabriki işə düşdü. Bu, Qafqazda on böyük, Rusiya imperiyasında isə pambıq emalı üzrə ən iri toxuculuq fabriklərindən biri idi. Elə həmin il Tağıyevə "İrsi fəxri vətəndaş" rütbəsi verildi. 1903-cü ildə Tağıyev «gəmidoldurma ittifaqı» sindikatına daxil oldu. XX əsrin əvvəllərində onun mülkiyyəti bir neçə milyon rubla bərabər idi. 1907-ci ildə Tağıyev dördüncü dərəcə həqiqi dövlət müşaviri rütbəsinə layiq görüldü. 1910-cu ildə ona irsi aristokrat titulu verildi. Tağıyev 1912-ci ildə satışa çıxarılmış balıq vətəgələrini aldı. 1914-cu ildə Nağıyevlə birlikdə əsas kapitalı 3 milyon rubl olan Bakı Səhmdar Ticarət Bankını təsis etdi. Rusiyanın və İranın bir çox orden və medalları ilə təltif olunmuşdur.

Azərbaycan xalqının maariflənməsində Tağıyevin xüsusi yeri vardır. 1883 -cü ildə o öz vəsaiti ilə birinci teatr binasını (indiki Musiqili Komediya Teatrı) binasını tikdirdi. Tağıyev 1895-ci ildə Mərdəkan bağının yaxınlığında internat məktəbi açdı. O, Bakı, Yelizavetpol və İrəvan quberniyalarında bir çox ibtidai məktəbi maliyyələşdirirdi. O həm də Rusiya ali məktəblərində təhsil alan istedadlı Azərbaycan gənclərinin xərclərini ödəyirdi, o cümlədən Nəriman Nərimanov da onun vəsaiti ilə oxumuşdur. Tağıyevin mühüm xidmətlərindən biri də 1901-ci ildə Bakıda müsəlman qızları üçün məktəb (indi AMEA-nm Əlyazmalar İnstitutu) açmasıdır. Bakını təmiz su ilə təchiz edən su kəmərinin inşasında da Tağıyev böyük rol oynamışdır. Tağıyev 1906-cı ildə Muxtarovla birlikdə «Nəşri-maarif' və »Nicat" mədəni-maarif xeyriyyə cəmiyyətlərinin əsasını qoymuşdur. Tağıyev 1909-cu ildə dəyirman inşasına başlasa da, Nargin adasındakı həbsxanada qohumları olan şəhər sakinlərinin xahişi ilə onu 1910-cu ildə həbsxanaya çevirdi. Bina «Tağıyev qazamatı» adını aldı. 1913-cü ilin əvvəllərində müsəlman qız məktəbi yanında müəllimələr hazırlamaq üçün pedaqoji kurs təşkil olundu. Məktəbə 100 min rubl toxunulmaz sərmayə ayrıldı. 1916-cı ildə bu məktəb ali ibtidai məktəbə çevrildi. Tağıyevin vəsaiti ilə bir neçə qəzet və jurnal nəşr olunurdu. O, bir sıra ədəbi və tarixi əsərlərin də nəşrini maliyyələşdirirdi. Tağıyev 1885-ci ildə Bakı şəhər Dumasının deputatı olmuşdur. Şəhər dumasının bir çox qlasnıları çox vaxt Tağıyevin evində toplaşır və onun rəhbərliyi altında Bakının həyatı ilə bağlı mühüm məsələləri birlikdə müzakirə edirdilər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri bolşeviklər tərəfindən milliləşdirildi. Tağıyev vətəni tərk etmək istəmədiyindən ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. O, Mərdəkanda vəfat etmiş, orada da dəfn olunmuşdur.

Talış (Lənkəran) xanlığı — XVIII əsrin birinci yarısında Azərbaycan ərazisində, Talış dağlarında yaradılmış xanlıq. Xanlığın mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran olmuşdur. İlk xan Səfəvilər nəslindən olan ərdəbilli Seyid Abbas bəy (1736 — 47) olmuşdur. Onun oğlu Cəmaləddin Mirzə bəy (Qara xan -1747 — 86) Talış xanlığının iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirdi. Qara xan xarici siyasətdə Rusiyameylli mövqedə dururdu. 1768-ci ildə Talış xanlığına soxulan gilanlı Hidayət xan Qara xanı əsir götürərək Şindan qalasına apardı və onu böyük ödənc verməyə məcbur elədi. Talış xanlığı 1785-ci ildə qubalı Fətəli xandan asılı vəziyyətə düşdü. Qara xandan sonra onun oğlu Mir Mustafa xan (1786-1814) Talış xanlığını idarə etmişdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Talış xanlığına hücum etdi. Lənkəran əhalisini Sara adasına köçürən Mir Mustafa xan İran qoşunlarına müqaviməti təşkil etdi. Mir Mustafa xan da Qara xan kimi Rusiyaya meylli mövqedə idi. 1802-ci il Georgiyevsk müqaviləsinə görə, Talış xanlığı Rusiyanın himayəsi altına keçdi. 1 -ci Rusiya — İran müharibəsi zamanı Mir Mustafa xan 1809-cu ildə Talış xanlığının Rusiyaya birləşdirilməsini elan etdi. İrandakı İngiltərə səfiri Mir Mustafa xandan tələb etdi ki, Rusiya ilə münasibətləri kəssin. Talış xanlığına isə sırasında ingilis də olan İran kəşfiyyatçı qrupu göndərildi. Onlar Lənkəran qalasının möhkəmləndirilməsi planını tərtib etdilər. 1812-ci ilin avqustunda Lənkəranı ələ keçirən İran qoşunları Talış xanlığını tutdular və bu zaman Rusiya Talışa həm quru qoşunları, həm də dəniz hərbi hissələri göndərdi. 1812-ci il dekabrın 21-də rus qoşunları İran qarnizonu tərəfindən mühafizə edilən Lənkəran qalasını mühasirəyə aldılar. Amansız savaşlardan sonra 1813-cü il yanvarın 1-də Lənkəranı ələ keçirən rus qoşunları Talış xanlığını işğal etdilər. 1813-cü il Gülüstan müqaviləsinin şərtlərinə görə, Talış xanlığı Rusiya imperiyasının tabeliyinə keçdi. 1826-cı ilə qədər Talış xanlığında əvvəlki idarə sistemi saxlanılırdı, amma xanın hakimiyyəti xeyli məhdudlaşdırılmışdı. 1826-cı ildə Talış xanlığı ləğv edildi, ərazisi isə Rusiya imperiyasının əyalətinə çevrildi.

Talışda müstəmləkə əleyhinə 1831-ci il üsyanı — çar hökumətinin Azərbaycanda həyata keçirdiyi müstəmləkəçi inzibati sistemin mahiyyəti Talışda daha kəskinliklə özünü büruzə verdi. Burada çar komendantlarının özbaşınalığının həddi-hüdudu yox idi. Talış əyanlarının nümayəndələri rus komendantlarının təzyiqindən İrana qaçmış keçmiş Talış xam Mir Həsən xam dəvət etdilər ki, qayıdıb xanlığın müstəqilliyinin bərpası uğrunda mübarizəyə başçılıq etsin. 1831-ci il martın 5-də yaxın tərəfdaşları ilə Astara çayını keçən Mir Həsən xan Lənkərana yollandı. Burada yerli sakinlər də ona qoşuldu. Martın 10-da rus komendantı tərəfindən yerli əhali arasından yığılan süvari dəstəsi də Mir Həsən xanın tərəfinə keçdi. Üsyançıların sayı 1000 nəfərdən artıq idi. Martın 12-də üsyançılar Lənkəranı mühasirəyə aldılar, amma martın 14-də onlar rus qoşunları tərəfindən məğlub edildilər. Sonra daha bir neçə toqquşma oldu, 1831-ci il mayın 5-də isə üsyan tam yatırıldı. Mir Həsən xan yenidən İrana qaçdı.

talışlar — Xəzər dənizinin cənub-qərb sahillərində, Talış dağlarında məskunlaşmış xalq. Azərbaycan Respublikasında, demək olar ki, azərbaycanlılarla qaynayıb-qarışmışlar. İranda talışlar 60 min nəfərə yaxındırlar. Dilləri — talış dilidir, İran dilləri qrupuna aiddir.

tarix — hadisə, əhvalat, qəziyyə. Tarix — mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Müasir dövr hadisələrinin hamısının keçmişdə səbəbləri və başlanğıcı olmuşdur. Buna görə də əvvəllər baş vermiş hadisələri bilmək həmişə lazımdır. Bu cür bilik bu və ya digər şəraitdə səhvə yol verməmək, düzgün addım atmaq üçün yardımçı ola bilər. Tarixi bilmək cəmiyyətdə bu və ya digər hadisənin necə inkişaf edəcəyinin proqnozlaşdırılmasını, əvvəlcədən duyulmasını və ya gələcəkdə hər hansı proseslərin baş verəcəyini müəyyənləşdirməyə kömək edir. Tarix — insanın cəmiyyətdə rolunu anlamaq və özünüdərketmə ehtiyaclarını əks etdirən ictimai elmlərdən biridir. Tarix — insanın özünü dərk etməsinin əsas formalarından biridir.

tarixi maddi mənbələr-qədim insanların əşyaları, onların sümükləri, habelə üzərində onların fəaliyyəti nəticəsində izləri qalmış əmək alətləri və onların köməkliyi ilə yaradılmış tikililər, silahlar, qablar, paltarlar, bəzək əşyaları, incəsənət əsərləri, bütövlükdə insan əməyinin fəaliyyəti nəticəsində meydana gəlmiş hər şey tarixi mənbədir.

tarixi sənəd — qaya, daş, gil, sümük, ipək, papirus və s. materiallar üzərində qədimdə həkk olunmuş və alimlərin tarixi məlumat aldıqları yazılar.

tarixşünaslıq — tarix elminin tarixini öyrənən elm.

Tasit Korneli (58 — 117) — Qədim Roma tarixçisi; «Tarix» və «Annallar» əsərlərini yazmışdır. Bu əsərlərdə bir tərəfdən Parfiya və Qafqaz ölkələri, digər tərəfdənsə Roma ilə münasibətlərin tarixi haqqında qiymətli məlumatlar vardır.

Tasman Abel Yanszon (1603 — 59) — holland dəniz səyyahı, Okeaniya və Avstraliyanın tədqiqatçısı. Onun adı ilə adlandırılmış adanı, Yeni Zelandiyanın qərb sahilini, Fici və Tonqa adalarını kəşf etmişdir. 1644-cü ildə sübut etmişdir ki, Avstraliya vahid quru massividir.

tatlar — Azərbaycan Respublikası (8 min nəfərə yaxın) və Dağıstan (Rusiya Federasiyası; 7 min nəfərə yaxın) ərazilərində yaşayan xalq. Dili — tat dilidir, İran dilləri qrupuna aiddir. V — VI əsrlərdə tatlar İrandan Sasanilər tərəfindən, əsasən Xəzərin sahil rayonlarına — Abşeron yarımadasından Dərbəndə kimi köçürülmüşdür.

tayfa — bir yerdə yaşayan, eyni dildə danışan və eyni adətləri olan bir neçə qəbilənin ittifaqı tayfanı əmələ gətirirdi. Tayfanın ümumi məsələlərini həll etmək üçün qəbilə icmalarının ağsaqqallar şurası yığılırdı. Qəbilələrin ağsaqqalları tayfanın ağsaqqallar şurasına daxil olurdu. Çox mühüm məsələlərin həlli üçün ağsaqqallar xalq yığıncaqlarını çağırırdılar. Qohum tayfaların ittifaqı tayfa birliyini (ittifaqını) təşkil edirdi.

Taypinlər üsyanı — 1850 — 64-cü illərdə Çində mancurların Sin sülaləsinə, yerli feodalların və xarici müstəmləkəçilərin zülmünə qarşı baş vermiş kəndli müharibəsi. Taypinlərə ümumxalq bərabərliyi təbliğ edən kənd müəllimi Xun Sütsüan başçılıq edirdi. Taypinlər çox böyük əraziləri tutmuşdular və Nankini dövlətlərinin paytaxtı ctmişdilər. Xun Sütsüan isə imperator elan olunmuşdu. Üsyan Çin — mancur feodallarının və ingilis -       fransız — amerikan müdaxiləçilərinin birləşmiş qüvvələri ilə yatırıldı. Xun Sütsüan özünü öldürdü.

teatr (yun. «tamaşa üçün yer», «tamaşa») — e.ə. V əsrin sonları — IV əsrdə, demək olar ki, yunan şəhərlərinin hamısında açıq səma altında teatrlar inşa edilmişdir. Afinada teatr Akropolun yamacında inşa olunmuşdu və 17 min tamaşaçı tuturdu. Teatr tamaşaları ildə 2 — 3 dəfə təşkil olunur və üç gün ərzində səhərdən-axşamadək davam edirdi. Yunanıstanda teatrı «böyüklər üçün məktəb» adlandırırdılar.

Tehran konfransı — İkinci Dünya müharibəsi illərində üç müttəfiq dövlətin (Böyük Britaniya, SSRİ, ABŞ) rəhbərlərinin — U.Çörçill, İ.Stalin, F.Ruzveltin görüşü. Tehran konfransı İranın paytaxtı Tehran şəhərində 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək olmuşdur. Konfransda Hitler Almaniyasına qarşı müharibədə birgə mübarizə aparmaq üçün bəyanat imzalanmışdır. Eyni zamanda, Almaniya hərbi qüvvələrinin məhv edilməsi və bir sıra hərbi əməliyyatların keçirilməsi planları razılaşdırılmışdır. Sovet tərəfinin təkidi ilə 1944-cü ilin mayında Fransa ərazisində İkinci cəbhənin açılması qərara alınmışdı. SSRİ Avropada hərbi əməliyyatlar başa çatdıqdan sonra Hitler Almaniyasının müttəfiqi olan Yaponiyaya qarşı müharibədə iştirak etməyə hazır olduğunu bəyan etdi.

tendensiyalı — 1) müəyyən təmayülə tabe olan; 2) qərəzli, qeyri-obyektiv, birtərəfli (məs.: hadisələrin birtərəfli işıqlandırılması).

teokratiya — siyasi və dini hakimiyyətin ruhanilərə məxsus olduğu dövlət forması.

termidor çevrilişi — 1794-cü il iyulun 27 — 28-də (respublika təqvimi ilə 2-ci ilin 9 termidoru) yakobin diktaturasının süqutuna səbəb olmuş və Böyük Fransa burjua inqilabına son qoymuş əksinqilabi çevriliş. Çevrilişə J.Fuşe, J.L.Talyen və P.Barras başçılıq etmişlər. Direktoriyanın Termidor hökuməti yakobinlərin demokratik ictimai islahatlarını ləğv etdi, qiymət maksimumu ləğv olundu, əksinqilabi terror başlandı.

terror — qorxu, zorakılıq, eləcə də rəqib tərəfi məhv etmək siyasəti, o cümlədən fiziki cəhətdən.

terrorizm (dövlət) — digər dövlətlərdəki ictimai-siyasi quruluşu pozmaq üçün terror üsul və metodlarından istifadə edilməsi ilə bağlı dövlət siyasəti. Dövlət terrorizminə hərbi, siyasi və mənəvi-psixoloji təzyiq, şantaj və qorxutma, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulması aiddir. Siyasi qətl, adam oğurlamaq, diversiya, sabotaj və təcavüz kimi hərəkətlərdən istifadə edilir. Dövlətlərarası münasibətlərdə terrorizm siyasəti və praktikası BMT tərəfindən (1984) pislənmişdir.

Tevton ordeni (dəqiq adı — müqəddəs Tevtonlu Mariya evinin ordeni) — XII əsrin sonlarında səlib yürüşləri zamanı Fələstində əsası qoyulmuş alman katolik ruhani-cəngavər ordeni. 1198 — 1525-ci illərdə Baltiksahili bölgədə prusslardan, litvalılardan və polyaklardan tutulmuş ərazilərdə Tevton ordeni dövləti yaradılmış və mövcud olmuşdur. Qrünvald döyüşündə cəngavər qoşunlarının darmadağın edilməsindən sonra zəifləmiş və 1466-cı ildən Polşanın vassalı olmuşdur. 1525-ci ildə onun Baltik sahilindəki torpaqları Prussiya dünyəvi hersoqluğuna çevrilmişdir.

Teymur (1336 — 1405) — qüdrətli sərkərdə. Müasir Özbəkistanın ərazisindəki Qaşqadərya vilayətinin Xoca İlqar kəndində türkləşmiş barlas tayfasında hərbçi ailəsində anadan olmuşdur. Sağ dizindən və çiynindən aldığı yaradan ayağı qatlanmadığına görə ona «Teymurləng» (Topal Teymur -avropalılar onun adını Tamerlan kimi söyləmişlər) adını vermişlər. Özünün kübar nəslindən olmaması və fiziki çalışmazlığına baxmayaraq, qabiliyyəti sayəsində monqol xanlığında yüksək mənsəblərə çatmışdı. Teymur 1370-ci ildə hökumət başçısı olduqdan sonra xanı devirərək Cağatay ulusunda (Qaşqadərya vilayətində) hakimiyyəti ələ keçirmişdir. Bundan sonra o özünü Çingiz xanın birbaşa varisi elan etmişdir. Növbəti 35 ildə işğalçı müharibələr aparan Teymur yeni-yeni torpaqlar tutmuş və dövlətin öz daxilində hər cür müqaviməti boğmuşdur. Fəth edilmiş torpaqlardan qarət olunmuş bütün varidatı Teymur Səmərqəndə aparmışdır. 1380 — 89-cu illərdə o, İran, Mesopotamiya, Ermənistan və Gürcüstanı tabe etmişdir. 1392-ci ildə İranda başlanmış üsyanı yatıran Teymur öz rəqiblərini ailələri ilə birlikdə öldürmüş və şəhərlərini yandırmışdır. Teymur 1395-ci ildə Rusda Yelets şəhərini tutmuş, amma naməlum səbəblərdən geri qayıtmışdır. Teymurun hərbi təşkilatçılığı Çingiz xanda olduğu kimi idi. Onun qoşunlarının əsas zərbə qüvvələrini ox-kaman və qılıncla silahlanmış süvarilər təşkil edirdi, yük atlarında isə uzunmüddətli yürüşlər üçün ləvazimat daşıyırdılar. 1389-cu ildə Hindistana soxulan Teymur Dehlini tutdu, dinc əhalini qırdı və Səmərqəndə apara bilmədiklərini dağıtdı. 1398-ci ildə Panipat yaxınlığındakı döyüşdən sonra Teymurun əmri ilə 100 min hindli əsgər məhv edildi. 1401-ci ildo Suriyanı tutan Teymur Dəməşqin 20 min sakinini öldürtdü. O, 1402-ci ildə Osmanlı sultanı I İldırım Bəyazidi məğlubiyyətə uğratdı. Bundan sonra bir çox başqa ölkələr Teymura xərac verdilər ki, onun qoşunlarının yürüşünə məruz qalmasınlar. Teymur hətta Misir sultanı və Bizans imperatoru İohandan da xərac almışdır. Öz miqyasına görə Teymurun dövləti Çingiz xanın imperiyasına bərabər idi. Səmərqənddəki sarayı isə sərvətlə doluydu. Buna baxmayaraq 69 yaşlı fateh Çinə müdaxilə etməyi qərara aldı, lakin düşündüklərini həyata keçirə bilmədi — 1405-ci il yanvarın 19-da öldü. Vəsiyyətinə uyğun olaraq Teymurun dövləti onun oğlanları və nəvələri arasında bölündü. Teymurun mavzoleyi — Qur Əmir — bu gün də Səmərqəndin ən məşhur memarlıq abidələrindən biridir. tezis — əsas müddəa.

Təbii hüquq — insanın təbiətindən gələn və ictimai şəraitdən asılı olmayan prinsip və hüquqlar məcmusunu bildirən məfhum. Təbii hüquq ideyası antik dövrdə inkişaf etdirilmişdi (Aristotel, Siseron). Təbii hüquq XVII — XVIII əsrlərdə burjuaziyanın feodalizmə və mütləqiyyətə qarşı mübarizəsində bir alət kimi xüsusi ictimai əhəmiyyət kəsb etmişdir. Con Lokk, Tomas Hobbs, Jan Jak Russo, Şarl Monteskyö, Dcni Didro və b.-nın əsərlərində inkişaf etdirilmişdi.

təbliğat — siyasi, fəlsəfi, elmi, bədii və digər ideyaların ictimai şüura yeridilməsi və kütləvi praktik fəaliyyətin aktivləşdirilməsi məqsədi ilə yayılması.

Təbriz üsyanı (1920) — 1920-ci il aprelin 7-nə keçən gecə Təbrizdə ingilis işğalçılarına, şah rejiminə və 1919-cu ildə imzalanmış qeyri-bərabər İngiltərə — İran müqaviləsinə qarşı yönəlmiş silahlı üsyan başlandı. 1917-ci il avqustun 24-də yaradılmış Azərbaycan Demokrat Partiyası (ADP) şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə üsyana rəhbərlik edirdi. Üsyanda əhalinin demokratik dəyişikliklər tələb edən müxtəlif təbəqələri iştirak edirdi. Üsyançılar iki gün ərzində bütün hökumət müəssisələrini tutdular. Xiyabani Cənubi Azərbaycanı «Azadistan» adlandırdı. 1920-ci il mayın 10-da Xiyabaninin tələbi ilə ingilis sipahiləri Təbrizdən çıxarıldı. Üsyan tədricən Cənubi Azərbaycanın və İranın digər şəhərlərinə də yayıldı. 1920-ci il iyunun 24-də Təbrizdə Xiyabani başda olmaqla Milli Hökumət yaradıldı. Milli Hökumət bütün İran məmurlarını Təbrizdən çıxardı. Hökumət şəxsiyyət və xüsusi mülkiyyət toxunulmazlığı prinsiplərini elan etdi, şah rejimini devirmək və respublika təsis etmək, geniş demokratik dəyişikliklər həyata keçirmək və gələcək demokratik İran çərçivəsində Cənubi Azərbaycanın muxtariyyətinə nail olmağı qarşısına məqsəd qoydu. Şah qoşunları bilavasitə ingilislərin rəhbərliyi altında Təbrizdə üsyanı yatırmaq üçün hazırlıq işlərinə başladılar. Eyni zamanda, üsyançıları arxayın salmaq məqsədi ilə şah hökuməti Xiyabaninin milli hökuməti ilə danışıqlar aparırdı. 1920-ci il sentyabrın 12-də hökumət qoşunları və rus kazak hissələri hücuma keçərək sentyabrın 14-də Təbrizi tutdular, Xiyabani öldürüldü. Təbriz tutulduqdan sonra inqilabi hərəkat Cənubi Azərbaycanın digər ərazilərində də yatırıldı.

Təbrizi Fələki Əla XIII — XIV əsrlər Azərbaycan riyaziyyatçısı. Əsas əsərləri: «Səadətnamə» və «Qanun əs-səadət».

Təbrizi Xətib (1030 — 1108) — Azərbaycan filosofu, ədəbiyyatçı və dilçisi. Xətib Təbrizi fəlsəfə, məntiq, sintaksis və ədəbiyyat üzrə orijinal əsərlər yaratmışdır.

Təbrizi Qətran (1012 — 86) — Azərbaycan şairi. Azərbaycan ədəbi İntibahının ilk nümayəndəsi. Əsas əsərləri lirik şerlər toplusundan ibarət «Divan»ı, eləcə də "Ət-təfsir" (farsca) izahlı lüğətidir. Öz qəsidələrində Azərbaycan hökmdarlarını birliyə və dostluğa çağıran Qətran Təbrizi onların birlikdə əldə etdikləri zəfərləri tərənnüm etmişdir.

Təbrizi Qövsi — XVII əsr Azərbaycan şairi. Şerlərində vətənə məhəbbəti və azadlığı tərənnüm etmişdir. Təbrizinin şerlərinin dili canlı xalq dilinə yaxındır. Onun divanının (şerlər toplusunun) əlyazması dünyanın bir çox ölkələrinin muzeylərində saxlanılır.

Təbrizi Mirzə Məhəmmədəli (1601 -77) — «Saib Təbrizi» təxəllüsü ilə tanınmış Azərbaycan şairi; 120 min beytdən ibarət yeddi divanın müəllifi. Şerlərində vətənin gözəlliyini tərənnüm etmişdir.

Təbrizi Übeyd (? — 1308) — Azərbaycan riyaziyyatçısı. «Risalət ül-hesab» («Hesab haqqında yazılar») əsərinin müəllifidir.

təcavüz — bir dövlətin başqa dövlətin müstəqilliyi və ərazi bütövlüyünə qarşı hər hansı şəkildə hərbi qüvvə tətbiq etməsi. Siyasətdə «iqtisadi təcavüz» və «siyasi təcavüz» məfhumları da işlədilir.

təftişçilik — əsas məqsədlərindən biri hər hansı təlimin, nəzəriyyənin əsas müddəalarını yenidən nəzərdən keçirmək, dəyişmiş şəraitə uyğun olaraq onun tənzimlənməsi tərəfdarı olan, ona prinsipial dəyişikliklər etmək istəyən ideya-siyasi cərəyan.

təhkimli — torpaq və şəxsi azadlığından məhrum olan, yəni feodaldan həm torpaq, həm də şəxsi asıldığa düşən kəndli. Təhkimli kəndlilər ağalarından tamamilə asılı idilər və öz əmlakları ilə sərbəst rəftar edə bilməzdilər, onlar torpağa təhkim olunmuşdular. Təhkimlilərin övladları və nəvələri də feodaldan şəxsən asılı idilər.

təxliyə (evakuasiya) — 1) qoşunların yerləşdikləri (tutduqları) ərazidən çıxarılması; 2) yaralıların və xəstələrin, eləcə də hərbi əmlakın, hər cür sərvət və s.-nin hərbi əməliyyat rayonundan çıxarılması; 3) müharibə və ya təbii fəlakət zamanı təhlükəli rayonlardan və ya həmin ərazilərdə hər hansı tikinti işləri nəzərdə tutulan vaxt əhalinin, müəssisələrin, idarələrin, maddi və mədəni sərvətlərin oradan köçürülməsi.

təkamül (ər. «kamala çatma», «təkmilləşmə»; lat. «evolutio» — «inkişaf etmə», «genişlənmə») — yeni keyfiyyətə keçidlə nəticələnən ləng, tədrici dəyişiklik. Təkamül və inqilab — evolyusiya və revolyusiya — cəmiyyətin və təbiətin inkişafının bir-biri ilə bağlı iki formasıdır.

təkrar istehsal — istehsal prosesinin daim təkrarlanması, fasiləsiz olaraq yeniləşməsi.

təkər — ox üzərində fırlanan disk və ya milləri olan çənbər, sağanaq. Təkər insanın Qədim Şərqdə təxminən 4 min il bundan əvvəl köçəri maldar tayfalar tərəfindən edilmiş ən mühüm kəşflərindən biridir.

«təmkinlilik» doktrinası — 1946-cı ildə Amerika politoloqu C.Kennan tərəfindən irəli sürülmüşdür. Həmin doktrinaya görə, SSRİ-nin öz nüfuz dairəsini genişləndirməyə yönəltdiyi hər bir cəhdə ABŞ özünün kəskin reaksiyasını bildirəcək, lakin bu zaman ABŞ-ın SSRİ-nin daxili işlərinə qarışması istisna olunurdu. C.Kennan güman edirdi ki, bu sayaq «təmkinlilik» yeni dünya müharibəsinin qarşısını ala bilər.

tənzimat — tarixdə XIX əsrin 1839 — 70-ci illərinin əvvəllərində Osmanlı imperiyasında keçirilən, Türkiyədə feodalizmin dağılmasını və kapitalist münasibətlərinin yaranmasını sürətləndirən islahatların adı.

tənzimləmə — nizama salma, əvvəl mövcud olmuş qaydanın, vəziyyətin bərpa edilməsi və ya yenisinin yaradılması. Dinc tənzimləmə — beynəlxalq münaqişənin danışıqlar yolu ilə, tərəflərin razılaşması yolu ilə həll edilməsi.

Tərəqqi — ibtidaidən aliyə doğru, sadədən daha mürəkkəbə doğru inkişaf istiqaməti; daha yetkinə doğru hərəkət, yeniliyə, yaxşılığa doğru dəyişiklik.

tərk-silah — müxtəlif növ döyüş vasitələrinin tam, yaxud qismən ixtisarına səbəb ola biləcək və müharibənin başlanması təhlükəsinin aradan qaldırılması üçün şərait yaradan tədbirlər sistemi.

təslim. təslim olma (kapitulyasiya) — müdafiə olunan obyektin və ya qoşunun düşmənə təhvil verilməsi. Təslim olan dövlətin üzərinə bir sıra siyasi, iqtisadi, hərbi və s. öhdəliklərin qoyulması ilə müşayiət edilir.

tətil — fəhlələrin iqtisadi və siyasi tələblərinin ödənilməsi uğrunda bir və ya bir neçə müəssisədə işin kollektiv dayandırılmasını nəzərdə tutan mübarizə formalarından biri.

təşviqat — kütlələrin siyasi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların şüur və əhval-ruhiyyəsinə təsir göstərən kütləvi informasiya vasitələri (mətbuat, radio, televiziya), şifahi çıxışlar və əyani vasitələrlə həyata keçirilən siyasi fəaliyyət.

Tiberi Qrakx (e.ə. 162 — 133) — mənşəcə varlı plebey nəslindən idi. III Pun müharibəsi zamanı o, e.ə. 146-cı ildə hamıdan əvvəl Karfagenin divarları üstünə çıxmış və buna görə qızıl çələnglə təltif edilmişdir. Bu zaman Romada ucuz qul əməyindən geniş istifadə edilməsi nəticəsində kəndlilər kütləvi surətdə var-yoxdan çıxmağa başladılar. Kəndlilərin torpaqlarını itirməsi ilə hərbi xidmətə çağırılan adamların sayı azaldı ki, bu da Roma qoşunlarının sayının aşağı düşməsinə səbəb oldu. E.ə. 133-cü ildə Tiberi Qrakx xalq tribunu seçildi. Kəndlilərin var-yoxdan çıxmasının qarşısını almaq, Roma dövlətini və ordusunu möhkəmlətmək məqsədi ilə o, islahatlar keçirilməsini — varlıların artıq torpaqlarını alıb torpaqsız kəndlilərə paylamağı təklif etdi. İri torpaq sahiblərindən ibarət olan senat bu islahatların əleyhinə çıxdı. Bunu görən Tiberi senatdan yan keçərək xalq yığıncağı çağırdı və orada torpaq haqqında qanun qəbul edildi. Kəndlilərə torpaq paylanılmasına başlanıldı. Senatorlar şayiə yaydılar ki, Tiberi hökmdar olmaq istəyir və xalq yığıncaqlarının birində «respublikanı xilas etməyə» çağırmaqla əllərində dəyənək və çubuqla Tiberinin üzərinə atılıb onu döyüb öldürdülər. Onun 300 nəfər tərəfdaşı da öldürüldü. Torpaqların paylanmasını Tiberinin qardaşı Qay Qrakx davam etdirmişdir.

Tilzit sülhü — 1807-ci il iyunun 25-də Tilzitdə Fransa imperatoru I Napoleon ilə Rusiya imperatoru I Aleksandrın arasında aparılan şəxsi danışıqlar nəticəsində bağlanmışdır. Tilzit sülhünün şərtlərinə görə, Rusiya Varşava hersoqluğunun yaradılmasına razılıq verdi və kontinental blokadaya qoşuldu. Bununla əlaqədar olaraq Napoleon Qərbi Avropada, I Aleksandr isə Avropanın şimalında və cənub-qərbində fəaliyyət sərbəstliyi əldə etdi. Beləliklə, imperatorlar vəd verdilər ki, həmin rayonlarda bir-birlərinə mane olmasınlar və İngiltərəyə qarşı saziş bağladılar.

Tir — finikiyalıların e.ə. III — II minilliklərdə Aralıq dənizinin şərq sahillərindəki adada yerləşmiş ən böyük və bu səbəbdən düşmən üçün alınmaz qala olan ticarət şəhəri. Tir şəhərinin bir sıra koloniyaları da vardı. Bunlardan ən böyüyü Karfagen idi.

tiran — 1) Qədim Yunanıstanda və orta əsrlər İtaliya şəhər-dövlətlərində hakimiyyəti zor gücünə ələ keçirmiş adam; 2) hakimiyyəti özbaşınalığa və zorakılığa əsaslanan hökmdar; 3) məcazi mənada — qəddar hökmlü şexs; əzab verən; despot.

tiraniya — siyasi zorakılığa əsaslanan hakimiyyət forması. Qədim Yunanıstanın bir sıra şəhərlərində demosun başçıları əksər hallarda özlərinin təkbaşına hakimiyyətlərini qururdular və yunanlar onları tiran adlandırırdılar. Tiranlar adətən əyanların zorakılığına qarşı mübarizədə aztorpaqlı və torpaqsız yoxsullara arxalanırdılar. Hakimiyyəti ələ keçirən tiran özünün siyasi rəqiblərinə divan tutur, onları məhkəməsiz və istintaqsız edam etdirir və əmlaklarını öz mülkiyyətlərinə çevirirdi. Özlərinin «xalqa olan məhəbbət»lərində tiranlar adətən kütlələrə cüzi əl payı və demaqoq vədlər verməklə kifayətlənirdilər. Tiranların əsas məqsədləri polis üzərində hakimiyyətlərini bərqərar etmək və irsi hakimiyyət yaratmaq idi. Son dövr tarixi ənənəsində «tiraniya» sözü amansız, qəddar qanlı mübarizə sinoniminə çevrildi.

«tiryək müharibələri» — Avropa dövlətlərinin Çində işğalçı müharibələrə başlamaları üçün bəhanə Çin hakim dairələrinin tiryək yükünü müsadirə etmək haqqında verdikləri qərar olmuşdur, buna görə də həmin müharibələr «tiryək müharibələrr adını almışdır. Birinci „tiryək müharibəsi (1840 — 42) ingilis qoşunlarının Çinə soxulması və bir sıra şəhərlərin tutulması ılə başlandı. Bununla da Çinin yarımmüstəmləkə çevrilməsinə zəmin yarandı. Nankin müqaviləsi ilə başa çatan bu müharibə nəticəsində Honkonq adası İngiltərəyə verildi, bir sıra Çin limanları xarici tacirlər üçün açıldı, Çin ölkəyə tiryək gətirilməsini qəbul etməsə də, faktik olaraq ona mane olmadı. İkinci “tiryək müharibəsi» zamanı (1856 — 60) — 1857-ci ildə ingilis və fransız qoşunları Quançjounu (Kanton) və Daqu istehkamını, 1860-cı ildə isə Tyantszin və Pekini tutdular. Qeyri-bərabər Tyantszin və Pekin müqavilələri Çinə zorla qəbul etdirildi. Bu müqavilələrə əsasən, xaricilərə daha bir neçə limanda ticarət etməyə icazə və əlavə imtiyazlar verildi: xaricilər Çin qanunları ilə mühakimə edilə bilməzdilər və s.

titul (lat. «fəxri rütbə») — fəxri sahiblik, irsi və ya verilmiş rütbə (məs.: knyaz, qraf).

tiyul — mülki və hərbi məmurların şaha göstərdikləri xidmət müqabilində aldıqları şərti torpaq mülkiyyəti. Tiyulu Səfəvilər dövründə paylamağa başlamışlar. Tiyul yalnız şahın icazəsi ilə irsən keçə bilərdi. Tiyul sahibi tiyuldar adlanırdı.

tiyuldar — tiyul sahibi. Tiyuldar dövlətə və şaha xidmət etməyə məcbur idi. Tiyuldarın tiyuldan əldə edilən gəlirin yalnız bir hissəsinə hüququ çatırdı, qalan hissə isə dövlət xəzinəsinə verilirdi.

toxa əkinçiliyi — əkinçiliyin toxanın əsas əmək aləti olduğu ən qədim forması. Toxa əkinçiliyi ağır zəhmət, böyük əmək tələb edir, həmişə məhsul verirdi. O, nəslin yığıcılıqla müqayisədə bitki ilə daha yaxşı qidalanmasına şərait yaradırdı.

Toxtamış — Cuci xanın nəslindən olan Qızıl Orda xanı (1380 — 1406). 1382-ci ildə rus knyazlıqlarına hücum etmiş, bu zaman Moskvanı tutub yandırmışdır. Teymur ilə 1389 — 95-ci illərdə apardığı müharibədə məğlubiyyətə uğramışdır. 1398 — 99-cu illərdə Volqaarxası Ordanın xanı Temir Qutlu tərəfindən məğlub edilmişdir.

«toxunulmazlar» — Hindistan əhalisinin azad, amma tam hüquqsuz təbəqəsi. Güman ki, onlar Hindistanın buraya soxulmuş arilərə qarşı ciddi müqavimət göstərən yerli əhalisinin törəmələridir. «Toxunulmazlar» heç bir kastaya daxil deyildilər. «Toxunulmazlar» hindlilərin dini nöqteyi-nəzərindən ən «natəmiz» və xoşagəlməz işləri yerinə yetirirdilər — natəmizlikləri yığışdırır, heyvanların dərilərini soyur və aşılayır və s. işlər görürdülər.

toqa — qədim romalıların qolsuz, uzun plaş kimi geyimdən ibarət olan üst paltarları.

Topçubaşov Əlimərdanbəy — görkəmli Azərbaycan siyasi xadimi, ixtisasca hüquqşünas. Topçubaşov Rusiyanın I Dövlət Dumasına (1906) Azərbaycandan deputat seçilmişdi. Topçubaşov Dumanın müsəlman fraksiyasının sədri, onun proqramının müəllifi olmuşdu. Topçubaşov Qafqazda islahatların zəruriliyi haqqında 1905-ci ilin martında çar hökuməti üçün tərtib olunmuş «Qafqazda islahatların zəruriliyi haqqında» petisiyanın müəlliflərindən biri idi. O, I Ümumrusiya müsəlmanları qurultayının (1905) nümayəndəsi idi və burada «Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri haqqında» məruzə ilə çıxış etmişdi. "İttifaqi-müslimin" (1905) partiyasının nizamnamə və proqramının müəlliflərindən biri idi. 1905-ci ilin sentyabrında Peterburqda neft sənayeçilərinin iclasında müsəlman fəhlələrin maraqlarını müdafiə etmişdi. II (yanvar, 1906) və III (avqust, 1906) Ümumrusiya müsəlmanları qurultayının nümayəndəsi idi. Topçubaşov 1918-ci ildə ADR hökumətinin Osmanlı imperiyasında fövqəladə və səlahiyyətli səfiri idi. O, 1918-ci ilin dekabrında Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin sədri təyin edilmişdi. Topçubaşov 1919-cu il dekabrın 7-də ADR parlamentinin sədri seçilmişdi.

1920-ci ilin yanvarında Fransada ADR-in de-fakto tanınması haqqında Paris sülh konfransı Ali Şurasının müstəqil qərarı Topçubaşova təqdim olunmuşdur. ADR-in devrilməsindən sonra Topçubaşov Parisdə anti-sovet fəaliyyətini davam etdirmişdir.

Topçubaşov Mirzə Cəfər (1784 — 1869) — Azərbaycan şərqşünası. Topçubaşov Gəncədə anadan olmuş, sonralar ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Topçubaşov 1811-ci ildə gürcü şahzadəsi Teymuraz Baqrationinin məiyyəti ilə birlikdə Peterburqa getmiş, orada Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi qəbul olunmuşdur. 1819-cu ildən Baş Pedaqoji Universitetdə (sonralar Peterburq universiteti adlandırılmışdır) fars dilindən dərs demişdir. Topçubaşov 1835-ci ildə fars dili kafedrasının müdiri olmuş və professor adı almışdır. M.İ.Qlinka ilə A.S.Qriboyedov onun tələbələri olmuşlar. Hər il müsabiqə əsasında universitetin məzunları və tələbələrinə Topçubaşov adına mükafat verilirdi. 1837-ci ildə o, Xarici İşlər Nazirliyinin Asiya departamenti yanında Şərq dilləri professoru olmuşdur. 1852 -67-ci illərdə Topçubaşov Rusiya Arxeologiya Cəmiyyətinin Şərq numizmatikası şöbəsinə başçılıq etmişdir. Əsas əsərləri bunlardır: "İran müntəxəbatı" (1834) və "Ən qədim dövrlərdən Teymurləngə qədər monqolların tarixi" (1834). Topçubaşov A.Mitskeviçin «Krım sonetləri» poemasını fars dilinə tərcümə etmişdir. Topçubaşov şərqşünaslığın inkişaf etdirilməsindəki xidmətlərinə görə Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir.

torpaq asılılığı — torpaq üzərində mülkiyyətini itirən, lakin öz şəxsi azadlığını saxlayan kəndlilər feodaldan torpaq asılılığına düşürdülər. Kəndlilər torpaq sahəsindən (kəsik, nadel) istifadə etmək üçün əldə etdikləri məhsulun bir hissəsini feodala verməli və ağanın torpağında işləməli idilər. Onların torpaq sahəsini qaytarmaqla kənddən çıxıb getmək hüquqları var idi.

Tot — qədim misirlilərdə müdriklik allahı. Onu say, təqvim və yazını yaradan allah hesab edirdilər. Totu əlində yazı ləvazimatı (lövhəcik və çubuq) olan qaraleylək başlı insan kimi təsvir edirdilər.

total — tam, ümumi, hamılıqla, bütünlüklə.

totalitarizm — totalitar dövlət formalarından biri. Onun xarakterik xüsusiyyətləri: cəmiyyətin bütün sahələrinin tam (total) nəzarət altında saxlanılması, demokratik təşkilatların qadağan olunması, konstitusion hüquq və azadlıqların ləğv edilməsi, mütərəqqi qüvvələrə qarşı repressiyalar aparılması, ictimai həyatın hərbiləşdirilməsidir. Faşist rejimləri, eləcə də SSRİ-nin, Çinin və digər sosialist ölkələrinin dövlət quruluşlarını totalitar rejimə aid edirlər.

totemizm — insanların nəslinin müəyyən totemdən (əcdad) — heyvan, bitki, təbiət hadisələri və cansız əşyalardan meydana gəlməsi təsəvvürləri ilə bağlı olan inanc və adətlər sistemi. Hər bir nəsil öz toteminin adını daşıyırdı. Onu öldürmək, qida kimi istifadə etmək və ya ona hər hansı xətər yetirmək olmazdı. Totemizm dünyanın bütün xalqları arasında yayılmışdır, bütün dinlərdə onun qalıqları saxlanılmışdır.

Tövrat — Bibliyanın beş kitabdan ibarət olan birinci hissəsi (yəhudilərdə -Tora). E.ə. IX — VII əsrlərdə tərtib olunmuşdur. Sonuncu dəfə e.ə. VI əsrin sonları -V əsrdə redaktə olunub.

töycü — feodalın asılı kəndlilərdən hər il yığdığı vergi. Natural (ərzaq və məhsulla) və pul şəklində töycü mövcud olmuşdur.

Trafalqar — İspaniyanın Kadis şəhəri yaxınlığında burun. 1805-ci il oktyabrın 21-də burada P.Vilnövün komandanlığı altında Fransa — İspaniya donanmaları ilə admiral H.Nelsonun komandanlıq etdiyi İngiltərə donanması arasında dəniz döyüşü olmuşdur.

İngilis donanması fransız — ispan donanmasını darmadağın etmiş, onların, demək olar ki, bütün gəmiləri yandırılmış və ya batırılmışdı. Admiral Nelson Fransa gəmisindəki dor ağacından atılan güllədən ağır yaralanmış və düşmən üzərində tam qələbə xəbərini alan kimi ölmüşdür. Trafalqar burnu yaxınlığındakı qələbə ingilis donanmasına dənizdə ağalıq etməyə imkan yaratdı və İngiltərə uzun müddət Napoleon üçün əlçatmaz oldu.

tragediya (yun. «keçi nəğməsi») — Qədim Yunanıstanda adətən milli-qəhrəmanlarına həsr olunmuş pyes. Tragediyada qəhrəmanlar arasında baş verən kəskin mübarizə, onların şücaəti, iztirabları və çox vaxt da həlak olmaları təsvir edilirdi. Görkəmli tragediya müəllifləri Esxil və Sofokl idi. Afina teatrında onların abidələri — heykəlləri qoyulmuşdu. Yunanıstanda tragediya müəlliflərini «müdriklik başçısı» adlandırırdılar.

Trayan — Roma imperatoru (98 — 117). Trayanın işğalçı yürüşləri nəticəsində Roma imperiyası sərhədlərini maksimum dərəcədə genişləndirərək Dakiya, Ermənistan, Ərəbistan, Mesopotamiyanı öz tərkibinə qatmışdı. Amma az sonra həm yeni tutulan ölkələrdə, həm də köhnə əyalətlərdə üsyanlar başlandı. Ağır itkilər verən Roma ordusu geriyə çəkilmək məcburiyyətində qaldı və bu zaman Trayan öldü. Onun demək olar ki, Asiyada əldə etdiyi bütün nailiyyətləri itirildi. Trayanın yürüşləri Romanın son iri işğalçı müharibələri olmuşdur.

traybalizm — qəbilələrarası qırğın, qəbilələrin ayrılmağa, təklənməyə (separatizmə) cəhd göstərməsi.

tred-yunionlar — Böyük Britaniyada və bundan sonra digər ingilisdilli ölkələrdə həmkarlar ittifaqlarının adı. Tred-yunionlar ixtisaslı fəhlələri peşələri üzrə müəyyən sənaye rayonu və ya bütün ölkə miqyasında birləşdirir.

trest — kartel və sindikatla müqayisədə daha yüksək inhisar forması. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqilliklərini tam itirirlər. Trestin təşkili zamanı müəssisənin sahibkarları istehsal vasitələrinə olan mülkiyyətlərini birliyə verir, əvəzində isə həmin payın məbləğinə müvafiq miqdarda aksiya — səhm alırlar.

tribunal — 1) Böyük Fransa burjua inqilabı zamanı inqilabi tribunallar -əksinqilabi cinayət işləri üzrə müstəsna məhkəmələr; 2) Sovet Rusiyası və SSRİ-nin mövcud olduğu ilk illərdə əksinqilabi və digər dövlət cinayətlərinə baxan xüsusi məhkəmələr; 3) SSRİ-də hərbi xidmətçilərin cinayət işlərinə baxan məhkəmələr.

Triumf — 1) qalib sərkərdənin qoşunları ilə birlikdə təntənəli şəkildə Romaya daxil olması. Senatın qərarı ilə təşkil edilirdi və sərkərdə üçün ali mükafat sayılırdı. Triumfator dörd ağ ata qoşulmuş cəng arabasında təntənəli şəkildə Romaya daxil olurdu. Triumfatorun önündə onun əldə etdiyi qəniməti və zəncirlənmiş əsirləri aparırdılar; 2) məcazi mənada — parlaq nailiyyət, görkəmli qələbə.

Troya — Kiçik Asiyanın şimal-qərbində qədim zəngin şəhər. E.ə. 1240 -1230-cu illərdə yunan-axeylər Mikena hökmdarı Aqamemnonun başçılığı ilə troyalılarla müharibə etmiş və yalnız hiylə vasitəsilə Troyanı tuta bilmişlər. Yunan rəvayətinə görə, Troyanı mühasirəyə almış axeylər nəhəng taxta at düzəltmiş, onun içərisində isə öz döyüşçülərini gizlətmişlər. Troya sakinləri taxta atı dartıb şəhərə aparmışlar. Gecə ikən atın içərisindən çıxan axey döyüşçüləri şəhər darvazalarını açaraq mühasirəyə alanları içəri buraxmışlar. Bununla da Troya süqut etmişdir. İndiki dövrdə «Troya atı» ifadəsi «alan üçün təhlükəli hədiyyə» mənasını verir. Uzun müddət elə hesab edilirdi ki, bu hadisə Homer tərəfindən uydurulub və Troyanın özü də heç zaman olmamışdır. Amma alman arxeoloqu Sliman 1870-ci ildə Hissarlıq təpəsini qazarkən Troyanın xarabalıqlarını aşkar etmişdir.

Trumen doktrinası — 1947-ci ildə prezident Harri Trumen tərəfindən irəli sürülmüş ABŞ hökumətinin xarici siyasət proqramı. Yunanıstana və Türkiyəyə təxirəsalınmaz hərbi və iqtisadi yardım göstərmək adı ilə onların daxili işlərinə qarışmağı və həmin ölkələri SSRİ-yə qarşı hərbi-strateji meydana çevirməyi nəzərdə tuturdu. Bu proqram «soyuq müharibə» siyasətinin bir hissəsi idi.

tunc dövrü — tuncdan əmək alətləri və silah istehsalının yayılması ilə xarakterizə olunur. Tunc insan tərəfindən hazırlanmış ilk süni xəlitədir — o, misin qalay, nikel, arsen və ya sürmə ilə qarışığıdır. Tunc misdən özünün asan əriməsi və daha möhkəmliyi ilə fərqlənirdi, lakin əmək alətləri və silah istehsalının yayılması ləng gedir və məhdud ərazidə baş verirdi, belə ki, qalay yataqları azlıq təşkil edirdi və o, çox baha idi. Tunc dövrü eneoliti əvəz etmişdir. Azərbaycanda tunc dövrü e.ə. IV minilliyin sonlarından başlayaraq II minilliyin sonlarınadək davam etmişdir. Tuncdan məmulat hazırlama üçün əritmə sobaları və zindan lazım idi. Yeni sənətkarlıq sahələri — dəmirçilik, naxışlama inkişaf etməyə başladı, əkinçilik təkmilləşdi. Tunc dövründə Azərbaycanda matriarxat patriarxatla əvəz olundu, tayfa ittifaqları və mədəni birliklər meydana gəldi, əhalinin sıxlığı artdı, dağətəyi və dağlıq zonalar məskunlaşmağa başlandı, yaşayış məskənləri ətrafında möhkəm müdafiə divarları çəkildi, toxa əkinçiliyi xış (kotan) əkinçiliyi ilə əvəz edildi, köçəri maldarlıq meydana gəldi, sənətkarlıq əkinçilikdən ayrıldı, əmlak bərabərsizliyinə və sinfi cəmiyyətə keçid başlandı, erkən dövlət qurumları meydana gəldi. Tunc dövrü dəmir dövrü ilə əvəz olundu.

Tupak Amaru — Peruda ispan işğalçılarına qarşı azadlıq mübarizəsinin rəhbərlərı: 1) Tupak Amaru 1571-ci ildə inklərin dövlətini bərpa etmək uğrunda hindilərin mübarizəsinə rəhbərlik etmişdir; 2) X.Q.Kondorkanki Tupak Amaru adı ilə Peruda 1780 83-cü illərdə hindilərin çox böyük üsyanına başçılıq etmişdir. Bu üsyan Latın Amerikasında azadlıq mübarizəsinin inkişafına böyük təsir göstərmişdir.

turnir — orta əsrlərdə Avropada rıtsarların döyüş yarışları. Ölkələrin əksəriyyətində rıtsar turnirlərinə XVI əsrdən son qoyulmuşdur.

Tusi Nəsirəddin (1201 — 74) — məşhur Azərbaycan astronomu. Astronomiya, riyaziyyat və fəlsəfə üzrə əsərlərin müəllifi. Astronomiya üzrə əsas əsəri «Zic elxan (»Elxanın cədvəlləri"). 1259-cu ildə Marağa (Cənubi Azərbaycan) yaxınlığındakı dağın zirvəsində rəsədxana yaratmış və özü də ona rəhbərlik etmişdir. Marağa rəsədxanasında Yaxın və Orta Şərq ölkələrindən yüzdən artıq alim işləmişdir; burada 400 mindən artıq əlyazması olan kitabxana da vardı.

Tussen-Luvertür Fransua Dominik (1743 — 1803) — qul oğlu, Haiti adası xalqının ingilis müdaxiləçilərinə (1793 — 1803) və fransız müstəmləkəçilərinə (1802 — 1803) qarşı azadlıq mübarizəsinin rəhbərlərindən biri. 1797-ci ildən Haiti adasının qərb hissəsinin silahlı qüvvələrinin baş komandanı, 1801-ci ildən adanın ömürlük rəhbəri. Quldarlığı ləğv etmişdir. Fransız müstəmləkəçiləri tərəfindən tutularaq Fransaya aparılmış və orada ölmüşdür.

Tutanxamon — Qədim Misir fironu (e.ə. 1400 — 1392), Exnatonun oğlu. Çox gənc ikən ölmüşdür, lakin 1922-ci ildə qarət edilməmiş sərdabədən arxeoloq Karter tərəfindən tapılması sayəsində yaxşı məlumdur. Tutanxamonun sərdabəsindəki xəzinə Qədim Misir nədəniyyətinin qiymətli abidələrindəndir.

Tutmos III — Qədim Misirin fateh fironu III Tutmos (e.ə. 1525 — 1473) və ondan sonra hökmdarlıq etmiş fironlar Fələstin, Suriya, Finikiya və Nubiyanı fəth etmişlər.

Tüdorlar — İngiltərədə 1485 — 1603-cü illərdə kral sülaləsi.

tümən — Səfəvilər dövlətində pul (say) vahidi. Tümən 10 min gümüş dinara bərabər tutulurdu.

türk dilləri — Altay (türk) dilləri ailəsinə mənsubdur. Türk dilləri qərbi xun və şərqi xun qruplarına bölünür. Türk dillərinin qərbi xun budağına aşağıdakılar daxildir: tərkibinə qədim bulqar, xəzər, çuvaş dillərinin daxil olduğu bulqar qrupu; oğuz, türkmən, Azərbaycan, türk, qaqauz və s. dillərin daxil olduğu oğuz qrupu; kəraim, kumık, qaraçay-balkar, tatar, başqırd, noqay, qaraqalpaq və s. dillərin daxil olduğu qıpçaq qrupu; yeni uyğur, özbək və s. dillərin daxil olduğu karluk qrupu. Türk dillərinin şərqi xun qrupu aşağıdakılardan ibarətdir: qədim uyğur, tuva, yakut, xakas, şor və digər dillərdən ibarət uyğur qrupu; qırğız və Altay dillərindən ibarət qırğız-qıpçaq qrupu.

«Türk ədəmi-mərkəziyyət partiyası» —  1917-ci ilin martında N.B.Yusifbəylinin, Ş.B.Rüstəmbəyovun və H.B.Ağayevin təşəbbüsü ilə yaradılmış partiya. Bu partiya Rusiyanın federativ demokratik respublika elan olunmasının və onun tərkibində Şimali Azərbaycana muxtariyyət verilməsinin tərəfdarı idi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında «Müsavat» partiyası ilə «Türk ədəmi mərkəziyyət partiyası» arasında onların birləşməsi haqqında razılaşma əldə olundu və bu birləşmə «Müsavat» partiyasının 1917-ci il oktyabrın 25 — 29-da (noyabrın 7-11-də) keçən I qurultayında tam başa çatdı. Bundan sonra partiya — «Türk ədəmi-mərkəziyyət „Müsavat“ partiyası» adını aldı.

Türk xaqanlığı — türk tayfa ittifaqının Mərkəzi Asiyada 552 — 745-ci illərdə Tuqyu adı ilə mövcud olmuş dövləti. Türk xaqanlığının baniləri Tumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi. Xaqanlığın mərkəzi Orxon çayı (Monqolustan) hövzəsində yerləşirdi. VII əsrin əvvəllərində Türk xaqanlığı bir-biri ilə savaşmağa başlayan Qərbi Türk xaqanlığına və Şərqi Türk xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və Bizans imperiyaları onunla hesablaşmağa və ittifaqa girməyə çalışırdılar. Qərbi Türk xaqanlığı İstəminin oğlu Datou xaqanın hakimiyyəti illərində özünün ən yüksək çiçəklənmə dövrünə çatdı. O, Qara dənizin şimal sahili çöllərində uğurlu müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. Şərqi Türküstana yürüşə çıxan Datou onu tutub öz ərazilərinə birləşdirdi. 634-cü ildə Qərbi Türk xaqanlığında inzibati islahat keçirildi və o, on «ox»a (hissəyə) bölündü. Hərbi yürüşlərdən əldə edilən çoxlu qənimət, tabe olunmuş tayfalardan alınan xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri onu kifayət qədər zəngin dövlətə çevirdi. Arxeoloqlar türk əyanlarının qəbirlərindən qızıl və gümüş silah və bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri aşkar etmişlər. Döyüşçülərin şərəfinə kvadrat formalı, daşla əhatəli xırda anma «məbəd»ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, runa yazılı stelalar və onun öldürdüyü düşmənləri bildirən otuz-qırx dənə qaya parçası qoyarmışlar. 639-cu ildə Qərbi Türk xaqanlığı Dulu və Nuşibi adı ilə iki yerə parçalandı. Zəifləmiş Qərbi Türk xaqanlığının Asiyadakı torpaqları tezliklə ərəblər tərəfindən zəbt olundu. Qərbi Türk xaqanlığının yerini Xəzər xaqanlığı tutdu. Şərqi Türk xaqanlığı 745-ci ildə uyğurlar tərəfindən darmadağın edildi.

türk tayfaları — tunc dövründən Mərkəzi Asiyada Altay dağlarının ətəkləri və vadilərindəki münbit otlaqlarda məskunlaşmış qədim tayfalar. Hələ e.ə. III əsrdə - xunnu (hun tayfaları) dövlətinin çiçəkləndiyi dövrdən türk tayfaları həm iqtisadi, həm də ictimai münasibətlərdə yüksək inkişaf səviyyəsinə çatmışdılar. Onların mədəniyyəti bir sıra zəngin kurqan-çaatasların qazıntısından bəllidir. V — VI əsrlərdə — xalqların böyük köçü zamanı türklər dünya tarixi səhnəsinə çıxaraq şərqdə Baykal gölündən başlayaraq qərbdə Qara dənizə qədər Avrasiya çöllərinin geniş ərazilərində yayıldılar. VI əsrin 80-ci illərində türklər Qara dəniz — Xəzər çöllərindəki bulqar tayfalarının hamısını özlərinə tabe etdilər. VI — VIII əsrlərdə türk tayfaları Mərkəzi Asiyada qüdrətli dövlət — Türk xaqanlığı yaratdılar. Türk tayfaları türk dillərində danışırdılar.

Türkmənçay müqaviləsi (1828) — Rusiya imperiyası ilə İran şah rejimi arasında 1828-ci il fevralın 10-da Türkmənçay kəndində (Təbriz yaxınlığında) general İ.F.Paskeviçlə Abbas Mirzənin imzaladıqları müqavilə; 1826 — 28-ci illər Rusiya — İran müharibəsinə son qoymuşdur. Fevralın 6-da başlanmış danışıqlarda Qriboyedov və tərcüməçi kimi Bakıxanov da iştirak etmişdilər. 1813-cü il Gülüstan müqaviləsinin şərtlərinə əlavə olaraq 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, İran Naxçıvan və İrəvan xanlıqlarının Rusiyanın hakimiyyəti altına keçməsini etiraf edirdi. Müqavilə rus tacirlərinin İranda ticarət imtiyazlarını və Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu təsdiqləyirdi. Müqaviləyə görə, İran Rusiyaya gümüş pul ilə 20 milyon rubl dəyərində təzminat ödəməliydi və onun böyük hissəsi ödənilən qədər Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında qalmalı idi. Təzminat nəzərdə tutulan vaxtda ödənilmədiyi halda isə Cənubi Azərbaycan İrandan qoparılıb Rusiyanın hakimiyyəti altına verilməli idi. Müqavilənin 15-ci maddəsinə əsasən, İranda yaşayan ermənilərə Rusiyanın işğal etdiyi Qafqaz ərazilərinə köçməyə icazə verilirdi; Şimali Azərbaycan isə bununla ermənilərin köçürülmə obyektinə çevrildi. Bu maddəyə uyğun olaraq bir çox erməni İrəvan, Qarabağ və Şimali Azərbaycanın digər vilayətlərinə köçdü. 1828-ci il Türkmənçay müqaviləsi Azərbaycan ərazisinin Rusiya imperiyası ilə İranın şah rejimi arasında iki yerə bölünməsini başa çatdırdı.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top