Son dövrlər Kanada ABŞ-a, Yaponiyaya və AB ölkələrinə rəqabət təşkil edərək, dünya birliyindəki çəkisini artırmışdır. Kanada federativ dövlətdir və onun tərkibində 10 əyalət, 3 ərazi var. Ölkənin sahəsi 9976 min kvadrat kilometr, əhalisi 25,7 milyon nəfərdir. Əhali əsasən ingilis əsilli kanadalılardan (44%), fransız əsilli kanadalılardan (28%) təşkil olunmuşdur. Yerli əhali hindular və eskimoslardır.
«Böyük yeddiliyin» aktiv iştirakçısı olan Kanada keçən yüzilliyin sonunda əsas makroiqtisadi göstəricilərə görə Birləşmiş Ştatlardan sonra ikinci yeri qəti şəkildə tutdu. Kanada 1997-ci ildə daha yüksək rəqabətədavamlılıq göstəricilərinə malik ölkələr arasında dördüncü yeri tutmuş (birinci yerdə Sinqapur, ondan sonra Honkonq və ABŞ gəlir), 1995-ci ildə isə bu göstərici üzrə Yeni Zelandiya və Avstriya kimi ölkələrdən sonra 16-cı yerdə olmuşdur. Artıq 1999-cu ildə aparıcı texnologiyaların istifadə edilməsi ilə və dövlət maliyyələrinin vəziyyəti ilə bağlı göstəricilər də daxil olmaqla, bir çox parametrlər üzrə nəzərəçarpacaq dərəcədə yüksək qiymətlər alan Kanada sənaye cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan 59 ölkə arasında beşinci yerdən dördüncü yerə keçdi.
1990-cı illər Kanada iqtisadiyyatının dövlət tənzimlənmə mexanizmində islahatların başlanğıcı oldu. Bu dövrdə federal hökumət emaledici və neft-qaz sənayesinin, hava və dəmiryol nəqliyyatının, rabitənin, demək olar ki, bütün iri müəssisələrini şəxsi investorlara satdı. Nəqliyyat infrastrukturu obyektlərinin – aeroportların, dəniz və çay limanlarının, liman kənarındakı qurğuların və s. özəlləşdirilməsi başa çatır. Nəqliyyat və kənd təsərrüfatı sferalarında subsidiyalaşmanın geniş miqyasılı sistemləri ləğv olunmuşdur. Əyalətlərin əksəriyyəti iri telefon şirkətlərini şəxsi əllərə ötürmüşlər, elektroenerji korporasiyalarının özəlləşdirilmə planları hazırlanır. Bələdiyyələr sosial xidmətlərin göstərilməsi üçün şəxsi şirkətləri daha tez-tez cəlb edirlər. 1993-cü ildə başlayaraq, dövlət investisiyalarının həcmi azalmağa başladı. Hökumət qeyri dövrü tənzimlənmədən, demək olar ki, imtina etdi. Onun əsas qayğısı büdcə kəsirinin və dövlət borcunun aradan qaldırılması oldu. Bütün bu faktorlar istehsalın dinamikasına və strukturuna dərin təsir göstərdi.
1990 və 1991-ci illərdə Kanada iqtisadiyyatında enmə baş verdi. Real ÜDM uyğun olaraq, 0,2% və 1,7% azaldı. Işgüzar aktivliyin canlanması 1992-1996-cı illərdə daha ləng və dayanıqsız idi (cədvəl 6.1).
Cədvəl 6.1.
Real ÜDM-ın artımı, %-lə
1990
|
1991
|
1992
|
1993
|
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
2001
|
2002
|
2003
|
-0,2
|
-1,7
|
0,7
|
2,2
|
4,6
|
2,4
|
1,5
|
4,4
|
3,3
|
4,5
|
4,7
|
1,9
|
3,3
|
2,0
|
Kanada iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ixracatdır. Eyni zamanda daxili tələbat bütövlükdə çox süst olaraq qalır. Istehlak xərcləri 1995-ci ildə olduğu kimi, 1996-cı ildə də cüzi dərəcədə – yalnız 1,5% (1994-cü ildə 3%) artmışdır. Istehlak tələbatının və mənzil tikintisinin canlanma əlamətləri 1996-cı ilin axırında, 1997-ci ilin əvvəlində üzə çıxdı. Ümumi daxili tələbatın təqribən 60%-ni təşkil edən istehlak xərcləri 1997-ci ildə və 1998-ci ilin ortalarına qədər daha sürtələ çoxalırdı. Bu sürət orta hesabla 1990 -1996-cı illərlə müqayisədə iki dəfə çox idi və bunun səbəbi hər şeydən əvvəl əmək bazarında vəziyyətin yaxşılaşması və əmək haqqı artımının sürətlənməsi idi. Əhalinin alıcılıq qabiliyyəti investisiya gəlirlərinin artımı ilə əlaqədar olaraq çoxalırdı. Investisiya gəlirləri şəxsi şirkətlərin səhmlərinə qoyulan yatırımlardan və qiymətli dövlət kağızlarından gəlirdi. Bu zaman istifadəsi uzunmüddətli olan malların əldə olunması üçün istehlak kreditindən aktiv şəkildə istifadə olunurdu. Istehlak borcunun ÜDM-dakı payı 1996-cı ildə 92% təşkil etmişdirsə, 1998-ci ilin ortalarında 100%-i keçmişdir.
Xidmətlər sferası sahələrində yaradılan ÜDM həcmi 1998-ci ildə 3,4% artmışdır. Daha intensiv şəkildə inkişaf edən sahələr aşağıdakılar idi: topdan ticarət (artım 11%-dən çox), sahibkarlıq sektoru üçün xidmətlər (11%-ə qədər), mehmanxana təsərrüfatı, ictimai yeyinti müəssisələri üçün xidmətlər (6%). Aşağıdakı sahələrin müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi orta səviyyədən yuxarı sürətlə artırdı: rabitə (5%), pərakəndə ticarət (4,2%), nəqliyyat və anbar təsərrüfatı (4%-ə yaxın).
1990-cı illərin əvvəllərində Kanada Bankının rəhbərliyi özünün əsas məqsədi kimi inflyasiyanın yatırılmasını müəyyənləşdirdi. Artıq 1993-cü ildə inflyasiyanın sürəti azaldı. Əgər 1980-ci ilin axırında inflyasiya «böyük yeddilik» ölkələr qrupunun orta göstəricisini üstələmişdirsə, son illər ondan nəzərəçarpacaq dərəcədə geri qalırdı. 1996-1997-ci illərdə Kanadada istehlak mallarının qiymət indeksi orta hesabla 1,6% artmışdır. 1998-ci ildə istehlak qiymətlərinin indeksi 1% azalmış, 1999 və 2000-ci illərdə isə yenidən uyğun olaraq, 1,7% və 2,7% artmışdır. Qiymət artımı 1999-cu ildə bir qədər sürətlənmişdir. Buna səbəb benzinin qiymətindəki sıçrayış və həm də 1998-ci ildə Kanada dollarının qısamüddətli şəkildə düşməsindən sonra ixrac mallarının müvəqqəti bahalaşması idi.
Rəqabətin güclənməsi, texnoloji yeniliklər və əmək məhsuldarlığının yüksəlməsi istehsalın bütün mərhələlərində qiymətlərin artımını
ləngidir. Müəssisələr hər şeydən əvvəl qiymətləri qaldırmağa yox, xərcləri azaltmağa çalışırlar. Əvvəlki illərdə onlar personalın maksimal dərəcədə mümkün ixtisarını aparmış və istehsal güclərini təzələmişdilər. Bütün bunlar xərclərin nəzərəçarpacaq dərəcədə artımında istehsalı böyütməyə imkan vermişdir. Nəticədə, böyük tələbata baxmayaraq, qiymət artımına minimal təzyiq yer almışdır.
1998-ci ilin əvvəlində analitiklər hesab edirdilər ki, milli valyuta kursu nisbətən stabil olacaq və 69 ABŞ sentinin ətrafında dəyişəcək. Lakin iyun ayında Kanada dolları 64 sent qiymətinə, avqustda isə 63,1 sentə düşdü. Bu, Kanada dollarının dövr etdiyi 140 il ərzində ən aşağı səviyyə idi. Kursun aşağı düşmə səbəbi, hər şeydən əvvəl, dünya bazarlarında malların qiymətlərinin düşməsi və Amerika aktivlərinə kapitalların kütləvi şəkildə köçürülməsi idi. Kanada valyutasının kursunu möhkəmlədən faktor dövlət maliyyəsinin yaxşı vəziyyətidir. Bütün bu faktorların təsiri nəticəsində 1999 və 2000-ci illərdə 1 ABŞ dolları orta hesabla uyğun olaraq 1,44 və 1,5 Kanada dollarına dəyişirdi.
90-cı illərin əvvəllərində baş vermiş dövrü böhrandan sonra məşğulların ümumi sayı 1993-cü ilə qədər azaldı, işsizliyin səviyyəsi isə 1995-ci ilə qədər 10% artdı. Dövrü enmədən sonra bir neçə il ərzində işsizliyin belə yüksək səviyyəsinin saxlanması bir sıra struktur faktorla izah olunur. Birincisi, ABŞ və Meksika ilə azad ticarət razılaşmalarının nəticəsi kimi daxili və xarici rəqabətin kəskinləşməsi, beynəlxalq ticarətin liberallaşdırılmasının təsiridir. Kanada korporasiyaları üçün istehsalın effektivliyinin artırılmasının və rəqabət mövqelərinin möhkəmləndirilməsinin əsas üsullarından biri personalın ixtisarıdır. Ikincisi, məşğulluğun ləng bərpası federal hökumətin və əyalət hakimiyyətlərinin apardıqları büdcə iqtisadiyyatı siyasəti ilə şərtlənirdi. Üçüncüsü, 1990-cı illərin ortalarında əmək bazarındakı vəziyyət də mərkəzi bank tərəfindən inflyasiyanı azaltmaq və ABŞ-la müqayisədə qiymətlərin daha yavaş artımına nail olmaq cəhdinin nəticəsi idi. Beş il ərzində həyata keçirilən sərt pul siyasəti kreditləşmə şərtlərinə daha həssas yanaşan iqtisadi sahələrə və sferalara güclü zərbə endirdi.
1997-ci ildə əmək bazarındakı vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Işsizliyin səviyyəsi yanvar ayında 9,6%-dən ilin son aylarında 8,9%-ə qədər azaldı və orta hesabla 9,1% təşkil etdi (cədvəl 6.2).
Cədvəl 6.2
Işsizliyin səviyyəsi, işçi qüvvəsinin sayının %-i ilə
1991
|
1992
|
1993
|
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
10,3
|
11,3
|
11,2
|
10,4
|
9,6
|
9,6
|
9,1
|
8,3
|
7,6
|
6,8
|
Məşğulluğun artımı nöqteyi –nəzərindən, 1998-ci il əvvəlki 15 il ərzində ən müvəffəqiyyətli il idi. Məşğulların ümumi sayı il ərzində 2,7% artdı (1997-ci ildə 2%). 1998-ci ildə yaradılmış 450 min yeni iş yerinin üçdə iki hissəsindən çoxu tam məşğulluq üçün nəzərdə tutulmuşdur. Onların əksəriyyəti iqtisadiyyatın şəxsi sektorunda yaradılmışdır, lakin federal hökumət tərəfindən və əksər əyalət hakimiyyətləri tərəfindən büdcə kəsirlərinin ləğvindən sonra işləyənlərin sayı dövlət sektorunda da artmağa başladı. Kanada məşğulluq göstəricilərinə görə Italiya, Fransa və Almaniya ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşı görünür. Lakin Kanadadakı işsizliyin səviyyəsi ABŞ-la müqayisədə hələ də təqribən iki dəfə yüksəkdir. Əmək qabiliyyətli amerikalılar arasında işləyənlər 64%, əmək qabiliyətli kanadalılar arasında isə işləyənlər 60,6% təşkil edir.
Kanadanın ÜDM-in artımının əsas mənbəyi kifayət qədər inkişaf etmiş xarici ticarət münasibətləridir. Mal və xidmətlərin ixracına gedən ÜDM payı 1995-ci ildə 37%-ə çatmış, hərçənd 1994-cü ildə 33,2%, 1992-ci ildə 26,3%, 1991-ci ildə 24,4% və yalnız 1960-cı ildə 17% olmuşdur. Elə həmin 1995-ci ildə dünya ixracının 3,9%-i və idxalının 3,4%-i Kanadanın payına düşmüşdür.
1997-ci ildə Kanada ixracının dəyər həcmi 10,5% artmışdır. Eyni zamanda ölkədə xüsusilə istehsal təyinatlı idxal mallarına olan tələbatın dövrü şəkildə yüksəlməsi baş verirdi. 1997-ci ildə idxalın ümumi həcmi ixracdan 12,2% sürətlə artırdı. Nəticədə mal ticarətindəki müsbət saldo azalmış, cari əməliyyatlar üzrə balans kəsiri 1997-ci ildə III rübdə 15,5 milyon dollardan IV rübdə 25,5 milyard dollara qədər artmışdır.
Kanadanın xarici ticarət dövriyyəsinin sürətli artımı zamanı ABŞ onun əsas ticarət partnyoru yerini möhkəm tutur. Kanada ixracının 80%-dən çoxu ABŞ-a yollanır və idxalın da üçdə ikisi ABŞ-dan gəlir. 1998-ci ildə Kanada iqtisadiyyatının Amerika iqtisadiyyatından üstün asılılığı onu dünya təsərrüfatındakı xoşagəlməz tendensiyalardan əhəmiyyətli şəkildə müdafiə etdi. Asiyadakı maliyyə-iqtisadi böhranı və xammal mallarının dünya qiymətlərinin düşməsi, şübhəsiz, Kanadada təsərrüfat artımının sürətini ləngitdi. Lakin ABŞ tərəfindən onun ixrac mallarına olan tələbatın kifayət qədər yüksək saxlanması işgüzar aktivliyi müdafiə etdi. Ümumilikdə, 1998-ci ildə Kanadadan gələn ixracatın dəyər həcmi real hesabda cəmi 2% artmışdır. Idxalat 0,4% azalmış, malların xarici ticarətindəki aktiv saldo 11 milyard dollar təşkil etmişdir. Lakin 1997-ci ildə bu göstərici 18 milyard dollar olmuşdur.
1999-cu ildə ixracat ticarəti proqnozlarda nəzərdə tutulduğundan daha dinamik inkişaf edirdi. Birincisi, ABŞ tərəfindən Kanada mallarına olan tələbat da yüksək olmuşdur. Ikincisi, xam neftin, metalın və meşə sənayesi kompleksi məhsullarının dünya qiymətləri sürətlə artırdı. 1999-cu ilin yekunlarına görə, malların xarici ticarətində müsbət saldo, demək olar ki, ikiqat artmış, ödəniş balansının kəsiri isə 1 milyard dollara düşmüşdür. Hərçənd, 1998-ci ildə bu göstərici 16,4 milyard dollar idi.
Xarici aləmlə əlaqələr Kanadanın təsərrüfat inkişafında həmişə çox mühüm rol oynayırdı. 1990-cı illərdə dünya iqtisadiyyatının qloballaşma şəraitində və 1994-cü il yanvarın 1-dən Kanada, ABŞ və Meksika arasında azad ticarət zonası haqqında müqavilənin qüvvəyə minməsi nəticəsində Kanada iqtisadiyyatı misli görünməmiş dərəcədə açıq oldu. Keçən onillikdə Kanada ixracının həcmi təqribən 2 dəfə artdı. Müasir mərhələdə ölkənin ÜDM-da onun xüsusi çəkisi 42%-i üstələyir, hərçənd 1980-ci illərin axırlarında bu göstərici 27% idi. Kanada iqtisadiyyatının ixracat yönümünün səviyyəsi dünyada ən yüksək səviyyələrdən biridir (məsələn, ABŞ-da təqribən 24% təşkil edir). Bununla belə, Kanada ixracatının strukturunda pozitiv irəliləyişlər baş vermişdir. Maşın və avadanlıqların payı 1980-ci ildə 28%-dən 1999-cu ildə 45%-ə qədər yüksəlmiş, xam malların payı 60%-dən 38%-ə düşmüşdür. Kanada ixracının ABŞ-dan asılılığı hər il artır. Əgər 1989-1991-ci illərdə ABŞ-a Kanada ixracatının 77-79%-i gedirdisə, 1997-1999-cu illərdə 80-84%-i ötürülürdü. Burada müəyyən rolu Asiya böhranı da oynamışdır. Bu böhranın nəticəsində həmin region ölkələri ilə Kanadanın ticarət həcmi son illərdə üçdə birə qədər azalmışdır.