4.2.1. Fransada pul-kredit sisteminin təşəkkülü

4.2.1. Fransada pul-kredit sisteminin təşəkkülü

Karolinqlərin islahatı nəticəsində qızıl solid gümüşün 1\20 funtuna  bərabər olan gümüş solidlə əvəz olun­du. Qızıl solid isə xaricilərdən cərimələrin alın­ması üçün istifadə olunurdu. Böyük Kralın islahatı yalnız əsas pulun – dinarinin çəkisinin artmasına gətirib çıxardı. O, nə pul kəsmə­nin mərkəzləşməsinə, nə də dövlət sikkələrinin sərbəst hərəkə­tinə nail ola bilmədi. Böyük Kralın ölümündən 50 il sonra impe­riya normanların hü­cumuna məruz qalaraq dağıldı. Lakin Böyük Kral isla­hatının bir tərəfi öz əhəmiyyətini uzun müddət saxladı – funt pul vahidi kimi işləməyə başladı. Ancaq o dövrdə vahid sikkə­xana­nın olması mümkün deyildi, çünki tex­nikanın o vaxtkı səviyyəsi ilə bütün dövlətin pul təminatını mərkəzləşdirilmiş şəkildə həyata keçirmək olmazdı.
Fransa Karolinqlərin hesabi pul vahidlərinə varis çıxdı. Böyük məbləğlərdə olan pulların hesabı livr (funt), su (solid), denye (dinariy) ilə aparılırdı. Pul sisteminin əsasını denye təş­kil edirdi. Bir livr 20 suya, bir su 12 denyeyə bərabər idi. Roma kralları kimi Frank kralları da pulların kəsilməsini mər­kəz­ləşdirməyə çalışırdılar. Hətta udellərə parçalanma dövrün­də də pulların kəsilməsi mər­kəz­ləş­dirilmiş şəkildə müəy­yənlə­şən qaydalar əsasında aparılırdı. Sonralar kral sikkəxanası ifla­sa uğradı və udel krallarının hər biri öz pullarını kəsməyə baş­ladı.
«Dinari» pul vahidinin adı (və ya denye) uzun müd­dət ərzində saxlanıldı. Livr, solid (su) və frank əsas pul va­hidləri olandan sonra da, denye xırda pul şəklində işlə­nirdi. Sonralar denyenin stabilliyinin və kursunun növbəli şəkildə dayan­ma­dan gah pisləşməsi, gah da yaxşılaşması nəticəsində orta əsrlərdə qiymətlərin miqyas funksiyasını gümüşün markası yerinə yetirirdi.
IX Lüdovikin hakimiyyəti illərindən sonra (1226 -1270) pulların korlanması elə səviyyəyə çatmışdır ki, həmin vaxtı stabillik dövrü kimi xatırlayırdılar. Dinari qiy­mətdən düşdü­yü­nə görə, IX Lüdovik 12 dinarilik iriləşmiş gümüş pul tətbiq etdi. Iriləşmiş gümüş pul təmiz gümüşün yox, kral gümüş mar­ka­sının 1\58 hissəsini təşkil edirdi. Yeni pul qro adlandırıldı. Qronun əmələ gəlməsi inkişaf etmiş pul siste­minin əsasını qoy­du: «birpullu» dövriyyə əvəzinə «ikipullu» dövriyyə yarandı. IV Filip (1268 -1314) feodal pulu ilə mübarizədə böyük nailiyyətlər qazandı. Lakin onun ölümün­dən sonra feodal pul kəsmə yenidən bərpa edildi və X Lüdo­vik bir çox feodalların pul kəsmək hüququnu tanımağa və qanunvericiliklə rəsmiləş­dir­məyə məcbur oldu. Qanun yalnız keyfiyyətli pullara şamil olunurdu. Əvvəlcə iriləşmiş gümüş pulların (qro), sonra isə qızıl pulların kəsilməsi kralın imti­yazı elan olundu. Lakin bəzi əyalətlər öz pullarını kəsməkdə davam edirdilər.
1337-ci ildə başlamış Yüzillik müharibə Fransanın fira­vanlığına son qoydu. Livrə bərabərləşdirilmiş və Xeyir­xah Ioannın əsirlikdən qurtulması üçün nəzərdə tutulmuş qızıl frankın yaranması müharibənin əvvəlinə təsadüf etdi. Frank ilk dəfə 1360-cı ildə yaranmış və qısa müddət ər­zində kəsil­mişdi. Birinci respublika dövründə 28 termidor qanunu (1795-ci il 15 avqust) ilə frank milli pul vahidi elan edilmişdir. Lakin məhz bu dövrdə Fransanı haqlamış bö­yük inflyasiya real gəlirlərin 2 -4 dəfə azalmasına gətirib çıxardı. 17 jerminalda (7 aprel) I Napoleon ölkənin rəsmi pul vahidi kimi frankın tətbiq edilməsi barədə qanun qəbul etdi. Aprelin 14-də isə Fransa Bankı onun emissiya hü­ququnu aldı.
1780-ci illərin axırlarında XVI Lüdovikin haki­miy­yəti maliyyə ilə bağlı çıxılmaz vəziyyətə düşdü. 1787-ci ildə faiz­lərin ödənilməsi və qısamüddətli dövlət borcunun ödə­nilməsi ilə bağlı büdcə xərcləri bütün xərclərin 49%-ni, hərbi xərclər 26%, kral sarayının saxlanması – 6% təşkil edirdi. Xərclərin ödənilməsi üçün kağız pullar  -assiqnatlar buraxıl­mış­dır. Assiq­natlar 1790-cı ildə qiymətdən düşmüş və 1796-cı ildə digər kağız pullarla – ərazi mandatları ilə tamamlan­mışdır. Artıq 1798-ci ildə buraxılan bütün kağız pullar tama­milə qiy­mət­dən düşmüş və möhkəm valyutaya keçid qanun­vericiliklə təsbit edilmişdir.
1865-ci ildə III Napoleonun təşəbbüsü ilə Fran­sanın, Belçikanın, Isveçrənin və Italiyanın pul sistemlərini birləş­di­rən Paris konvensiyası imzalanmışdır. Bu birləşmə Latın ittifaqı adını almış və 1868-cı ildə həmin ittifaqa Vatikan və Yunanıs­tan, 1877-ci ildə isə Finlandiya da qatılmışlar. Ittifaq fransız fran­kının dəyər etalonu qismində tanınmasına və bimetal­liz­mdən, qızılla gümüşün Fransada qəbul edilmiş 1-in 15,5-ə nisbətindən çıxış edərək, işti­rakçı ölkələr tərəfindən eyni nominala və çəkiyə malik olan gümüş pulların kəsil­məsinə əsaslanırdı. Latın ittifaqı ölkələrinin pul vahidləri eyni olmalı və onların tərkiblərində 0,29 q təmiz qızıl, 4,5 q təmiz gümüş olmalı idi. Iştirakçı ölkələrin qızıl və gümüş pulları ittifaqa daxil olan hər bir dövlətin ərazisində qanuni ödəniş vasitəsi qismində sərbəst şəkildə dövr edə bilirdi. Başqa sözlə, dövlət­lərin pul vahidləri öz adlarını saxlayır, lakin bərabər paritetə malik olurdular. Yəni 5 fransız frankı 5 Belçika frankına, 5 Isve­çrə frankına  və s. bərabər idi.
France money, Fransa pulları,Fransa iqtisadiyyatı,pul əskinaslarıLakin Latın ittifaqının mövcudluğunun lap əvvə­lin­dən onun pul sistemi Italiyadakı və Fransadakı kağız pul­ların ifrat emissiyası səbəbindən yanlışlıqlara uğradı. Gümü­şün bazar dəyə­rinin kəskin düşməsindən sonra iştirakçı ölkələr ucuz­laşmış gümüş pulların məcburi müba­diləsində qızılın itkiləri ilə qarşılaşdılar. Gümüş pulların kəsil­məsi əvvəlcə məhdudlaş­dırılmış, sonra isə dayan­dırılmışdır. Bu isə qızıl monometal­lizminə (1873-cü il) keçid demək idi. Latın ittifaqının iştirakçı ölkələrinin höku­mətləri Fransadan gümüş pulların qızıl tərkibinin əvəzini tələb etmiş, lakin rədd cavabı alaraq, demək olar ki, ittifaq­dan çıxmışlar. Hərçənd, formal olaraq, ittifaq 1926-cı ilə qədər mövcud idi. Latın ittifaqının dağılmasının son sə­bəbi Birinci dünya müharibəsi dövründə və müha­ribə­dən sonrakı dövrdə iştirakçı ölkələrin pul-kredit siyasət­lərin­də­ki fərqlər və bu fərqlərin ciddi xarici və daxili şoklar fonun­da milli iqtisadi maraqların ziddiyyətləri ilə kəs­kinləşməsi ol­muş­dur.
XX əsrdə Fransada pul-kredit münasibətlərinin təka­mü­lü aşağıdakı xronologiya ilə inkişaf edirdi. 1903-cü ildə martın 20-də qəbul edilmiş qanuna görə, frankın dəyəri qiy­mət­li metalın müəyyən miqdarına bərabər idi. 1914-cü ildə avqustun 5-də başqa qanun qəbul edilmişdir. Bu qanın Fransa Bankının banknotlarının qızıla müba­diləsini qadağan edirdi. Antiinflyasiya siyasəti nəti­cəsində 1928-ci ildə Fransa qızıl­ kül­çə standartını tətbiq etmək yolu ilə banknotların qızıla müba­dilə­sini bərpa etdi. Qızıl-külçə standartı 1936-cı ilə qədər möv­cud oldu.
1939-cu ildə frank zonası qanunvericiliklə rəsmi­ləş­dirildi. Bu zonaya başda Fransa olmaqla, fransız müs­təmləkələri daxil oldu. XIX əsrin sonunda, Fransa Bankı müstəmləkə banklara emissiya təqdim edən zaman zona təşəkkül tapmağa başladı. Zonaya daxil olan ölkələrin valyu­talarının stabilliyi fransız frankından asılı idi, çünki bütün iştirakçı ölkələr öz ehtiyatlarını fransız frankında və Parisdə mübadilə kurslarının sərt fiksasiyası ilə saxlamalı idilər. Fransa Bankı frank zonasının sərhədlərində mo­netar siyasətin ümumi uzlaşmasını həyata keçirir, zonaya daxil olan ölkələrə kömək göstərirdi.
Valyuta vahidi qismində KFA və KFP frankları isti­fadə olunurdu. KFA frankı (FKFA) 1945-ci ilin dekabrında Qərbi və Mərkəzi Afrikada dövriyyəyə buraxılmış və 1962-ci ilə qədər Afrikada fransız müstəmləkələrinin frankı (Colonies francaided d Afriq) adlandırılmışdır. 1962-ci ildən başlaya­raq, bu frank Qərbi Afrikada - Afrika maliyyə cə­miyyətinin frankı (Communaute financiere africaine), Mərkəzi Afrikada – Maliyyə birliyinin (Cooperation Finan­ciere en Afrique Centrale) frankı olmuşdur.
KFP (FKFP) frankı 1945-ci ilin dekabrında Yeni Kale­doniyada, fransız Polineziyasında, Uollisdə və Futun­da tətbiq olunmuş və 1967-ci ilə qədər Fransanın Sakit okean müstəm­lə­kə­lərinin (Colonies francaises du Pa­cifique) frankı adlan­dırıl­mışdır. 1967-ci ildən sonra isə Sakit okeanda fran­sız kontorlarının frankı olmuşdur (Compotoirs francaises du Pacifique).
Bir çox müstəmləkələr müstəqillik qazanandan sonra frank zonasından çıxdılar: Livan, Suriya, Tunis, Əlcəzair, Mərakeş və başqaları. Lakin bu ölkələrin və frank zonasının iştirakçı ölkələrinin iqtisadiyyat və ticarət struk­turu indiyə qədər müstəmləkə dövrünün izini sax­layır. Bu həm isteh­salata (xammal ehtiyatlarının ixracı və ərzaq, sənaye məhsul­larının idxalı), həm də kommu­nikasiya sisteminə aiddir (bir çox hallarda, Afrikanın bir ölkəsindən digər ölkəsinə getmək üçün Londondan və ya Parisdən uçmaq lazımdır). Frank zonası Fransanın təsir sferası olaraq qalmaqdadır, lakin bu, daha çox siyasi yox, iqtisadi maraq­lardır.
avro (yevro), Avropa pulları,əskinaslar,pul şəkilləri,Həm xarici, həm də daxili faktorların təsiri ilə baş verən frankın çoxsaylı devalvasiyaları  pul islahatının həyata keçiril­mə zərurətini yaratdı. 1960-cı ilin əvvəlində 100 köhnə franka müba­dilə olunan yeni frank tətbiq edildi. Lakin inflyasiya davam edirdi və 1969-cu ildə frank uyğun olaraq qızıla və dol­lara nəzərən qiymətdən düşdü. Bu isə faktiki olaraq, Bretton –Vud konfransının prinsiplərinin ləğv edilməsi demək idi. Dollar standartından mübadilə kursunun seçim sərbəstliyinə de-yure keçid 1976-cı ildə Yamaya konfransında qəbul edil­miş­dir.
Fransanın müasir pul dövriyyəsi aşağıdakı gös­tə­ricilərlə xarakterizə olunur. M1 aqreqatı Fransa Bankının buraxdığı banknotları, xırda pulları, o cümlədən bankların və poçt çeklər idarəsi kimi müəssisələrin sərəncamında olan bank hesablarındakı pulları daxil edir. Bu hesab­lardakı pullar heç bir ləngimə olmadan bilavasitə ödəniş məqsədilə istifadə oluna bilir. 1987-ci ildə dekabrın sonunda banknot­lar rezidentlərin əllərində olan pul kütləsinin təqribən 14%-ni, xırda pul 1%-ni, cari poçt he­sab­larındakı və xəzinədə şəxsi adamların hesab­la­rındakı məbləğ – 19%-ni, bank hesablarına yazılmış pullar -66% -ni təşkil edirdi.
M2 və M3 aqreqatları M1 aqreqatından başqa əma­nətlərdə və müddətli əmanətlərdə olan pul vəsait­lərini, kassa bonlarını, depozit sertifikatlarını daxil edir. Bu vəsaitlər pul deyil, çünki onları çeklərin vasitəsilə köçür­mək mümkün­süz­dür, pulların çıxardılması isə müəyyən şərtlərə tabedir. Lakin həmin vəsaitlərin iki məna ba­xı­mından pula bənzər­liyi var. Bir tərəfdən, onlar qısa müd­dət ərzində mal və xidmət baza­rına buraxıla bilir, ikinci tərəfdən, faiz gətirdiklərinə görə pulları daha mükəmməl üsulla toplamaq imkanı verirlər.
2002-ci ildə yanvarın 1-də fransız frankı döv­riy­yədən çıxardılmış və vahid Avropa valyutası – avro ilə əvəzlən­mişdi. 1957-ci ildən Avropa iqtisadi birliyinin üzvü olan Fransa Avropa birliyinin bütün islahatlarında aktiv şəkildə iştirak edərək bu hadisəyə mərhələlərlə gəlirdi. Artıq 2001-ci ildə mayın 11-də birinci avro Pessak za­vo­dunun dəzgahından çıxdı, nağd avronun tətbiq edilmə tarixində isə Fransa dövriy­yəyə 7,6 milyard pul buraxdı. Beləliklə, 2002-ci il iyulun 1-dən başlayaraq, fransız frankı artıq Fransanın qanuni ödəniş vasitəsi olmadı, onun yerini isə avro tutdu.

Həmçinin Fransa maliyyə-kredit sistemi haqqında oxuyun.
Top