Romanın respublika və imperiya dövrü diplomatiyası

Romanın respublika və imperiya dövrü diplomatiyası

İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal­qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması Roma dövlətinə məxsus idi.
E.ə. V-III əsrlərdə Romanın İtaliyanın işğalını başa çatdırması onun Karfagenlə qarşılaşmasına səbəb oldu. Karfagen Aralıq dənizindən keçən ticarət yollarını öz nəzarətində çaxlayırdı və dəniz ticarətindən böyük gəlir götürürdü. Roma tacirlərinin mənafeyi isə Siciliya, Sardiniya və Korsika adalarının ələ keçirməsini tələb edirdi. Təsadüfi deyildi ki, senatın qərarı ilə Romada güclü hərbi dəniz donanmasının yaradılması işinə başlandı. Romalılar karfagenliləri punlar adlandırırdılra ki, buna görə də Roma-Karfagen müharibələri Pun müharibələri adını almışdı. Birinci (e.ə.264-241) və ikinci (e.ə.218-201) Pun müharibələri gedişində Karafagen ağır məğlubiyyətə uğradı və Romanın asılılığına düşdü.
Qun müharibələri dövründə romalılar Şərq ölkələri ilə o qədər də maraqlana bilməmişdilər. Şərqdə ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunan ittifaqları arasındakı müharibələr Romanın Yunanıstanda işğalçılıq siyasəti üçün əlverişli şərait yaratmışdı.

İki Pun müharibəsi, Şərqi Aralıq hövzəsi dövlətləri ilə müharibələr Romanı Aralıq dənizinin ən qüdrətli dövlətinə çevirmişdi. Lakin Aralıq dənizində Karfagen dövlətinin qüdrəti hələ tamam sarsılmamışdı. Romanın başının Şərq ölkələri ilə qarışmasından istifadə edən Karfagen yenidən öz iqtisadi və hərbi qüdrətinin artırmağa başlamışdı. Karfagenin iqtisadi tərəqqisi Roma tacirlərini, sələmçiləri, eləcə də patrisiləri narahat etməyə bilməzdi.
Roma senatında antikarfagen əhval-ruhiyyəli bir qrup Karfagenin tamamilə məhv edilməsini tələb edirdi. Bu qrupun başında senator Mark Porsi Katon (böyük) dururdu. O, həmişə çıxışlarının «Mən hesab edirəm ki, Karfagen mütləq dağıdılmalıdır» sözləri ilə qutarırdı.

Romanın apardığı müharibələrdə diplomatiyanın rolu  böyük olmuşdur. Bu zaman Roma diplomatiyası öz xarici siyasət məqsədlərini pərdələmək və ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik, ədalət,sədaqət kimi anlayışlardan geniş istifadə edirdi.
Diplomatiyada düşmən ölkələr daxilində müxtəlif partiyalar təşkil etmək, şəhər və dövlətləri vuruşduraraq zəif salmaq, “parçala və hökmranlıq et” üsulları geniş tətbiq edilirdi.
Roma diplomatiyası onun hegemonluq uğrunda mübarizəsinə xidmət edirdi. Əvvəllər romalıların başqa ölkələrdə nümayəndəlikləri olmamışdı. Beynəlxalq əlaqələrin qurulmasında elçilərdən istifadə edilirdi. Bu işə şahlıq dövründə olduğu kimi, beynəlxalq qayda-qanunların gözlənilməsinə nəzarət edən kahinlər kollegiyası baxırdı. Sonralar bu iş xüsusi elçilərə- leqatlara tapşırıldı. Elçi senat tərəfindən təyin edilir və ona xüsusi imtiyazlar verilirdi. Tədricən elçiləri qəbul etmək və danışıqlar aparmaq qaydaları protokollaşır və ənənəyə çevrilirdi.

Romanın xarici siyasətində Parfiya dövləti ilə münasibətlər mühüm yer tuturdu. Parfiya və Roma arasında diplomatik əlaqələr e.ə. I əsrin əvvəllərindən başlayır. Hələ e.ə. 92-ci ildə Sualla Kappadokiyada olan zaman onun yanına gəlmiş Parfiya elçiləri Pont padşahı VI Mitridat Yevpatora qarşı Romaya ittifaq təklif etmişdilər. O, zaman Parfiya padşahı II Mitridat idi və beynəlxalq vəziyyət Parfiyanın xeyrinə idi.
Bununla belə, Pompeyin e.ə.6-65-ci illər Cənubi Qafqaz yürüşü və burada qazandığı uğurlar Parfiya-Roma münasibətlərini pisləşdirdi və Roma ilə ilk toqquşmaya gətirib çıxardı.
Parfiyanın vəziyyətini mürəkəbləşdirən məsələlərdən biri də ölkə daxilində  hakimiyyət uğrunda gedən mübarizə idi. Ölkədə yaramış iki güclü qruplaşma arasında gedən bu mübarizədə taxt-tacın bir neçə varisi öldürülmüş, son nəticədə hakimiyyətə gələn III Orod isə Romanın tələblərini qəti olaraq rədd etmişdi. Bu isə Roma-Parfiya münasibətlərinin tamamilə pozmuş, iki ölkə arasında müharibə vəziyyəti yaranmışdı.
I triumvirat üzvlərinin hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibə Krassı xüsusilə cəlb edirdi. O, Parfiyada şöhrət və çoxlu sərvət əldə edəcəyi xəyalında idi. E.ə. 54-cü ildə Krass Mesopotamiyaya soxuldu. Lakin Karr yanında döyüşdə (e.ə.53-cü il) əvvəlcə oğlu, sonra isə özü həlak oldu. Bu müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isəəsir düşdü. Bütün Mesopotamiya parfların əlinə keçdi. Parfiya qüdrətli dövlət oldu və Şərqdə Romanın ən böyük rəqibinə çevrildi. Əsir düşmüş Roma əsgərlərini isə diplomatik yollarla Avqust  geri qaytarmışdı.

Oktavian Avqust hakimiyyətinin ilk dövrlərindən imperiyanın sərhədlərini “təbii sərhədlərə” çatdırmağa çalışırdı. Bunun üçün İspanıyanın işğalı başa çatdırılmalı idi. Halbuki orada yerli kantabrilər qonşu tayfalara birləşərək Romaya qarşı kəskin müqavimət göstərmiş, astur tayaları romalılara böyük tələfat vermişdilər. E.ə. 26-25-ci illərdə Oktavian İspaniya əməliyyatına şəxsən rəhbərlik etməli olmuşdu. İspaniyanın işğalı e.ə. 19-cu ildə gərgin mübarizədən sonra başa çatdı. Məhz bu Qalliyanın işğalını başa çatdırmağa imkan etdi. Bütün Qalliya tutularaq 3 böyük əyalətə (Akvitaniya, Luqudun Qalliyası və Belgika) parçalandı. Qallar üzərinə ağır vergi qoyuldu.
Şərqə münasibətdə xüsusilə, Parfiya ilə ziddiyyətlər danışıqlar yolu ilə nizama salınmışdı. Avqust öz sələflərinə nisbətən Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox ehtiyatlı olub, açıq döyüşlərdən uzaq durmağı və danışıqlar yolu ilə münasibətləri nizama salmağı üstün tuturdu. Daxili çəkişmələrdən, hakimiyyət uğrunda gedən mübarizədən ehtiyat edən Parfiya şahı IV Fraat da açıq döyüşlərə girməkdən çəkinirdi.
Parfiya-Roma münasibətlərində ziddiyyətli məsələlərdən başlıcası Cənubi Qafqaza münasibət idi. Bu məsələ sonralar sasanilərin də Bizans imperiyası ilə münasibətlərində mərkəzi yerlərdən birini tuturdu.

Aralıq dənizi regionu dövlətlərinə münasibətdə Roma imperatorları ənənəvi ehtiyatlı siyasət yeridirdilər. Buranı ələ keçirmək asan, möhkəmlənmək isə olduqca çətin idi. Təsadüfi deyildi ki, yalnız uzunmüddətli hazırlıqdan sonra İudeya və Suriya da Roma imperiyasının tərkibinə qatılmışdı. Roma Hindistan ilə də ticarət əlaqələri saxlayırdı.  Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmiş, Cənub Şərqi Asiya ölkələri, xüsusilə Çinlə maraqlanmışdı.
Aqustun yaratdığı siyasi quruluş bir neçə əsr davam etmişdi. Lakin hakimiyyətin irsən nəsildən-nəslə keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna baxmayaraq, onun nəslindən olan adamlar uzun müddət hakimiyyəti öz əllərində saxlamışdılar.
Klavidinin imperatorluğu zamanı dövlət aparatının formalaşması prosesi əsasən başa çatdırılmışdı. İmperiya dəfətərxanasında bir sıra yeni idarələr yaranmışdı ki, bunlardan “buyuruqlar xidməti”idarəsi mühüm əhəmiyyətə malik idi. Onun başında Klavdinin şəxsi katibi, keçmiş qul, sonradan azadlığa buraxılmış Narsis dururdu. Dövlətin mühüm işləri, daxili və xarici siyasət, hərbi işlərə nəzarət bu idarəyə məxsus idi. Romanın Şərq siyasətinin istiqamətləri, Şərq ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi, dəniz ticarəti kimi ideyalar məhz Narsisə məxsus idi. Narsisin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Roma ordusunun gücləndirilməsi məsələsi idi. 
Klavdi xarici siyasət fəaliyyətində Avropanın şimal-qərbinə xüsusi fikir vermiş, 43-45-ci illərdə Roma ordusu Britaniyanın işğalını həyata keçirmişdi. İngiltərənin siyasi mərkəzlərindən olan Kamulodun və Londininin (London) romalıların dayaq məntəqəsinə çevrilməsi burada Romanın mövqelərini olduqca möhkəmlətmişdi.
Klavdi Dunay boyu məskən salmış tayfaları tabe edərək Romanın hakimiyyətini bütün orta və aşağı Dunay boyunda yaymışdı. Çox keçmədən Bosfor padşahlığı da tabe edildi. Klavdi 47-ci ildə sərkərdə Didi Pallın başçılığı ilə Qara dənizin şimalındakı Pantikapeyə ordu göndərdi ki, nəticədə  Bosfor şahı III Mitridatın qoşunları məğlub edildi, özü isəəsir düşdü. Iberiya şahı Farasman da özünü Romanın vassalı elan etdi. Yəhudilərin ərazisi və Afrikadakı Mavritaniya da Romanın alətinə çevrildi.
Klavdinin yəhudilərin təqib olunmasına son qoyması ilə bağlı siyasəti öz əksini  “İskəndəriyyəlilərə məktub” da tapmışdı. Klavdi qallara da seçki hüququ vermişdi. Görülmüş tədbirlər imperiyada daxili sabitliyin yaradılmasına xidmət edirdi ki, bununla da yeni işğallara başlanması üçün şərait yaradılırdı. Ümumiyyətlə, Klavdinin imperatorluğu zamanı Roma imperiyasının ərazisi Aralıq dənizi hövzəsindən xeyli kənara çıxmışdı.

Roma imperiyasının Şərq siyasəti, burada aparılan hərbi əməliyyatlar çoxlu sərvət vəd etməklə, həmişə Roma əyanlarının diqqət mərkəzində idi. 55-58-ci illərdə görkəmli sərkərdə Domisi Korbulon böyük ordu ilə Şərqə göndərilmiş, nəticədə Pont şahlığı vəİberiya Romanın əyalətlərinə çevrilmişdi.
Roma ordusunun başqa bir qolu  Qara dənizin şimal sahillərindəəməliyyat aparırdı. Burada Dunayboyu tayfaları Romaya tabe edilmiş, Krım yarımadası işğal olunmuşdu ki, bununla da Qara dəniz Roma imperiyasının daxili dənizinə çevrilmişdi.
Qney Pompeyin  e.ə.66-cı il Cənubi Qafqaz yürüşündən etibarən Roma imperatorları Şərq siyasətində bu istiqamətə xüsusi fikir verməyə başlamışdılar. Böyük İpək yolunun üzərində yerləşən Qafqaz Hindistan və Çinləəlaqələrdə mühüm əhəmiyyətə malik idi. Trayanın Şərqə səfəri nəticəsində (113-117-ci illər) Roma imperiyasının nüfuzu İran körfəzinə qədər yayılmışdı. Trayandan bir qədər əvvəl isə imperator Neron Xəzər dənizindən Hindistana gedən yolu ələ keçirmək üçün hərbi səfər planı hazırlamışdı. Tarixçi Svetoni yazırdı ki, Neron “Xəzər darvazalarına səfərə də hazırlaşırdı”.
Roma imperatorlarından Diokletianın (285-305-ci illər) xarici siyasəti imperiyanın sərhədlərinin möhkəmləndirilməsindən, barbarlara, allemanlara, franklara və burqundlara qarşı mübarizədən ibarət olmuşdu. Diokletian hakimiyyəti qəsb etmək arzusunda olanlara qarşı Afrikada və Misirdə müharibələr aparmış, imperiyanın bütövlüyünü qoruyub saxlamışdı.
Lakin 305-ci ildə Diokletian əvvəlcədən verdiyi sözəəməl edərək 20 il tamam olan kimi imperatorluqdan əl çəkmiş və Maksimianı da buna məcbur etmişdi. Hər ikisi hakimiyyətə öz köməkçilərini -Qalerini Şərqdə, Konstansini isə Qərbdə imperator təyin etdilər. Tarixçilər bununla da imperyanın iki hissəyə parçalanmasının əsasının qoyulduğunu göstərirdilər. Konstansi qısa müddət imperator oldu və onun ölümündən sonra oğlu Kosntantin hakimiyyətə keçdi. Qaynaqlar  mömin təbiətli Konstantinin həm də kifayət qədər qətiyyətli şəxsiyyət olduğunu qeyd edirdilər. Təsadüfi deyildi ki, hakimiyyətə gəldikdən az sonra Konstantin bütün rəqiblərini aradan götüirmüş və təkhakimiyyətliliyə nail olmuşdu. Konstantin rəqiblərinin əksinə olaraq xristian dininə meyilli adam idi, çünki xristianlıq bu zaman qüvvətli ictimai təşkilata çevrilmiş və onun  icmaları imperiyanın hər yerinə yayılmışdı. Ordu, imperator məmurları, hətta imperator sarayında belə xristianlığa rəqabət bəsləyənlər çox idi. Konstantn öz sosial dayaqlarını möhkəmləndirmək üçün xristianlıqan bir vasitə kimi istifadə etmək qərarına gəlmişdi. Belə bir dayağın əldə orlunması ona müstəqil daxili və xarici siyasət yeritməyə imkan verərdi. Roma papaları isə Konstantinin xristianlığa belə münasibətindən istifadə edərək saxta «Konstantin bəxşişi» aldı sənəd uydurmuşlar.
İmperator Konstantinin 313-cü ildə verdiyi fərmanа əsasən bütün dinlərə, o cümlədən də xristianlığa ibadət azadlığı verilirdi. Xristian kilsələri bir sıra imtiyazlar alır, xristian icmalarına vurulan zərərlərin dövlət tərəfindən ödənilməsi qanuniləşdirilirdi. Xristianlığın dövlət dininə çevrilməsi imperiya daxilində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklərlə əlaqədar idi. İmperiyanın iki hissəsi qısa müddətdə Feodosinin (379-395-ci illər) imperatorluğu dövründə birləşdirildi, lakin 395-ci ildə onun ölümündən sonra imperiya iki oğlu arasında bölüşdürülmüş, Arkadi şərqi imperiyanı, Honori isə qərbi imperiyanı almışdı. Hər iki imperator azyaşlı olduğu üçün imperator sarayında və dövlət işlərində barbarlardan ibarət məmurlar və sərkərdələr böyük nüfuza malik idilər. Belə ki, vandal Stilixon dövlətin daxili və xarici işlərində ciddi rol oynayırdı. Feodosi özü sağlığında Stilixonu bacarıqlı sərkərdə və köməkçi kimi oğlu Arkadiyə təqdim etmişdi. Arkadinin sarayında qalliyalı Rufin də böyük nüfuza malik idi.

IV əsrin sonlarından etibarən Qərbi imperiyanın ərazisinə soxulan barbarlar ölkəni tamam talan edir, Roma şəhərinə təhlükə yaradırdılar. Vestqotların başçısı Alarix 401-ci ildəİtaliyaya soxuldu, lakin Stilixonun işə qarışması nəticəsində onunla sülh bağlandı. Lakin 406-cı ildə vestqotlar yenidən Romanı mühasirə edib tutdular və 3 gün müddətində şəhəri qarət edib yandırdılar. Törətdikləri dağıntılara görə, bundan sonra vestqotlar və səndəl tayfaları vandal adlandırılmağa başladı. 420-ci ildə isə digər tayfalarla birlikdə vandallar əvvəlcə İspaniyaya, sonra  Şimali Afrikaya soxuldular. 
Qərbi imperiyaya soxulmuş tayfalardan hunlar daha təhlükəli idilər. V əsrin 50-ci illərində hunların başçısı Atilla Mərkəzi və Şərqi Avropanı tutaraq oradan İtaliyaya daxil olmuşdu. 451-ci ildə Katalaun döyüşündə Roma sərkərdəsi Aesinin qoşunları ilə vuruşmada məğlub olan hunlar Dunay boyuna çəkilməli oldular, sonradan hunlar yenə də İtaliyaya soxulub Etruya ərazisinədək iərilədilər. 476-cı ildə Qərbi imperiyaya sonuncu zərbə vuruldu. Qoların başçısı Odoakr başqa barbar tayfalarla birlikdə Romaya hücum etdi. Sonuncu imperator Romul Avqustul taxtdan salındı. Onun imperatorluq əlamətlərini Konstantinopola göndərdilər. Bununla da Qərbi Roma imperatorluğuna son qoyuldu.

Ədəbiyyat:

  1. Həsənov Y. Qədim Roma tarixi. B., 1973
  2. Бокшанин А.Г. Парфия и Рим. т.1, М., 1964; т.2, М., 1965
  3. Qədim Romada dövlətin yaranması
  4. Romada quldarlıq
  5. Иванова И.И. История международных отношений от античности до конца первой мировой войны. Владивосток, 2001, ч.1
  6. История Дипломатии. Изд. II, т.1., М., 1959
  7. История Древнего Мира. В 3-х тт. Т.3, М., 1989
  8. История Древнего Рима / Под ред. В.И.Кузищина. М., 1981
  9. История Италии. т.1., М., 1970
  10. Лозинский С.Г. История папства. М., 1961
  11. Программа курса «История Древнего Мира». М., 1981
  12. Принципат Августа. М., 1959
  13. Хрестоматия по истории древного мира. М., 1976.

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

Top