Orta əsrlərdə Şimali İtaliyada yaranan şəhər-dövlətlərindən Venesiya daha çox
Qədim Roma Respublikasını xatırladırdı. Qədim Roma Respublikası V əsrdə süquta uğradıqdan sonra antik demokratiya (öz vətəndaşlarının da iştirakını nəzərdə tutan dövlət idarəetmə sistemi) siyasi səhnədən yox edilsə də, tarix səhnəsində qalmaqda idi. Roma demokratiyasının ənənələri İtaliya ərazisindəki azsaylı tayfaların idarəetmə sistemi olaraq qalırdı. Təxminən 1100-cü illərdə Şimali İtaliyanın bir çox şəhərlərində xalq hakimiyyətləri yenidən ərsəyə gəlməyə başladı. Bu, Şimali İtaliyanın kiçik şəhər-dövlətlərində baş verirdi. Dünyaya "respublika" ixtirasını bəxş etmiş italiyalılar öz əlləri ilə boğduqları "xalq hökumətlərini" yenidən qururdular. Şimali İtaliyanın şəhər-dövlətləri qədim Ellada və Roma dünyasının siyasi ənənələrini yenidən həyata qaytarırdılar. Bu "şəhər-respublikalar" (Florensiya, Venesiya, Genuya, Piza və s.) arasında Venesiya özünəməxsus xüsusiyyətləri ilə bərabər daha çox Qədim Romanı xatırladırdı.
Qısa arayış
Venesiya Respublikası İtaliyanın şimal-şərqində Adriatik dənizində Venesiya körfəzinin sahilində yerləşir. Venesiya Respublikası bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb. Adalar arasında 400-ə qədər körpü var. Şəhərin memarlığı Venesiya Respublikasının ən yüksək inkişaf dövründə (XIV-XVI əsrlər) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli saraylar, körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir.
Respublikanın tarixindən
Venesiyanın adı Adriatik dənizinin şimal-qərbində yaşayan venet tayfalarının adı ilə bağlıdır. 452-ci ildə Atilla İtaliyanın şimalını işğal edəndə Po çayının sahilində yaşayan əhali qonşuluqdakı körfəzin kiçik adalarına pənah aparır. Onlar burada balıqçılıqla, adalarda duz çıxarmaqla məşğul olmağa başlayırlar. 466-cı ildə adanın əhalisi ilk dövlətlərini - 12 kəndin nümayəndələrindən ibarət Nümayəndələr Şurasını yaratmağı qərara alırlar. Adalardakı qəsəbələr sürətlə böyüməsinə baxmayaraq, müəyyən dövlət quruluşuna malik deyildilər. Bizansın təsiri altında olan adaların dini və dünyəvi liderləri əhali ilə razılaşaraq adalarda hakimiyyəti vahid liderə vermək qərarına gəlirlər. Onlar 697-ci ildə adaların İcmalar Şurasını çağırırlar. Şurada bütün qəsəbələrin nümayəndələri belə qərara gəlirlər ki, hərbi qüvvələrə komandanlıq edən ümumi rəhbərin (dojun) başçılıq etdiyi bir dövlət yaratsınlar. Onlar Paoluççi Anafesti ömürlük doj seçirlər. Buna baxmayaraq, hələ ayrı-ayrı qəsəbələrdə özünüidarə qalıqları qalırdı. İlk vaxtlar hakimiyyət Herakleya şəhərində yerləşirdi, sonralar hökumət səhralıq olan Rialto adasına köçürülür. IX əsrdən başlayaraq Rialto adası ətrafındakı 60 ada Venesiya adlanmağa başlayır.
Öz coğrafi mövqeyindən məharətlə istifadə edən Venesiya çox keçmədən böyük və güclü ticarət mərkəzinə çevrilir. IX əsrin əvvəllərindən Venesiyanın Bizansdan asılılığı formal xarakter daşımağa başlayır. 828-ci ildə o, müstəqilliyinin zahiri təzahürünü əldə edir, daha doğrusu "oğurlayır". Belə ki, venesiyalı tacirlər həvari Markın Misirdəki kilsələrin birində saxlanılan qurumuş cəsədini oğurlayıb Venesiyaya gətirirlər. Müqəddəs Mark Venesiyanın hamisinə, respublikanın rəmzinə çevrilir. Bundan sonra Venesiya həm də Müqəddəs Markın Respublikası adlanmağa başlayır və öz pulunu kəsir. İstriya ərazisi və 997-ci ildə Dalmasiya vilayətinin şəhərləri Venesiyanın tərkibinə qatılır. O, faktiki olaraq Adriatik dənizinin sahibinə çevrilir. Venesiya tacirləri artıq Bizansa heç bir ticarət rüsumu ödəmir, müsəlman Şərqi ilə sərbəst alver edirlər. Bu onlara Səlib yürüşlərində böyük üstünlük qazandırır. Onların əlində həm də səlibçilərin böyük ehtiyac duyduqları daşıma vasitələri var idi. Venesiyalılar hətta 1204-cü ildə Xaç yürüşləri zamanı fransızlara Konstantinopolu ələ keçirməkdə böyük yardım edirlər.
Venesiya 130 il mübarizə apardığı rəqibi Genuyanı 1381-ci ildə məğlub edəndən sonra respublikanın materikdəki torpaqlarını genişləndirməyə başlayır: 1404-1405-ci illərdə Viçensa, Verona, Bassano, Feltre, Belluno, Paduya əraziləri, 1421-ci ildə Friul, 1428-ci ildə Breşiya və Berqamo, 1448-ci ildə Kremo əraziləri birləşdirilir. Nəhayət, 1489-cu ildə Kipr adası Venesiyanın tərkibinə qatılır. Artıq Aralıq dənizində Adriatik dənizinin (Venesiya) paytaxtı ilə rəqabət apara biləcək qüvvə yox idi. XV əsrin sonlarında Venesiya qüdrətinin zirvəsində olan varlı bir ölkə kimi düşmənlərinin canına qorxu salırdı. Onun əhalisi arasında elm və incəsənət geniş yayılmışdı. Lakin bu vaxt heç kəsin qarşısını ala bilmədiyi dəyişikliklər baş verir: Hindistana dəniz yolu, Amerika kəşf edilir. Dəniz ticarətinin Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya Respublikasının qüdrətinə ağır zərbə vurur. Zərbələr bir-birinin ardınca gəlir: osmanlılar Konstantinopolu alır, venesiyalıların materikdəki mülklərini bir-birinin ardınca işğal edirlər. XVII-XVIII əsrlərdə Venesiya-Türkiyə müharibələri nəticəsində Müqəddəs Markın Respublikası Balkanlarda və Aralıq dənizinin şimal rayonunda bütün ərazilərdən məhrum olur. O, özünün köhnəlmiş dövlət quruluşunu və ciddi neytrallıq gözləməklə əlində qalan mülklərini (Venesiya, İstriya, Dalmasiya və İoniya adalarını) qoruyub saxlamaqla kifayətlənir. 1797-ci ildə isə Napoleon Bonapart Venesiya Respublikasının bir dövlət kimi varlığına son qoyur. 1866-cı il Vyana sülhünə görə Venesiya İtaliya krallığının əyalətinə çevrilir.
Dövlət idarəçiliyi
Aristokratik respublikanın klassik nümunəsi olan Venesiyada hakimiyyət strukturu mürəkkəb və dolaşıq idi. Hakimiyyətin təşkil olunduğu patrisi ailələrinin nümayəndələri əsas elitanı təşkil edirdilər. Patrisilərdən başqa Venesiyada idarəçilikdə müxtəlif vəzifələr tutmaq hüququ olan vətəndaşların sayı da kifayət qədər idi. Lakin onlar siyasi vəzifə tuta bilməzdilər. Xalqın əksəriyyəti formal olaraq hüquqsuz idi. Buna baxmayaraq, elita onların fikirlərini nəzərə alırdı. Respublikanın siyasi sistemi çoxsaylı vətəndaş komitələrinə və şuralarına əsaslanırdı. Onları bir-birinə müxtəlif maneələr və əksliklər sistemi ilə bağlayırdı.
Hökumət işləri ilə respublikanın Senatı məşğul olurdu. Venesiya Senatı yenidən seçilmək hüququna malik və birillik müddətə seçilən 120 nəfərdən ibarət idi. 120 senatorun 60 nəfərini Böyük Şura seçirdi. Digər 60 nəfərini isə Senatın əvvəlki tərkibi irəli sürür və Böyük Şura tərəfindən təsdiqlənirdi. Bundan əlavə respublikanın müxtəlif siyasi orqanlarını təmsil edən 140 nəfər məşvərətçi səslə Senatda iştirak edirdi. Senata rəhbərlik edən 16 nəfərlik kollegiya hökumətin gündəlik qərarlarına cavabdehlik daşıyırdı. Bütövlükdə Senat respublikanın daxili və xarici siyasət məsələlərini həll edirdi. Respublikanın ali məhkəməsi funksiyalarını yerinə yetirən Qırxlar Şurasının üzvləri də 16 aylıq fəaliyyətdən sonra Senatın tərkibinə daxil olurdular. Onun tərkibi də Böyük Şura tərəfindən müəyyənləşdirilirdi.
Böyük Şura
Respublikanın daxilində demokratik və aristokratik partiyalar arasında gedən mübarizə həmişə aristokratiyanın qələbəsi ilə nəticələnib. 1172-ci ildə baş verən növbəti iğtişaşların birində doj Vitali Makiyel öldürülür. Üsyandan sonra gələcəkdə iğtişaşların qarşısını almaq və dojların fəaliyyətini izləmək, həmçinin onların hakimiyyətini məhdudlaşdırmaq üçün aristokratiya Böyük Şura (italyanca Maggior Consiglio) təsis etməyi qərar alır. Çox keçmir ki, seçkili notabellərdən (Nobili- zadəgan) ibarət Böyük Şura respublikanın ali hakimiyyət orqanına çevrilir. O, tədricən dojların hakimiyyətini məhdudlaşdırır. O zaman xalq yığıncaqlarına nadir hallarda müraciət edilirdi və 1423-cü ildən sonra isə o, ümumiyyətlə, ləğv olunur. Böyük Şura Senatın qəbul etdiyi qərarları ratifikasiya edir, məsul vəzifələri təsdiqləyir, hərbi, siyasi və maliyyə siyasətini müəyyənləşdirirdi. Böyük Şura həmçinin ictimai vəzifələrə təyinatlara baxır, yeni-yeni ailələrə aristokrat adı verir, əfv fərmanları qəbul edirdi.
Böyük Şura 6 şəhər dairəsindən birillik müddətə seçilən 480 vətəndaşdan ibarət idi. Şuranın 480 üzvünü 12 tribundan ibarət kollegiya təyin edirdi. Tribunları isə Venesiyanın 6 şəhər dairəsinin hər birindən 2 nəfər olmaqla əhali seçirdi. Bu qayda XIII əsrin əvvəllərinədək qalmaqda davam edirdi. Lakin şəhərin irsi aristokratiyası və plutokratiyasından təşkil edilən Böyük Şura müstəsna səlahiyyətləri (doj seçmək hüququ, bütün vəzifələrə sərbəst təyin etmək, bütün dövlət işlərini həll etmək) ilə kifayətlənməyərək getdikcə hakimiyyəti qəsb etməyə başladı. 1297-ci ildən Böyük Şuraya üzv olmaq məhdudlaşdırıldı. İlk öncə son dörd ildə şura üzvü olmuş şəxslər yenidən onun üzvü seçilə bilərdi. Lakin sonralar əcdadları şuranın üzvü olmuş vətəndaşlar da onun tərkibinə daxil edilirdilər. Onların hamısı "Qızıl kitab" adlanan xüsusi kitabda qeyd olunurdu. İndiyədək qorunan bu "Qızıl kitab"da Venesiyanın 300-dən artıq ailəsinin adı qeyd edilmişdir. Hər bir nobel (aristokrat) ailəsinin kişi üzvü 25 yaşdan Böyük Şuranın üzvü kimi qeydiyyata alınırdı. İlk vaxtlar bu şuraya 400-500 nəfər daxil idisə, sonralar onların sayı 1000 nəfərə çatırdı. Üzvlərinin sayının ən maksimal həddində Böyük Şuraya 2600 nəfər daxil idi. Böyük Şura öz növbəsində respublikanın əsas şuralarını, baş magistrləri və Venesiyanın dojunu seçirdi.
Doj
Böyük Şura tərəfindən seçilən birinci doj Sebastiano Dziani olmuşdur. Dojun seçilməsi 11 mərhələli dolayı yolla həyata keçilirdi. Əvvəlcə Böyük Şuranın 30 yaşdan yuxarı üzvləri yığışaraq müxtəlif ailələrə mənsub olan 30 nəfəri seçirdilər. Sonra bu 30 nəfər 9 nəfəri, onlar da öz növbəsində 40 nəfəri seçirdilər. 40 nəfər də 12 nəfəri, onlar da 25 nəfəri seçirdilər. 25 nəfər 9 nəfəri, həmin 9 nəfər 45 nəfəri, o 45 nəfər 11 nəfəri, onlar isə 41 nəfərdən ibarət seçki komitəsi təyin edirdilər. Nəhayət, bu komitə doju seçirdi. Dojun hakimiyyəti çox məhdud idi. Şuranın bütün iclaslarında iştirak etmək hüququna malik olmasına baxmayaraq, onun öz fikrini yeritməyə ixtiyarı yox idi. Doj müstəqil qərar qəbul edə bilməzdi. Onun bütün əlaqələri, görüşləri və yazışmaları ciddi nəzarətdə idi. O, Venesiyanı tərk edə, respublika hüdudlarından kənarda mülkiyyətə sahib ola bilməzdi. Dojun yanında 6 məsləhətçisindən və Qırxlar Şurasının 3 üzvündən ibarət Kiçik Şura (Sinyoriya) var idi.
Dojun üzərində daimi və total, eyni zamanda gizli nəzarət mövcud idi. Qırxlar Şurası və Böyük Şura gizli xəfiyyələri vasitəsilə onu diqqətlə izləyirdi ki, görsün doj sadə xalqla birləşib patrisiləri hakimiyyətdən salmaq niyyəti güdmür ki. Dövlət başçısının ehtiyatsız bir sözü, düşünülməmiş bir hərəkəti, hövsələsiz bir ifadəsi çox vaxt muzdlu qatilin tutulması ilə nəticələnirdi və təhlükəli adam aradan götürülürdü. Adi insanların nazı ilə isə çox oynamırdılar. 1298-1319-cu illər ərzində qəbul olunmuş bir sıra qanunlardan sonra tribunat institutu təmamilə ləğv edildi. Beləliklə, Böyük Şura bütün şəhər üzərində hakimiyyəti tamamilə ələ aldı. Amma bu çoxsaylı şura qanunvericilik işləri ilə paralel olaraq cari dövlət məsələlərini həll edə bilmirdi. Eyni zamanda doja etibar etmədiyi üçün bu məsələləri ona həvalə etmək istəmirdi. Bu amillərin təsiri ilə Qırxlar Şurasının əhəmiyyəti artmağa başladı. 1179-cu ildə cinayət işlərinin istintaqı üçün yaradılan Qırxlar Şurası XIV əsrdə dəyişikliyə uğradı. Artıq 40 nəfərdən yox, təxminən 200 nəfərdən ibarət olan Qırxlar Şurasının üzvləri əvvəlki tək doj tərəfindən deyil, Böyük Şura tərəfindən təyin edilirdi. O, təkcə məhkəmə işləri ilə yox, həm də Böyük Şuraya çıxarılan bütün işlərin ilkin müzakirəsi və müstəqil olaraq bir sıra vacib məsələlərin həlli ilə məşğul olurdu.
Onluq Şurası
1310-cu ildəki çıxışların birində doj Qradeniqoya qarşı sui-qəsd edilirdi. Aristokratiya öz hakimiyətini qorumaq üçün xüsusi tədbirə əl atdı: Onluq Şurasını təsis etdi. Venesiyada siyasi vəziyyətə nəzarət edən inkvizisiyaya oxşar Onluq Şurası 1335-ci ildən daimi fəaliyyət göstərməyə başladı. Böyük Şura tərəfindən birillik müddətə seçilən Onluq Şurası üzvündən üç nəfərini özünə üç aylıq başçı seçdi. Doj öz məsləhətçiləri ilə bəzi iclaslarda iştirak etsə də, səs verə bilməzdi. Şuranın rəsmi məqsədlərindən biri doja və digər təşkilatlara nəzarət etmək idi. Geniş xəbərçilər sisteminə malik şura anonim məlumatlar əsasında respublikanın bütün idarəetmə strukturlarının fəaliyyətini qiymətləndirirdi. Onluq Şurasının lazım bildiyi istənilən adamı həbs etməyə, işgəncə verməklə dindirməyə və qiyabi olaraq hökm çıxarmağa hüququ var idi. Məsələn, 1355-ci ildə Doj Marino Falyera Onluq Şurası tərəfindən ölüm cəzasına məhkum olundu.
Onluq Şurasının üzvləri Böyük Şuranın iclaslarında seçildiyindən və bu iclaslara kənar şəxslər buraxılmadığından, tərkibi heç yerdə açıqlanmadığından anonim hakimiyyət orqanı idi və şəhər əhalisi onun üzvlərini tanımırdı. Onluq Şurası Kiçik Şura və Senat Kollegiyası ilə birgə respublikadakı bütün hakimiyyətin cəmləşdiyi Tam Kollegiyanı təşkil edirdi. 1539-cu ildə Onluq Şurası öz tərkibində üç nəfərdən ibarət yeni dövlət inkvizitorları adlanan qrup yaratdı. XV əsrin sonlarında Onluq Şurasına işlərində kömək etmək üçün Senatdan seçilmiş 15 nəfər də daxil edildi. Bu şuranın səlahiyyətləri getdikcə genişləndirilirdi. Dojlar sarayında oturan Onluq Şurası anonim donoslardan o qədər geniş istifadə edirdi ki, binanın bir çox yerində bayırdan ağzı açıq insan üzü şəklində daş maskalarla örtülü yarıqlar açmışdılar. Donosları atmaq üçün nəzərdə tutulan və "Şir ağzı" adlanan bu maskalar indi Venesiyanın simvoludur.
"Yeni Atlantida"
1000 ildən çox mövcud olan Venesiya orta əsrlərdə nəinki İtaliyanın, hətta bütün Avropanın və bütövlükdə dünyanın tarixində mühüm rol oynayıb. Bütün mövcudluğu dövründə Venesiya öz siyasi quruluşunu qoruyub saxlaya bilib. Bu onun daxili sabitliyindən irəli gəlirdi. Venesiyanın siyasi sabitliyi sosial ədalətdən daha çox iqtisadi yüksəlişin davamlılığı ilə bağlı idi. Bu günə qədər Venesiyanın həyatda qalmasında büyük rol oynayan dəniz indi ona ölümcül zərbələr endirməkdədir. Son 100 ildə Adriatik dənizinin səviyyəsi 33 sm qalxıb. Venesiya hər il 5 mm olmaqla suya qərq olur. Bundan başqa subasmalar, dəniz qabarmaları, binaların dənizin duzlu (və çirkli) suyunun təsirindən dağılması, cavanların şəhəri tərk edib getməsi və s. Bəziləri hətta Venesiyanı "XXI əsrin Atlantidası" da adlandırırlar.
Mənbə: Milli Məclis jurnalı
Həmçinin bax: Roma dövlətinin yaranması, Romada quldarlıq və islahatlar, Pun müharibəsi, Romada quldarləğın tənəzzülü