Yoğun bağırsaq həzm sisteminin son traktı olub 1.5-2 m uzunluğa malikdir. Yoğun bağırsaq bir neçə hissədən ibarətdir, kor bağırsaq (appendiks burada yerləşir), qalxan çənbərbağırsaq, enən çənbərbağırsaq, köndələn çənbərbağırsaq, siqmavarı və düz bağırsaq.
Yoğun bağırsaq xərçəngi: yoğun bağırsağın selikli qişasından əmələ gələn bədxassəli şişdir. Əksər vaxtlarda şiş siqmavari bağırsaq, kor bağırsaq və düz bağırsaqda yerləşmiş olur. Bu xəstəlik çox vaxt yaşlı insanlarda rast gəlinir. Hər il isə bu xəstələrin sayı artmaqdadır, xüsusilə inkişaf etmiş dövlətlərdə.
Yaranma səbəbləri: - qidalanmada ən çox ət, piy, un məmulatları, bitki mənşəli qidaların rasionda az olması - qəbizlik halları - yoğun bağırsağın xəstəlikləri: kolit və poliplər (bu xəstəliklər zamanı xərçəng riski 7 ildən sonra özünü göstərə bilər və hər 10 ildən bir risk 10%-ə , 25 ildən sonra isə 30%-ə yüksəlmiş olur) - irsi faktor - yaş faktoru (ahıl yaş dövrü) Qida rasionunda heyvani mənşəli yağ və zülallar üstünlük təşkil etdikdə bağırsaqda konserogen (şiş əmələ gətirən) maddələr əmələ gəlir. Qəbizlik zamanı isə bu maddələrin yoğun bağırsağın divarına təsiri nəzərəçarpacaq dərəcədə artır və bu da normal hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə gətirib çıxarır. Bədxassəli şiş həmçinin bağırsağın uzun müddət davam edən xəstəlikləri fonunda da yarana bilər, məsələn kolitlər zamanı. Bağırsaqda artıq mövcud olan xoşxassəli poliplər də sonradan xərçəngə çevrilə bilərlər. Artıq hazır vəziyyətdə olan şiş hüceyrələri sürətlə artır və böyüməyə başlayır, nəticədə bağırsaq mənfəzini tutaraq bağırsaq keçməzliyinə səbəb olur. Əgər şiş bağırsaq divarına keçərsə onun damarlarını zədələyə bilər və nəticədə qanaxma baş verər. Daha sonrakı mərhələlərdə şiş bağırsağın digər hissələrinə, divarına və digər orqanlara sirayət etməyə başlayır. Limfa dövranı vasitəsilə limfatik düyünlər yayılır və onları zədələyir. Qan vasitəsilə də digər orqanlara yayılaraq (qaraciyər, ağciyər, sümük və baş beyin) onlarda da bu prosesi yaratmağa başlayır və nəticədə də həmin orqanlarda da şiş əmələ gəlir. Əgər müalicə aparılmasa digər bədxassəli şişlərdə olduğu kimi tezliklə ölümlə nəticələnəcək. Erkən mərhələlərdə xəstə demək olar ki, özünü normal hiss edir. Yalnız şiş müəyyən ölçülərə çatdıqda artıq xəstələrdə şikayətlər başlaya bilər: - qarında ağrı (uzun müddətli, küt ,iniltili) - qəbizlik - qarında köp və qurultu səsləri - nəcisdə qanın əmələ gəlməsi - iştahanın pozulması - rəngin avazıması - zəiflik və halsızlıq - temperaturun yüksəlməsi - bədən kütləsinin itirilməsi Diaqnostika: bütün növ kiçik ölçülü şişləri müalicə etmək asandır. Məhz buna görə də mütləq həkim qastroenteroloqun müayinəsindən keçmək və nəcisdə gizli qan analizini vermək vacibdir. 40 yaşdan sonra hər üç ildən bu müayinədən keçmək, nəcisdə gizli qanın yoxlanılması üçün isə hər il müayinə olunmaq lazımdır. Bəzi hallarda həkim özü pasienti yoxladıqdan sonra bəzi müayinələri təyin edir: - İrriqoskopiya- imalə vasitəsilə bağırsağa kontrast maddənin yeridilməsi və müayinə olunması - Rektoromanoskopiya- anal dəlikdən salınaraq bağırsağın 30 sm-ə qədər xüsusi aparat olan rektoromonoskop vasitəsilə yoxlanılması - Kolonoskopiya- rektoromonoskopiyaya bənzər bir müayinə növüdür, sadəcə burda bağırsağın 1m-ə qədər hissəsi müayinə olunur - Rektoromonoskapiya və ya kolonoskopiya vasitəsilə həkim biopsiya üçün bağırsaqdan kiçik bir hissəni götürə bilər. Bu prosedura demək olar ki, ağrısızdır. Biopsiyanın aparılması isə xüsusilə polipi olan xəstələrdə vacibdir. Təəssüf ki, xəstələr adətən artıq şiş çox böyük olduqda onkoloqun qəbuluna düşürlər. Müalicə: yoğun bağırsağın əsas müalicə növü cərrahi yolladır. Əməliyyata əlavə olaraq isə şüa və kimya terapiyası aparılır. Əməliyyatın növü şişin yerləşməsindən və ölçülərindən asılı olaraq müxtəlifdir. Əgər şişin ölçüsü kiçikdirsə və "uyğun" yerdə yerləşirsə onu tamamilə götürüb və bağırsağın normal funksiyasını bərpa etmək olar. Şişin böyük ölçülərində və müvafiq olmayan bir nahiyədə yerləşməsi zamanı isə əməliyyat qarın nahiyəsində yerləşən kolostomanın qoyulması ilə bitir. Bir sıra hallarda cərrahi əməliyyat iki etapda aparılır: əvvəlcə bağırsağın müvafiq hissəsini kəsib götürürlər və kolostoma qoyurlar, bir neçə aydan sonra isə bağırsağın normal funksiyasını bərpa edirlər və kolostomanı yığışdırırlar. Xəstəliyin proqnozu şişin ölçüsündən və cərrahi əməliyyatın vaxtında aparılmasından asılıdır. Şişin ölçüsü nə qədər kiçik olarsa xəstəlikdən tam sağalma şansı da bir o qədərdir.
Həmçinin bax: dəri xərçəngi, qan xərçəngi, ağciyər xərçəngi, süd vəzi xərçəngi, düz bağırsaq xərçəngi, qaraciyər xərçəngi