Düz bağırsaq xərçənginin müayinə və müalicəsi son illərdə aktuallıq qazanıb, bu isə öz növbəsində sürətlə düz bağırsaq xərçənginin artması ilə əlaqədardır. Təəssüflə qeyd etmək lazımdır ki, düz bağırsaq xərçəngi son zamanlar sürətlə artır və bütün bədxassəli şişlərin 4-6%-ni təşkil edir. Qərb dünyasında süd vəzi xərçəngi kimi kimi üçüncü yerdə durur. Əsasən 40 yaşdan sonra və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Bu xəstəlikdən ən çox Amerika, Qərbi Avropa, İsrail əhalisi əziyyət çəkir. Beləliklə, bu zaman xəstəliyin ən çox yayıldığı ərazilərin iqtisadi inkişaf nəzərə alınaraq xəstəliklə bu ölkələrdəki qidalanma arasındakı qarşılıqlı əlaqəsi öyrənilir. Belə ki, yoğun bağırsağın xərçənginə qida məhsullarının tərkibində olan piylər və zülalların tərkibində olan konserogen maddələr səbəb olur.
Risk faktorlarına qidalanmadan başqa, aşağıdakılar da aiddir: - Yaş həddi: 50 yaşdan yuxarı - Yaxın qohumlarda onkoloji xəstəliklərin olması, məsələn, bağırsaq və ya düz bağırsaq, yumurtalıq, uşaqlıq və süd vəzi xərçəngi - Xoralı kolit və ya Kron xəstəliyinin olması - Poliplər, xüsusilə də düz bağırsaq polipləri - Düz bağırsağın və ümumiyyətlə bağırsağın iltihabi prosesləri, xora, proktit, anus çat, fistul, babasil, divertikul və s. Düz bağırsaq xərçənginin ilk simptomları da digər bədxassəli şişlərdə olduğu kimi bilinmir. Şişin böyüməsi ilə əlaqədar o, bağırsaq mənfəzini tutduğundan defekasiya aktı zamanı xəstələrdə küt, xoşagəlməz ağrılar, bəzən isə qusmaya səbəb olur. Bundan əlavə, defekasiya zamanı kaldan öncə qanın və seliyin olması, kal hissələrinin deformasiyaya uğramış şəkildə, lentvari şəkildə olması qeyd olunur. Daha sonra isə xəstələr tez-tez bayıra çıxmağa meylli olurlar və çox miqdarda üfunətli, irinli-qanlı kütlə, qəbizliklə növbələşən ishallar baş verir və nəticədə xəstə arıqlayır. Ağır hallarda bağırsaq keçməzliyi, qanaxma, iltihabi ağırlaşmalar ( abses, fleqmona, peritonit) baş verir. Şiş sidik kisəsinə və uşaqlıq yoluna sirayət etdikdə fistul yaranır və digər orqanları da sıxaraq onların funksiyasını pozmuş olur. Düz bağırsaq xərçənginin diaqnostika və müalicəsi:
- Nəcisdə gizli qanın yoxlanılması. Bu analiz xəstəliyin başlanğıcında hələ heç bir əlamət olmadıqda və nəcisdə qan olmadıqda yoxlanılır. Həmçinin, diaqnozu çətinlik törədən xəstələrdə dəqiqləşdirmək üçün və 50 yaşdan yuxarı profilaktika məqsədilə aparılır. - Düz bağırsağın barmaqla yoxlanılması - Kolonoskopiya, rektoromonoskopiya (siqmoskopiya),lazım gəldikdə biopsiya ilə birlikdə - Barium-sulfatla bağırsağın yoxlanılması - PET-KT müayinəsi metastazların istisna edilməsi üçün tətbiq olunur, belə ki düz bağırsaq xərçəngi mezenteriumun limfa düyünlərinə, çanaq birləşdirici toxumasına, aorta boyu olan limfatik düyünlərinə metastaz verir. - Hematogen metastazlar çox vaxt qaraciyər və sümüklərdə meydana çıxır. Daha aşağı nahiyələrdə yerləşən xərçəng isə hətta qasıq nahiyəsinin limfa düyünlərinə metastazlar verə bilər. Müalicəsi mərhələsindən asılı olaraq aparılır. Erkən mərhələlərdə cərrahi əməliyyat kifayət edir, lakin gecikmiş mərhələlərdə şüa terapiyası, kimyəvi terapiya, bioterapiya aparılır. Proqnoz xəstəliyin mərhələsi, metastazların olması, sağlamlıq vəziyyətindən və s. asılıdır. Erkən qoyulmuş diaqnoz və müvafiq müalicə sağalma və daha uzun müddətli yaşama şansını artırır. Vaxtında həkimə müraciət etsəniz, xəstəliyin qarşısını almaq daha asandır, nəinki onu gecikmiş mərhələlərdə müalicə etmək.
Həmçinin bax: mədə və dodaq xərçəngi, dəri xərçəngi, qan xərçəngi, ağciyər xərçəngi, süd vəzi xərçəngi