80-cı illərin ortalarından «soyuq müharibə» siyasətinin yumşalması daha da gücləndi. Bu sosializm birliyinin, xüsusən SSRİ-nin böhran vəziyyətinə düşməsi ilə əlaqədar idi. SSRİ-də hələ 10-15 il əvvəl başlamış böhran meylləri daha da güclənmişdi, Artıq «geriləmə» mexanizmi işə düşmüşdü. Milli gəlir və iqtisadi istehsal göstəriciləri 2,5-3 dəfə azalmışdı. Artıq SSRİ hərbi, iqtisadi istehsal və silahlanma üzrə ABŞ-la rəqabət-yarışda tab gətirə bilmirdi, üstəlik inzibati-bürokratik sistemdə baş alıb gedən böhran vəziyyəti də ölkəyə böyük əziyyət verirdi. Ölkəni böhran vəziyyətindən çıxarmaq üçün yollar axtardırdı. 1985-ci ilin martında Sov. İKP MK-nın Baş katibi seçilən M.Qorbaçov əvvəlcə «sürətləndirmə», sonra «yenidənqurma» xəttini irəli sürdü. O, xarici siyasət sahəsində də yeni xətt müəyyən etdi. M.Qorbaçov beynəlxalq münasibətlərdə «yeni təfəkkür» tezisi ilə çıxış etməyə başladı. O, xarici siyasət fəaliyyətində üç başlıca istiqamət müəyyən etmişdi: tərksilah barədə ABŞ-la bilavasitə danışıqlar yolu ilə Şərq və Qərb arasında gərginliyi yumşaltmaq; Əfqanıstan da daxil olmaqla regional münaqişələri nizama salmaq; dünyadakı mövcud qaydaları tanımaq və sosialist ölkələrinə üstünlük verməmək şərti ilə bütün dövlətlərlə iqtisadi əlaqələri genişləndirmək.
Qorbaçov Mixail Serqeyeviç 1931-ci ildə anadan olmuşdur, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Müxtəlif komsomol və partiya vəzifələrində işləmişdir. Stavropol şəhər (1966-1968), Ölkə partiya Komitələrinin (1970-1978) birinci katibi, Sov. İKP-MK-nın katibi və Baş katibi (1985-1991) işləmişdir. 1990-1991-ci illərdə SSRİ-nin ilk və sonuncu prezidenti olmuşdur.
M.Qorbaçovun ABŞ prezidenti R.Reyqanla bir sıra zirvə görüşlərindən sonra (1985-ci ilin noyabrında Cenevrədə, 1986-cı ilin oktyabrında Reykyavikdə, 1987-ci ilin dekabrında Vaşinqtonda) 1987-ci il dekabrın 8-də orta və aşağı mənzilli raketlərin (ABŞ üçün: Perşing-II, VGM-109, Perşinq-IA, Perşinq-IB; SSRİ üçün SS-20, SS-4, SS-5, SSC-X-4, SS-18 və SS-23) ləğv olunması barədə saziş imzalandı. Bununla da SSRİ ilə ABŞ arasında qarşıdurma dövrünə son qoyuldu.
Reyqan Ronald Uilson 1911-ci ildə anadan olmuşdur. Respublikaçıdır, 1930-1940-cı illərdə Hollivudun tanınmış kino aktyoru olmuşdu. 1937-ci ildə kinoya çəkilmişdir. 1967-1975-ci illərdə Kaliforniya ştatının qubernatoru olmuşdur. Daxili və xarici siyasətdə mühafizəkar mövqeyi tutmuşdur. 19811-988-ci illərdə ABŞ-ın prezidenti olmuşdur.
1988-ci ilin aprelində Cenevrədə Əfqanıstandan sovet qoşunlarının çıxarılması barədə saziş imzalandı. 1989-cu ilin fevralında sovet qoşunları Əfqanıstandan çıxarıldı.
Prezident C.Buşla M.Qorbaçov arasında 1989-cu ilin dekabrın 2-3-də Malta adasında, dənizdə hərbi gəmilərdə görüşlər qarşıdurmanın ləğv olunmasının dərinləşməsində mühüm rol oynadı. Bu görüşlərdə Avropa məsələlərinin müzakirə edildiyi ehtimal olunurdu. M.Qorbaçov və C.Buş arasında 1990-cı il mayın 31-iyunun 3-də Vaşinqtonda ilk rəsmi zirvə görüşündə Almaniyanın birləşməsi və onun NATO ittifaqında qalıb-qalmaması məsələləri müzakirə olundu. Görüşdən sonra ABŞ sovetlərin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi Cənubi Afrikadakı, habelə İran körfəzində, Cənub Şərqi Asiya və Mərkəzi Amerikadakı regional münaqişələrinə yumşaq yanaşma siyasətinə keçdi. 1989-1990-cı illərdə Mərkəzi və Cənub Şərqi Avropa ölkələrində köklü dəyişikliklər baş verdi. Onlar burjua-demokratik inkişaf yoluna keçməyə başladılar.
Nəticədə, Sovet-Amerika münasibətləri yaxşılaşdı. Onlar artıq bir-birinə düşmən kimi baxmırdılar. SSRİ və ABŞ belə nəticəyə gəldilər ki, aralarında olan ziddiyətləri siyasi yolla, danışıqlar yolu ilə həll edə bilərlər. Özü də, bu ziddiyətlər qlobal problemlərdən heç də çox əhəmiyyətli deyildirlər, Onları əməkdaşlıq, birgə səy və qüvvə ilə həll etmək olar və lazımdır.
1990-cı ilin may-iyununda Vaşinqton və 1991-ci ilin iyulunda Moskva görüşləri «soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar oldu. Tərəflər kimyəvi silahların böyük hissəsinin ləğv olunmasını və onun istehsalından imtina edilməsini nəzərdə tutan müqavilə imzaladılar. Bu görüşlərdə tərəflər ilk dəfə təkcə strateji hücum silahlarının məhdudlaşdırılması barədə deyil, onların ixtisar olunması haqqında da müqavilə (SSM-1) imzaladılar.
SSRİ-də, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində dəyişikliklər, Almaniyanın birləşməsi, SSRİ və ABŞ arasındakı yeni münasibətlər Avropada ümumi inkişaf prosesinə həlledici təsir göstərdi. 1990-cı ilin 19-20 noyabrında Parisdə Avropada adi silahlar haqqında çoxtərəfli müqavilə imzalandı. Varşava Müqaviləsi Təşkilatının (VMT) və NATO-nun üzvü olan 22 dövlət əməkdaşlıq və dostluq sahəsində yeni münasibətlər qurmaq barədə Birgə Bəyannamə qəbul etdilər.
ATƏM (Avropanın Təhlükəsizliyi və Əməkdaşlığı Müşavirəsi)-in iştirakçısı olan ölkələrin yüksək səviyyədə görüşündə yeni Avropa üçün Paris xartiyası qəbul olundu. Xartiyada Avropa ölkələrinin çoxtərəfli əməkdaşlığını genişləndirmək proqramı müəyyən olundu. Paris forumu Avropada da parçalanma və qarşıdurmanın bitdiyini və dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bir daha təsbit etdi. Beləliklə, 1946-cı ildən etibarən başlanan «soyuq müharibə»yə 45 ildən sonra son qoyuldu. Onun başlıca nəticəsi SSRİ-nin, dünya sosializm sisteminin çökdürülməsidir. Artıq indi liberal demokratizm sisteminə güclü alternativ qüvvə, sistem yoxdur.
Buna baxmayaraq XX əsrin sonu — XXI əsrin əvvəllərində gərginlik davam etməkdədir. 2001-ci ilin sentyabrında Nyu-Yorkdakı dəhşətli terror hadisələrindən sonra terrorizm beynəlxalq faktora çevrilmişdir.
Beynəlxalq terrorizmin mühüm istiqamətlərindən biri də informasiya inqilabına qarşı çevrilmişdir. Siyasi ədəbiyyatda bu «dördüncü dünya müharibəsi» kimi mənalandırılır. Elmi texniki tərəqqinin güclü olan ölkələrdə bu daha çox təhlükə törədir. O ölkələrdən bəziləri, o cümlədən Rusiya «üçüncü dünya müharibəsi»ndə itirdiklərini geri qaytarmaq məqsədilə sözügedən «müharibə» formasından istifadə etməyə çalışırlar. Onlar xüsusi virus hücumları vasitəsilə istədikləri kompyuterlərin yaddaşlarını silmək, məhv etmək yolu ilə informasiya blokadası, informasiya qıtlığı yaratmaq səyləri göstərirlər. Alimlərin və siyasətçilərin fikrincə, bu, dünyanı məhvə doğru aparan ən təhlükəli «müharibə» formasıdır.
Həmçinin bax;
«Soyuq müharibə»nin başlanması
Soyuq müharibənin mərhələləri