«Soyuq müharibə» müəyyən inkişaf mərhələlərindən keçmişdir:
«Soyuq müharibə» çağırışına cavab olaraq dünyada sürətlə silahlanma, hərbi-siyasi və iqtisadi qütbləşmə prosesi başladı. Tərəflər hərbi xərcləri artırdılar, zaman-zaman kütləvi qırğın silahları icad etməyə başladılar. Hələ 1945-ci ildə atom bombasını partladan ABŞ, 1952-ci ildə nüvə silahını sınaqdan keçirdi. O, 50ci illərin ortalarında kontinentlərarası strateji bombardmançılar flotu, 50-ci illərin sonlarında isə ilk raketdaşıyıcı sualtı qayıqları yaratdı. 60-cı illərin əvvəllərində ABŞ nüvə partlayıcısı daşımağa qadir, meydançasında təyyarələr olan zərbəvurucu atom avianosları yaratmağı genişləndirdi. «Polaris» «Minitmen» tipli raketlərlə silahlanmağa başladı. O, bu sahədə SSRİ-ni qabaqladı. 60-cı illərin sonlarında amerikanlar ilk dəfə özü nişan alan baş hissələri ayrılan raketlər, 70-ci illərdə Perşinq II raketləri, 80-cı illərin ortalarında uzaq mənzilli uçan raketlər, sonralar isə neytron döyüş vasitələri və kimyəvi binar silahları yaratdılar. 1982-ci ildə ABŞ geniş silahlanma proqramı qəbul etdi. Proqramda güclü kontinentlərarası ballistik MX raketlərinin, çoxlu «Micitmen» tipli kontinentlərarası raketlərin, minlərlə yüksək dəqiqliyi və böyük hərəkət radiusu ilə fərqlənən uçan raketlərin, raketdaşıyıcı sualtı qayıqların genişləndirilməsi nəzərdə tutulmuşdu. Sözügedən proqrama 1983-cü ildə irəli sürülmüş strateji müdafiə təşəbbüsü (SOİ) də daxil idi.
Bunlara cavab olaraq SSRİ də öz növbəsində hərbi potensialını gücləndirməyə başladı. 1949-cu ildə ilk dəfə atom silahı, 1953-cü ildə nüvə silahı sınaqdan keçirildi. SSRİ-də müxtəlif tipli güclü raket silahları yaradıldı. O, 1957-ci ildə kontinentlərarası raketlər yaradılmasını başa çatdırdı. 1977-ci ildə SS-20 adlanan orta mənzilli raketlər yaratdı. O, ABŞ-m Perşinq II raketindən qat-qat üstün idi. Artıq 1986-cı ildə SSRİ-də 441 belə raket var idi. Bir sıra silahların gücünə və sayına görə SSRİ ABŞ-dan irəlidə idi.
«Soyuq müharibə» şəraitində hərbi xərclər də son dərəcə artdı. Ümumiləşdirilmiş məlumatlara görə 1975-ci ildə 51 ölkənin hərbi xərcləri 340 milyard dollar olmuşdusa, 1980-cı ildə o, 598 milyard dollara çatmışdı. 1980-cı ildə NATO-nun hərbi xərcləri 240 milyard dollar, Varşava paktının hərbi xərcləri 210 milyard dollar olmuşdu. 1982-ci ildə əhalinin hər adam başına düşən hərbi xərclər isə ümumən dünyada 145 dollar, Şimali Amerika ölkələrində 797 dollar, Avropa ölkələrində 265, Latın Amerikası ölkələrində 34, Asiya ölkələrində 25, Afrika ölkələrində 22 dollar təşkil edirdi.
llk qarşıdurma Sovet rejiminin daha da gücləndiyi 1947-1953-cü illər «soyuq müharibənin ən sərt dövrlərindən olmuşdur. Sözügedən illərdə dünyanı nüfuz dairəsinə bölmək uğrunda iki superdövlət: ABŞ və SSRİ arasında çox kəskin rəqabət -mübarizə getmişdi. ABŞ Avropada möhkəmlənmək, bütün dünyanı öz nüfuzu altına almaq, SSRİ isə Mərkəzi və Cənub-Şərqi Avropada, Asiyada, xüsusən Çində, Vyetnam və Koreyada möhkəmlənmək uğrunda mübarizə aparmışdılar. Bu illərdə, həmçinin Koreya müharibəsi, Yaxın Şərqdə münaqişə, Hindistan-Pakistan və Hind-Çin münaqişələri olmuşdu. Çində, Vyetnamda, Koreyada və Yunanıstanda vətəndaş müharibələri, Çexoslovakiyada, Polşada, Şərqi Almaniyada sovetlərə qarşı itaətsizliklər baş vermişdi. Bu dövr Avropada Trümen doktrinasının və Marşall planının uğurla həyata keçirildiyi, Mərkəzi və Cənub-Şərqi Avropa, Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində (Çində, Koreyada, Vyetnamda) sovet modelli quruluşların oturuşması dövrüdür. SSRİ 1945-1948-ci illərdə Avropada bir milyon kv. km ərazini, 92 milyon əhalini öz nüfuz dairəsinə çevirmişdi. Bu dövr habelə bəşəriyyəti vahiməyə salan atom silahının ABŞ-in inhisarından çıxması ilə də səciyyələnirdi.
»Soyuq müharibənin ilk real addımlarından biri Türkiyədə və Yunanıstanda öz nüfuzunu, Bosfor və Dardanel boğazlarına nəzarətini gücləndirməyə çalışan SSRİ-yə qarşı 1947-ci il martın 12-də ABŞ prezidentinin irəli sürdüyü «Trümen doktrinası» (prezident Trümenin adı ilə bağlıdır) oldu. Sözügedən «doktrinaya əsasən ABŞ Türkiyə və Yunanıstana 400 milyon dollar kömək ayırırdı. Bu, həmin ölkələri SSRİ nüfuz dairəsindən uzaqlaşdırmaq məqsədi güdürdü. Onların ABŞ-ın xəttini müdafiə etmələrinə qarantiya verirdi,
1947-ci il iyununda müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi yardım göstərməyi nəzərdə tutan „Marşall planı“ irəli sürüldü. Bu plana görə həmin ölkələrə yardım üçün 12,5 milyard dollar vəsait ayrılırdı. Bu plan üzrə Avropanın 16 ölkəsi 1948-1951-ci illərdə ABŞ-dan 17 milyard dollar kömək almışdılar. SSRİ və onun təkidi ilə Mərkəzi və Cənub-Şərqi Avropanın sovetpərəst ölkələri yardımdan imtina etmişdilər. Yardım qərbi Avropa ölkələrinə verildi. Bunun nəticəsində Avropada paralel iki iqtisadi bazar yarandı.
Bu dövrdə müxtəlif hərbi, siyasi və iqtisadi qurumlar yaradılmışdı. 1948-ci ilin martında Qərb İttifaqı yaradıldı. İttifaqa Böyük Britaniya, Fransa, Belçika, Niderland və Lüksemburq daxil idi. O, 1955-ci ildə Qərbi Avropa İttifaqına çevrildi. Ona AFR, İtaliya, İspaniya və Portuqaliya daxil idi. 1957-ci ildə Avropa iqtisadi birliyi yaradıldı. SSRİ, Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələri öz növbəsində iqtisadi birliklər yaratmağa başladılar. 1949-cu ildə SSRİ-nin Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrinin (SSRİ, Çexoslavakiya, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya, Almaniya Demokratik Respublikası (ADR), Albaniya) daxil olduğu Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) təşkil edildi.
Burjua-demokratik cəbhəsindən olan iri dövlətlər dünyanın müxtəlif regionlarında hərbi-siyasi bloklar yaratdılar. 1949-ci ilin aprelində Şimali Atlantika İttifaqı (NATO) yaradıldı. İttifaqa əvvəl 12 dövlət (ABŞ, İngiltərə, Fransa, Kanada, İtaliya, Belçika, Danimarka, Norveç, İslandiya, Niderland, Lüksemburq) daxil idi. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1954cü ildə Almaniya Federativ Respublikası (AFR) daxil oldu. İndi burada birləşən ölkələrin sayı 20-yə çatmışdır. Buna cavab olaraq SSRİ və Cənub-Şərqi Avropa ölkələri 1955-ci ildə Varşava paktmı imzaladılar. Pakta SSRİ, Çexoslovakiya, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya, ADR və Albaniya daxil idi. Sonradan Albaniya oradan çıxdı. 1951-ci ildə ANZYUS (ABŞ, Avstraliya, Yeni Zelandiya); 1954-cü ildə SEATO (Cənub-Şərqi Asiya ölkələri ittifaqı- (bura ABŞ, İngiltərə, Fransa, Yeni Zelandiya, Avstraliya, Filippin, Tailand və Pakistan daxil idi); 1955-ci ildə Bağdad paktı (1959-cu ildən SENTO adlandırıldı) yaradıldı. Bu pakta İngiltərə, Fransa, Türkiyə, İran, Pakistan və Iraq daxil idi. ABŞ, İngiltərə və Fransanın təşkil etdikləri sözügedən hərbi bloklara Avropanın, Yaxın Şərqin və Asiyanın 25 dövləti cəlb olunmuşdu.
Yumşalmanın başlanması 1953-cü ildə Stalinin ölümündən sonra „soyuq müharibə“də müəyyən istiləşmə başladı. Dövlətlərarası münasibətlərdə canlanma baş verdi. 1955-ci ilin mayında SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın Avstriya ilə sülh imzalamaları Şərq ilə Qərb arasında gərginliyin yumşaldılmasında mühüm hadisə oldu. Həmin ilin iyulunda Cenevrədə dörd dövlət başçılarının (Xruşşov, Eyzenxayer, İden və Forun) görüşü „soyuq müharibə“ tarixində yüksək dairələrdə danışıqlara yol açan „Cenevrə ruhu“nun təməlini qoydu. Sov.İKP-nin XX qurultayı, xüsusən onun müxtəlif ictimai quruluşlu ölkələrin dinc yanaşı yaşaması barədə elan etdiyi xətt sonralar „soyuq müharibə“nin yumşalmasına yeni zəmin verdi. Tarixdə bu „Xruşşov yumşalması“ da adlandırılır. 50-ci illərin sonlarında „soyuq müharibə“də qarşılıqlı təmkinlik baş verdi.
Xruşşov Nikita Sergeyeviç (1884-1971) sovet dövlət və partiya xadimi, general (1943). 1918-ci ildən bolşeviklər partiyasının üzvü. Moskva sənaye Akademiyasında oxumuşdur (1929). Moskva Şəhər partiya komitəsinin, Ukrayna K(b)P MK-nın birinci katibi, XKS-nın sədri (1935-1949). Alman-Sovet müharibəsi illərində (1941-1945) müxtəlif cebhelerde hərbi Şuraların üzvü olmuş, Sov.İKP (b)K MK-nın katibi və birinci katibi (1949-1964) vəzifələrində işləmişdir. İ.Stalinin ölümündən sonra, SSRİ-də ilk dəfə demokratik islahatlar keçirilməsinə cəhdlər göstərmişdir.
1959-cu ildə SSRİ və Böyük Britaniya tərəfindən hamılıqla və tamamilə tərksilah barədə təkliflər irəli sürdülər. Həmin ilin sentyabrında BMT Baş Məclisi tərksilah üzrə «10-lar» komitəsi yaratdı. O, 1961-ci ildə «18-lər» komitəsinə çevrildi. Belə ki, azad olmuş ölkələrdən 8-inin də nümayəndəsi oraya daxil edildi.
1961-ci ildə hər iki super dövlət insanın kosmosa çıxarılmasına nail oldular. Sovet vətəndaşı Yuri Qaqarin, altı ay ondan sonra amerikalı Con Qlein kosmosa çıxarıldılar.
1963-cü ilin avqustunda SSRİ, ABŞ və İngiltərə arasında atmosferdə, kosmik fəzada və su altında nüvə sınaqlarının kəsilməsi barədə saziş imzalandı. Elə həmin ildə orbitə nüvə silahı olan obyektin çıxarılmaması barədə sovet-amerikan razılığı əldə edildi.
Yeni kəskinləşmə 1960-cı illərin əvvəllərindən „soyuq müharibə“də yenidən gərginlik başlandı. Bu Berlin böhranı, Karib dənizi hövzəsi və Hind-Çin hadisələri ilə əlaqədar idi.
1961-ci ilin avqustunda Berlin böhranı (avqustun 19-da Berlinin qərbi ilə şərqi arasında hasar çəkilmişdi) və 1962-ci ilin oktyabrında Kuba ilə əlaqədar Karib dənizi hövzəsində törədilən fəlakətli münaqişə „soyuq müharibə“ siyasətinin yenidən şərtləşməsinin təzahürləri idi.
Amerika qitəsində Kubaya özünün strateji müttəfiqi kimi baxan SSRI 1962-ci ilin yayında gizli olaraq orada orta mənzilli raketlər yerləşdirdi. Buna cavab olaraq ABŞ Kuba sahillərinə 200ə qədər hərbi gəmi göndərdi. Kuba dənizdən və havadan blokadaya alındı. SSRİ və Varşava Müqaviləsi Təşkilatına daxil olan digər ölkələr də müvafiq tədbirlər gördülər. Böhran kəskinləşdi. Nəhayət, 1962-ci ilin noyabrında Karib böhranı dinc yolla həll olundu.
Yumşalmanın yeni dalğası 1960-cı illərin sonu — 70-ci illərin axırları (1969 1979) soyuq müharibə tarixinə yumşalmağa doğru ciddi addımlar atılması dövrü kimi daxil olmuşdur. 1966-cı ildə SSRİ ilə Fransa arasında Avropanın təhlükəsizliyi probleminə aid bir sıra razılaşmalar əldə edilmiş, SSRİ və Kanada, Yaponiya, İtaliya və b. ölkələr arasında siyasi və iqtisadi əlaqələr inkişaf etdirilmişdi. 1970-ci ilin avqustunda SSRİ ilə AFR və dekabrda Polşa ilə AFR arasında sülh müqavilələri imzalandı. 1968-ci ilin iyununda ABŞ, SSRİ və İngiltərə arasında „Nüvə silahlarının yayılmasının dayandırılması“ barədə saziş imzalandı. 1995-ci ildə ona 178 dövlət qoşulmuşdu.
»Soyuq müharibə«də yumşalma prosesi 70-ci illərin əvvəllərindən başlayaraq daha da gücləndi. Bu dövr „soyuq müharibə“ tarixinə əsil yumşalma mərhələsi kimi daxil olmuşdur. 1971-ci ildə SSRİ ilə Fransa arasında əməkdaşlıq prinsipləri barədə saziş imzalandı. 1971-ci ilin fevralında Dənizin dibində, okeanda və okean altında nüvə və digər silahların toplanınasını, atılmasını və s. qurulmasını yasaqlayan saziş imzalandı.
1972-ci il sovet-amerikan münasibətlərində dönüş ili olmuşdur. 1972-ci ilin aprelində bakterioloji və toksiki silahların qadağan edilməsi barədə saziş imzalandı. Həmin ildə raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılması haqqında müqavilə bağlandı. 1972-ci ilin mayında ABŞ Prezidenti Niksonun Moskvaya rəsmi görüşə gəlməsindən başlayaraq 1975-ci ilədək dünya Sovet Birliyi və ABŞ arasında gərginliyin „yumşalması“ şəraitində yaşamışdı.Amerika və sovet liderlərinin 1972-ci ilin mayındakı görüşlərində SSRİ ilə ABŞ arasında qarşılıqlı əlaqələrin əsasları sənədi imzalandı. O cümlədən, raketdən müdafiə sistemini, strateji hücum silahlarını məhdudlaşdırmaq sahəsində bəzi tədbirlər haqqında müvəqqəti sazişlər bağlandı. 1973-cü ildə Moskvada və Vaşinqtonda müxtəlif sahələrdə əməkdaşlığa aid 23 saziş imzalanmışdı.
1971-1976-cı illərdə sovet-amerikan ticarət əlaqələri 8 dəfə artdı. ABŞ iqtisadi əlaqələrdə yumşalma meylini gücləndirməklə SSRİ-də siyasi liberallaşmaya nail olmaq məqsədini güdürdü. Soyuq müharibənin yumşalmasında 1972-ci il mayın 26-da Moskvada beş il müddətinə imzalanmış SSM-1 (strateji silahların məhdudlaşdırılması) müvəqqəti müqavilə mühüm addım olmuşdu. Bu müqaviləyə görə kontinentlərarası və sualtı qayıqlardan buraxılan raketlərin sayı hər iki tərəf üçün məhdudlaşdırılırdı, 1974-cü ilin noyabrında Vladivastokda C.Fordla L.Brejnevin görüşü zamam SSM-2 barədə də razılığa gəlindi. Lakin SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi sözügedən razılaşmanın imzalanmasına imkan vermədı. Həmin müqavilə 1979-cu ilin iyununda imzalandı.
1972-1975-ci illərdə „soyuq müharibə“də gedən dərin yumşalma prosesi Helsinkidə (Finlandiya) ABŞ və Kanadanın da qoşulduğu Avropanın 35 dövlət başçılarının Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin (ATƏM, indi ATƏT) Yekun aktı ilə möhkəmləndirildi.1975-ci il avqustun 1-də qəbul edilmiş yekun aktında Avropada təhlükəsizlik və əməkdaşlıq məsələsinin həllinin əsas istiqamətləri müəyyən olundu. Müzakirə iştirakçısı olan dövlətlər qarşılıqlı münasibətlərində suverenlik, zor işlətməmək və ya zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və azadlıqlarına hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini rəhbər tutmaq öhdəliyini götürdülər.
Axırıncı tutaşma 70-ci illərin ikinci yarısında SSRİ Şərqi Avropada orta mənzilli raketlər yerləşdirdi. Qərb buna çox sərt reaksiya verdi. 1979-cu ilin dekabrında NATO SSRİ-dən həmin raketləri çıxarmağı tələb etdi. Əks halda 1983-cü ildə Qərbi Avropada həmin növdən olan amerikan raketlərinin yerləşdiriləcəyi bildirildi. Bununla əlaqədar kəskin mübarizə başlandı. O biri yandan, elə bu zaman SSRİ-nin Əfqanıstana təcavüzü başladı. „Soyuq müharibə“də gərginlik yenidən gücləndi.
1981-1983-cü illərdə silahların məhdudlaşdırılması, orta mənzilli nüvə silahlarının genişləndirilməsinin dayandırılması barədə danışıqlar aparılsa da, lazımi nəticələr əldə olunmadı. 1983-cü ildə ABŞ „Ulduz müharibəsi“ adlandırılan „strateji müdafiə təşəbbüsü“ proqramını elan etdi. Avropada orta mənzilli amerikan raketləri yerləşdirildi. Buna cavab olaraq SSRİ strateji silahları məhdudlaşdırmaq barədə danışıqları kəsdi. SSRİ və onun müttəfiqləri Los-Anjelosda Olimpiada-84-də iştirak etməkdən imtina etdilər.
»Soyuq müharibənin ən mühüm amillərindən biri də ideoloji-siyasi qarşıdurma idi. Əslində «soyuq müharibə»nin əsasını ideoloji ayrı-seçkilik, ictimai quruluşların müxtəlifliyi təşkil edirdi. Burjua demokratiyası dünyanın indisinin və gələcəyinin ona məxsus olduğunu, marksistlər isə dünyanın sahibinin kommunistlər olacağını iddia edirdilər.
Buna görə də ideoloji mübarizə «soyuq müharibə»nin zəruriliyini əsaslandıran əsas tutacaq idi.Bunu nəzərə alan hər iki tərəf bir-birinə qarşı ideoloji mübarizəyə, ideoloji təxribata müstəsna əhəmiyyət verirdilər. 1951-ci ildə ABŞ konqresi sosialist ölkələrində, xüsusən SSRİ-də ideoloji-siyasi təxribat üçün 100 milyon dollar vəsait ayırmışdı. «Soyuq müharibə» dövründə tərəflər ideoloji təxribat məqsədilə milyardlarla dollar vəsait sərf etmişdilər.
Həmçinin bax:
«Soyuq müharibə»nin başlanması
«Soyuq müharibə»nin sona yetməsi