SSRİ tarixi

SSRİ tarixi

SSRİ müharibədən qalib çıxdı. O, dünyanın ikinci fövqəl dövlətinə çevrildi. Eyni zamanda, SSRİ müharibədə çox böyük zərər çəkdi. O, 27 milyondan çox adam itirdi. Qarşıda vurulan yaraları sağaltmaq, təsərrüfatı dinc quruculuq xəttinə keçirmək və inkişaf etdirmək vəzifəsi dururdu. 1946-1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1947-ci ilin dekabrında pul islahatı keçirildi. Məhsulun bölgüsündə talon sistemi ləğv olundu. Dövlət Müdafiə Komitəsi ləğv olundu. SSRİ Xalq Komissarları Soveti SSRİ Nazirlər Soveti adlandırıldı. Digər tərəfdən totalitar rejim daha da gücləndirildi. Dövlət düşərgələr sistemi (QULAQ) daha da genişləndi və kütləvi repressiyaların yeni dalğası başlandı. “Leninqrad işi” və “Həkimlər işi” deyilən qondarma proseslər hazırlandı. 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi repressiyaya məruz qaldı. 1953-cü il martın 5-də Stalin vəfat etdi. Sov. İKP-nin 1956-cı ilin fevralında keçirilmiş XX qurultayında Stalinin şəxsiyyətinə pərəstişin kəskin tənqid olunması ölkənin siyasi həyatında çox mühüm hadisə oldu. İlk dəfə kolxozçulara pensiya sistemi tətbiq olundu. 1959-cu ildən onlara pasport verilməyə başlandı. N.Xruşşovun təşəbbüsü ilə 1954-cü ildə xam torpaqların istifadəyə verilməsi başlandı. 1957-ci ildə sənayenin idarə edilməsinin strukturu yenidən quruldu. Ali Xalq Təsərrüfat Şurası yaradıldı. Çoxillik planlaşdırmaya keçildi. Yeddiillik (1959-1965) plan qəbul olundu.

L.Brejnevin ölkə rəhbərliyinə gəlməsi ilə (1964, oktyabr) Xruşşovun “mülayimləşmə” siyasətinə son qoyuldu. Stalin dövrünün siyasi rejiminə rəvac vermək dövrü başlandı. Bəzi ədəbiyyatlarda bu dövr “neostalinizm” (yeni stalinizm), “qızıl əsr” kimi də qiymətləndirilir. Bu dövrdə Stalini ittiham etməkdən əl çəkildi, partiya-dövlət nomenklaturası ənənəsi gücləndirildi, “kadrların sabitliyi” xətti irəli sürüldü. Xruşşov dövründəki tədbirlər ləğv edildi və pislənildi. Beləliklə, Stalin dövründəki inzibati-amirlik sisteminin davamı olan inzibati-bürokratik sistem formalaşdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul edilmiş Konstitusiyasının 6-cı maddəsində Sovet cəmiyyətində Kommunist partiyasının rəhbəredici və istiqamətverici rola malik olduğu təsbit olundu. Beləliklə, ölkədə hakimiyyətin real olaraq Kommunist partiyasına məxsus olduğu hüquqi əsas aldı. Köhnə siyasi rejimin qorunub saxlanılması ölkədə həyatının bütün sahələrində durğunluğa gətirib çıxardı, sözlə iş, nəzəriyyə ilə təcrübə arasında dərin uçurum yarandı. Ölkə sosial-iqtisadi böhranla üzləşdi. L.Brejnevdən sonra Y.V.Andropovun (noyabr, 1982 – fevral, 1984) və sonra isə K.İ.Çernenkonun (fevral, 1984 – mart, 1985) rəhbərliyə gəlməsi ilə də vəziyyət düzəlmədi. 1985-ci ilin martındarəhbərliyə M.S.Qarbaçov gətirildi. Sovet rəhbərliyi ölkəni dərin sosial-iqtsadi böhrandan xilas etmək üçün yollar axtarmağa başladı. 1985-ci ilin aprelində ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək xətti irəli sürüldü. 1987-ci ilin yanvarında ictimai quruluşu yeniləşdirmək məqsədilə “yenidənqurma” siyasəti elan olundu.

1989-cu ilin yazında SSRİ xalq deputatlarının I qurultayında (may-iyun 1989-cu il) M.Qarbaçov SSRİ Ali Sovetinin sədri seçildi. 1990-cı ildə SSRİ prezidenti vəzifəsi təsis olundu. M.Qarbaçov ölkənin birinci və axırıncı prezidenti oldu. Ölkədə dərinləşən sosial-iqtisadi və siyasi böhran SSRİ-nin dağılmasını sürətləndirdi. Mərkəzin, xüsusilə Qarbaçovun razılığı ilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətində başlanmış separatçılıq hərəkatı SSRİ-nin dağılmasının başlanğıcı oldu. Sovet rəhbərliyinin SSRİ-ni qoruyub saxlamaq cəhdləri heç bir nəticə vermədi. Vitse-prezident Q.Yanayev başda olmaqla mühafizəkar qrup Qarbaçovun paytaxtda olmamasından (o, Forosda istirahət edirdi) istifadə edərək 1991-ci ilin avqustunda Dövlət Fövqəladə Vəziyyət Komitəsi (FDVK) yaratdı. Onlar prezident Qarbaçovun xəstə olduğuna görə işləmək qabiliyyəti olmadığı üçün onun səlahiyyətlərinin vitse-prezident Q.Yanayevə keçdiyini bəyan etdilər. Buna cavab olaraq RSFSR Prezidenti B.Yeltsin “Rusiya vətəndaşlarına müraciət” etdi. On minlərlə moskvalı Ağ ev ətrafında toplaşdı. Açıq qarşıdurma nəticəsində üç nəfər gənc həlak oldu. DFVK-nin başçıları həbs olundular. Qarbaçov Moskvaya qayıtdı. Avqustun 23-də o, Kommunist partiyasının buraxılması tələbini qəbul etdi. 1991-ci il dekabrın 8-də Rusiya Federasiyası, Ukrayna və Belorusiyanın liderləri 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətinin dayandırılması və Müstəqil Dövlətlər Birliyini (MDB) yaratmaq niyyətlərini bildirdilər. Dekabrın 25-də Qarbaçov istefa verdi. SSRİ dağıldı.

SSRİ dağıldıqdan sonra Rusiya yeni istiqamət – bazar iqtisadiyyatı cəmiyyəti bərqərar etmək yolunu götürdü. 1991-ci ilin oktyabrında iqtisadi islahat proqramı elan olundu. Siyasi sistemdə də dəyişikliklər baş verdi. Ölkədə çoxpartiyalılıq təşəkkül tapmağa başladı. Çeçenistanın Rusiya Federasiyasından çıxması və öz müstəqilliyini elan etməsi “qiyam və terror” kimi qiymətləndirildi və sonsuz fəlakətlərlə, çeçen xalqının məhv edilməsi ilə müşayiət olunan qanlı müharibəyə səbəb oldu. B.Yeltsin 1999-vu il dekabrın 31-də istefa verərək prezident vəzifəsini icra etməyi V.V.Putinə həvalə etdi. 2000-ci il mayın əvvəllərində V.Putin RF-nın prezidenti seçildi. Rusiyada vəziyyət müəyyən dərəcədə sabitləşdi.

Top