Stalin vs Hitler: müharibənin başlanğıcı

Stalin vs Hitler: müharibənin başlanğıcı

Birinci ondan başlayaq ki, bu məşhur paktın imzalanmasının özü böyük beynəlxalq qalmaqal idi. Təsəvvür edirsinizmi, bir metr olsa belə, ümumi sərhədləri olmayan, aralarında Polşa boyda dövlət dayanan iki ölkə “bir-birinə hücum eləməmək barədə” müqavilə imzalayırlar. Ancaq 1939-cu ilin isti yay günlərində Almaniya ilə SSRİ-nin bir-biriylə “mehriban” yaxınlaşması fonunda belə diplomatik incəliklər barədə düşünməyə vaxt qalmırdı. O qədər də uzun çəkməyən sövdələşmələrdən sonra 1939-cu ilin 23 avqustunda Ribbentrop Moskvaya uçur. Üç saatlıq danışıqların ardından Stalin deyir: “Müqaviləyə məxfi protokol da əlavə eləmək lazımdır”.
Bu, müştərək maraqlara aid olan və təsir dairəsinin bölünməsini nəzərdə tutan gizli razılaşma olmalıydı. İmzalanmadan sonra verilən banketdə Stalin tost deyir: “Mən alman xalqının öz fürerini necə sevdiyini bilirəm. Ona görə də, onun fürerinin sağlığına içmək istəyirəm”.
4 bənddən ibarət bu məxfi protokolda hər iki dövlət, kobud şəkildə desək, Finlandiyanı, Estoniyanı, Latviyanı, Litvanı, Polşanı öz maraqları çərçivəsində paylaşdırır. Bu təcavüz ehtimalı sənəddə belə ifadə edilir: “Ərazi-siyasi dəyişilmələr olduqda, SSRİ ilə Almaniyanın sərhədləri bu ölkələrdən keçəcək”.
Məxfi protokolda Polşa lap gülünc vəziyyətə salınıb. 2-ci bənddə yazılır: “Polşa dövlətinin müstəqilliyinin saxlanması və bu dövlətin sərhədlərinin haradan keçməsi barədə tərəflərin maraqları siyasi proseslərin sonrakı inkişafının gedişatında aydın olacaq”.
Yaxim Ribbentrop və Vyaçeslav Molotov
Hesab edək ki, təcavüzkar Hitlerin Polşanı parçalamaq və SSRİ ilə Almaniyanın birbaşa sərhədlərə malik olmasını istəyini başa düşdük. Bəs Stalinə nə gəlmişdi? Əgər Hitler təcavüzkardısa, Stalin məgər Almaniya ilə ortada Polşanın olmasını istəməli deyildi? Elə bu faktın özü yetərlidi ki, yoldaş Stalinlə fürerin birləşən maraqlarının konturlarından xəbərdar olaq. Bu konturlar açıq şəkildə gizli sənəddə ifadəsini tapıb. Ancaq cinbala Avropa mətbuatından məxfi protokolu gizlətmək mümkün olmadı. Elə avqust ayındaca Qərb qəzetləri məxfi protokolun tam mətnini dərc etdilər. Özü də karikatura ilə: Stalin gəlin fatasında, böyründə də bəy libasında “igid arxası yerə dəymiş” Hitler… Üç gün sonra isə İkinci Dünya Müharibəsi başlayacaqdı…

“Aldatdım! Hitleri aldatdım!”


Ancaq bəyin kim, gəlinin kim olacağını qəzetçilər yox, tarix müəyyənləşdirəcəkdi. Ona da Stalin deyərdilər. Müqavilənin imzalanmasından dərhal sonra sevinə-sevinə qımışır: “Aldatdım! Hitleri aldatdım!”
O, Hitleri həqiqətən aldatmışdı. Ən azından, müqavilənin imzalanmasından 10 gün sonra fürer iki cəbhədə döyüşməyə məcbur olmuşdu. Zahirən hər şey sadə görünür: Polşa bölündü, yarısı Stalinə, yarısı Hitlerə düşdü. Ancaq Hitler Polşaya girəndə Stalin elan etdi ki, o, müharibəyə hazır deyil. Fransayla Böyük Britaniya Polşayla müqaviləyə görə Almaniyaya müharibə elan etdilər. Beləliklə, Hitler iki cəbhədə döyüşməyə məcbur olur… Üzünü Qərbə çevirən Hitler aldandığını yalnız 1940-cı ildə anlayır. Alman ordusu iki tərəfdən tələyə salınmışdı: bir tərəfdən alınmaz adaları və ABŞ kimi dayağı ilə Böyük Britaniya, digər tərəfdənsə Stalin. Hitler artıq anlayırdı ki, bolşeviklərin lənətə gəlmiş “babaları” Marksla Engelsdən gələn “qoy, imperialistlər bir-birlərini didib əldən salsınlar, onda inqilab qalib gələcək” planı artıq işə salınıb. Viktor Suvorov ləqəbli məşhur kəşfiyyatçı Viktor Rezun özünün “Buzqıran” əsərində yazır ki, Hitler hakimiyyətə gələndə sovet liderləri onu “İnqilabın buzqıranı” adlandırırdılar.
Məhz buna görə də Birinci Dünya Müharibəsində mağmın günə salınmış Almaniyanın güclü orduya və hücum silahlarına malik olmaq hüququ olmaya-olmaya SSRİ alman zabitləri və əsgərlərinə qucaq açmışdı…

“Dünya müharibəsi dünya inqilabının anasıdır”


Həqiqətən, Üçüncü Reyxin tarixiylə maraqlanan “obıvatel”lərə belə məlumdur ki, öz ərazisində tankla, təyyarəylə, ağır artilleriya ilə təlim keçirməyinə qadağa qoyulmuş Almaniya hərbçiləri 30-cu illərin sonlarına qədər SSRİ-nin poliqonlarında hərbi təlimlər keçirirdilər. Stalin ölkədəki bütün hərbi poliqonları, təlim siniflərini, atış mərkəzlərini alman hərbçilərinin ixtiyarına vermişdi. Sülh istəyən adam maymaq olsa belə, bu mümkün deyil. Çünki Stalinin hesablamalarına görə, Hitler bütün demokratik Avropanın anasını ağlar qoymalı, bununla özünü gücdən salmalı, “ellər atası” isə “xilaskar” kimi “qırmızı bəla”nı “qəhvəyi”nin əvəzinə bütün Qərbə yoluxdurmalıydı. Hitler müharibəyə başlamalı, Stalin bu müharibəni inqilaba çevirməliydi.
Necə ki Marksla Engels “Kapital”da yazırdılar: “Dünya müharibəsindən qaçmaq lazım deyil. Bu müharibə dünya inqilabının anasıdır”.
Stalin də beləcə Hitleri Qərblə döyüşməyə sövq eləyərək, özü hücuma hazırlaşırdı və Hitler bilirdi ki, sovet ordusu Rumıniyadakı neft yataqlarını tutsa, alman hərb maşınının sonu çatacaq. Əslində, illər uzunu “fürer o qədər ağlını itirmişdi ki, Qərblə məsələləri həll eləməmiş Şərqə də əl qoydu” sualının cavabı da məhz bu məqamla bağlıdır. Bəli, Hitler aldandığını hiss eləmiş və mümkün qədər tez bir zamanda SSRİ-yə hücum eləməklə, ildırımsürətli müharibədən qalib çıxmaqla bu səhvini düzəltmək istəyirdi…
Bəli, Molotov-Ribbentrop paktından sonra Stalin ciddi-cəhdlə Qırmızı Ordunu Almaniyaya qarşı müharibəyə hazırlaşdırmağa başlamışdı. Viktor Suvorov imzasıyla bu barədə xeyli kitablar yazan sovet kəşfiyyatçısı bildirir ki, onun bu faktı sübut eləmək üçün hansısa arxiv sənədlərinə müraciət eləməyinə qətiyyən ehtiyac yoxdur, elə o dövrün mətbuatını vərəqləmək yetərlidir. Biz də tələsmədən hamıya, bütün sovet adamlarına məlum olan faktların sadalanmasına keçək.

“Qırmızı Ordu atəşə tutulub, 13 nəfər itki var”


Hər şeydən əvvəl Almaniyanın Polşaya hücumuyla başlayan İkinci Dünya Müharibəsinin ən “şirin” vaxtlarında sovet rəhbərinin müxtəlif vaxtlarda məsələyə fərqli münasibətləri maraq doğurur. Məsələn, 1939-cu il sentyabr ayının 18-də sovet hökuməti özünün rəsmi notasında bu müharibənin başlanmasının günahını Polşada görür. 1939-cu il noyabr ayının 30-da isə yoldaş Stalin “suçlular” siyahısını bir qədər uzadır və “Pravda”ya verdiyi müsahibədə deyir: “İngiltərə ilə Fransa Almaniyaya hücum eləməklə bu müharibənin bütün məsuliyyətini boyunlarına götürdülər”.
Ancaq 1941-ci ilin may ayının 5-də Hərbi Akademiyanın məzunları qarşısında çıxış eləyən İosif Vissarionoviç müharibənin daha bir səbəbkarı kimi Almaniyanı göstərir. Onu demək artıqdır ki, müharibənin sonunda “səbəbkarlar” şəbəkəsi genişlənib “dünyanın bütün kapitalist ölkələri”ndən ibarət olmuşdu.

Bəs nə baş verirdi? Doğrudanmı, səbəbkarı “tapmaq” bu qədər çətin idi?


Əslində, həmin dövrlərdə Stalin də təxminən Hitler kimi eyni əməllər sahibi idi. Bəzi məsələlərdəsə fürer hətta “ellər atası”ndan daha “demokrat” idi. Heç olmasa, əvvəlcə alman millətinin öz müqəddəratını təyin etmə hüququndan-filandan danışırdı. Stalində isə belə məsələlərə qarşı elə bil allergiya vardı. Elə bircə finlərlə müharibəni götürək. İkinci Dünya müharibəsinin başlanmasıyla Finlandiyaya qarşı ərazi iddiası irəli sürən SSRİ rədd cavabı alınca, “Finlandiya qoşunlarının artilleriyası Qırmızı Ordunu atəşə tutub və 13 nəfər itki var” bəhanəsiylə 1939-cu il noyabr ayının 30-da qonşu dövlətin ərazisinə soxuldu. 1940-cı ilin martına – sülh müqaviləsi imzalanana qədər SSRİ bu ölkənin ərazisində yalançı Finlandiya Demokratik Respublikası qurmağa nail oldu. Ancaq Stalin bu təcavüz hərəkətlərini o qədər kobud şəkildə yerinə yetirdi ki, SSRİ 1939-cu ilin dekabrında Millətlər Liqasından da xaric edildi. Hitler də eyni əməllər sahibi idi. Ancaq o, Avropa dövlətlərinin rəhbərlərini öz ayağına gətirir, Almaniyanın nüfuzunu qaldırırdı, daha Stalin kimi SSRİ-nin təcridinə səbəb olan kobud siyasət yürütmürdü.

“Biz Şərqdəki xəyanətin qurbanı olduq”


“Biz Şərqdəki xəyanətin qurbanı olduq”. Bu, rüsvayçı məğlubiyyətdən ağlını itirmiş Hitlerin müharibədəki uğursuzluqların səbəbləriylə bağlı bəlkə də son fikridir. Zarafat deyil, 1945-ci il aprel ayının 29-da deyilib. Bəs, füreri Şərqdəki müharibəyə sövq edən nə olmuşdu? Artıq yuxarıda dediyimiz kimi, Avropadakı fəthlərini yarım-yapalaq qoyub SSRİ-nin üzərinə getmək Hitlerin nəyinə lazım idi? Təbii ki, yenə yuxarıda dediyimiz kimi, Stalinin hücum planları. Bu hücum planlarının əlamətləri isə o qədər bariz idi ki, bunu nəinki Hitlerin SSRİ-dəki casusları, adi sovet vətəndaşları da sezə bilirdilər. Ölkənin hərbi sənayesi bütünlüklə hücum strategiyasının üstündə qurulmuşdu və hücum strategiyası üçün məhsulların istehsalı ilə məşğul idi.
SSRİ-də Amerikalı tank mühəndisi Kristinin layihəsi əsasında “BT” (“bıstroxodnıy tank” – “yüksəksürətli tank”) istehsal olunurdu. 1936-cı ildə istehsal olunan birinci “BT”lərin sürəti neçə olsa yaxşıdı? Saatda 100 kilometr! Bu tanklar həmçinin güclü silahlara və su altında keçicilik qabiliyyətinə malik idi. Bütün bunlarla belə “BT”lər texniki göstəricilərinə görə SSRİ ərazisi üçün yaramırdı. Bu tank sırf hücum texnikası idi və sürətinə görə ondan yalnız təcavüzkar kimi yararlanmaq olardı. Hələ onu da əlavə edək ki, “BT”lər üstdən tırtılla, tırtılın altından isə adi təkərlə təmin edilmişdilər. Tırtıl SSRİ-nin kələ-kötür, təkərlər isə Qərbi Avropanın hamar yollarından ötrü idi. Tank hamar yola çıxan kimi tırtıllar açılır, təkərlər “işə başlayırdı”…
Bu gün SSRİ-nin hərb tarixində Molotov-Ribbentrop paktının imzalanmasından sonra Stalinin əmriylə Qırmızı Ordunun Almaniya istiqamətindəki bütün müdafiə istehkamlarının dağıdıldığı barədə konkret faktlar var. Bu istehkamlara məşhur “Stalin müdafiə xətti” də daxil idi. Təbii ki, müdafiə istehkamları isə o vaxt dağıdılır ki, qoşunlar müdafiəyə yox, hücuma hazırlaşırlar. Özü də geriyə dönməmək şərtiylə, uzaqları nəzərdə tutan hücuma. Sərhəd xətlərində xüsusi dəstələrin (“Osnaz”), “NKVD” əməkdaşlarından ibarət “maneə çəpəri”nin (geriyə qaçanların güllələnməsi ilə məşğul olan dəstələr — İ.Tumas) təşkili kimi işlər də məhz Molotov-Ribbentrop paktından sonraya təsadüf edir ki, bütün bunlar sırf hücum müharibəsi üçündür. Bunlardan əlavə, istehkamçı briqadaların, korpusların da yox, onlarla xüsusi istehkam qoşunlarının, hücum üçün uzaqvuran qaubitsalar divizionlarının yaradılması da eyni məqsəd güdüb.
Müqavilə imzalandığı gündən Stalinin yalnız hücum barədə düşündüyünü sübut eləyən digər hərbi tədbir SSRİ-də hava desantlarının sayı ilə bağlıdır. Təsəvvür edin ki, təcavüzkar müharibəyə hazırlaşdığını gizlətməyən Hitler 1936-cı ildən başlayaraq İkinci Dünya Müharibəsinə qədər vur-tut 4 min desant hazırlatdıra bilmişdi. Ondan fərqli olaraq 1939-cu ilin 1 sentyabrında Stalinin əlinin altında 1 milyondan artıq hava desantı vardı. Bu rəqəm Almaniya da daxil olmaqla bütün dünya ölkələrində orduların malik olduğu desantların sayından düz 200 dəfə çox idi! Desantların isə hərbidə yalnız hücum üçün nəzərdə tutulduğu heç kimin inkar edə bilmədiyi aksiomadır.

Son əvəzi


Yazımız xeyli geniş və əhatəli ola bilərdi. Ancaq təbii ki, bu tarixə dair bütün detalların sadalanması praktiki baxımdan mümkün deyil. Ümumiyyətlə, İkinci Dünya Müharibəsinə dair indiyə qədər müxtəlif müəlliflər tərəfindən minlərlə kitab yazılıb, bundan sonra da yazılacaq. Şəxsən mən bu tarixdən yazanda, yaxud danışanda məsələlərə birtərəfli yanaşmamağa üstünlük verirəm. Məlumdur ki, Adolf Hitler bəşəriyyət əleyhinə böyük cinayətlər işlətmiş canidir və onun qurduğu rejim insanlığa böyük bəlalar gətirib. Ancaq bu faciələrin kökünü yalnız bir şəxsin qurduğu rejimdə, yaxud yaratdığı ideologiyada axtarmaq düzgün deyil. Məsələn, çoxları bu faciələrin səbəbini Adolf Hitlerin sadəcə, bir sərsəri, seksual manyak, gicbəsər şizofrenik olmasıyla bağlayırlar. Hesab edirəm, bundan böyük yanlışlıq yoxdur. Barəsində nə deyilməsindən, yaxud yazılmasından asılı olmayaraq, bu adam 12 il Avropanın böyük bir dövlətinə rəhbərlik edib, dünyanın yarısına qarşı savaş açıb. Məsələ bundadır ki, hər bir olay özünün daxili mahiyyəti ilə bərabər, həm də onu yetişdirən xarici mühitdən asılı olaraq doğulur. Biz faşizmin daxili mahiyyəti ilə yanaşı, onu doğuran xarici səbəblərə də diqqət yetirməliyik. Bunsuz onun mahiyyətini anlamaq mümkün deyil. Anlamaq mümkün deyilsə, deməli, onun təkrarlanmasından da sığortalanmamışıq…
Müəllif: İlham TUMAS [email protected]
Mənbə: Lent.az- Stalin Hitleri necə aldatdı?
Top